• çərşənbə, 24 Aprel, 10:50
  • Baku Bakı 13°C

Hippokrat andına sadiq həkim

22.09.16 14:02 1891
Hippokrat andına sadiq həkim
Əbədi beşiyimiz olan dünyamızı işıqlandıran, cansızlara can verən Günəşlə bərabər, yer üzündə insanı, insanlığı yaşadan bir günəş də var! Kimdir o günəş, kimdir o varlıq?Əlbəttə ki, qadındır, müdrik analarımızdır o dəyərli varlıq!"Cənnət anaların ayaqları altındadır” deyən peyğəmbərimiz məhz həmin müdrik anaları nəzərdə tutub.
İnsan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə olan güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin, xüsusən uşaq həkimi sənətinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq bu cür adamlar üçün ali məqsədə çevrilir. Bu şərəfli amalı gerçəkləşdirmək o qədər də asan deyil və həm də hər kəsə qismət olmur. Haqqında söz açmaq istədiyim həkim ağbirçəyimiz, bir çox insani keyfiyyətləri özündə cəmləşdirən, uzun həyat yolu keçmiş Qəmər xanım Mustafayevadır. Nurani, xoşsifət, qayğıkeş, gözü-könlü tox, həyatda özünü çox ağayana aparan, özünə hörmət edən bir vətən övladı idi Qəmər xanım! Bu yaxınlarda Qəmər xanımın anadan olmasının 95 ili tamam olub.
Qəmər Məmməd qızı Mustafayeva 1921-ci il may ayının 1-də qədim Şamaxıda, nüfuzlu və böyük hörmətə malik ziyalı ailəsində dünyaya göz açmışdı. Babası Hacı Qafar Şirvanda geniş mülkün, torpaqların, mal-qaranın, qoyun sürüsü və at ilxısının, dəyirmanların sahibi idi. Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi, imkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. Xan qızı olan sevimli arvadının adını elə öz böyük qız nəvələrindən birinə qoyur. Uşaq ikən çevik, diribaş idi balaca Qəmər. Elə Şamaxı şəhərində oxumağa başlamışdı. Lakin ailə keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıya köçməli olur. Bununla əlaqədar Qəmər Bakıdakı 18 nömrəli orta məktəbə daxil olur və oranı müvəffəqiyyətlə bitirir.
Ayrıca qeyd etmək lazımdır ki, Qəmər 14 yaşında atasının faciəli ölümü ilə qarşılaşıb. Evdar qadın olan anası – 33 yaşlı Mələkxanım beş övladının ataya ən çox ehtiyacı olan bir zamanda dəyərli şəxsiyyət olan həyat yoldaşı Məmməd Hacı Qafar oğlunu itirmişdi. Amma əzəmət və möhtəşəmliyin mücəssəməsi olan Mələkxanım qeyrət və cəsarəti ilə bütün çətinliklərə üstün gəldi. Üç qız və iki oğul böyüdüb, hamısına ali təhsil verib, layiqli vətəndaş kimi cəmiyyətə təqdim etdi.
Elm yolçusu olan gənc Qəmər həkimlik peşəsinə yiyələnmək arzusu ilə 1938-ci ildə o zamankı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olur. Ali təhsilini 1942-ci ilin ortalarında başa vurur və təyinatla oktyabr ayından başlayaraq 3 il İsmayıllı rayonunun Lahıc qəsəbəsində ambulatoriya müdiri vəzifəsində çalışır. Həkim adı alır.
Məlumdur ki, bəyaz xalatı geyinmək üçün böyük səbr, bilik lazımdır. Həkimlik həm çətin, həm də məsuliyyətli sahədir. Fəqət cavan Qəmər həkimin daxili aləmi ilə tutduğu vəzifə, seçdiyi peşə bir-birini tamamlayır.
Təbii ki, məsələ təkcə ağ xalat geyinib həkimlik diplomunu gəzdirməkdə deyil, söhbət ondadır ki, bu şərəfli peşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdehliyini dərk edəsən, yüksək savad nümayiş etdirəsən. Bu ağır imtahanlardan gənc Qəmər də alnıaçıq və uğurla çıxır. Şəhərli bir qız atın belində, yağışda-qarda, ucqar kəndlərdə xəstələnmiş körpələrin, cavanların, qocaların imdadına çatır, onları xilas edir. Çox qısa vaxtda yeni təyin olunmuş həkim dağlarda yerləşmiş ucqar bir qəsəbədə və onun ətrafına səpələnən kiçik kəndlərdə böyük hörmət və məhəbbət qazanır. 1945-ci ilin baharında Qəmər Mustafayeva Bakıya çağrılır və paytaxtımızın ən iri tibb müəssisələrindən olan 3 nömrəli şəhər uşaq xəstəxanasına həkim təyin olunur. On bir ildən çox işlədikdən sonra, 1956-cı ilin axırında Bakıdakı 10 nömrəli xəstəxanaya uşaq həkimi vəzifəsinə göndərilir. 1975-ci ilin avqust ayında 9 nömrəli Uşaq Dəri Zöhrəvi Xəstəxanasında həkim vəzifəsinə təyin olunur. Sonralar həmin xəstəxananın adı dəyişilərək 3 nömrəli olur və Qəmər xanım burada həkim kimi fəaliyyət göstərir və həmin tibb ocağında 30 il çalışır. Ümumilikdə Qəmər xanımın həkimlik fəaliyyəti 63 ilə yaxın bir dövrü əhatə edir. O, şərəfli və ləyaqətli bir həkim ömrü yaşamışdır. Onun səyləri nəticəsində on minlərlə xəstə, körpə uşaq və yeniyetmə müalicə olunub, sağalıb və həyata qaytarılıb.
O, bütün işlədiyi tibbi müəssisələrdə ictimai vəzifələrə seçilirdi: partiya təşkilatının katibi, Həmkarlar Komitəsinin sədri, Xalq nəzarəti qrupunun rəhbəri və i.a.
Qəmər xanımın çoxillik həkimlik fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə dörd dəfə, eləcə də Bakı şəhər Baş Səhiyyə İdarəsi və işlədiyi xəstəxanaların müdiriyyəti tərəfindən müxtəlif illərdə fəxri fərmanlara və çoxlu sayda təşəkkürlərə layiq görülmüşdür. Rəhbər səhiyyə orqanlarının xətti ilə göndərildiyi bütün tibb ocaqlarında öz bacarığı, məsuliyyəti, zəhmətsevərliyi, təmkini və təvazökarlığı ilə seçilən Qəmər xanım kollektivdə həmişə sevilmiş və böyük nüfuza malik olmuşdur. O, yaşının 80-i keçməsinə baxmayaraq, 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Xəstəxanasının ictimai həyatında həmişə fəal iştirak edərdi, Yeni Azərbaycan Partiyasının üzvü idi. İş yoldaşlarının ona doğma münasibəti Qəmər xanımı darıxmağa qoymurdu, o, kollektivin arasında özünü daha rahat hiss edərdi. Onun 70 illik və 80 illik yubileylərinin təntənəli şəkildə qeyd edilməsi bütün xəstəxana üçün bayrama çevrildi.
Qəmər xanım qohum-əqrəbasmm içində seçilən, sevilən bir şəxsiyyət idi. Çünki özü də həddindən artıq qohumcanlı idi.
1946-cı ilin payızında, Bakıya qayıdandan il yarım sonra Qəmər xanım Böyük Vətən Müharibəsindən qayıtmış, Maarif Nazirliyinin məsul işçisi, ziyalı nəslin nümayəndəsi olan Lətif Soltan oğlu Mustafayevlə ailə həyatı qurur. Lətif müəllim uzun müddət Azərbaycan Dövlət Universitetində böyük kimyaçı-alim Yusif Məmmədəliyevin rəhbərliyi altında bir kafedrada çalışır, kimya elmləri namizədi, dosent olur, 60-cı illərdə isə Azərbaycan Politexnik İnstitutunun ümumi kimya kafedrasına rəhbərlik edir.
Qəmər xanım bacarıqlı həkim olmaqla yanaşı, həm də gözəl ana idi. Onun bir qızı və bir oğlu var. 4 nəvə və iki nəticə Qəmər xanımın arzularını davam etdirir. Özü və uşaqları kimi, nəvələrinin də hamısı ali təhsil alıb. O, həmişə uşaqların, nəvələrinin əhatəsində olur, qayğı ilə əhatə olunurdu. Qəmər xanım övladlarını istədiyi kimi tərbiyələndirib, şərəfli ana, nənə adını daşıyır. Geniş həyat təcrübəsinə malik olan Qəmər xanım həmişə qohumların, dost-tanışların və qonşuların yaxın və dəyərli məsləhətçisi olub. Bəli, o əsil-nəcabətli bir ailənin qızı olduğu kimi, həm də nəcabətli ailənin gəlini idi.
Deyirlər, baharda doğulan insanlar daxilən daha zəngin olurlar. Qəmər xanım da nikbin, həssas və humanist insan idi. Peşəsindən başqa, digər sahələrə də maraq göstərərdi. Mütaliə etməyi, musiqi dinləməyi çox sevirdi. Azərbaycan poeziyasını, bədii ədəbiyyatını daim oxuyardı, kitablardan heç bir gün də ayrı düşməzdi. Çox fərəhlənirdi ki, bitirdiyi 18 nömrəli məktəbdə Ana dili və ədəbiyyat müəllimi Azərbaycanın böyük şairi Mikayıl Müşfiq idi. Tez-tez sevdiyi xalq havalarını - «Küçələrə su səpmişəm», «Qurban adına», «Girdim yarın bağçasına» mahnılarını özü üçün astadan zümzümə edərdi. Bu da səbəbsiz deyildi. Atası Məhəmməd kişi təsərrüfatla, sahibkarlıqla məşğul olmaqla yanaşı, tar çalardı. Musiqi alətinə sevgisi onun böyük oğlu Hacıya da keçmişdi. Balaca Hacı Məmmədov sonralar böyük sənətkar, ustad-tarzən oldu, Azərbaycanın Xalq artisti fəxri adına yüksəldi.
Qəmər xanım əsil ziyalı idi. O, xüsusən də gənc həkimlərə, tibb işçilərinə yardımını əsirgəməyən insan idi. Ulu peyğəmbərimiz bir kəlamında deyirdi ki: «İnsanların ən yaxşısı xalqa xeyir verəndir». Bəli, bizim Qəmər xanım belə insanlardan idi. Xeyirxahlıq, qayğıkeşlik, insanlara mənəvi dayaq olmaq və mərhəmətlə yanaşmaq, çətinə düşənə əl tutmaq, yol göstərmək onun gündəlik həyat norması və vərdişləri, əməli fəaliyyətinin müqəddəs amalı, ali məqsədi idi. Gözəl insan, sədaqətli və təmənnasız dost idi. Bu məziyyətlər onun təbiətindən irəli gəlirdi. Qəmər xanım kiməsə olan məhəbbətini sezdirməzdi. Onun hörmət, məhəbbət və səmimiyyəti şəxsi ünsiyyətdə və qayğıda özünü açıq-aydın göstərirdi. O, sevgisini, hörmətini gurultulu səslə yox, sakit axan sular kimi büruzə verirdi. Onun qayğısı insanın daxilində yanan şam kimi öz istisini və hərarətini həyatda büruzə verirdi.
Etdiyi yaxşılığı qabartmayan şəxs Allah adamıdır. O, baharda rahat gəldi bu dünyaya və bu dünyadan da baharda köçdü. Qəmər Mustafayeva 2005-ci ilin may ayının 12-də dünyasını dəyişdi.
On bir ildir ki, Q.M.Mustafayeva aramızda yoxdur. Onun yeri çox görünür. İşlədiyi kollektivin, üzvü olduğu böyük ailənin, qohum-əqrəbanın, ünsiyyətdə olduğu həmkarlarının, qonşularının dərin rəğbətini qazanmış Qəmər xanım Mustafayevanın əziz xatirəsi bizim və onu tanıyanların yaddaşında və qəlbində daima yaşayacaq.
Hüriyə Qarayeva
Bakı şəhəri 3 №-li Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri
banner

Oxşar Xəbərlər