• cümə axşamı, 25 aprel, 13:43
  • Baku Bakı 23°C

Hind konosunun hökmdarı

21.04.20 09:30 1791
Hind konosunun hökmdarı
O, Rəşid Behbudovla da dostluq edirdi
"Ağbəniz, mavi gözlü, son dərəcə yaraşıqlı və ürək dostu...” Onunla işləmək və onu yaxından görmək şərəfinə nail olanlar Rac Kapuru belə xatırlayırlar. Onun adı 20-ci əsrin əfsanəvi hind aktyoru və rejissoru kimi təkcə Bollivudun kino tarixində deyil, dünyada məşhurlaşıb. Kino tənqidçiləri və pərəstişkarları Racı «Hindli Çarli Çaplin» və «Hind kinosunun hökmdarı» adlandırırdılar. Rac hind kino tarixinin ən populyar aktyorlarından sayılır. "Hindli Çarli Çaplin”i öz ölkəsindən daha çox, dünya ölkələrində sevirdilər.Sovet kosmonavtı Yuri Qaqarin Rac Kapur ilə şəxsən tanış olmuşdu. Onlar 1961-ci ildə - Qaqarin Hindistanda olarkən görüşmüşdülər. Bu şərəfə şəkil də çəkdirmişdilər. Yuri Qaqarin məşhur aktyora «Yoldaş Avara» ləqəbini qoymuşdu.Görkəmli estrada müğənnisi Rəşid Behbudov da aktyorla yaxından tanış idi. Cavahirləl Nehru Moskvada rəsmi səfərdə olarkən Nikita Xruşşov ondan Rac Kapuru şəxsən tanıdığını soruşanda, Hindistanın baş naziri əsəbiləşir və belə bir şöhrətin onu heç vaxt gözləmədiyini anlayır.
Kamal attestatı olmadan
Rac Kapur 1924-cü ildə Peşevaridə (həmin illər Britaniya koloniyasına daxil idi, hazırda isə Pakistan əyalətinə aiddir) doğulub. Milliyətcə pəncablı hinduistdir.Racın aktyorluq taleyində prodüser və rejissor olan atası rol oynayıb. Atasının «Prithvi Theatre» adlı şəxsi teatrı vardı. Babası Devan Başeşvartat Kapur da aktyor idi. Təəccüblü deyil ki, oğlan və qardaşları boş vaxtlarını səhnə arxasında keçirirdilər. Rac 6 yaşında səhnəyə çıxır. 11 yaşında isə ilk dəfə «İnqilab» adlı filmə çəkilir. 14 yaşında olanda atası onda peşəkar aktyor bacarığı olduğunu hiss etdiyini deyir. Ancaq Racın əyalət teatrında işləməklə bağlı planları yox idi, onu kino aləmi çəkirdi. O, ali təhsil almaqdan imtina edərək «Bombay Talkies» kinostudiyasında rejissor assistenti kimi işə başlayır. 24 yaşı olanda təkcə Hindistanın deyil, bəlkə də dünyanın ən gənc rejissoru kimi tanınır. Elə o vaxtlar şəxsi kinostudiyasının özülünü qoyur. Xüsusi təhsili olmadan, hətta kamal attestatı belə almadan kinematoqrafiyanın sehrli aləminə gəldikdən sonra o, sınaq və səhvləri öz üzərində öyrənməyə başlayır. Nəticədə gözəl rəqs edir, oxuyub-oynayır və müxtəlif alətlərdə ifa edə bilirdi.
"Həmişə gülümsəmək sizə necə nəsib olur?”- deyə soruşduqda «Kinonu çox sevirəm» - deyən Rac Kapurun kino karyerasının dönüş nöqtəsi 1947-ci ildə Hindistanın müstəqillik qazanmasından sonra baş verir. Bir neçə filmə çəkilən kinoaktyor bütün qonorarını rejissorluq debütü olan, baş rollardan birini oynadığı «Od» filminə sərf edir.
1948-ci ildə aktyor karyerasında daha bir yenilik edir. O, «R.K.Films» adlı şəxsi kinokampaniyasını qurur. 26 yaşlı aktyor zamanının ən gənc rejissoru kimi məşhurlaşır. Əvvəllər Kapur və onun komandası maliyyə olmadığından, öz entuziazmları ilə çalışırdılar. Amma tezliklə «R.K.Films» yaradıcısının istedadına görə, kinostudiya ən çox pul gətirən şirkətə çevrilir. Karyerasının ilkin dövrlərindən onun filmləri poetik və romantik süjeti ilə fərqlənirdisə, eyni vaxtda sosial problemləri qabardırdı. Kasıblıq və sosial təbəqələşmə Kapurun filmlərinin əsas mövzuları idi.
"Avara”nın şöhrəti
Ən böyük şöhrəti ona 1951-ci ildə çəkdiyi «Avara» filmi qazandırır. Film çəkilişi üçün aktyorları çox axtarırlar. Racın atası həkim Raqunatın roluna aktyor tapmaq daha çətin olur. Kapur deyirdi: "Atamı həmin obrazda görmək təbii olardı. Ancaq mən cəsarət edib ona – hind kinosunun veteranına bu rolu təklif edə bilməzdim. Nəticədə təkcə atamı yox, babamı da filmə çəkilməyə razı saldım”.
Film üzərində çəkilişlər üç il davam etdi. Film başa çatmamış vəsait qurtardı. O zaman Kapur və aktrisa Nərgiz (Fatimə Rəşid) digər kinoşirkətlərin filmlərinə çəkilməyə başladılar. Qazanılan pulları isə "Avara”nın xərclərinə sərf edirdilər. Nəhayət, ekran əsəri Bombeydə "Rac Kapur film” kinostudiyasında istehsal olunur. "Avara” filmi Hindistanda böyük uğur qazandıqdan sonra dünya ekranlarına çıxır. Filmin «Zərbəçi» kinoteatrında nümayişindən sonra pərəstişkarları onu əlləri üzərində qaldığı «ZİS» mehmanxanasına gətirmişdilər.
Film bir neçə onilliklər ərzində dünya prokatına şöhrət gətirir. 1954-cü ildə SSRİ-yə satılaraq rus dilinə tərcümə edilir. Ölkəmizdə həmin filmin Azərbaycan dilində tərcümə variantı olsa da, bizim tamaşaçılar da daha çox rus variantına üstünlük verirlər. Çünki bu variantdakı aktyorlar filmin tərcüməsini elə məharət və ustalıqla ifa edirlər ki, filmdəki qəhrəmanların dialoqlarını rus dilində eşitmək daha zövq verir.
Bu filmdə Kapur, tamaşaçısı qarşısında avara obrazında görünürdü. Obraz "Cənab 420” komediyasında öz inkişafında idi. Bu filmlərdəki mahnılar da Hindistan və dünya romantik kompozisiyalarının klassika bölümünə daxil edilib.
Film 1954-cü ildə Kann Kinofestivalının "Qızıl palma” budağına layiq görülür. Həmin ildən etibarən Bombeydəki balaca studiyaya dünya ölkələrindən turistlərin axını başlayır. Dekabr ayında turistlər aktyorun anadan olmasının 95 illiyini həmin kinostudiyada qeyd etdilər.
1964-cü ildə "Sanqam” adlı ilk rəngli film ekranlara çıxır. Bu ekran əsəri Rac Kapurun baş rolda oynadığı son filmi idi. Ondan sonra Rac Kapur yalnız rejissor və prodüser kimi fəaliyyət göstərir. Aktyorun filmoqrafiyasına isə ümumilikdə 80 film daxildir.
Nərgiz-Kapur məhəbbəti
Rac Kapurla əvəzsiz tərəf müqabili Nərgizin birgə çəkildikləri 16 film Hindistan kinosunun müəyyən bir epoxasını təşkil edir. Kapur-Nərgiz aktyor duetinə məftun olmamaq olmaz. Sevgililəri oynamaq çox çətin idi. Onları bir-birinə təkcə çəkiliş meydançasının bağladığına heç kim inanmırdı. Hətta SSRİ qəzetlərindəki fotolarında «Mister və Missis Kapurlar»- deyə yazılırdı. Hərçənd, həqiqi "missis” evdə uşaqları ilə otururdu. Lazım gələndə Nərgiz Kapura çəkilişlər üçün maliyyə yardımı da edirdi. Bundan başqa, Kapurun istəyi ilə çox vaxt ağ geyinirdi.
Racın Nərgizlə münasibətləri "Yağış mövsümü” filmi ilə başlayır. Uzun müddət birlikdə çəkilsələr də, hissləri uzunmüddətli olmayıb. Rac artıq evli olduğundan, hisslərinə meydan verə bilməyib.
Nərgiz on il gözlədikdən sonra həm yaradıcılıq, həm də həyat yoluna başqa rejissorla davam edib. Onların kinodakı ittifaqları da 1957-ci ildə, beləcə, başa çatıb.
Başqa bir versiyaya görə, Nərgizlə Racın münasibətləri yalnız yaradıcılıqla bağlı olub. Sevgi macəraları haqqında olan söz-söhbət yalnız şaiyə imiş. Krişna bu barədə bilən kimi ərindən Nərgizlə əlaqələri kəsməyi tələb edib. Rac da onunla razılaşıb. Nərgiz başqa rejissorla işləməyə başlayıb, sonra da ərə gedib və kinodan uzaqlaşıb.
Rac Kapurun rəsmən bircə həyat yoldaşı olub – Krişna Kapur. Onlar 1940-cı ildə evləniblər. Krişna Racın atasının əmisi qızıdır. Evlənəndə qızın 16 yaşı olub. Bu, düzülüb-qoşulmuş nikah idi. Atası Raca "evlənirsən!” deyəndə, Rac da "yaxşı” deyə atasına cavab verib. Bu evlilikdən beş uşaqları olub. Racın oğlanları da, qardaşları da aktyordur. Racla Krişna bir yerdə 48 il – Rac ölənə qədər yaşayıblar. Xəbərlər gəzirdi ki, o, həyat yoldaşına vəfalı olmayıb, buna baxmayaraq, onlar beş uşaq böyüdərək birlikdə yaşadılar. Lakin Nərgiz kimi tərəf müqabilini, o, heç vaxt tapa bilmədi. Nərgiz gözəl, cazibədar və istedadlı idi. «Krişna – uşaqlarımın, Nərgiz isə filmlərimin anasıdır» , deyərmiş Kapur.
Qonaq olduğu təqdirdə də, qonaqpərvər olmaq
1970-ci ildə Kapur üç seriyadan ibarət "Mənim adım kloundur” filmini çəkir. Filmdə sovet balerinası Kseniya Ryabinkina sirk artisti Marina obrazında, Rac Kapur isə kloun rolunda oynayırdılar. Çəkiliş müddətində artistlər bir-birini sevirlər. Qastrol müddəti başa çatdıqdan sonra Kseniya Rusiyaya qayıdır. Onlar uzun müddət görüşə bilmirlər.
Rac Kapur Sovet İttifaqı ilə birgə filmlər çəkməyə böyük ümid bəsləyirmiş. Amma birgə film nə Sovet İttifaqında, nə də Hindistanda uğur qazanır. Tamaşaçı Rac Kapurdan sirk yox, mahnı və rəqs gözləyirdi.
Dəfələrlə SSRİ-yə səfər edən, festivallara gələn, donanma makaronunu sevən, dostlarla araq içməyi xoşlayan və mütləq qəbullar düzənləyən aktyor haqqında «Hətta, qonaq olduğu təqdirdə də, qonaqpərvər olmağı bacarardı” deyirdilər. Sonradan isə evdə olarkən danışardı ki, onu Sovet İttifaqında çox sevirlər. «Axı rus kepkasında, lakin hindli ürəyi ilə oxuyan "avara”nı necə sevməmək olardı?”- deyə rus mətbuatı yazırdı.
Kapuramaniya ilə yoluxmuş bir neçə nəsil sovet tamaşaçısı üçün hind aktyoru həmişəlik «Yoldaş avara» olaraq qaldı.
Rac Kapur 63 yaşında dünyasını dəyişir. Həkimlərin diaqnozuna görə, aktyor astma xəstəliyindən vəfat edib. Rac Kapur vəfat edən gün ölkəsində matəm elan olunub. Kapurun ölümü ilə hind kinosunun böyük bir mədəniyyət erası bitmiş oldu.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər