• cümə, 19 Aprel, 20:54
  • Baku Bakı 24°C

Hilmi Ülkən Ziya Göyalp irsi haqqında

15.05.19 10:30 1340
Hilmi Ülkən Ziya Göyalp  irsi haqqında
XIX əsrin sonu və XX əsrin əvvəlləri Türkiyədə elmi-mədəni həyat zənginliyi ilə fərqlənir. Ziya Göyalpın (1876-1924), İsmayıl Hakkı Baltacıoğlunun (1886-1978), Mehmet İzzətin (1891-1930) və başqalarının Türkiyənin həm elmi, həm də ictimai həyatında önəmli yerləri vardır.
Türk düşüncəsi tarixi haqqında məsələləri hərtərəfli şəkildə işıqlandıran Hilmi Ziya Ülkən (1901-1974) əsərlərində XIX əsrdən başlayaraq türk xalqlarını düşündürən əsas məsələlərdən birinin türkçülük olduğunu bildirmişdir. Bu baxımdan onun Türkiyənin görkəmli ictimai xadimi, yazarı Ziya Göyalpın (1876-1924) irsi haqqında araşdırmaları maraq doğurur.
Hilmi Ziya Ülkən "Yeni Sabah” qəzetində 1956-cı ildə mütəfəkkirin doğumunun 80 illiyi münasibətilə qələmə aldığı məqaləsində onu "Türk Universitetlərinə və Türkiyəyə sosiologiya elmini gətirmiş” bir şəxsiyyət kimi təqdim etmişdir.
Ziya Göyalp, yaradıcılığının ilk dövrlərində qələmə aldığı əsər­lərində Osmanlı milliyyətçisi kimi, lakin sonra düşüncəsini dəyi­şə­rək bir türkçü kimi çıxış etmişdir. Hilmi Ziya Ülkən onun haq­qında yazırdı ki, çalışmaları ilə özü-özünü yetişdirmişdir. Diyarbəkirdə məktəbdə təhsil alarkən fəlsəfə və sosial elmlərə maraq göstərmiş, yazılarında Osmanlı milliyyətçisi kimi çı­xış etdiyi dövrlərdə kültürünün genişləndirmişdi. Ziya Göyalp "Osmanlılar artıq türk deyildir” deyir. Hakim ünsür, türklər deyil, osmanlılardı. Bu hala görə türkcənin üstündə bir də "Osmanlı” dili quruldu. Osmanlılar özlərinə türk demədikləri kimi, dillərinə də "türkcə” demirdilər
Ziya Göyalp osmanlı millətinə bir nümunə axtarır və bu nümunəni də Amerikada tapır: "Ünsürlərdən ibarət bu millətə mənsub hər fərd "amerikalıyam” deyir. Osmanlı milləti də Şərqin tərəqqi sevər amerikalısıdır”. Lakin bir müddət sonra mü­təfəkkir bu mövqeyindən imtina edir. Belə ki, məktəb ho­ca­la­rından Yorgi Əfəndi ona fəlsəfə öyrədir, yunan filosoflarını ta­nı­dırdı. Bir tərəf­dən də ailə baxımından dindar və mühafizəkar idi. Bu iki isti­qa­mət arasında qalan Ziya şiddətli bir inanc böhranı ke­çi­rir­di.
Onun düşüncə tərzindəki dəyişkənliklərdən bəhs edə­rkən Hilmi Ziya Ülkən göstərirdi ki, mütəfəkkir, yaradıcılığının ilk dövrlərində Diyarbəkir qəzetlərində çap etdirdiyi yazılarında "Osman­lı milləti”nin "Amerika milləti” kimi gerçək olması fikrini qə­bul etmişdir. Diyarbəkir qəzetlərində çıxardığı ilk yazılarında Namiq Kamal (1840-1888) kimi düşünürdü. "Müxtəlif ünsürlərdən ibarət və mü­səlmanlıqdan qüvvəsini alan Osmanlı milləti, eyni bir Amerikan milləti kimi gerçək ola bilər” deyirdi.
Ziya Göyalp 1900-cü ildə Selanik İttihat və Tərəqqi Konqresinə Diyarbəkir bölgə üzvü olaraq gəlir, sonra yeni nəslin çı­xar­dığı "Gənc Qələmlər” dərgisi qrupuna qatılır. Bu dərgi dil ça­lış­maları işini üzərinə almışdı. Bunların başında Ömər Seyfəddin (1884-1920) ilə Əli Canip Yöntem (1887-1967) durmuşdu. Dərginin əsaslı yazısı Ömər Seyfəddin tərəfindən qələmə alındığı təxmin edilən ilk sayındakı ya­zı, silsilə halında sonrakı saylarda davam etmişdir. Türkçülər bu­ra­da­kı görünüşləri ilə siyasətçi idealist deyildilər. Birləşdikləri tək mə­qam, dildə türkçülükdür. Ömər Seyfəddin bu ilk saylarda böyük rol oy­nayaraq, bəlkə də Ziya Göyalp yeni şəxsiyyətinin formalaşmasına yar­dım etdi. Ömər Seyfəddin və Əli Canip Yöntemin başladığı cı­ğır­da sonra Ziya Göyalp öndər oldu. 1911-ci ildə "Gənc Qələmlər” dər­gi­sində çap etdirdiyi "Bugünkü fəlsəfə” başlıqlı ilk yazısında o, artıq türkçü Göyalpdır. Bununla da Hilmi Ziya Ülkən Diyarbəkirdəki Ziya Göyalp ilə Selanikdəki Ziya Göyalpın tamamilə iki ayrı şəx­siy­yət olduğunu bildirmişdir: Birincisi tənzimat dövrünü yaşayan os­man­lı millət­çi­si­dir, ikincisi türkçüdür.
Türkiyənin böyük yazarı Əli Canip Yöntem "Ziya Göyalpa Türkçülüyü aşılayan adam” məqaləsində ona iki şəxsin təsir et­diyini bildirmişdir. Alim onlardan birinin sonradan düşmən olduğu Abdullah Cevdət olduğunu yazmışdır. Əli Canip Yöntem gös­tər­miş­dir ki, Abdullah Cevdət məmurluğu zamanında Ziya Gökalp hələ ye­tişməkdə olan bir uşaq idi. O, intihara təşəbbüs edərkən onu ilk müalicə edən doktor Abdullah Cevdət idi. Əli Canip Yöntem Ziya Gökalpı türkçülük sahəsində oyan­dı­ran ikinci şəxsin isə Əli bəy Hüseynzadə (1864-1940) olduğunu yazmışdır: "Bu oya­nış qarşı-qarşıya görüşüb tanış olmaqla deyil, Əli bəy Hüseynzadənin hələ əvvəl Bakıda nəşr etdiyi (Füyuzat) və buna bən­zər dərgiləri oxumasından hasil olmuşdur”.
Ziya Göyalp "ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır:
Vətən nə Türkiyədir türk üçün nə Türkistan;
Vətən böyük və əbədi bir ölkədir: Turan.
Əli Canip Yöntem bu beytdən bəhs edərkən Əli bəy Hüseynzadənin Ziya Göyalp təsirini yada salaraq bildirmişdir ki, bu mənzumədəki ruhu Ziya, özünə Turan soyadı verən Əli bəy Hüseynzadədən almışdır.
Ziya Göyalp "Turan” sözünü bu cür açıqlayır: "Turan, bütün türkləri bir araya toplayan və türk olmayanları isə oraya almayan ideoloji bir və­təndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün öl­kə­lə­rin tamamıdır”.
Ziya Göyalp vətən anlayışını belə ifadə etmişdir: "Uğuruna həyat fəda edilən müqəddəs bir ölkə”. Bu müqəddəs varlıq nə ola bilər? Dövlətmi? Halbuki o da qüvvəsini ümmətlə millətdən alır. Elə isə müqəddəs varlıq olaraq millətlə ümmət qalır. Onların qərargahı olan vətənin də iki olması lazımdır: "Ümmətin vətəni, millətin vətəni. Bir islam vətəni vardır bütün müsəlman millətlərin yurdudur, digəri milli vətəndir, türklər Turan adını verirlər. Osmanlı ölkəsi İslam vətəninin müstəqil qalan parçasıdır. Bunun bir qismi Türk yurdu, Turanın bir parçasıdır. O biri qismi ərəb yurdudur ki, böyük ərəb vətəninin bir parçasıdır. Türklərin Türk yurdunu və ya Turanı özəl bir sevgi ilə mənimsəmələri nə kiçik İslam vətəni olan "Osmanlı ölkəsi”ni, nə də böyük İslam vətənini unutmalarını gərəktirməz. Çünki millət idealı, dövlət idealı, ümmət idealı başqa şeylərdir və hər üçü də müqəddəsdir”.
Hilmi Ziya Ülkən Ziya Göyalp vətən anlayışını Qərb millətlərinə aid edərkən yazmışdır: "Bu təriflər Qərb millətlərinə necə tətbiq edilir? Ümmətin vətəni nədir? İndoneziya və Afrika, Sibir, Ərəbistan, Balkanlar bir vətən sayıla bilərmi? Xristian dünyasının ortaq bir vətəni və belə bir vətən fikri varmıdır? Bu məqamlar cavabsız qalır və müdafiə edilmir. Millətin vətəni də Göyalpda çox qeyri-müəyyəndir. Çünki "Turan”a qədər uzanır. Bəzən yalnız oğuz türklərini içinə alır, bəzən də Türkiyə və ya Osmanlı hüdudlarında qalır”.
Ziya Göyalpa görə, mil­liyyətçilik ideyasının güc­lənməsi üçün iki duyğunun yardımına ehtiyac vardır. Bunlardan bi­rincisi millət sevgisidir ki, milli qürur duyulacaq səbəbləri ilə ənə­nə­lərdən qaynaqlanıb yaranar. İkincisi isə milli kindir ki, hər hansı bir zülm və təzyiqə qarşı nifrət və düşmənçilik oyanması ilə əmələ gəlir.
Ziya Göyalp Osmanlı İmperiyasındakı zülmün bir türk zül­mü kimi qəbul edildiyini, buna görə də türk olmayan millətlərin türk adı­na qarşı olduqlarını, ümumiyyətlə, o dövrdə türk millətlərinə bir nif­rətin yarandığını göstərmişdir. Mütəfəkkir Türk qövmünün ortaya çıxıb "Mən varam!” de­yə bilmədiyi bir zamanda belə, Avropanın ölkədəki rəzalətə görə yal­nız türkləri günahlandırdığını, daxildə də müsəlman olan və ol­mayan qövmlərin sarayın təzyiqindən dövlət məmurlarının etdiyi əziy­yət­lə­rin məsuliyyətinin də türklərin üzərində olduğunu yaz­mış­dır: "Ora­da türkə yüklənən bu məsuliyyət yükü vardı, amma onu mənimsəyən bir çiyin yoxdur. Türklər milli bir vəzifəyə yüklənməmiş olan, öz başına qalmış fərdlərdən meydana gəlirdi: Milli bir şüur, mil­li bir ideyaya sahib olmayan bir cəmiyyətdən, əxlaq, milli bir­lik, fə­da­kar­lıq gözləmək boşunadır, məhz yaradılış baxımından soylu bir şəx­siy­yə­tə sahib türklərin, ictimai bucaqdan tənəzzülü, ancaq "öz mənliyini tanımamaq” və "milli məsuliyyətlərini bilməmək” səhv­lə­rindən or­ta­ya çıxırdı”.
Ziya Göyalp bunun səbəbini belə izah etmişdir: "Türk qövmü "Mən varam” dedikdən sonra məsuliyyətinin önəmini və lüzumunu daha yaxşı anlayır və bu gün millilik duyğularından uzaqlaşmaları imkansız olan eyni dinə və dövlətə mənsub olanlarla daha gözəl an­laşmaq yollarını tapır. Türk qövmü öz varlığını an­lar-anlamaz, ərəblərin və başqa azlıqların irəliləmək üçün ehtiyac duy­duqları şeyin nə olduğunu da bu yeni duyğunun işığı ilə gördü”.
Hilmi Ziya Ülkən "Turan” sözünün ilk dəfə macarlar ara­sın­da 1839-cu ildə Türk qövmlərinin əsas araşdırma yolu olaraq iş­lə­dil­di­yini, Budapeştdə Turan cəmiyyətinin 1911-ci ildə yarandığını, Türkiyənin ümumi fikir havasının isə bu yeni anlayışın girməsinə uzun zaman əlverişli olmadığını yazmışdır. Hilmi Ziya Ülkən mən­şə­cə yəhudi olan macar alimi Herman Vamberinin Pantürkizmin atası kimi tanındığını bildirmişdir. Türkiyəli filosof onun 1861-ci ildə Rəşid Əfəndi adı ilə Asiyanı gəzmək üçün İstanbuldan keçdiyini və bu­rada bir neçə il qalaraq bütün ziyalı mühiti ilə tanış ol­du­ğu­nu bildirmişdir.
Ziya Göyalp Turanın türkçülərin uzaq ideologiyası olduğunu, bu ad altında birləşən oğuzların, tatarların, qırğızların, özbəklərin, ya­kutların dildə, ədəbiyyatda, kültürdə birləşmək məqsədində ol­duq­larını yazmışdır. Mütəfəkkir "bu ideologiyanın bir gerçəkliyə çev­rilməsi imkanı varmı, yoxmu?” sualını belə cavablandırmışdır: "Yaxın ideologiyalar üçün bu istiqamət aranırsa da, uzaq ideo­lo­gi­­yalar üçün aranmaz”.
Ziya Göyalp Turan ideyasını yüz milyon türkün bir millət, ulus olaraq birləşməsi kimi dəyərləndirmişdir. Turan türkçülər üçün ən güclü coşqu qaynağıdır, bu ideo­logiya ol­masaydı, türkçülük bu kimi sürətlə ya­yıl­ma­ya­caqdı. Mütəfəkkir Turan ideologiyasının gerçəkləşə biləcəyi eh­ti­ma­lını da qəbul etmişdir: "Bununla birlikdə kim bilir, bəlkə gə­lə­cək­də Turan ideologiyası da gerçəkləşə biləcəkdir. İdeo­lo­gi­ya, gələ­­cə­yin yaradıcısıdır. Dünən türklər üçün yuxu bir ideo­lo­gi­ya olan mil­li dövl­ət, bu gün Türkiyədə gerçəkləşmişdir”.
Hilmi Ziya Ülkən Ziya Göyalpın vəfatının 28 illiyi ilə əlaqədar 1952-ci ildə "Yeni Sabah” qəzetində qələmə aldığı məqaləsində mütəfəkkirin şöhrətinin yalnız elm və siyasət sahələrində olmayıb, eyni zamanda Türk milliyətçiliyinə açıq-aşkar şəklini verməsi, bir-biri iə uzlaşmayan türkləşmək, islamlaşmaq və avropalaşmaq ideyaları arasında ahəng tapması kimi mənalandırmışdır.
Hilmi Ziya Ülkənin fikrincə, Göyalp ən çox bəhs edilən türk fikir adamlarındandır. Sintezçi və ahəngdar zəkası bir-birinə zidd bir çox cərəyanları barışdırdığı üçün, olduqca uzaq istiqamətlərdə onun sevgi və alqışla qarşılandığını görürük. Fəqət, bu sintezçi zəka, yenə bu cərəyanlardan hər birinin təəssübkeşləri tərəfindən tənqid edilmişdir. Tənzimatdan bu günə qədər bir çox vəsilələrlə mübarizədən geri qalmayan bu üç cərəyandan hansı aşırı bir hal almışsa, onun mənsubları yalnız qarşı tərəfə hücum etməyib, eyni zamanda Göyalpı tənqid etmişdilər. İçində olduğumuz mədəniyyət dünyası və millətimizin hələ keçirməkdə olduğu kültür və mədəniyyət mücadiləsi Göyalpın sintezçi görüşünə bir çox baxımlardan daha uzun müddət ehtiyac olduğunu göstərmişdir.
Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən türkləşmək, islamlaşmaq və avropalaşmaq düsturunun ilk dəfə hələ türkçülüyün oyanmadığı, bir az qeyri-müəyyən, sistemsiz bir şəkildə Əli Suavi (1839-1878) tərəfindən irəli sürülüb və müdafiə edildiyini yazmışdır. İkinci dəfə Əli bəy Hüseynzadə tərəfindən bu düsturun təklif edilməsi, tam zamanında idi. Azərbaycan mütəfəkkirinin təsiri ilə Ziya Göyalp türkçülük cərəyanına daxil olmuş, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” fikrini ondan mənimsəmişdir.
Hilmi Ziya Ülkən Ziya Göyalpın fəaliyyətini iki cəhətdən müqayisə etmişdir: İdealist və ideoloq Göyalpın çox geniş bir çevrəyə yayılan şöhrəti yanında, elm adamı və sosioloq Göyalp adı xeyli zəif qalır. Lakin bu çığırda çalışanlar, yeni araşdırmalara və yeni metodlara qarşı nə qədər açıq olsalar da, Göyalp yenə onların ilk rəhbərləri olaraq qalacaqdır.
2019-cu ildə görkəmli mütəfəkkirin vəfatının 95 illiyidir. Ziya Göyalp alim və ideoloq kimi Türk dünyasının mədəniyyət və ictimai fikir tarixində özünəməxsus yer tutur.
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru, dosent

banner

Oxşar Xəbərlər