AZE | RUS | ENG |

Hilmi Ülkən Ziya Göyalp irsi haqqında

Hilmi Ülkən Ziya Göyalp  irsi haqqında
Onu türkçü kimi formalaşdıran ikinci şəxs Əli bəy Hüseynzadə olub

XIX əsrin sonu və XX əsrin əvvəlləri Türkiyədə elmi-mədəni həyat zənginliyi ilə fərqlənir. Ziya Göyalpın (1876-1924), İsmayıl Hakkı Baltacıoğlunun (1886-1978), Mehmet İzzətin (1891-1930) və başqalarının Türkiyənin həm elmi, həm də ictimai həyatında önəmli yerləri vardır. Türk düşüncəsi tarixi haqqında məsələləri hərtərəfli şəkildə işıqlandıran Hilmi Ziya Ülkən (1901-1974) əsərlərində XIX əsrdən başlayaraq türk  xalqlarını  düşündürən  əsas  məsələlərdən birinin türkçülük olduğunu bildirmişdir. Bu baxımdan onun Türkiyənin görkəmli ictimai xadimi, yazarı Ziya Göyalpın (1876-1924) irsi haqqında araşdırmaları maraq doğurur. Hilmi Ziya Ülkən "Yeni Sabah” qəzetində 1956-cı ildə mütəfəkkirin doğumunun 80 illiyi münasibətilə qələmə aldığı məqaləsində onu "Türk Universitetlərinə və Türkiyəyə sosiologiya elmini gətirmiş” bir şəxsiyyət kimi təqdim etmişdir. Ziya Göyalp, yaradıcılığının ilk dövrlərində qələmə aldığı əsər­lərində  Osmanlı milliyyətçisi kimi, lakin sonra düşüncəsini dəyi­şə­rək bir türkçü kimi çıxış etmişdir. Hilmi Ziya Ülkən onun haq­qında yazırdı ki, çalışmaları ilə özü-özünü yetişdirmişdir. Diyarbəkirdə məktəbdə təhsil alarkən fəlsəfə və sosial elmlərə maraq göstərmiş, yazılarında Osmanlı milliyyətçisi kimi çı­xış etdiyi dövrlərdə kültürünün genişləndirmişdi. Ziya Göyalp "Osmanlılar artıq türk deyildir” deyir. Hakim ünsür, türklər deyil, osmanlılardı. Bu hala görə türkcənin üstündə bir də "Osmanlı” dili quruldu. Osmanlılar özlərinə türk demədikləri kimi, dillərinə də "türkcə” demirdilər Ziya Göyalp   osmanlı  millətinə  bir  nümunə  axtarır  və  bu  nümunəni də  Amerikada  tapır: "Ünsürlərdən  ibarət  bu  millətə  mənsub hər fərd "amerikalıyam”  deyir. Osmanlı  milləti  də  Şərqin  tərəqqi sevər amerikalısıdır”. Lakin bir müddət sonra mü­təfəkkir  bu  mövqeyindən imtina edir. Belə ki, məktəb ho­ca­la­rından Yorgi  Əfəndi ona fəlsəfə öyrədir, yunan filosoflarını  ta­nı­dırdı.  Bir  tərəf­dən  də ailə  baxımından  dindar  və  mühafizəkar  idi.  Bu iki  isti­qa­mət arasında qalan Ziya şiddətli bir inanc böhranı  ke­çi­rir­di. Onun  düşüncə tərzindəki dəyişkənliklərdən bəhs edə­rkən Hilmi Ziya Ülkən  göstərirdi  ki,  mütəfəkkir,  yaradıcılığının  ilk dövrlərində Diyarbəkir qəzetlərində çap etdirdiyi yazılarında  "Osman­lı  milləti”nin  "Amerika milləti”   kimi gerçək olması  fikrini  qə­bul  etmişdir. Diyarbəkir qəzetlərində çıxardığı ilk yazılarında Namiq Kamal (1840-1888)  kimi düşünürdü. "Müxtəlif ünsürlərdən ibarət və mü­səlmanlıqdan qüvvəsini alan Osmanlı milləti, eyni bir Amerikan milləti kimi gerçək ola bilər” deyirdi. Ziya Göyalp 1900-cü ildə Selanik İttihat və Tərəqqi Konqresinə Diyarbəkir bölgə üzvü olaraq gəlir, sonra yeni nəslin çı­xar­dığı "Gənc Qələmlər” dərgisi  qrupuna qatılır. Bu dərgi dil ça­lış­maları işini üzərinə almışdı. Bunların başında  Ömər Seyfəddin (1884-1920)  ilə Əli Canip Yöntem (1887-1967) durmuşdu. Dərginin əsaslı yazısı  Ömər Seyfəddin tərəfindən qələmə alındığı təxmin edilən ilk sayındakı ya­zı, silsilə halında sonrakı saylarda davam etmişdir. Türkçülər bu­ra­da­kı görünüşləri ilə siyasətçi idealist deyildilər. Birləşdikləri tək mə­qam, dildə türkçülükdür. Ömər Seyfəddin bu ilk saylarda böyük rol oy­nayaraq, bəlkə də Ziya Göyalp yeni şəxsiyyətinin formalaşmasına yar­dım etdi. Ömər Seyfəddin və Əli Canip Yöntemin başladığı cı­ğır­da sonra Ziya Göyalp öndər oldu.  1911-ci ildə "Gənc Qələmlər” dər­gi­sində çap etdirdiyi "Bugünkü fəlsəfə” başlıqlı ilk yazısında o, artıq türkçü Göyalpdır. Bununla da Hilmi  Ziya  Ülkən  Diyarbəkirdəki  Ziya  Göyalp  ilə Selanikdəki Ziya Göyalpın tamamilə iki ayrı şəx­siy­yət olduğunu bildirmişdir: Birincisi tənzimat dövrünü yaşayan os­man­lı  millət­çi­si­dir, ikincisi  türkçüdür. Türkiyənin böyük yazarı  Əli Canip Yöntem "Ziya Göyalpa Türkçülüyü aşılayan adam” məqaləsində ona iki şəxsin təsir et­diyini bildirmişdir. Alim onlardan  birinin sonradan düşmən olduğu Abdullah Cevdət  olduğunu yazmışdır. Əli Canip Yöntem gös­tər­miş­dir  ki, Abdullah Cevdət  məmurluğu zamanında Ziya Gökalp hələ ye­tişməkdə olan bir uşaq idi. O, intihara təşəbbüs edərkən onu ilk müalicə edən doktor Abdullah Cevdət idi. Əli Canip Yöntem Ziya Gökalpı türkçülük sahəsində oyan­dı­ran ikinci şəxsin isə Əli bəy Hüseynzadə (1864-1940) olduğunu yazmışdır: "Bu oya­nış qarşı-qarşıya görüşüb tanış olmaqla deyil, Əli bəy Hüseynzadənin hələ əvvəl Bakıda nəşr etdiyi (Füyuzat) və buna bən­zər dərgiləri oxumasından hasil olmuşdur”. Ziya Göyalp "ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır: Vətən nə Türkiyədir türk üçün nə Türkistan; Vətən böyük və əbədi bir ölkədir: Turan. Əli Canip Yöntem bu beytdən bəhs edərkən Əli bəy Hüseynzadənin Ziya Göyalp təsirini yada salaraq bildirmişdir ki, bu mənzumədəki ruhu Ziya, özünə Turan soyadı verən Əli bəy Hüseynzadədən  almışdır.  Ziya Göyalp "Turan” sözünü  bu cür açıqlayır: "Turan, bütün türkləri bir araya toplayan və türk olmayanları isə oraya almayan ideoloji bir və­təndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün öl­kə­lə­rin tamamıdır”. Ziya Göyalp vətən anlayışını belə ifadə etmişdir:  "Uğuruna həyat  fəda edilən müqəddəs bir  ölkə”.  Bu müqəddəs varlıq  nə  ola bilər?  Dövlətmi?  Halbuki  o  da  qüvvəsini  ümmətlə millətdən alır.  Elə isə müqəddəs varlıq  olaraq millətlə  ümmət qalır. Onların qərargahı olan vətənin də iki olması lazımdır: "Ümmətin vətəni,  millətin vətəni. Bir  islam  vətəni vardır bütün müsəlman  millətlərin  yurdudur,  digəri  milli  vətəndir,  türklər Turan  adını verirlər.  Osmanlı  ölkəsi  İslam  vətəninin müstəqil  qalan parçasıdır.  Bunun bir  qismi Türk  yurdu,  Turanın  bir  parçasıdır.  O biri  qismi ərəb yurdudur ki,  böyük ərəb vətəninin bir  parçasıdır.  Türklərin Türk yurdunu və ya Turanı özəl bir sevgi ilə mənimsəmələri nə kiçik İslam vətəni olan "Osmanlı  ölkəsi”ni,  nə  də böyük  İslam vətənini unutmalarını gərəktirməz.  Çünki millət  idealı, dövlət idealı,  ümmət idealı başqa şeylərdir və hər üçü də müqəddəsdir”.    Hilmi Ziya Ülkən Ziya Göyalp vətən anlayışını Qərb millətlərinə  aid edərkən yazmışdır: "Bu  təriflər Qərb  millətlərinə  necə tətbiq edilir?  Ümmətin  vətəni  nədir?  İndoneziya  və  Afrika,   Sibir,  Ərəbistan,  Balkanlar  bir  vətən  sayıla bilərmi?  Xristian  dünyasının  ortaq  bir  vətəni  və  belə  bir  vətən  fikri  varmıdır?  Bu  məqamlar  cavabsız  qalır  və müdafiə edilmir. Millətin  vətəni  də  Göyalpda  çox qeyri-müəyyəndir.   Çünki  "Turan”a  qədər  uzanır.  Bəzən  yalnız  oğuz  türklərini  içinə  alır,  bəzən  də  Türkiyə  və ya  Osmanlı hüdudlarında  qalır”.  Ziya Göyalpa görə, mil­liyyətçilik ideyasının güc­lənməsi üçün iki duyğunun yardımına ehtiyac vardır. Bunlardan bi­rincisi millət  sevgisidir ki, milli qürur duyulacaq səbəbləri  ilə  ənə­nə­lərdən qaynaqlanıb yaranar. İkincisi  isə milli kindir  ki, hər  hansı bir zülm və təzyiqə qarşı nifrət və düşmənçilik oyanması ilə əmələ gəlir. Ziya Göyalp Osmanlı İmperiyasındakı  zülmün bir türk zül­mü kimi qəbul edildiyini, buna görə də  türk olmayan millətlərin  türk adı­na qarşı olduqlarını, ümumiyyətlə, o dövrdə türk millətlərinə bir nif­rətin yarandığını göstərmişdir. Mütəfəkkir Türk qövmünün ortaya çıxıb "Mən varam!” de­yə bilmədiyi bir zamanda belə, Avropanın ölkədəki rəzalətə görə yal­nız türkləri günahlandırdığını, daxildə də müsəlman olan  və ol­mayan  qövmlərin  sarayın təzyiqindən dövlət  məmurlarının etdiyi  əziy­yət­lə­rin məsuliyyətinin də türklərin  üzərində olduğunu yaz­mış­dır: "Ora­da türkə  yüklənən bu məsuliyyət yükü vardı, amma onu mənimsəyən bir çiyin yoxdur. Türklər milli bir vəzifəyə yüklənməmiş olan, öz başına  qalmış fərdlərdən meydana gəlirdi: Milli  bir şüur, mil­li bir  ideyaya  sahib  olmayan  bir cəmiyyətdən, əxlaq, milli bir­lik, fə­da­kar­lıq gözləmək boşunadır, məhz yaradılış  baxımından soylu bir şəx­siy­yə­tə sahib türklərin, ictimai bucaqdan tənəzzülü, ancaq "öz mənliyini tanımamaq” və "milli məsuliyyətlərini bilməmək” səhv­lə­rindən  or­ta­ya çıxırdı”. Ziya Göyalp bunun səbəbini belə izah etmişdir: "Türk qövmü "Mən varam” dedikdən sonra məsuliyyətinin önəmini və lüzumunu daha yaxşı anlayır və bu gün millilik duyğularından uzaqlaşmaları imkansız olan eyni dinə və dövlətə mənsub olanlarla  daha gözəl an­laşmaq yollarını tapır. Türk qövmü öz varlığını  an­lar-anlamaz, ərəblərin  və başqa  azlıqların irəliləmək üçün ehtiyac  duy­duqları şeyin nə olduğunu da bu yeni duyğunun işığı ilə gördü”.  Hilmi Ziya Ülkən  "Turan” sözünün ilk dəfə  macarlar ara­sın­da 1839-cu ildə Türk  qövmlərinin  əsas araşdırma yolu olaraq  iş­lə­dil­di­yini, Budapeştdə Turan cəmiyyətinin 1911-ci ildə yarandığını, Türkiyənin ümumi fikir havasının isə bu yeni anlayışın girməsinə uzun zaman əlverişli olmadığını yazmışdır. Hilmi Ziya Ülkən   mən­şə­cə yəhudi olan macar  alimi  Herman Vamberinin Pantürkizmin atası kimi tanındığını bildirmişdir. Türkiyəli filosof onun 1861-ci ildə Rəşid Əfəndi adı ilə Asiyanı gəzmək üçün İstanbuldan keçdiyini və bu­rada bir neçə il qalaraq  bütün ziyalı mühiti ilə  tanış ol­du­ğu­nu  bildirmişdir. Ziya Göyalp Turanın türkçülərin uzaq ideologiyası olduğunu, bu ad altında  birləşən  oğuzların, tatarların, qırğızların, özbəklərin, ya­kutların  dildə, ədəbiyyatda, kültürdə  birləşmək məqsədində ol­duq­larını yazmışdır. Mütəfəkkir "bu ideologiyanın  bir  gerçəkliyə  çev­rilməsi  imkanı  varmı, yoxmu?”  sualını belə  cavablandırmışdır: "Yaxın ideologiyalar üçün bu istiqamət aranırsa da, uzaq ideo­lo­gi­­yalar  üçün  aranmaz”. Ziya Göyalp Turan ideyasını yüz milyon türkün bir millət, ulus olaraq birləşməsi kimi dəyərləndirmişdir. Turan türkçülər üçün ən  güclü coşqu qaynağıdır, bu  ideo­logiya  ol­masaydı, türkçülük bu kimi sürətlə ya­yıl­ma­ya­caqdı. Mütəfəkkir Turan ideologiyasının  gerçəkləşə  biləcəyi  eh­ti­ma­lını da qəbul etmişdir: "Bununla birlikdə kim bilir, bəlkə gə­lə­cək­də Turan ideologiyası da gerçəkləşə biləcəkdir. İdeo­lo­gi­ya,  gələ­­cə­yin  yaradıcısıdır. Dünən türklər üçün yuxu bir ideo­lo­gi­ya olan mil­li  dövl­ət,  bu  gün  Türkiyədə gerçəkləşmişdir”. Hilmi Ziya Ülkən Ziya Göyalpın vəfatının 28 illiyi ilə əlaqədar 1952-ci ildə "Yeni Sabah” qəzetində  qələmə aldığı məqaləsində mütəfəkkirin şöhrətinin yalnız elm və siyasət sahələrində olmayıb, eyni zamanda Türk milliyətçiliyinə açıq-aşkar şəklini verməsi, bir-biri iə uzlaşmayan türkləşmək,  islamlaşmaq  və  avropalaşmaq ideyaları arasında ahəng tapması kimi mənalandırmışdır. Hilmi Ziya Ülkənin fikrincə, Göyalp ən çox bəhs edilən türk fikir adamlarındandır. Sintezçi və ahəngdar zəkası bir-birinə zidd bir çox cərəyanları barışdırdığı üçün, olduqca uzaq istiqamətlərdə onun sevgi və alqışla qarşılandığını  görürük. Fəqət, bu sintezçi zəka, yenə bu cərəyanlardan hər birinin təəssübkeşləri tərəfindən tənqid edilmişdir. Tənzimatdan bu günə qədər bir çox vəsilələrlə mübarizədən geri qalmayan bu üç cərəyandan hansı aşırı bir hal almışsa, onun mənsubları yalnız qarşı tərəfə hücum etməyib, eyni zamanda Göyalpı tənqid etmişdilər. İçində olduğumuz mədəniyyət dünyası və millətimizin hələ keçirməkdə olduğu kültür və mədəniyyət mücadiləsi Göyalpın sintezçi görüşünə bir çox baxımlardan daha uzun müddət ehtiyac olduğunu göstərmişdir. Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən türkləşmək,  islamlaşmaq  və  avropalaşmaq düsturunun ilk dəfə hələ türkçülüyün   oyanmadığı, bir  az  qeyri-müəyyən,  sistemsiz bir şəkildə  Əli  Suavi (1839-1878) tərəfindən irəli sürülüb və  müdafiə  edildiyini yazmışdır. İkinci dəfə Əli bəy   Hüseynzadə tərəfindən bu düsturun təklif edilməsi, tam zamanında idi. Azərbaycan mütəfəkkirinin təsiri ilə Ziya Göyalp türkçülük  cərəyanına  daxil olmuş,  "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”  fikrini ondan mənimsəmişdir. Hilmi Ziya Ülkən Ziya Göyalpın fəaliyyətini iki cəhətdən müqayisə etmişdir: İdealist və ideoloq Göyalpın  çox geniş bir çevrəyə yayılan şöhrəti yanında, elm adamı və sosioloq Göyalp adı xeyli zəif qalır. Lakin bu çığırda çalışanlar,  yeni araşdırmalara və yeni metodlara qarşı nə qədər açıq olsalar da, Göyalp yenə onların ilk rəhbərləri olaraq qalacaqdır.
2019-cu ildə görkəmli mütəfəkkirin vəfatının 95 illiyidir. Ziya Göyalp  alim və ideoloq kimi Türk dünyasının mədəniyyət və ictimai fikir tarixində özünəməxsus yer tutur.
Aytək Zakirqızı (Məmmədova) 
fəlsəfə doktoru, dosent
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815