• cümə axşamı, 25 aprel, 14:57
  • Baku Bakı 23°C

Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi

03.12.17 09:15 2164
Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi
Bakıda "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirildi. "Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Bəs bu proses nədir və nəyə görə bu qədər dövlət və beynəlxalq təşkilat "İstanbul Prosesi”nə bu qədər ciddi əhəmiyyət verir?
AZƏRTAC-ın müxbiri bu sualla "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğluna müraciət edib.
Hikmət Babaoğlu deyib: "Bütün məsələ ondan ibarətdir ki, dünyanın yeni güc mərkəzi hər gün bir az daha dünyanın qəlbi adlandırılan Asiyaya doğru yuvarlanır. Bu, o deməkdir ki , gələcəkdə köhnə güc mərkəzi hesab edəcəyimiz Avratlantik məkana yeni rəqib yaranır. Bu tarixi prosesi əvvəlcədən görən və onu ləngitmək üçün hələ ötən əsrin 70-ci illərindən başlayaraq Asiyanı nəzarətə götürməyə çalışan Qərbin imperialist mərkəzləri bu mühüm siyasi coğrafiyada çoxsaylı münaqişələr yaratmağa və bununla regionu idarə etməyə cəhd etdilər. Ancaq bu günə qədər heç bir imperialist mərkəz regiona tam nəzarəti öz əlinə ala bilmədi. Siyasi tariximizin çox da uzaq keçmişi olmayan Əfqanıstan müharibəsi də, Taliban, Əl-Qaidə kimi qeyri-qanuni təşkilatlanmalar da, hətta Pakistan ilə Hindistan arasında bu gün də öz həllini tapmayan problemlər də qlobal imperializmin Asiya siyasətinin nəticəsi olaraq meydana çıxmışdı. Əslində "Asiyanın Qəlbi” adlandırılan bu geostrateji rayonda törədilən hadisələr də, terrorla idarəetmə metodları da həm də gələcəkdə Asiyanın başqa bir mühüm regionu - Yaxın Şərqin növbəti hərbi-siyasi poliqona çevrilməsi üçün bir növ məşq idi. Göründüyü kimi, yarım əsrdən artıq bir müddətdə davam edən bu prosesin hələ də sonu görünmür. Yəni, dünya əhalisinin 60 faizindən çoxunun yaşadığı, eyni zamanda, dünya iqtisadiyyatının olduqca mühüm bir hissəsinin formalaşdığı bu regionda imperialist mərkəzlər davamlı nəzarət mexanizmi formalaşdıra bilmirlər. Ona görə də daha çox münaqişələr yaratmaqla daha dərinə nüfuz etməyə çalışırlar. Bu prosesdə isə ən çox əziyyət çəkən Əfqanıstandır. Bu ölkə özünün geostrateji mövqeyi ilə olduqca əhəmiyyətlidir. Çünki bir növ regionun giriş qapısı olmaqla Avropadan quru yolla gələn çox mühüm kommunikasiya və yolların başlıca tranzit qovşağıdır. Ona görə də dünya siyasətini müəyyənləşdirən bir sıra dövlətlər və onların nəzarətində olan beynəlxalq təşkilatlar hər nə qədər Əfqanıstana sülh və sabitlik gətirməyə cəhd göstərdiklərini iddia etsələr də, əslində daha çox öz maraqlarını təmin etməyə çalışırlar. Belə bir mürəkkəb mərhələdə qardaş Türkiyənin təşəbbüsü ilə 2011-ci ildə "İstanbul Prosesi” başladıldı. Yəni, yarım əsrdən çox bir dövr ərzində ilk dəfə regional və yerli dinamiklər tərəfindən Əfqanıstana, dolayısı ilə bütövlükdə Asiyaya sabitlik gətirə biləcək real və səmimi bir proses başladılmış oldu. Azərbaycan da cəmi bir il sonra regionun mühüm və çevik siyasətə sahib bir ölkəsi kimi bu prosesə qoşuldu. Bu, bizim milli maraqlarımız baxımından mühüm bir dialoq və tərəfdaşlıq platformasıdır. Elə Bakıda baş tutan nazirlərin 7-ci konfransında qəbul edilən Bəyannamədə öz əksini tapan və beynəlxalq hüquqla əsaslandırılan prinsiplər də əslində iştirakçı dövlətlərin hər biri tərəfindən bir daha ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi kimi başa düşülməlidir. Nəzərə alsaq ki, Asiyada 56 dövlət var və onların içərisində Çin, Hindistan, Pakistan kimi gələcəkdə dünya siyasətində daha çox söz sahibi olacaq ölkələr yer alır, o zaman bu konfransın və qəbul edilən bəyanatın əhəmiyyətini bir daha anlamış olarıq. Bu tərəfdaşlıq formatı regionumuza siyasi sabitlik və təhlükəsizliklə bərabər, həm də ciddi iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Təsadüfi deyil ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirilən meqalayihələrdən danışdı və Əfqanıstanın da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması perspektivlərinə toxundu. Bütün bunlar bir daha onu göstərir ki, "Asiyanın Qəlbi- İstanbul Prosesi” Azərbaycanın strateji maraqlarının həyata keçirilməsi baxımından da mühüm bir prosesdir”.
banner

Oxşar Xəbərlər