• çərşənbə axşamı, 23 aprel, 10:58
  • Baku Bakı 20°C

Həzrəti Adəm hansı millətə bənzəyib?

15.01.19 09:15 1352
Həzrəti Adəm hansı millətə bənzəyib?
Türkiyədəki və türk dünyasındakı bir çox din alimləri ilk insan və ilk peyğəmbər Həzrət Adəmin hansı millətə bənzəməsi məsələsində mübahisə etməkdədirlər. Lakin bu müzakirə obyekti yeni deyil. Sözügedən məsələnin məşhur türk səyyah və tarixçisi Övliya Çələbi dönəmi olan XVII əsr və daha əvvəlki dövrlərdə ciddi şəkildə müzakirə edildiyini də qaynaqlardan aydın şəkildə görürük.
Övliya Çələbi ilk insan və ilk peyğəmbər olan Həzrəti Adəmin hansı millətə bənzədiyi məsələsində öz dövrü və daha öncəki mərhələlərdə ortaya atılan fikirləri göstərməklə, zaman-zaman Osmanlı mənbələri ilə yanaşı, xarici qaynaqlara da istinad etmişdir. Məşhur səyyahın "Səyahətnamə” adlı əsərində ortaya qoyduğu görüşlər bu kontekstdə dəyərləndirildiyindən, məlumatların istifadəsi baxımından onu əhəmiyyətli bir elmi səciyyəli əsər hesab edə bilərik.
Övliya Çələbinin Həzrət Adəm ilə bağlı verdiyi ilk önəmli məlumat "Abxaz Qövmü Vilayəti”ndən bəhs etdiyi bölümdə təqdim olunmuşdur. Məşhur səyyah "Tuhfə tarixi”ndə bu ifadələrin yazıldığını göstərməkdədir: "Uca Tanrı Həzrəti Adəmi sonsuz qüdrəti ilə yaratdığında, onu Tatar sifətində yaratdı. Cənnətinə dəvət etdi və bütün mələklərə əmr etdiyi üçün mələklər Adəmə səcdə etdilər” (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnamesi, (Haz. Y. Dağlı - S. A. Kahraman - R. Dankoff), 2003, 7. Cilt, 2. Kitap, s 432, Yapı Kredi Yayınları, İstanbul).
Bu ifadələr "Quran”dakı Bəqərə surəsinin 34-cü ayəsində "Biz mələklərə "Adəmə səcdə edin! – dedikdə, İblisdən başqa hamısı səcdə etdi” şəklində ifadə olunmuşdur. Zamanımızdakı Quran təfsirlərində "Uca Tanrı Həzrəti Adəmi sonsuz qüdrətində yaratdığında, Tatar sifətində yaratdı” təfsiri yer almamaqdadır. Bu sözlərdən aydın şəkildə anlaşıldığına görə, ilk insan və ilk peyğəmbərin "Tatar sifətində”, yəni tatar tipində olması düşüncəsi mövcud idi. Övliya Çələbi "Tatar” kəlməsindən bütün türkləri ifadə etmək üçün sanki "üst kimlik” kimi istifadə etmişdir. Çağdaş dövrümüzdə "Türk milləti” ifadəsi də "üst kimlik” kimi işlədilir və öz çərçivəsində "qırğız”, "qazax”, "başqırd”, "tatar” və yaxud "tatar türkləri”, "qazax türkləri”, "qırğız türkləri”, "başkırd türkləri” və digər bu kimi milli adları birləşdirir. Bu sosioloji amili nəzərə alsaq, Övliya Çələbinin ilk insan və ilk peyğəmbər Həzrət Adəmin "Türk tipində” olduğunu göstərən fikirlərini gündəmə gətirmək maraq doğurmaqdadır.
Burada diqqəti cəlb edən məsələlərdən biri də "Türk sifəti” ifadəsidir. Övliya Çələbi dövründəki Osmanlı türkcəsində "sifət” kəlməsi hər hansı bir insana aid fiziki özəllikləri ifadə etmək üçün istifadə edilən bir söz idi. İlk insandan bəhs edildiyi üçün burada onun hansı soydan gəldiyinə dair bir mübahisə də ola bilməzdi.
"Tuhfə tarixi”ndə ilk insan və ilk peyğəmbər Həzrəti Adəmin "Tatar sifətində” (Türk tipində) yaradılması xatırlandığından, sonra ayətin davamının verilməsi, şübhəsiz ki, çox önəmlidir. Ayətin "Uca Tanrı Həzrəti Adəmi cənnətinə dəvət etdi və bütün mələklərə əmr etdiyi üçün mələklər Adəmə səcdə etdilər” hissəsinin özəlliklə verilməsi "Tanrının əmri ilə mələklərin belə səcdə etdiyi” bir varlığa diqqət çəkmək istəyindən irəli gəlmişdir. Sanki "Tanrı mələklərə türk sifətindəki birinə səcdə etmələrini əmr etdi” deyilməklə, şüuraltında "Türklərə itaət edin” mesajı çatdırılmaqdadır.
Müasir dünyamızda "irqçilik” kimi təhlükəli anlayışlar mövcud olduğu üçün qeyd olunan fikir ortaya atılarsa, o fikri söyləyən insan "irqçi” olmaqda günahlandırıla bilər. Bəlkə də sağlam dəlillərə istinad olunsa belə, özünü ifadə etməyə icazə verilməyə bilər. Lakin burada bəhs olunan mənbə səkkiz yüzillik bir qaynaqdır. Başqa sözlə, belə bir mənbədə "irqçilik” edildiyini söyləmək mümkün deyil.
Övliya Çələbi əsərinin yeddinci cildində dördüncü bölümdə verdiyi məlumatları belə zənginləşdirmişdi: "Tuhfə tarixi”ndə göndərilmiş bir çox peyğəmbərlərin mübarək vəsflərini təsvir edən mənzum və ya nəsrlə yazılmış yazılarda (Hilye-i Şerif) "Allah Həzrəti Adəmi sonsuz qüdrəti ilə palçıqdan xalq etdiyində, Tatar sifətində yaratmışdır” deyə daha ətraflı bir şəkildə ifadə edilmişdir” (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnamesi, (Haz. Y. Dağlı - S. A. Kahraman - R. Dankoff), 2003, 7. Cilt, 2. Kitap, s 432, Yapı Kredi Yayınları, İstanbul).
Övliya Çələbi Həzrəti Adəm və Həzrəti Həvvanın məzarlarını da ziyarət etmiş, onlar haqqında az məlum olan bilgilərin günümüzə gəlib çatmasına yardım etmişdir. Məşhur səyyah qəbir ziyarətləri təsvir edərkən yazır: "Məzar, Həzrəti Havva insanların atasına hamilə olduğunda, əsl vətənimiz olan qarnı üzərində bir kiçik günbəz şəklində qurulmuşdur. Səhra və səhralıq yerdə olduğu üçün günbəz o qədər də baxımlı deyildi.
Yaşıl atlasla sarılmış bir məzar içində idilər. Lakin günbəzdən bayırda ətrafına və üzərindəki torpağın üstünə çınqıl növündən satılacaq şeylər yığılmışdı. Mübarək boyları yetmiş addım idi. Mələk Əhməd Paşanın xatunu mərhumə Kaya Sultan Havva Ananın məzarı üzərinə yeddi günbəz inşa edilməsi üçün malından əlli kisə ayırmış, buradakı təmiz suyu Hiddə və Ciddəyə axıtmağa göstəriş vermişdi. Lakin erkən yaşlarında vəfat edincə, bu arzusunu yerinə yetirə bilməmişdi.
Bəziləri "Həzrəti Adəm burada mədfundur” dedikləri halda, bəziləri də "Hindistanda Sərəndibdədir” deyirlər. Lakin bunlar zəif ehtimallardır. Adəm Sərəndibə düşdüyündə, göz yaşlarından zəncəfil, qara bibər və qərənfil ortaya çıxardı. Daha sonra qaranquşun vasitəsilə Adəm və Həvva Ərəfat dağında bir araya gəldikləri, orada görüşdükləri üçün ona "Ərəfə dağı” deyirlər. Həzrəti Həvva Ciddəyə enmişdi” (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliya Çelebi Seyehatnâmesi, (Haz. Yücel Dağlı, Seyit Ali Kahraman, Robert Dankoff), 2005, 9. Cilt, s 397, YK Yay, İstanbul).
Övlia Çələbinin yazdığına görə, Adəm və Həvva Məkkə dərəsində uzun zaman yaşadılar. Uca Tanrı onları təvaf ziyarəti üçün Cənnətdən abad vəziyyətə gətirdiyi dünyaya endirdi. Hər zaman ona ibadət edərdilər. Daha sonra Məkkə daşlıq bir yer olduğundan, Tanrı ziraət etmələri üçün Həzrəti Adəmi Şam yaxınlarındakı Harran düzünə göndərdi. Orada ziraət edib keçinirdilər. Hər il abad etdiyi diyara gəlib təvaf edərək Ərəfata çıxardılar (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliya Çelebi Seyehatnâmesi, (Haz. Yücel Dağlı, Seyit Ali Kahraman, Robert Dankoff), 2005, 9. Cilt, s 397, YK Yay, İstanbul).
Övliya Çələbi tarixçi və təfsirçi İshaqın fikirlərinə istinad edərək qeyd edir ki, Həzrəti Adəmin Ərəfat dağında mərhum olduğunu və matbah-ı Adem olan mahalda dəfn edildiyini, Sərəndibə girmədiyini yazmışdır. Yenə də Evliya Çələbinin "Səyahətnamə” əsərindən oxuyuruq ki, Həzrəti Həvva Adəmdən sonra uzun bir zaman yaşadı. Deyirlər ki, Ciddə yaxınlığında Habil, Qabil və Şit Peyğəmbər Həzrəti Həvva ananı dəfn etdilər. Bir rəvayətə görə, Həzrəti Nuh Tufandan bir ilə qədər sonra Həzrəti Adəmin cəsədini Ərəfat dağından, Həzrəti Həvvanın cəsədini Ciddədən çıxararaq Qüdsdə dəfn etmişdir”. Böyük tarixçilərin yazdıqlarına görə, Həzrəti Adəmin övladları iki-iki doğulardı. Toplam qırx min övlad idi. Adətə görə, bir qız və bir oğlan doğardı. O qızı daha əvvəl doğulan oğlana verirdi. Bir dava səbəbi ilə Qabil Habili öldürdü. Dünyada ilk insanın qanını axıdan və öldürərək üsyan edən Qabildir. Qabil Tanrının əmrinə itaət etmədi. Lakin bu hadisələrin üzərindən yeddi min otuz il keçmişdir. Allah əfv etsin Amin” (Evliya Çelebi. Günümüz Türkçesiyle Evliya Çelebi Seyehatnâmesi, (Haz. Yücel Dağlı, Seyit Ali Kahraman, Robert Dankoff), 2005, 9. Cilt, s 397, YK Yay, İstanbul).
Həzrət Adəmin "Türk sifətində” yaradıldığı məsələsini aydınlaşdırmaq üçün əhəmiyyətli mənbələrdən biri də dünya rəssam və heykəltəraşlarına məxsus əsərlərdir. Əlimizdə Həzrəti Adəm dönəmində çəkilmiş bir rəsm yoxdur. O halda, digər qaynaqlarda və insan beynində formalaşan Həzrəti Adəmin tipini araşdırmaq lazım gəlir. Heç şübhəsiz ki, bu xüsusda yazılı qaynaqlardan çox, Həzrəti Adəm rəsmlərini araşdırmaq əhəmiyyətlidir.
Həzrəti Adəmin rəsmləri arasında ən məşhuru XVI əsr məşhur italyan heykəltəraşı, Mikelancelo Buonarroti tərəfindən hazırlanmış və Vatikandakı Sikst kapellasıtavanını süsləyən "Adəmin yaradılışı (Creazione di Adamo)” adlı rəsmdir.
Bu rəsmdə Adəm peyğəmbər qarışıq bir Orta Şərq insanına xas tipdədir. Lakin sağ yanağındakı almacıq sümüklərin çıxması, burun və göz tipi türkləri xatırlatmaqdadır.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşayan görkəmli ingilis şairi və rəssamı Uilyam Bleyk (1757-1827) tərəfindən çəkilən və Londonda Tate Britain muzeyinin eksponatları arasında yer alan "Tanrı Adəmi yaratdı” adlı rəsmində də Həzrəti Adəmin alnı və gözləri tatarlara bənzəməkdədir.
Çikaqo Sənət İnstitutu muzeyi kolleksiyasında olan rəsmində tanınmış alman rəssamı Lukas Kranax (böyük) (1472–1553) Həzrəti Adəmi bir Avropalı tipində, sarışına çalan qızıl saçlı kimi çəkmiş, lakin gözlərə verdiyi qıyıq forma ilə sanki tatar tipinə meyl etdirmişdir.
İslam qaynaqlarının ən dəyərliləri arasında yer alan İbn Behtişiyə aid və 1297-1299-cu ildə İlhanilər hakimiyyəti zamanı Marağada azərbaycanlı ustalar tərəfindən yenidən yazılmış "Manafi el-Hayvan” (Nyu-York, Morgan kitabxanası) əsərindəki Adəm və Həvva miniatürünə görə isə Həzrəti Adəm tamamilə türk (tatar) tipindəndir.
Həzrəti Adəmi və uşaqlarını türk tipində göstərən çox dəyərli bir əsər də mövcuddur. XVI əsrin zəngin rəsmli əlyazmaları arasında 1583-cü ildə Sultan III Murada təqdim edilmiş sözügedən əsər, İstanbuldakı "Türk və İslam əsərləri muzeyi”ndə sərgilənir. 1573-cü ildə yazılan Zubdat əl-Tavarix adlı əlyazmada da Həzrəti Adəm və Həzrəti Həvva əkiz uşaqları ilə birlikdə türk (tatar) tipində rəsm edilmişdir. Bu əsərin Dublində "Chester Beatty” kitabxanasında da örnəkləri vardır.
Topqapı Sarayı Muzeyi eksponatları arasında yer alan və XVI əsrin ikinci yarısında çəkildiyi düşünülən "Falnamə” adlı əsərdə də Həzrəti Adəmin gözləri qıyıq şəkildə təsvir olunmuşdur. Azərbaycan Səfəvilər dövləti dönəmində - XVI əsrdə yazılan, Cafər əl-Sadıq tərəfindən Təbriz və ya Qəzvində çəkildiyi hesab olunan kitabda yer alan miniatürdə də Həzrət Adəm açıq bir şəkildə tatar (türk) tipindədir.
"Quran”dakı ayədə deyildiyi kimi, mələkləri Həztəri Adəmin önündə səcdə edərkən rəsm edən miniatür son dərəcə dəyərlidir. Qeyd olunduğu kimi, müasir dövrümüzdə Topqapı sarayında sərgilənən və X əsrə aid olan bu əsər, 1416-cı ildə Osmanlı türkcəsinə tərcümə edildiyi düşünülən "Təbəri tarixi” içində yer almaqdadır. Bu miniatürdə Həzrəti Adəm tamamilə türk tipində çəkilmiş, eyni zamanda, türk qiyafətlərində təsvir olunmuşdur.
Alman rəssamı və qrafiki Albrext Dürer tərəfindən 1507-ci ildə çəkilən rəsm və alman həkim və tarixçisi Hartman Sçedelin "Nürnberq xronika”sındakı rəsmləri başda olmaqla bir çox qərbli rəssam Həzrəti Adəmi tam bir qərbli, yəni alman, ingilis və fransız tipində təqdim etmişdir.
Digər tərəfdən, Qərb dünyasında Adəmin üzü tatarlara (türklərə) bənzədildiyi üçün üzünə zərər verilən bir çox freskalar da vardır.
Həzrəti Adəmin fiziki özəllikləri, Tanrının hansı insan tipini yaradılışda ilk sıraya yerləşdirdiyini qavramaq baxımından önəmli və dəyərlidir. Bütün bunlardan belə bir nəticə çıxarırıq ki, həm İslam dünyasında, həm də Qərb qaynaqlarında Həzrəti Adəmi türk (tatar) tipində göstərən miniatürlər mövcuddur. Son dərəcə qədim tarixlərdə hazırlanmış bu miniatürlər Həzrəti Adəmin türk tipində olduğuna dair önəmli dəlillər təqdim etməkdədir.
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Bəsirə Əzizəli
banner

Oxşar Xəbərlər