• cümə axşamı, 28 mart, 19:44
  • Baku Bakı 13°C

Heyvanları uşaqlara sevdirən məkan - Fotolar

30.06.17 10:30 11274
Heyvanları uşaqlara sevdirən məkan - Fotolar
Hələ lap kiçik yaşlardan uşaqlara aşılanmalı olan keyfiyyətlərdən biri də heyvanlara sevgidir. Bu sevgini şəkilə baxmaqla yox, canlı ünsiyyətə şərait yaratmaqla daha yaxşı təmin etmək olar. Bu cəhətdən şəhərdə yaşayan uşaqlar kənddəkilər qədər şanslı hesab olunmaya bilər.

Düzdür, şəhərdə də heyvanları canlı görmək üçün zoopark və digər məkanlarda şərait var. Amma onların çoxunda uşaqların heyvanlarla canlı ünsiyyət qurmasına imkan yaradılmır. Hətta imkan olsa belə, gigiyenik təmizliklərinə əmin olmadıqları üçün valideynlər uşaqlarının heyvanlara uzaqdan baxmaları ilə kifayətlənirlər. Lakin uşaqların heyvanlara daha yaxın olacağı, yalnız baxmaqla kifayətlənməyəcəyi, hətta onlara toxuna biləcəyi, yedizdirmək imkanı əldə edə biləcəyi yer də var. Söhbət "Bala Zoo” adlı mini zooparkdan gedir. Haqqında məlumat alar-almaz biz də bu məkana baş çəkdik.

"Gələnlər bir də gəlirlər”

Hələ içəri daxil olmamış qapıda bilinir ki, uşaqlar üçün maraqlı bir yerlə qarşılaşacağıq. Və içəri daxil oluruq. Düzünü deyim ki, ilk olaraq məkan mənə bir az balaca kimi də gəldi. Lakin içəri daxil olub heyvanlarla ünsiyyət qurduqdan sonra nə qədər böyük bir gözəllik, sevgi dolu məkan olduğunu gördüm. Girişdə bizi qeydiyyat bölməsində Günay Sultanova qarşılayır. Çay təklif edir və ayaqüstü qısa söhbət də edirik. Günay xanım mərkəz açılandan burada çalışdığını, valideynlərlə daha çox ünsiyyətdə olan işçi olduğunu dedi. Bildirdi ki, valideynlər sırf gigiyena qaydalarının təmin olunduğu üçün buranı seçirlər: "Gələrkən ilk sualları heyvanların vaxtında peyvənd olunmaları, təmizliklə bağlı olur. Gələnlər bir də gəlirlər. Uşaqları burdan çox çətinliklə aparırlar. Getmək istəmirlər, ağlayırlar”.

G.Sultanova qeyd etdi ki, məkan balacalar üçün nəzərdə tutulsa da, böyüklər də bura ən azı uşaqlar qədər gəlirlər.

"Xalanı çox istəyirəm, çünki bizi bura gətirir”

Heyvanlarla təmasda olan uşaqların necə sevindiyini sözlə izah etmək mümkün deyil. Amma təəssüratlarını bizimlə bölüşdülər. 6 yaşlı Zərha və 4 yaşlı Səmranı xalası tez-tez bura gətirir. Xalası Vüsalə Musayeva deyir ki, Bakıda uşaqların heyvanlarla sıx təmasda ola biləcəkləri yeganə yer buradır: "Uşaqların çox xoşuna gəlir, ona görə mən də tez-tez bura gətirirəm. Uşaqlar burada heyvanlarla sıx təmasda olurlar. Həm də əminəm ki, gigiyenik qaydalara riayət edilir. Kənardan baxanda da bunu görmək olur. Uşaqlar küçədə ancaq pişik görürlər, o da gigiyenik cəhətdən qorxduğumuz üçün yaxına buraxmırıq”.

Zəhra dovşanları yemləyə-yemləyə bizimlə söhbət də etdi. Dedi ki, bütün heyvanları sevir: "Bütün heyvanlardan xoşum gəlir. Bircə öküzdən qorxuram. Dovşan, keçi, dağsiçanını sevirəm. Amma yekə dovşanlar daha yaxşıdır. Biz gəlmək istəyirik deyə, xalam da tez-tez gətirir”.

Səmra isə onu dişləməyən heyvanları sevdiyini bildirdi: "Keçi, dovşan xoşuma gəlir. Ancaq əlimi dişləyənlərdən qorxuram. Toyuq əlimi dişləyir deyə ondan qorxuram. Xalanı çox istəyirəm, çünki bizi bura gətirir. "Bala Zoo” da qəşəngdir”.

Heyvanlarla uşaqların təması deyiriksə...

Daha sonra mərkəzin direktoru Züleyxa Məmmədova ilə söhbətləşdik. O bildirdi ki, məkanın istifadəyə verildiyi müddət 4 ay olsa da, üzərində bir ildən çox işlənilib, araşdırmalar aparılıb: "Mart ayında istifadəyə verildi, amma bu ideyanın üzərində bir ildən çox işləmişik, hər bir detalı götür-qoy etmişik, xarici ölkələrin təcrübəsini öyrənmişik. Heyvanlarla uşaqların təması deyiriksə, gigiyenanı yüksək səviyyədə təmin etməliydik ki, bunu öyrəndik. Adətən, biznes quranda pulu fikirləşirlər, amma bizim üçün mənəvi tərəfi daha önəmlidir. Uşaqların heyvanlarla davranmağı öyrənmələrini görmək bizə zövq verir”.

Z.Məmmədovanın sözlərinə görə, uşaq uzaqdan görməklə heyvanlara olan fobiyasını aradan qaldıra bilməz. Ona görə canlı ünsiyyətdə olmaları vacibdir: "Düzdür, bizim mərkəz böyük deyil. Amma məqsədimiz uşaqların ünsiyyət qura, toxuna biləcəyi və onlara zərər verməyəcək heyvanlarla əlaqədə olmalarına şərait yaratmaqdır. 4 aylıq təcrübəmiz onu göstərir ki, bir çox hallarda uşaqlar heyvanlarla davranmaq haqqında məlumatsız olurlar. Çünki canlı ünsiyyətdə olmurlar. Keçən dəfə 6 yaşlı uşaq gətirmişdilər, birinci dəfə keçi gördüyündü dedi. Heyvanlarla çox təmasda olmadıqları üçün onların çoxunda ilk dəfə gələndə qorxu olur”.

"Bir heyvanı bura gətirmək üçün nə qədər danışıqlar aparırıq”

Mərkəzdə uşaqlar keçi, dovşan, tutuquşu, dağsiçanı, dəniz donuzcuğu, tısbağa, cücə, balıq, çin toyuğu, yenotlarla təmasda ola bilərlər. Başqa heyvanların da gətirilməsi gözlənilir. Lakin Züleyxa xanım deyir ki, hansısa heyvanı bura gətirib uşaqlarla təmasda olmasına şərait yaratmaq elə də asan proses deyil: "Bir heyvanı bura gətirmək üçün nə qədər danışıqlar aparırıq. Elə seçim etməliyik ki, heç bir problem olmasın. Məsələn, yenot yırtıcı heyvan sayılır. Onu küçədən hardansa tutub gətirmək olmaz. Çünki genetikası çöl həyatına daha uyğundur, insanlara qarşı aqressiv olur. Biz elə yerdən götürürük ki, onun artıq nəsli uzun müddətdir ki, hansısa mərkəzdə böyüyüb və insanlara qarşı heç bir aqressiv davranışı ola bilməz. Nəzərə alınmalı nüanslar çoxdur və biz onların üzərində ciddi şəkildə araşdırma apardıqdan sonra bura gətiririk”.

Mərkəz hər gün səhər saat 11:00-dən 20:00-dək açıq olur. 14:00-15:00 arası fasilə olur, heyvanlar istirahət edir. Bazar ertəsi günləri isə işləmirlər. Çünki bu gün mərkəzdə dezinfeksiya işləri aparılır: "Biz uşaqlarla işləyirik, buna görə gigiyenaya xüsusi diqqət edirik. Adi ev heyvanlarının da gigiyenik təmizliyi olmasa, uşağa xəstəlik ötürə bilər. Bizdəki heyvanlar təmizdirlər, peyvəndləniblər, mərkəzdə olan heç bir heyvanla bağlı problem ola bilməz. Lazım olan bütün işlər görülür, ayda ildə bir dəfə yox, vaxtında hər bir işi görürük”.

"Heyvanların əziyyət çəkməsinə yol vermirik”

Gün ərzində nəzərə alınmalı bir məqam isə heyvanların təhlükəsizliyinin təmin olunmasıdır. Züleyxa xanımın sözlərinə görə, bunu da qoruyurlar: "Heyvanlarımızın yaşadığı mühit, onların incidilməməsi də bizim üçün önəmlidir. Düzdür, uşaqlar sevdikləri üçün heyvanları bəzən sıxırlar, amma biz buna icazə verə bilmərik. Çünki heyvanların əziyyət çəkməsinə göz yummaq olmaz. Belə şərtlər altında pul qazanmaq istəmirik. Burada öz qaydalarımız var. Kənardan yemək gətirmələrinə icazə vermirik. Çünki bilmirik ki, o necədir. Biz burda yuyub təmizləyib doğrayırıq, heyvanlar üçün uyğun şəklə salırıq. Kiçik heyvanlarla uşaqların tək ünsiyyətinə icazə vermirik. Çünki uşaqlar çox vaxt birinci dəfə görürlər və onlarla necə dvaranmalı olduqlarını bilmirlər”.

Mərkəzdə balaca bir hissə də uşaqların sərbəst istirahəti üçün ayrılıb. Burada uşaqlar rəsm çəkə, kiçik heyvanlarla təmasda ola bilərlər. Bildirildi ki, burada uşaqların çəkdikləri rəsmləri sonra divardan asırlar. Yaxud uşaqlar arasında müsabiqələr keçirirlər, qalib gələnlərə mərkəzə 3 dəfə giriş bileti, yaxud heyvanları pulsuz yemləmək şansı verilir. Yaxud fotoqraf onların şəklini pulsuz çəkir.

Qiymətə gəldikdə isə bir uşaq üçün giriş haqqı 6 manatdır. Valideyn uşağın yanında pulsuz keçə bilər. İki və daha çox uşaq olanda qiymət 5 manat olur, hər uşağın yanında bir valideyn pulsuz keçə bilər. Qrup şəklində gələndə isə giriş qiyməti 4 manatdan hesablanır. Müəllimlər, təşkilatçılar pulsuz giriş imkanı əldə edirlər.

Qeyd edək ki, "Bala Zoo” Yasalam rayonu Əhməd Cəmil küçəsi 51 ünvanında yerləşir. Əlaqə nömrəsi: 050890 58 58


Aygün Asimqızı

banner

Oxşar Xəbərlər