AZE | RUS | ENG |

Heyvanlara işgəncə verən “böyük uşaqlar”

Heyvanlara işgəncə verən “böyük uşaqlar”
Verdikləri işgəncəyə görə 500 manatadək cərimələnəcəklər


Çoxlarımız kiçik yaşlarımızda itin quyruğunu, qulağını kəsən, yeni doğulan pişik balalarını yandıran, qarışqaların yuvasını dağıdaraq bundan zövq alan uşaqlarla qarşılaşmışıq. Müasir dövrdə isə heyvanlara verilən zülm daha da modernləşdirib. Xüsusən yeni il bayramında uşaqlar və yeniyetmələr pişiklərin ağızlarına “zırpaket” qoyub partladır, bundan fərəhlənirlər. Ən pisi isə “böyük uşaqlar”ın xoruz, it döyüşdürməsi, bundan zövq almaqla yanaşı, həm də pul qazanmasıdır. Ancaq bundan sonra böyüklər artıq heyvanlara qəddarcasına yanaşa bilməyəcəklər. Daha doğrusu, qanunla kəsilə biləcək cərimələrin çoxluğu onları buna vadar edəcək. 20 manatdan 500 manata qalxan cərimə Belə ki, ötən həftə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olmasına görə cərimələr 500 manatadək artırılır. Hazırda bu cərimələr 20-45 manat miqdarındadır. Dəyişiklikdə həm də nəzərdə tutulub ki, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə 200 manat miqdarında cərimə nəzərdə tutur. Hazırda bu, 5-20 manatdır. cərimələr həmçinin ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması, dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq. Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər. Heyvanlarla mübarizə aparmaq, ya qayğı göstərmək? Canlı Aləmin Mühafizəsi Alyansının (CAMA) rəhbəri Mənsurə Rəsulzadə bizimlə söhbətində bildirdi ki, cərimələr artırılmamışdan əvvəl sahibsiz heyvanların küçələrdən yığışdırılması ilə hazırda olduğu kimi Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi deyil, Dövlət Baytarlıq Xidməti məşğul olmalıdır: “Təəssüflər olsun ki, sahibsiz heyvanlarla mübarizə dedikdə, ilk növbədə onların məhv edilmələrini düşünürük və elə sözügedən idarədə də heyvanlarla mübarizə onların öldürülməsi kimi başa düşülür. Ümumiyyətlə, “heyvanlarla mübarizə” ifadəsi düzgün deyil. Heyvanlar yaşayış yerlərinin bioloji müxtəlifliyidir, balansdır. Əgər xəstədirsə, müalicə et, çoxalırsa, dünyada istifadə edilən qısırlama metodlarını tətbiq et. İkincisi də, heyvanlarla əlaqədar işlər icra hakimiyyətlərinə deyil, Baytarlıq İdarəsinə həvalə edilməlidir”. “Heyvandır da...” M.Rəsulzadənin fikrincə, cərimələr nə qədər artırılsa da, insanların təfəkkürlərində dəyişiklik olmayınca, sözügedən problemin həlli mümkün deyil: “Insanların heyvanlarla qəddarcasına davranmasının özəyi onların maarifləndirilməməsində, mərhəmətsiz uşaqların böyüdülməsindədir. İnsanlarda acımaq, mərhəmət, başqalarına kömək hissi ailədə, məktəbdə formalaşdırılmalıdır. Ailələrdə, məktəbdə heyvanlara qayğıdan danışılmadığı üçün almadığı, cəmiyyətdə buna prioritet kimi yanaşılmadığı üçün Azərbaycanda əhalinin 80 faizində heyvanlara mərhəmət hissi yoxdur. Hamı bu məsələdən söhbət düşəndə “heyvandır da” deyib yan keçir”. Kənd yerlərində heyvanlarla qəddarcasına rəftarın daha çox olduğunu deyən müsahibimiz bunu kəndlərdə heyvanlara gəlir mənbəyi kimi baxılması ilə əlaqələndirdi: “Ya o heyvanın yumurtası, yunu, əti olmalıdır, ya onu minməlidirlər ki, onu saxlasınlar, ya da zəncirləməlidirlər ki, onu qorusun. İstəsələr, heyvan olduğu üçün heyvana su verməyə də bilərlər”. Orta məktəblərdə maarifləndirmə aparılmalıdır Alyans rəhbərinin sözlərinə görə, problemdən tək çıxış yolu orta məktəblərdə maarifləndirmə işlərinin aparılmasıdır: “Orta məktəblərdə şagirdlər arasında xüsusi treyninqlər aparılmalıdır, “təbiət”, “zoologiya” dərslərində heyvanlara qayğıdan söz açılmalıdır. Həm də bu dərsi elə keçmək lazımdır ki, uşaqlara təsir etsin, onların ağıllarına batsın, anlasınlar ki, heyvan da bir canlıdır və ona əzab vermək nə insani, nə də dini baxımından düzgün deyil”. M.Rəsulzadə mediada heyvanlara qarşı mərhəmət yox, fobiya yaradılmasından da narazılığını bildirdi. O, Bakıda heyvanları gəzdirmək və öləndən sonra basdırmaq, yaxud yandırmaq üçün yerlərin olmadığından da şikayətləndi. Cəmiyyətimizin heyvanlara münasibətdə sivilləşmədiyini deyən alyans rəhbəri buna görə insanların yanında heyvanların müdafiəsindən danışanda çox vaxt sərt təpki ilə qarşılandığında edir. M.Rəsulzadə düşünür ki, bu məsələni cərimə ilə tənzilmələmk mümkün deyil: “Qanunda mütləq 1 illik də olsa, həbs-qətimkan tədbirləri nəzərdə tutulmalıdır. Bu zaman qəbul edilən qanun effektiv olacaq». İşgəncədən zövq alanların psixoloji problemi Psixoloq Hüseyn Xəlilov da bizimlə söhbətində heyvanlara işgəncə verən uşaqlardan və böyüklərdən danışdı: “Ailəsində ciddi zorakılıq görən uşaqların şüurunun altında zorakılıq hissləri dayanmış olur. Ailəsində davamlı surətdə təhqir, dava-dalaş görən uşaqların mənəvi dünyasına bu, mənfi təsir göstərdiyi kimi onların hərəkətlərinə, dünya görüşünə də pis təsir göstərir. Onlar həyatda bəzi şeylərdən zövq almaq kimi xüsusilə valideynlərin bir-birlərinə və övladlarına verdiyi əziyyətin heyfini heyvanlardan çıxmaq istəyirlər. Uşaqlar bəzən qarışqaların yuvasını yandırır, sıra ilə gedən qarışqaları ayaqları ilə tapdalayıb öldürür və bundan xüsusi zövq alırlar. Yaxud yenicə anadan olmuş pişiyin balasını daşla vurub əzir, zibil vedrəsinə atırlar. Təbii ki, bunu bütün uşaqlar etmir”. Xoruz, it döyüşdürən “böyük uşaqlar”a gəlincə, psixoloq bildirdi ki, bu cür insanlar da uşaqlıqdan gələn, şüurunun altında yığılıb qalan bir sürü mənfi informasiyaların təsiri altında heyvanları döyüşdürməklə bundan zövq alırlar: “Bu cür insanlarda sadizmin xüsusiyyətləri var. Belə insanlar xoşlayırlar ki, digərlərinə əziyyət, işgəncə versin və bundan zövq alsınlar. Bu cür insanlar mənəvi, əxlaqi cəhətdən boş olan insanlardır. Belə insanlar mənəvi boşluqlarını doldursalar zövqləri də dəyişər”. Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311