• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

06.05.16 17:42 998
Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulub.
Bununla əlaqədar mayın 6-da dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
AQUPDK-da davam edən tədbirdə müsabiqənin nəticələri barədə məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqə ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq məqsədilə keçirilib.
Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin rəhbərlik etdiyi qurum tərəfindən hər il keçirildiyini deyib, bu nəcib işdə əməyi keçən hər kəsə, xüsusilə münsiflər heyətinə minnətdarlığını bildirib.
Milli Televiziya və Radio Şurası sədrinin müavini, "Kaspi” Təhsil Mərkəzinin və "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında Ulu Öndərin Azərbaycanda qadın hərəkatının inkişafına, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolunun artırılması, onların ictimai-siyasi proseslərdə daha yaxından iştirakının, gender bərabərliyinin təmin olunması, dövlət idarəçiliyində və seçkili orqanlarda təmsilçiliyinin artması ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın sıyasətinin bariz nümunəsidir.
Münsiflər heyəti adından çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş redaktoru Yaşar Quluzadə ulu öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi dövlət siyasətindən, bu sahədə qazanılan uğurlardan danışıb. O, müsabiqəyə təqdim olunmuş yazıların obyektivlik prinsipi əsasında seçildiyini qeyd edib, dövlət qadın siyasətini, bu sahədə qazanılan uğurları və problemləri işıqlandıran gənc jurnalistlərə yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ulu Öndərin zəngin siyasi irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb, bu baxımdan belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Ombudsman qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonda qaliblər mükafatlandırılıblar. Müsabiqənin nəticələrinə əsasən, "Səs” qəzetinin informasiya şöbəsinin müdiri Rəfiqə Kamalqızı birinci yerə layiq görülüb. "Kaspi” qəzetinin əməkdaşı Şəbnəm Mehdizadə ikinci, "Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov isə üçüncü yerə sahib olublar.
banner

Oxşar Xəbərlər