• cümə, 29 Mart, 18:22
  • Baku Bakı 14°C

Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısı

12.06.19 13:45 521
Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısı
Xalqımız ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, 15 İyun – Milli Qurtuluş Gününü növbəti dəfə məhz onun azadlıq ideallarının işığında, müstəqil dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə qeyd edir.
Bu fikriAZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli deyib.
O qeyd edib ki, Ulu Öndərin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanıb, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Bu mənada Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dövlətçilik tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Onun siyasətçi ömrünün unikal xüsusiyyəti bundan ibarətdir ki, dünya tarixində ən ziddiyyətli yüzillik olan XX əsrdə hələ ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində ikən, onu durğunluqdan və böhrandan qurtararaq, müstəqil Azərbaycan dövlətinin yaranması üçün mühüm amil kəsb edən sosial-iqtisadi potensialı formalaşdırdı. 1970-1985-ci illər respublikamızda baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın milli mənlik şüurunun, maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub.
Elman Cəfərli deyib: 1993-cü ildə Azərbaycanı yenidən böhrandan və vətəndaş müharibəsindən xilas edən Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının qurucusu zirvəsinə yüksəldi. Onun siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, demokratik, hüquqi norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin öncül istiqamətləri müəyyənləşdirildi, uğurlu xarici siyasət konsepsiyası işlənib hazırlandı, dayanıqlı daxili sabitlik bərqərar oldu, müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi milli və ümumbəşəri dəyərlərin sintezindən ibarət Azərbaycançılıq ideologiyasının əsası qoyuldu.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsinin bu sadalanan cəhətləri ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında mühüm əsasları təşkil edib. Tamamilə qanunauyğundur ki, artıq Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində son 16 ildə də Azərbaycan Prezident İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir. Bu illər ərzində ölkəmizdə ümumi daxili məhsulun 3,2 dəfədən çox artması, strateji valyuta ehtiyatlarının təkcə bu ilin ötən ayları ərzində 2,6 milyard dollar artaraq 47,5 milyard dollara çatması, ölkəmizdə sahibkarlıq subyektlərinin 4 dəfədən çox artması, on minlərlə kilometr qaz, içməli su xəttinin, avtomobil yollarının çəkilməsi, 30 elektrik stansiyasının tikilməsi, 2 milyondan artıq yeni iş yerinin yaradılması və sair bu kimi sosial-iqtisadi tədbirlər Azərbaycanın dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasında 35-ci yerdə olmasını şərtləndirib. Ölkəmiz elmə, mədəniyyətə, təhsilə və idmana böyük diqqət yetirən dövlət kimi şöhrət qazanıb, Azərbaycan idman, turizm və multikultural dəyərlər ölkəsi kimi özünü dünya miqyasında təsdiqləyib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq neft-qaz layihələri, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin dünya enerji təhlükəsizliyində və beynəlxalq nəqliyyat sistemində nüfuzlu aktor kimi əhəmiyyətini şərtləndirib. Həmçinin Azərbaycan kosmik dövlətə çevrilib.
Ötən illər ərzində ölkəmizin müdafiə qüdrətinin xeyli gücləndiyini qeyd edən Elman Cəfərli bildirib ki, müdafiə sahəsi üzrə ayrılan vəsait 4 dəfədən çox artıb, ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilib, hərbi infrastrukturun 80 faizindən çoxu yenidən qurulub. 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısı böyük mərdliklə alınıb, 2 min hektar və Cəbrayıl rayonunun Cocuq Mərcanlı, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və 11 min hektar ərazimiz işğaldan azad edilib, ordumuzda və xalqımızda yüksək döyüş ruhu yaranıb. Azərbaycan 2005-ci ildən müdafiə sənayesi olan dövlətə çevrilib. Hazırda ölkəmiz 1000-dən çox adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
"Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında fəal iştirakı, 2019-cu ilin oktyabrında XVIII Zirvə Görüşünün Bakıda keçirilməsinin planlaşdırılması və növbəti üç ildə Azərbaycanın bu nəhəng beynəlxalq təşkilata rəhbərlik etməsi perspektivi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu, yerini və rolunu təmin edir”, - deyən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, bütün bu sadalananlar ölkəmizin Milli Qurtuluş Günündən ötən 26 il ərzindəki uğurlarının yalnız bir hissəsidir. Lakin təkcə bunlar kifayət edir ki, Milli Qurtuluş Günündən başlayan zəfər tarixinin möhtəşəmliyi göz önündə canlansın, məhz həmin tarixi günün ölkəmizin müstəqilliyinin əbədiliyinin təmin edilməsində dönüş nöqtəsi olduğuna şübhə qalmasın. Bu baxımdan qətiyyətlə demək olar ki, Ümummilli Liderimizin adı və siyasi fəaliyyəti ilə bağlı olan Milli Qurtuluş Günü Heydər Əliyevin xalqımız üçün əbədi açdığı müstəqillik və azadlıq qapısıdır.
banner

Oxşar Xəbərlər