• cümə axşamı, 25 aprel, 20:33
  • Baku Bakı 21°C

«Heydər Əliyevin Moskvaya gəlişini yataqxanada böyük təmtəraqla qeyd etdik»

29.01.15 07:49 2146
«Heydər Əliyevin Moskvaya gəlişini yataqxanada böyük təmtəraqla qeyd etdik»
Jurnalist, yazıçı, publisist və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib. Sonra Azərbaycana qayıdıb. Maraqlıdır ki, ümumittifaq miqyasında ən nüfuzlu təhsil ocağının məzunu adını qazanmış Əliş müəllim Vətəndə qərarlaşa bilməyib. İndi bunun özündən asılı olmayan səbəbləri barədə danışmaq istəmədiyini deyir. Ancaq Əliş müəllim bir çox məsələlərdən söz açır. Məlum olur ki, hazırda Moskvada Dövlət Tarix Muzeyində çalışan həmyerlimiz Rusiyada azərbaycanlıların ilk mətbu orqanının yaradıcılarındandır. Həmçinin Rusiyada latın qrafikalı Azərbaycan əlifbası ilə ilk qəzet məhz onun jurnalistlik fəaliyyətinin məhsuludur.
- Əliş müəllim, Piyadalardan Moskva həyatına doğru uzanan yol tələbəlikdən başlamışdı. Tələbəlik yaşantınızın bu taledəki payından bəhs etmənizi istərdik.

- Təbii ki, bu pay böyükdür. Moskva Dövlət Universiteti kimi nüfuzlu elm ocağında təhsil almaq kəndli övladı üçün çin olmuş yuxu sayılırdı. Mənim kimi onlarla, yüzlərlə gənc həyatının o anıyla fəxr edə bilər. Burada təkcə universitetin nüfuzu əsas deyildi. Bildiyiniz kimi, ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Rusiyanın müxtəlif ali təhsil ocaqlarında təhsil almalarına şərait yaranmışdı. Bu, Ulu Öndərin müdrikliyinin nəticəsiydi. O, Azərbaycanın müstəqilliyini görür və yeni yaranacaq dövlət üçün yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirirdi. Təsadüfi deyil ki, həmin dövrdə təhsil alanların əksəriyyəti indi məsul vəzifələrdə çalışırlar. Biz də o vaxt özümüzü Heydər Əliyevin əsgərləri hesab edirdik və fəxarət duyurduq.
Beləcə 1982-ci ildə Moskva Dövlət Universitetində təhsilimi davam etdirmək şansı əldə etdim. İş elə gətirdi ki, Moskvada təhsil almağa yollanmağımızla Ulu Öndərin mühüm dövlət vəzifəsinə təyinatı eyni vaxta düşdü. Yadımdadır ki, Heydər Əliyevin Moskvaya gəlişini yataqxanada böyük təmtəraqla qeyd etdik. Bir azərbaycanlının SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsilçiliyi qürurvericiydi. Həm mövcud miqyası, həm də Heydər Əliyevin məsafə baxımdan yaxınlığını düşünürdük. Elə hesab edirdik ki, Moskvada böyük dayağımız var. Digər millətlərin təmsilçiləri bizə qibtə ilə yanaşırdılar. Hətta universitetdəki müəllimlər Heydər Əliyevin adı gələndə ehtiramlarını bildirirdilər. Təbii, paxıllıq edənlər, gözü götürməyənlər də yox deyildi.
Jurnalist olmaq barədə qərar verəndə Azərbaycanda bu peşənin daşıyıcısı kimi fəaliyyət göstərməyi düşünürdüm. Moskvada qalmağı ağlımdan keçirmirdim. Təhsilimi başa vurduqdan sonra Vətənə qayıtdım. Bir çox hadisələr yaşandı. Onlardan danışmaq istəmirəm, bəxt və tale deyək. Yenidən Moskvaya üz tutdum.
- Demək, həm də aktiv jurnalistikaya qədəm qoymaq üçün…

- Jurnalistika fakultəsinin məzunu idim və təbii, başqa nəyisə düşünə bilməzdim. Tələbəlik illərində müəyyən təcrübə bazası da formalaşdıra bilmişdim. Müxtəlif mətbu orqanlarla əməkdaşlıq edirdim, yazılarım çıxırdı. Moskvaya qayıtdıqdan sonra fəaliyyətimi intensivləşdirdim. 1987-ci ildən sovet Rusiyasının Sənaye Nazirliyinin nəşriyyatında redaktor və məsul redaktor kimi çalışdım.
O zamanlar ümumittifaq miqyaslı «Neftyannik» jurnalı nəşr olunurdu. ABŞ-da da «Oil» var idi. Bunlar «soyuq müharibə» dövrü rəqabətinin məhsullarıydılar. Ancaq mən orda işə qəbul olunanda SSRİ-nin son akkordları çalınırdı. Təbii, jurnal nüfuzunu qoruyurdu. Beləcə 1991-ci ildən «Neftyannik»də fəaliyyətə başladım.
«Mı Azerbaycan vam ne otdadim»

- Əliş müəllim, belə desək, keçid dövrü jurnalistikasında çalışmısınız. Özü də kifayət qədər böyük keçid sayıla bilən bir mərhələ idi. Hazır idinizmi? Ümumən jurnalistlər dəyişikliyə hazır idilərmi? Mənzərə Moskvadan necə görünürdü?

- Jurnalistika ictimai fikir daşıyıcısı olan institut kimi avanqard rol oynadı. Moskvada fəaliyyət göstərməyimizə baxmayaraq, bizlər də bu missiyanın daşıyıcılarına çevrildik. Hər fürsətdə Azərbaycan həqiqətlərini, Qarabağda yaşananları ruslara çatdırırdıq. Beləcə jurnalistika bir növ, ideoloji vasitə kimi diqqət çəkdi. İlk ciddi sınağımız 20 Yanvar hadisələri zamanı oldu. Həmin vaxt Rusiyada Azərbaycan mətbuatının yaranmasına ehtiyac duyuldu. Biz faciənin miqyasını əks etdirən vərəqələr buraxmağa başladıq. Eyni zamanda Moskvada keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin, başqa əlaqədar strukturların binalarının qarşısında piketlər keçirdik. Hətta yadımdadır ki, Müdafiə Nazirliyinin binası önünə toplaşanda bir qadın qarşımızı kəsmişdi. «Mı Azerbaycan vam ne otdadim», - demişdi. Təsəvvür edin, əlimdə plakat tutmuşam, qadın da üzümə bu sözləri deyir. Bir anlığa mübarizəmizin məntiqini düşündüm. 20 Yanvar faciəsi müstəqillik arzumuzun sınağıydı. Qarşımda dayanmış qadın isə müstəqilliyimizə qarşı rus şovvinizminin obrazlı təpkisiydi. Həmin an yadıma Səməd Vurğunun «Azərbaycan» şeri düşdü. Gözlərim doldu…
«Xocalı faciəsində 366-cı alayın iştirakı Rusiya mətbuatında ilk dəfə məhz həmin məqalədə yer aldı»

- Ancaq müstəqilliyimizin sınaqları çox oldu...

- Təəssüf ki, ağrılı-acılı günlərimiz 20 Yanvarla bitmədi. Torpaqlarımız işğal olundu. Xocalı faciəsi kimi dəhşət yaşandı. Faciə məni çox sarsıtdı. Azərbaycana gəldim. Ağdama yollandım. Orada yaralıları, cansız bədənləri gördüm. Həmin vaxt «Neftyannik»də çalışırdım. Vətəndə qalmağa qərar verdim. Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Allahverdi Bağırov dedi ki, tank sürə bilsən, avtomat, pulemyot ata bilsən, başqa məsələ, səninki qələmdir. Baş verənləri işıqlandırmaq üçün Ağdama gəlmiş türkiyəli jurnalistlər də Allahverdi Bağırovun söylədiklərini təkrarladılar.
Beləcə Moskvaya qayıtdım və «Neftyannik»də «Pravda o Karabaxe» adlı silsilə məqalələr dərc etdim. O zaman jurnalda məsul katib işləyirdim və yazdıqlarıma Vətən qarşısındakı borcum kimi baxırdım.
Yazıda Qarabağda münaqişəli durumun tarixinə nəzər salmışdım. «Artsax» sözünün etimalogiyasını açmışdım, türk mənşəli olduğunu vurğulamışdım və s. Xocalı faciəsində 366-cı alayın iştirakı Rusiya mətbuatında ilk dəfə məhz həmin məqalədə yer aldı. Əlbəttə, buna görə başımı ağrıtdılar, bir müddət işdən kənarlaşdırıldım da.
«…azərbaycanlılar bazardan çıxıb qəzet buraxmağa girişiblər»

- Əliş müəllim, müstəqillikdən sonrakı illərdən söz açaq. Məlumdur ki, Rusiyada Azərbaycana, azərbaycanlılara qarşı münasibət birmənalı olmayıb və indi də vəziyyətin tam mənada müsbət olduğunu söyləmək mümkünsüzdür. Siz isə jurnalist kimi fəaliyyət göstərdiniz…

- Düz vurğuladınız ki, azərbaycanlılara qarşı münasibət birmənalı deyil. İnsan bəzən özünü yad hiss edir. Dil ayrı, din ayrı. Müəyyən şeylər qəribə gəlir. Amma bir söz də deyim. Əslində rusların dünyagörüşlü, həyatı başa düşən anlayışlı adamları hər məqamı təhlil etməyi bacarırlar. Öncə sanki insanı öyrənirlər. Sonradan istedadınımı, hansısa digər müsbət keyfiyyətlərinimi görürlər və dəyərləndirməyə başlayırlar. Bəzən də bizim ziyalılarımızın yanında bir növ, kölgədə qaldıqlarını hiss edirlər. Ondan sonra hörmət qoyurlar. Çox çalışmaq lazımdır. Mənə bir neçə dəfə «sən azərbaycanlı deyilsən» deyə müraciət edənlər də olub. Heydər Əliyevin, Müslüm Maqamayevin və digər simalarımızın adlarını çəkmişəm və bildirmişəm ki, onlar çox böyük azərbaycanlılardır. Hər bir xalqın böyük şəxsiyyətləri onun visit kartıdır. Biz onların adlarını doğrultmağı düşünməliyik. Bu adamlar özlərindən sonra bəlli yol qoyub gediblər.
«Neftyannik» jurnalında 1995-ci ilədək çalışdım. Baş redaktorun müavini oldum. 90-cı illərin sonunadək “Rossiyskaya Federasiya” qәzetinin xüsusi müxbiri, İsveçrәnin “Konkvest Bekkbon SA” şirkətinin Rusiya nümayәndәliyindә ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışdım.
2000-ci illərin əvvəlləriydi və azərbaycanlıların sayı milyonu keçmişdi. Onların ziyalı tribunası yaranmalıydı. Moskvada Azərbaycan mətbuatı yaratmaq zərurərətə çevrildi. Bu, eyni zamanda dilimizin, ədəbiyyatımızın, mənəvi dəyərlərimizin qorunması baxımından əhəmiyyətliydi. Beləliklə «Azərbaycanın səsi» adlı ilk qəzeti formalaşdırdıq. Nəşr təxminən 3000-4000 tirajla işıq üzü görürdü. Ancaq fəaliyyəti cəmi altı ay çəkdi. Sonradan Sankt-Peterburqda da eyni adda qəzet işıq üzü gördü. Daha sonra isə «Azərbaycan diasporu» adlı qəzetin nəşrini həyata keçirdik. Hər iki qəzetin fəaliyyətində dövlətimizin, xalqımızın maraqlarını başlıca xətt kimi götürmüşdük.
«Azərbaycan diasporu»nun ilk nömrəsini Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ölkə xaricində yaşayan hər bir azərbaycanlının da Vətəni olmasına dair fikirləri ilə açmışdıq. Novruz bayramı günü işıq üzü görən bu qəzetin fəaliyyətində yaxından iştirak edənlərdən biri idim. İxtisasca jurnalist olduğumdan yaradıcılıq yükünü daha çox daşıdım. Qəzet indi də çıxır.
Müəyyən müddətdən sonra «Asudə vaxt» adlı daha bir qəzeti nəşr etdirdik. Əgər əvvəlki nəşrlər ictimai-siyasi məzmun daşıyırdısa, «Asudə vaxt» daha çox sosial-ictimai yönümlüydü. Rusiya azərbaycanlılarının istirahətini, sosial qayğılarını və sair məsələləri işıqlandırırdıq.
Bəxtiyar Vahabzadənin təbriki

- Qəzet bumunun yarandığını qeyd etdiniz. Bu proses azərbaycanlıların ictimai həyata inteqrasiyası ilə bağlı tələbatı ödəyə bildimi?

- Birmənalı demək olmaz, ancaq zənnimcə, ödədi. Yaxşı yadımdadır ki, «Azərros»da Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə müsahibəm getmişdi. Müsahibə belə adlanırdı: «Xristianstva i musulmanstva: daroqa veduşie k boqu». Yazıda millətlərin, insanların eyniliyi, bəşəri dəyərlərin vahib təbiətə malik olması ön plana çəkilirdi.
Müsahibə böyük maraq doğurdu. Daha sonra Ümumrusiya Patriarxı II Alekseydən müsahibə götürdüm. «Naçionalnıy vapros qlavnaya uliça Rasii» adlı başqa bir material da hazırladım. Bu, azərbaycanlılara qarşı münasibətin heç də ürəkaçan olmadığı bir zaman kəsiyində qələmə alınmışdı və həmin materialda Rusiya Dövlət Dumasının dini məsələlərlə məşğul olan komitəsinin üzvlərinin fikirlərini öyrənmişdim.
Həmin dövrdə Ümumrusiya Azərbaycanlıları Korqresinin «Azerbaycanskiy konqres» qəzeti də buraxılırdı. Onun ilk nömrəsində İslam dini ilə bağlı məqalə yazmışdım. Bütün bu sayaq tədbirlər Rusiya ictimai rəyində özünə yer tapmağa hesablanmışdı. Çalışırdıq ki, daha çox adamı özümüzə, baxışlarımıza inandıraq. Təbii ki, erməni təbliğatı da öz işini görürdü.
Həmin vaxt Azərbaycanın ictimai fikrində önəmli rola malik insanların hər bir sözü və fikri bizim üçün əlavə stimul rolunu oynayırdı. Yaxşı yadımdadır ki, böyük şairimiz mərhum Bəxtiyar Vahabzadə «Azərros»un Azərbaycan bölməsinə təbrik məktubu göndərmişdi. Bəxtiyar müəllim məktubunda qəzetin, ümumən azərbaycanlıların Rusiyadakı aktiv təmsilçiliyinin əhəmiyyətini böyük ustalıqla təhlil etmişdi. Həmin məktubu indinin özündə də saxlayıram.
Təmsilçilik ermənilərdəki kimi yüksək olmasa da…

- İndiki dövrdə Rusiyada azərbaycanlılara qarşı münasibət necədir? Yəni bir ictimai fikir daşıyıcısı kimi qəbul edilmədə nə kimi meyllər var?

- Hazırda azərbaycanlıların Rusiyanın ictimai həyatında zəif təmsil olunduqlarını söyləmək doğru sayılmaz Ancaq onu da etiraf edək ki, bu təmsilçilik ermənilərdəki kimi yüksək deyil. Təbii, dinin, mentalitetin, türk olmağımızın təsiri var. Hətta geosiyasi amillərin də. Ancaq yekun nəticədə konkret fəaliyyət müstəvisində bu amillərin heç də hər zaman mənfi rol oynadığını demək mümkünsüzdür. Məsələn, mən Rusiyanın yazıçılar və jurnalistlər ittifaqının üzvüyəm. Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsinə görə Rusiya Yazıçılar İttifaqının Mayakovski ordeni ilə təltif olunmuşam. Mətbuatın inkişafındakı xidmətlərimə görə Rusiya Jurnalistlər İttifaqının fərxi fərmanına layiq görülmüşəm. Deməli, azərbaycanlının ictimai həyatda iştirakı mümkündür. Sadəcə məqsədyönlü olmaq lazımdır.
Rusiya Kosmonavtlar Federasiyası Kərim Kərimov medalını təsis edib. Bu, sıradan məsələ deyil. Belə medallar yalnız kosmosu fəth edənlərin adına təsis edilir. Tsalkovski, Karalyov, Qaqarin, Titov, Tereşkovadan sonra həmyerlimiz Kərim Kərimov. Yeri gəlmişkən, federasiyanın dünya şöhrətli həmyerlimizin adını daşıyan medalı ilə təltif olunmuşam və bu mənim üçün böyük fəxrdir. Demək ki, dəyər verilir və qəbul olunuruq.
Moskvada Şəhriyar ədəbi ictimai məclisində təmsil olunuram. Məclis sevimli şairmiz Osman Sarıvəllinin oğlu Rafiq Sarıvəllinin təşəbbüsü ilə yaradılıb. Bu təşkilatı 2000-ci ildə qurduq. Təsisçilərindən biri və eyni zamanda sədr müaviniyəm. Öncə Şəhriyar Məclisi kimi formalaşdırmışdıq. 2010-ci ildə cəmiyyət olaraq dövlət qeydiyyatından keçirdik.
Dövlət işində çalışdığımdan məclisin struktur fəaliyyətində daha yaxından iştirak edə bilmirəm. Bununla belə toplantılarına, yubiley məclislərinə qatılıram.
Müsahibəni apardı:
Amin CAMAL
banner

Oxşar Xəbərlər