AZE | RUS | ENG |


Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına qarşı mübarizəsi (1969-1987-ci illər)

Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına qarşı mübarizəsi  (1969-1987-ci illər)
"60-cı-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan
ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər.
Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların
qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda
həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Heydər ƏLİYEV
ümummilli lider.

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu Öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirmişdir. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmış və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur.
1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan milli maraqlarını hər zaman uca tutmuşdur. Bu dövrdə onun qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma "erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.
Sovet dövründə erməni milllətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8 x 9 sm. ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə Ümummilli Liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə gedərək 15 gün orada qalmışdı.
Hələ 1969-cu ildən, yəni Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.
Ümummilli Lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam-Xankəndi dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.
Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə - məqbərə tikildi. Şuşaya səfəri zamanı Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.
1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natavana abidə qoyuldu. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
Lakin ermənilər öz çirkin niyyətlərindən əlçəkmirdilər. 1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi.
1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L. Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etimiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma "erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır.
Həmin dövrdə Ermənistanda da Azərbaycan əleyhinə geniş təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq "erməni torpaqları” olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda "Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan "Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün "Soyqırım qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edildi. Həmin il iyunun 20-də SSRİ Nazirlər Soveti "1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar. Dekabr ayında isə "Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etdi.
1986-cı ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ-də irəli sürülən "aşkarlıq” və "demokratiya” ideyalarından istifadə edilərək Xankəndidə tarix və mədəniyyət abidələrini qoruyan "Krunk” adlı təşkilat yaradıldı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər. Eyni zamanda, iyulun 17-də Avropa Parlamenti saxta "erməni soyqırımı” iddialarını tanıdı və "soyqırım qurbanlarına” xatirə günü təsis etdi.
Həmin il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə "İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Oktyabr ayında Yerevanda Puşkin adına parkda "Qarabağ” komitəsinin ilk mitinqi təşkil olundu ki, bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə "L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Ulu Öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Bununla yanaşı, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidenti 1997-ci il 18 dekabr tarixli Fərman vermişdir. Bu fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümummili lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutur. Azərbaycan Prezidenti bütün görüşlərdə münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.
Bununla yanaşı, Azərbaycan Prezidenti Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək xalqımızın öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır. Əminik ki, Ümummilli Liderin siyasi kursunu çox uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşada, Xankəndidə yenidən dalğalanacaq.
Elçin ƏHMƏDOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
siyasi elmlər doktoru





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7068
GBP 1 İngilis funt sterlinqi 2.2238
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.6313
SEK 1 İsveç kronu 0.2071
EUR 1 Avro 1.9877
CHF 1 İsveçrə frankı 1.7531
USD 1 ABŞ dolları 1.7009