• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

02.12.19 12:30 425
Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Trend-in məlumatına görə, Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali – ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir. Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Konfransda yerli mütəxəssislər yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti də iştirak edəcəklər.
Dörd paneldən ibarət olan konfransda "Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, "Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, "Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və "Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.
Konfrans iclaslarının dörd panelinin gedişində Azərbaycandan ürək cərrahı Rəşad Mahmudov "Minimal invaziv cərrahiyyə”; Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın "Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu” mövzusunda, uşaq kardiocərrahı professor Bülent Polat "Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan "Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella "Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks "Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun "Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak "Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

banner

Oxşar Xəbərlər