• cümə axşamı, 28 mart, 22:19
  • Baku Bakı 13°C

Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır

15.04.14 19:22 3578
Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır
“Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlik və düşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi həyatında köklü dəyişikliklər baş verib. Müstəqilliyimizin ilk illərində mühüm dövlət vəzifələrini icra edənlərin səriştəsizliyi, Ermənistanın işğalçılıq siyasəti, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi, respublikamızın düşdüyü iqtisadi böhran kənd təsərrüfatı və sənaye məhsulları istehsalının azalmasında, əhalinin məşğulluğunda və ona göstərilən xidmət səviyyəsinin aşağı düşməsində özünü göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra erməni işğalının qarşısının alınması, sabitliyin bərpası, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifələr kimi dayanıb. Ölkə iqtisadiyyatının bütün sahələrində köklü islahatlara start verilib, bir sıra yeniliklər tətbiq edilib,müasir dövrün tələblərinə uyğun yeni-yeni sitehsal müəssisələrinin yaradılmasına başlanılıb.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, 2003-cü ildə xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də iqtisadi sahədə bir çox uğurlara imza atılıb. İqtisadi sahədə yeni layihələrin icrasına başlanılıb. Azərbaycanın bölgələrinin inkişafında müşahidə olunan vəziyyət isə mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin daha da yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edib. Buna görə də əvvəlcə 2004-2008-ci illəri, ardınca isə 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları qəbul olunub. Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm halqalarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olub. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Bu iqtisadi inkişafı rəqəmlərin dili ilə ifadə etsək, dövlət proqramlarının həyata keşirildiyi ötən on il ərzində ölkədə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib. Regionlarda 56 minə yaxın müəssisənin fəaliyyətə başlaması isə 1,2 milyondan çox yeni iş yerinin yaradılması ilə nəticələnib ki, bunun da 900 mini daimi iş yerləridir. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Bir çox göstəricilər üzrə artım tempi isə ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olub. Regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ölkə başçısının on il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240 sərəncam da regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, Dövlət Proqramları çərçivəsində biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər də həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Ötən on ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb. Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində də məqsədyönlü tədbirlər görüb, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak edib. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb.
Dövlət Proqramlarının uğurla həyata keçirilməsi zamanı müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə də mühüm töhfə verib. Ötən 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib. Hazırda isə 30-a yaxın müəssisə üzrə işlər davam etdirilməkdədir.
Dövlət Proqramları çərçivəsində intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və ixracında da artım müşahidə olunub, özünütəminetmə səviyyəsi daha da yüksəlib. Prezident İlham Əliyevin göstərişinə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında 2013-cü ildə hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmaqla, rekord həcmdə məhsul əldə edilib. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır. Ötən illər ərzində güzəştli kreditlərin 64 faizinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilməsi də müsbət nəticələr verib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olub. Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalıb. Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı daha da artıb, özünütəminetmə səviyyəsi xeyli yüksəlib. Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları bir qədər də artıb.
Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması isə əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Ümumiyyətlə, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkədə qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Ötən müddətdə 14 beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi isə Azərbaycanında turizmin inkişafına geniş imkanlar yaradıb. Bütün bu uğurların davam etdirilməsi, ölkə iqtisadiyyatının gələcəkdə də inkişaf etdirilməsi məqsədilə cari il fevralın 27-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında növbəti Fərman imzalanıb. Heç şübhə etmədən, tam qətiyyətlə demək olar ki, adıçəkilən dövlət proqramı da ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının, regionlarda infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.
Rufik İSMAYILOV
“Kaspi”qəzetinin müxbiri

Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər