• cümə axşamı, 18 aprel, 10:24
  • Baku Bakı 12°C

“Heydər Əliyev siyasi kursunun davam etdirilməsi dövlətçiliyimizin əbədiliyi deməkdir”

19.12.18 18:58 715
“Heydər Əliyev siyasi kursunun davam etdirilməsi dövlətçiliyimizin əbədiliyi deməkdir”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda "İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə bildirdi ki, prezident İlham Əliyevin siyasi strategiyası ölkədə stabilliyi saxlamaqla bütün vətəndaşların firavan həyat sürməsinin təmin olunması ilə bağlıdır: "Bu çox çətin bir vəzifədir və deyərdim ki, bu kitabda dövlət başçısının həyata keçirdiyi strategiya çox gözəl əks olunub. Onu da qeyd etmək lazımdır ki, bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bunu niyə qeyd edirik? Çünki bu gün Azərbaycana baxdıqda, onun inkişafını görməmək mümkün deyil”.
Kitabın müəllifi Günel Məlikli bildirdi ki, bu nəşr dövlət başçısının ad gününə töhfədir: "Onu qeyd edim ki, ötən dövr ərzində bütün sahələr üzrə ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilərək nailiyyətlər qazanılıb. İctimai-siyasi həyatın demokratikləşməsi, iqtisadiyyat modelinin bərqərar olması, ümumiyyətlə iqtisadi-sosial infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın gələcək inkişafına zəmin yaratmışdır. Müşahidə olunan dayanıqlı inkişaf həm də hakimiyyət qarşısında yeni uzunmüddətli inkişaf konsepsiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini qoymuşdur. İlham Əliyev prezident seçildikdən sonra ulu öndərin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirəcəyini bəyan etməklə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi, ilk növbədə uğurların daha da çoxalması və dövlətçiliyimizin əbədiliyi deməkdir”.
G.Məlikli bildirdi ki, ötən müddət ərzində prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu əməli işləri ilə sübut edib: "Müharibə şəraitində yaşayan bir ölkənin qısa müddət ərzində sıçrayışla inkişaf etməsi düşmənlərimizi belə Azərbaycan həqiqətlərinə inanmağa məcbur etdi.
Monoqrafiyanın aktuallığı haqqında danışdıqda isə, qeyd etmək olar ki, cəmiyyətimizdə yaranan yeni siyasi münasibətlər milli azadlıq hərəkatı nəticəsində Azərbaycan Respublikasının Sovet imperiyasından ayrılaraq öz müstəqilliyini bərpa etməsinə gətirib çıxardı. Lakin həm ölkə daxilində olan hərc-mərclik, xaos, həm də Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasət nəticəsində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü. Ümummilli lider Heydər Əliyevin gərgin səyi nəticəsində ölkəmiz normal durumuna qayıtdı və iqtisadiyyatda irəliləyiş meyilləri artmağa başladı. Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Buna görə də dövlətimiz bütün variantlara hazır olmağı vacib sayır. Bu mənada, dövlətimiz döyüş qabiliyyətinin artırılması üçün müntəzəm tədbirlər həyata keçirir. Bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyini təmin edir. Ümumilikdə bu mövzunun tədqiq edilməsi zamanı biz bütövlükdə dövlət siyasətinin müxtəlif istiqamətlərini, xarakterik cəhətlərini, ölkəmizdə formalaşmış milli inkişaf modelinin xüsusiyyətlərini göstərdik”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin fikrincə, bu kitabın mahiyyətində bir həqiqət durur ki, cəmiyyəti idarə etmək qədər çətin, məsuliyyətli, eyni zamanda şərəfli ikinci bir vəzifə yoxdur: "Cəmiyyəti idarə etmək olduqca çətindir. Kataklizimlərlə dolu olan 90-cı illərdə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi və prioritetləri seçməsi olduqca böyük ustalıq tələb edən məsələ idi. Sözün əsl mənasında ulu öndər Heydər Əliyev yüksək liderlik keyfiyyətləri göstərərək ölkəni o çətin məqamlardan çıxara bildi. Bunun üçün vacib şərtlərdən biri prioritetləri seçmək idi. O dövrdə dağılmayan sahə yox idi. İqtisadiyyat dağılmışdı, mənəvi keyfiyyətlər pozulmuşdu və olduqca ağrılı bir dövr idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsi ilə prioritetləri seçdi və Azərbaycanda sabitlik bərpa olundu. 2003-cü ildən başlayaraq o sabitlik bazasında daha mütərəqqi, perspektivli siyasət aparılmağa başlandı”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər