• şənbə, 20 Aprel, 01:24
  • Baku Bakı 15°C

Heydər Əliyev Sarayında Yeni il şənliyi Fotolar

28.12.13 18:05 4386
Heydər Əliyev Sarayında Yeni il şənliyi Fotolar
Artıq 2013-cü ilin son günlərini yaşayırıq. Üzümüzə gələn 2014-cü il münasibəti ilə şəhərimizdə Yeni ilin atributları sayılan al-əlvan, işıqlı Şam ağacları, müxtəlif bəzək aksesuarları quraşdırılıb. Hər zamankı kimi Yeni ilin gəlişinə daha çox uşaqlar sevinir. Onlar yolkalar ətrafında elə şən görünürlər ki, sanki ilboyu məhz elə bu günün gəlişini gözləyirmişlər.
Yeni ilə yeniliklərlə

Hər il Yeni ilin gəlişi ilə əlaqədar dünya ölkələri ilə yanaşı, Azərbaycanda da müxtəlif bayram şənlikləri təşkil olunur. Bayrama bir neçə ay qalmış şeİrlər əzbərləyib, səhnəcik hazırlamağa başlayan uşaqlar isə bu şənlikləri daha da rəngləndirirlər. Onların özfəaliyyət bacarıqları, yeni-yeni cücərən istedadları məhz belə şənliklərdə üzə çıxır.
Bu missiyanın daşıyıcılarından biri də Heydər Əliyev Sarayıdır. Burada hər bayram ərəfəsində uşaqlar üçün xüsusi proqram hazırlanır və müxtəlif sürprizlər uşaqların sevincini birə-min artırır. Sözügedən məkan dünən də balaca tamaşaçılarına qucaq açdı. Maraqlı səhnəciklər və sürpriz dolu anlar uşaqların böyük sevincinə səbəb oldu. Biz də şənlikdə uşaqları tək qoymadıq, şənliyin sevincini onlarla bərabər bölüşdük.
Yeni il şənliyində respublikanın xalq artisti Faiq Ağayev, Rəşad İlyasov, Miri Yusif, Röya, Xana Bakinskaya və Sevda Yəhyayeva uşaqlar üçün xüsusi hazırlanan mahnılarla çıxış edərək uşaqların bayram sevinclərinə əlvanlıq qatdılar. Şaxta baba və Qar qızın aparıcılığı ilə baş tutan maraqlı Yeni il şənliyində uşaqlarla birgə milli, müasir rəqsləri və ilk dəfə olaraq qeyri-adi illüziya şousunu izlədik. Daha sonra fidanların vals rəqsi ilə başlayan şənlik balaca Şaxta baba və Qar qızların rəqsi ilə davam etdi. Şənlikdə uşaqlar milli və əcnəbi musiqilərə müraciət edərək rəqs etdilər.
Əyləncəli şou

Bunun ardınca qışın, Yeni ilin simvolu sayılan Şaxta baba duzlu-məzəli, yarızarafat hadisələr söyləyərək uşaqlara sərgüzəştlərindən bəhs etdi. Onların təqdimatında biri-birinin ardınca hind, amerikan rəqsləri ilə bərabər, cizgi filmlərindəki fraqmentlərə və musiqilərə də yer ayrılmışdı. Onlardan daha çox diqqət çəkəni “Buratino” və “Çoban” cizgi filmlərindəki fraqmentlərin nümayişi idi. Paralel olaraq, uşaqların ifasında maraqlı rəqs də nümayiş etdirildi. Diqqətimizi çəkən daha bir məqam uşaqların səhnədə çıxışı zamanı səslənən mahnılara uyğun monitorlarda həmin cizgi filmi qəhrəmanlarının peyda olması oldu. Nağıllar aləmindəki personajların salonda əyləşən azyaşlıları nağıllar dünyasına apardığını sezmək elə də çətin olmadı.
İfa olunan musiqiləri ayaq üstə qarşılayan azyaşlı tamaşaçılar yerlərindən durub səhnədəki rəqqaslarla bərabər oynadılar. Onlara bayaqdan ətrafda gəzinən kloun da qoşulmuşdu. Əsl “vur-çatlasın” da elə bundan sonra yaşandı. Balacalar sevincdən həvəslə atılıb-düşürdülər. Bayram şənliyi bitdikdən sonra uşaqlar sarayın səhnəsində quraşdırılan böyük şam ağacı, Şaxta baba və Qar qız ilə şəkil çəkdirdilər. Saat yarım davam edən maraqlı şənlikdən zövq alan balacalar sonda zalı hədiyyə ilə tərk etdilər.
Zövq aldıq

Sarayı tərk etməkdə olan valideynlərin şənlik barədə barədə təssüraftalarını soruşduq. Üç övladı olduğunu deyən Bakı şəhər sakini Nailə Quliyevanın sözlərinə görə, balaca övladları hər il Novruz və Yeni il bayramlarını səbirsizliklə gözləyirlər: “Kiçik oğlum bayrama 1 aydan çoxdur hazırlaşır. Hər gün “Şaxta babaya nə vaxt gedəcəyik” deyə mənə sual verir. Bu gün isə onun sevincinin həddi-hüdüdü yoxdur. İzlədiyimiz konsert proqramı bizə xoş təsir bağışladı. Mən elə düşünürəm ki, bu şənliyə təkcə azyaşlı uşaqlar deyil, böyüklər də gələ bilər. Çünki mən özüm də keçirilən Yeni il şənliyindən böyük zövq aldım. Çalışacam hər il uşaqları bu gözəl, möhtəşəm saraya gətirib onları sevindirim”.
İki azyaşlı nəvəsini şənliyə gətirən Gülpəri Məmmədova da hər il nəvələrini Heydər Əliyev Sarayına gətirdiyini, burada keçirilən bütün bayram tədbirlərindən razı qaldığını bildirdi: “Uşaqları belə tədbirlərə tez-tez aparmaq lazımdır. Çünki onda uşaqların həm dünyagörüşü inkişaf edir, həm də intellektual səviyyəsi artır. Bu gün səhnədə o kiçik uşaqları görəndə çox fərəhləndim. Necə də istedadlı, intellektual uşaqlarımız var deyə, düşündüm. Mən də bir nənə olaraq ürəyimdən keçirdim ki, kaş, mənim də nəvəm səhnədəki balaca rəqqaslar kimi oynasın”.
Bir məqamı da vurğulayaq ki, Sarayda toplaşan balaca seyrçilərin böyük əksəriyyəti uşaq evlərindən dəvət olunanlar idi. Heydər Əliyev Sarayının Mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin sözlərinə görə, Sarayda təşkil olunan bütün uşaq şənliklərinə saray rəhbərliyi tərəfindən təmənnasız olaraq uşaq evlərindən kimsəsiz, eləcə də əlil, fiziki qüsurlu və daun sindromlu uşaqlar dəvət olunular.
Sonda xatırladaq ki, Sarayda uşaqlar üçün təşkil olunacaq növbəti Yeni il şənlikləri dekabrın 29-u və 30-da saat 12:00-da başlayacaq. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür, qiyməti isə 5-15 manatdır.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər