Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur - Fotolar
12 dekabr ulu öndər Heydər
Əliyevin anım günüdür. Müstəqil Azərbaycanın memarı və qurucusu sayılan Heydər
Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir. Dünya
şöhrətli siyasətçinin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı
qarşısında misilsiz xidmətləri daim hörmətlə xatırlanır, onun zəngin irsinin
gələcək nəsillərə çatdırılması üçün əməli tədbirlər görülür. 1992-ci ildə
Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya səsləyən, onun
hakimiyyətə qayıdışı üçün müraciətə imza atan, Yeni Azərbaycan Partiyasının
"qızıl fondu” elan olunan 91 nəfər tanınmış ziyalıdan biri – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,Əməkdar elm
xadimi, "Şöhrət” ordenli professor, ictimai-siyasi xadim Şahlar Əsgərovla söhbətləşib
ulu öndərlə bağlı xatirələrini dinlədik.
-
Şahlar müəllim, xalqların və dövlətlərin taleyində lider fenomeni və liderlik
faktoru mühüm yerə malikdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqının və dövlətinin taleyində oynadığı rolu necə dəyərləndirirsiniz?
- Əslində bu sualın özündə
cavab da verilib. 1993-cü ili gözlərimiz önünə gətirsək, o zaman Azərbaycanda
vəziyyətin olduqca gərgin olduğunu aydın təsəvvür edə bilərik. Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi, ölkə daxilində
ictimai-siyasi sabitliyin olmaması, müxtəlif siyasi qüvvələrin bu gərginlikdən
sui-istifadə etmək cəhdləri ölkəni parçalanmaq, müstəqilliyini yenidən itirmək
təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycanda ağır iqtisadi, siyasi böhran hökm
sürməkdə idi. Ölkəni üzləşdiyi bu acınacaqlı durumdan xilas etmək üçün güclü
liderə ehtiyac duyulurdu. Belə bir vaxtda 91 nəfər ziyalı Naxçıvan Muxtar Respublikasına
üz tutdu. Həmin vaxt Ali Məclisin sədri işləyən Heydər Əliyevlə görüş
keçirildi, o, paytaxt Bakıya dəvət edildi. 91 nəfər ziyalı xalqın düşdüyü ağır
vəziyyətdən çıxış yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsində
gördü.
Bununla bağlı müraciət o dövrdə 91 nəfər ziyalının imzası ilə mətbuatda da
dərc olundu. Sözügedən müraciət mətbuatda dərc olunandan və məktub formasında
ünvanına çatdırılandan 8 gün sonra cavab alındı. Cavabda Heydər Əliyev bildirdi
ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi öz üzərinə götürməyə razıdır.
Heydər Əliyev o zaman belə bir cümlə də işlətmişdi: Əgər bir ölkənin xalqları
öz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik məmləkətlər belə,
böyük dövlətlər qədər qüdrətli olar. Heydər Əliyev bildirdi ki, o, Azərbaycanın
da qüdrətlənməsi naminə təklifi qəbul edir, ümumi işlərə kömək etmək istəyir. O
dövrdəki, gərgin vəziyyəti, Heydər Əliyevin ölkəmizdə təkrar siyasi hakimiyyətə
gətirilməsini, bundan sonra həyata keçirilən tədbirləri, görülən işləri ümumiləşdirərək
belə qeyd etmək olar ki, ulu öndər Azərbaycanın həm banisidir, həm də qurucusu.
Banilik onun öndərliyindən, iradəsindən, ideyalarından, quruculuq isə uzun
illər boyu topladığı biliklərdən, qazandığı idarəçilik təcrübəsindən irəli
gəlirdi.
-
Şübhəsiz ki, sizin də ulu öndərlə bağlı xatirələriniz var. Onunla ilk görüşünüzü və münasibətlərinizi
necə xatırlayırsınız?
- Heydər Əliyevlə mənim ilk
görüşüm Bakı Dövlət Universitetinin sovetlər birliyi dövründə qeyd olunan 50
illik yubiley tədbirinə təsadüf edir. 1969-cu ildə Heydər Əliyev Azərbaycanda
Mərkəzi Komitənin birinci katibi idi. Elə həmin il də universitetin 50 illiyi
qeyd olunurdu. Bu münasibətlə o, universitetə gəlmişdi. Azərbaycan Dövlət
Universitetinin o dövrdə rektoru Mehdi Əliyev idi. Mehdi Əliyev fizik olduğu
üçün fizika fakültəsinə tapşırmışdı ki, ola bilsin Heydər Əliyev fakültənin
laboratoriyasına da baş çəksin, tanış olsun. Fakültənin dekanı da hər kəsə
tapşırmışdı ki, hər bir kəs laboratoriyada öz qurğusunun yanında olsun. Mənim
də öz maraqlı qurğum var idi. Həmin qurğunu çalışdıranda işıq saçır, sonra da
şüa əmələ gəlirdi. Sözügedən qurğunu çalışdırırdım ki, Heydər Əliyev içəri
daxil oldu və qurğu barədə məlumat soruşdu. Mənə bir-iki sual verib məlumat
xarakterli qısa söhbət etdikdən sonra uğurlar arzuladı və laboratoriyanı tərk
etdi. Heydər Əliyevlə həyatda ilk görüşüm belə oldu. Onunla ikinci görüşüm Naxçıvanda
oldu. Birinci sualınıza cavab olaraq bildirdiyim kimi, 91 nəfər ziyalı o zaman Yeni
Azərbaycan Partiyasının təsis olunması üçün Naxçıvana getmişdi. Həmin heyətdə
mən də var idim.
Heydər Əliyev həmin gün gecə saat 12-nin yarısına qədər
İrandan gələn nümayəndə heyətini qəbul etdi. Bunun ardınca isə bizimlə görüşdü.
Bir-bir hamıya söz verildi və hər kəs öz fikrini bildirdi. Mən də çıxış etdim
və fikrimi bir misal çəkməklə bildirdim. Şərq aləmində böyük alim və filosof
kimi tanınan Əbdürrəhman Caminin "Baharistan” əsərində məşhur pritça var. Orada
qeyd olunur ki, Hindistan şahı Bağdad əmirinə çoxsaylı hədiyyələr, həmçinin
əlavə olaraq bir nəfər də həkim göndərir. Məqsəd xəlifənin sağlamlığını qorumaq
idi. Bağdad əmiri həkimdən soruşur ki, sən hansı dərdlərin dərmanını bilirsən?
Təbib bir-bir müxtəlif dərdlərin dərmanını sadalayır. Sonda vurğulayır ki,
mənim bir dərmanım da sizin başınızdakı ağ saçları qaraltmağa xidmət edəcək.
Əgər mən deyən dərmanı qəbul etsəniz, ağ saçlarınız dərhal qaralacaq. Bağdad
əmiri dərhal əlini masanın üzərinə vurur və deyir ki, həmin dərmanı atmaqdan
imtina edir: "Tükün qaralığı zülmət, ağlığı nur əlamətidir, qara rəngdən
millətin yoluna işıq düşməz və ona görə də bu dərmandan imtina edirəm”. Bu
misalı çəkdikdən sonra ulu öndərə Heydər müəllim deyə xitab etdim və belə bir
təklif səsləndirdim: Biz Bakıdan gələn ziyalılar istəyirik ki, sizin ağ
saçlarınızın nurundan Azərbaycan xalqı da bəhrələnsin. Gecə saat 2-3 radələrinə
qədər Heydər Əliyev hamını dinlədi, öz fikrini bildirdi, ardınca da Yeni
Azərbaycan Partiyası yaradıldı, ulu öndər Bakıya gəldi və Azərbaycan
rəhbərliyində fəaliyyətini davam etdirdi. Heydər Əliyevlə görüşlərim,
təmaslarım belə olub.
-
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi
dönəm tərəqqi dövrü kimi yadda qaldı. Onun ikinci dəfə Azərbaycanda hakimiyyətə
gətirilməsindən sonra ötən dövrü, yəni 1993-2003-cü illəri necə xarakterizə
etmək olar?
- Birinci dövr haqqında ən
yaxşı qiyməti Heydər Əliyev sağlığında özü verib. Özü də bildirirdi ki, o, ilk
dəfə Azərbaycanda hakimiyyətə gələndə Bakı metropolitenində tunellərin ümumi
uzunluğu 9,6 kilometr idi. Məhz onun hakimiyyəti illərində bu uzunluq 31,2
kilometrə çatdırıldı. O dövrdə hər bir institut ildə təqribən 600-700 tələbə qəbul
edirdi. Heydər Əliyev isə hər il 900-1000 nəfər tələbəni SSRİ-nin məşhur ali
təhsil müəssisələrinə oxumağa göndərirdi. O, bunu özünün ikinci ən böyük
xidməti, şah əsəri sayırdı. Müstəqillik dönəmində isə Heydər Əliyev üçüncü şah
əsəri kimi Yeni Azərbaycan Partiyasını yaratmasını qeyd edirdi. Ən nəhayət,
Azərbaycan dövlətini qurmasını özünün dördüncü şah əsəri sayırdı. Bəzən
dövlətlə dövlətçiliyi qatışdırırlar. Halbuki, maşınla maşınqayırma müxtəlif
olduğu kimi dövlətlə dövlətçilik də müxtəlif məna kəsb edir. Dövləti qurmaq
üçün lazım olan detalların heç birini Heydər Əliyev gedib Aydan gətirməyib.
Həmin detallar bu ölkənin özündə var idi. Amma Heydər Əliyevə qədər siyasi
hakimiyyətdə olanlar bu detallardan dövlət qurmağı bacarmadılar. Heydər Əliyev
isə qura bildi və dövlətçiliyi dövlətə çevirdi.
Heydər Əliyev Şimaldan gələn
təzyiqləri azaltmaq üçün "Əsrin müqaviləsi”ni imzaladı. Bu müqaviləyə dünyanın
güclü dövlətlərinə məxsus şirkətlər də cəlb olundu. Hansı ki, bu müqavilə
imzalanmazdan öncə şimal qonşumuzdakı mütəxəssislər davamlı olaraq arqumentlər
gətirir, bu borunu doldurmaq üçün Xəzərdə neft ehtiyatının olmadığını
əsaslandırmağa çalışırdılar. Yəni, həm ideoloji, həm də digər vasitələrlə
Azərbaycana təzyiqlər göstərilirdi. Lakin Heydər Əliyev azərbaycanlı
mütəxəssislərin rəyini nəzərə alıb, bu müqavilənin imzalanmasını reallaşdırdı. Ardınca
da Rusiya ərazisindən keçən yeganə Bakı-Novorossiysk neft ixrac boru kəmərinə alternativ
sayıla biləcək Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə start verildi. Bu
layihə də Azərbaycana alternativ bazarlara çıxış imkanının əldə edilməsinə,
ölkəmizin təhlükəsizliyinə xidmət edirdi. Bu layihələrin reallaşması,
Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması, iqtisadiyyata daxili və
xarici sərmayənin cəlb edilməsi ölkənin intibahını təmin etdi. Paytaxt Bakı
tamamilə yenidən quruldu, şəhər simasını dəyişdi, müasirləşdi, regionlarda
quruculuq tədbirləri geniş vüsət aldı. Təbii ki, bütün bunlar Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsi idi.
-
İndiyə qədər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair çoxsaylı elmi,
bədii-publisistik əsərlər yazılıb. Sizcə, onun zəngin irsinin daha da təbliği
və öyrənilməsi, gələcək nəsillərə çatdırılması üçün daha hansı işlər
görülməlidir?
- Azərbaycana rəhbərlik edənlər
çox olub və bundan sonra da olacaq. Rəhbərlər və liderlər çox nadir hallarda
filosof olurlar. Misal üçün, Mustafa Kamal Atatürk Türkiyə tarixində böyük
filosofdur. Onun öndərliyi də məhz bu filosofluqda gizlənir. Heydər Əliyevin də
hədsiz dərəcədə müfəssəl, fəlsəfi fikirləri var. Bu fikirlər ictimai həyat,
siyasət, təhsil, elm, iqtisadiyyat və digər sahələri əhatə edir. Onun
aforizmləşmiş, bu gün və sabah üçün daim doğru olacaq lakonik fikirləri də var.
Hesab edirəm ki, Heydər Əliyevin zəngin irsini öyrətmək, gələcək nəsillərə
təbliğ etmək üçün ulu öndərin aforizmlərindən, fəlsəfi fikirlərindən geniş
istifadə etmək lazımdır. Misal üçün, yalnız "Təhsil millətin gələcəyidir”
fikrindən tutub dayanmaq, yalnız bunu hər yerdə işlətmək olmaz. Axı Heydər Əliyevin
təhsillə bağlı dərin məzmunlu, fəlsəfi fikirləri çoxdur. Ulu öndər deyirdi ki,
bir millətin gələcək taleyi gənclərə nəyin və necə öyrədilməsindən asılıdır.
Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə məktəblərdə
dərslər lövhələrə təbaşirlə yazılır öyrədilirdi. İndi isə elektron lövhələrlə,
kompüterlər vasitəsilə öyrədilir. Bu və bunun kimi çoxsaylı misallar gətirmək
mümkündür. Heydər Əliyev irsini daha çox ali təhsil müəssisələrində öyrətmək,
təbliğ etmək lazımdır. Xüsusən də tarixçilərə, jurnalistlərə ali təhsil
müəssisələrində Heydər Əliyev irsini, onun fəlsəfi fikirlərinin mahiyyətini,
ideyalarını öyrətmək lazımdır.
-
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni nailiyyətlərə imza atır.
Azərbaycanın indiki reallıqlarını və perspektivi necə qiymətləndirirsiniz?
- Azərbaycanın reallığı
gözlərimiz önündədir. Perspektivə gəlincə, indiki dövrün olduqca mürəkkəb
olduğunu qeyd etmək istəyirəm. Heydər Əliyevin zamanında dünya, xüsusən də
Avropa qitəsi indikinə nisbətə çox sakit idi. Hazırda isə dünyanın sakit olan
hissəsi çox azdır. Dünyanın hər bir yerində müxtəlif proseslər baş verir,
mürəkkəb hadisələr, gərginliklər özünü göstərir. Azərbaycan Prezidenti İlham
Əliyevə belə bir mürəkkəb dövrdə yalnız və yalnız uğurlar arzulayıram ki,
ölkəmizi daha da inkişaf etməsi üçün düzgün qərarlar qəbul etsin.
Rufik
İSMAYILOV