• çərşənbə axşamı, 19 mart, 07:25
  • Baku Bakı 8°C

Heydər Əliyev heyrətləndirməyi bacaran şəxsiyyət idi

10.06.19 16:43 8890
Heydər Əliyev heyrətləndirməyi bacaran şəxsiyyət idi
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Biz də bu günlər ərəfəsində hər zaman "Mən Heydər Əliyevin əsgəriyəm” deyən Türk dünyasının qəhrəmanı İbad Hüseynlidən müsahibə aldıq.
- İbad müəllim, Heydər Əliyev Sizin üçün kimdir?
- Bilirsiniz Heydər Əliyev mənim üçün deyil, Azərbaycan xalqı üçün kimdir, soruşsanız daha doğru olardı. Çünki o insanın uzaqgörənliyi, siyasi biliyi millətimiz üçün tapıntı idi. Ulu öndər memar idi, rəssam idi, sənət adamı idi, məmur idi, əsl siyasətçi , əsl insan və əsl lider idi. Hər sahənin mütəxəssisi ilə mütəxəssis olaraq danışırdı. Həssaslığı, diqqəti, qayğısı ilə insanları heyrətləndirməyi bacaran bir şəxsiyyət idi. Heydər Əliyev haqqında hər zaman deyiləcək, yazılacaq, amma inanın ki, yenə də sözlər aciz qalacaq. Onun haqqında söz demək üçün düşünməyə gərək qalmır, sözlər öz-özünə yaranır.
Heydər Əliyev uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimi idi. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.
Mən siyasətçi deyiləm, qələm adamı deyiləm, döyüşçü, hərbçi olaraq deyirəm ki, 1990-cı illər uzaq tarix deyil ki, baş verən hadisələr bu gün hər kəsin xatirindədir. Özbaşınalıq, mənəm-mənəmlik, vəzifə düşkünlərinin məsuliyyətsizliyi və itirdiyimiz Qarabağ torpaqları. Mən qısaca deyim ki, həm daxili, həm xarici özbaşınalığın dayanma nöqtəsi oldu Heydər Əliyev.
Heydər Əliyevin gözəl bir sözü var, deyirdi ki, "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”. Bu gün gənc və müstəqil Azərbaycan artıq dünyamiqyaslı inkişaf etmiş dövlətlər sırasındadır. Bu, kimin əməyinin nəticəsidir, təbii ki, Heydər Əliyevin uzaqgörən siyasətini və onun layiqli davamçısı İlham Əliyev cənablarının fəaliyyətini qeyd etməliyik. Biz hələ 1992-ci illərdən deyirdik ki, ölkədəki özbaşınalığın qarşısını yalnız Heydər Əliyev siyasəti ala bilər. Əslində elə də oldu. Biz özümüzü Heydər Əliyevin əsgərləri adlandırırdıq. Bu gün də İlham Əliyevin əsgərləriyik.
- Qurtuluş günü ərəfəsindəyik. Bu tarixi günlə bağlı düşüncələriniz necədir?

- Biz ailəlikcə Heydər Əliyevi sevmişik. Hətta 1992-ci illərdə video kadrlar var, hərdən baxırıq, rəhmətlik anamla, atam danışır, söhbət edirlər, orda anam "Allah mənim ömrümdən kəsib Heydər Əliyevin ömrünə calasın, gəlsəydi bu xalqı bir tərəfə çıxarardı” deyir. Yəni bu sözü kənddə yaşamış, zəhmətkeş bir ana deyirdi, özü də 1992-ci illərdə. Bu illər hər kəsin xatirindədir.
Heydər Əliyevin hakimiyyətə qayıdışına bir çox daxili qüvvələr kimi, xarici qüvvələr də mane olmağa çalışırdı. Xüsusilə də ermənilər. Ermənilərin böyük bir planı vardı, Kür çayına qədər gəlmək. Onlar yaxşı bilirdilər ki, Heydər Əliyev kimdir. 1993-cü ildə bu gün dillər əzbərinə çevrilmiş "Monte” əməliyyatı baş tutdu. Monte Melkonyan Ermənistan üçün kim olduğunu bilirsiniz. Çünki Qarabağın işğal edilməsində onun xüsusi rolu var idi. Onun əsas arzularından biri də Heydər Əliyevin hakimiyyətə qayıdışına mane olmaq idi. Amma görünür Montenin məhvi mənim taleyimə yazıldı. Mən onu 1993-cü ildə - iyun ayının 12-də məhv etdim. Ağdam rayonunda MTN rəisi və köməkçisi ilə əlaqələrimiz, danışıqlarımız olurdu. Həmin terrorçu məhv ediləndən sonra nazirliyin nümayəndəsi mənimlə görüşdü və təbrik etdi. Çünki böyük bir təhlükə aradan götürülmüşdü... Mənim üçün iyunun 15-i unudulmayan tarixdir.
1993-cü il iyunun 15-də Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur.

- Bu gün xarici ölkələrdə "qara” qüvvələr var ki, dövlətə-dövlətçiliyə irad tutur, narazılıq edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən sosial şəbəkələrdə görürəm, oxuyuram və təəccüb etmirəm. Bilirsiniz niyə təəccüb etmirəm? Belə bir atalar misalı var - "bar verən ağac daşlanar”. Dövlətimizi-dövlətçiliyimizi özümlə müqayisə edim. Siz şahidsiniz ki, bir neçə il davamlı olaraq mənim haqqımda "qara piar” aparıldı. Müharibədən xəbərsiz olanlar, hansı ki, müharibə vaxtı meyit dəyişməklə məşğul olub, vəsait əldə edənlər, döyüş zamanı daxildə ruh düşkünlüyü yaradan, torpaqların işğalında "xüsusi xidmətləri” olanlar mənim döyüş yoluma, etdiyim əməliyyatlara kölgə salmağa, məni gözdən salmağa çalışdılar. Mən hələ o zamanlar deyirdim ki, belə naxələflərin qarşısı alınmasa, daha da genişlənəcəklər. Amma mənə kim idi ki, qulaq asan. Hətta bir çoxları onların şərəfsiz təbliğatına uydular, inandılar. Qarayaxma kampaniyası ardıcıl olaraq davam etdi. Belələri bütün tanınmış şəxsləri gözdən salmağa çalışırlar. Həmin insanları sevməyənlər üçün də bu, bir fürsətə çevrilir.
- Siz qəhrəmansınız, tanınırsınız , sevilirsiniz. Bir çoxları Sizə hətta irad tutur ki, torpaqları işğal olunmuş dövlətin qəhrəmanı olmaz. Bu deyimə münasibətiniz necədir?
- O sözü deyənlərə nəzər salın görün kimlərdir, torpağı qoyub qaçanlar və müharibədə döyüşdən başqa hər işlə məşğul olanlar. Hələ biri yazmışdı ki, müharibəni uduzmuş dövlətin qəhrəmanı olmaz. Deməli, o, həyatını puç edənlərdəndir, özünü uduzmuş sayır, çünki qaçıb, gizlənib, sözü və fəaliyyəti olmayıb. Bu gün özünü tanıtmaq üçün hər yola əl atır.
Amma mən qaçmamışam, gizlənməmişəm, uğurlu əməliyyatlarım olub, döyüşüm olub, insanlara, torpaga xeyrim dəyib. Mən niyə susmalıyam ki? Mən özümü qalib hesab edirəm, çünki 1990-cı ildən 1994-cü ilə qədər müharibədə dayanmadan fəaliyyətim olub. Düşmən arxasında texnika-silah qoymamışdım qala. Gətirdiyimi gətirmişdim, gətirə bilmədiyimi yararsız hala salırdım. Erməni mənim əlimdən qan ağlayıb. Bunu general-mayor Yaşar Aydəmirov yaxşı bilirdi, görürdü, çünki o vaxtlar o ərazidə korpus komandiri olmuşdu. Mən özümü hər zaman qalib olaraq gördüm və addımladım. Çox şey yazdılar, amma mən qələm adamı, siyasət adamı olmadığım üçün lazımı cavablar verə bilmədim. Sadəcə təəccüb etdim və düşündüm ki, gədəlik, alçaqlıq belə olurmuş. Cavab verə biləcək yaxınlarımın, siyasəti və qələmi olanların da "kreslosu” daha şirin oldu, özlərini düşündülər. Mən Qarabağda kişi kimi döyüşdüm. Mənim qanım bahasına saxladığım səngərlərdə bu gün Azərbaycan bayrağı dalğalanır, Azərbaycan əsgərləri keşik çəkir.
Kim ki, döyüşməyib, kimlər ki, qorxub qaçıblar onlar deyər o sözü. Qəhrəmanlıq necə olmalıdır ki? Heydər Əliyevin gəldiyi ilk bölgə də, səngər də bizim ərazilər oldu. Mənim qiymətimi də o kişi verdi. Mən hər dəfə müsahibələrdə bunu deyirəm və hər zaman da deyəcəyəm. Heydər Əliyev məni səngərdə, əsgərlərin qarşısında "Milli Qəhrəman " elan etdi. Amma o zamankı Müdafiə Nazirliyinin aparatında məndən "yanıqlı” olan biriləri o adın mənə rəsmən verilməsinə mane oldu. Təbii ki, biz o zaman ad üçün, yaxud nə üçünsə döyüşmürdük, o üzdən də narazılıq da etmədik. Bizim düşüncəmiz sağlam, saf idi. Biz torpaq qoruyurduq. Mənim ən böyük qazancım , istəyim də saxladığım torpaqlar oldu.
- Özbək şairi ŞÖVKƏT RƏHMANIN gözəl bir şeiri var, Şahməmməd Dağlaroğlu onu məhz Sizə görə Azərbaycan dilinə tərcümə edib. Şeir mənim çox xoşuma gəldi. Sanki Sizin üçün yazılıb. Sizi də gözdən salmağa çalışdılar.
- Onların bəziləri heç mənim sağ olduğumu bilmirdilər. Yəni yanlış insanların yanlış düşüncələrinin qurbanına çevrilmişdilər. Əsl kişi, əsl döyüşçü, müharibə yaşamış insan, başqa bir döyüşçü haqqında aşağılayıcı fikir söyləməz. Onlar sadəcə, bədbəxt insanlar idi. Mənə görə özlərini tanıtdılar. Kişidə gərək kişi sifəti olsun! Özünə hörmət edən kişi özünü alçaq addımlarla tanıtmaz. Bu, bir oyun idi, qurma idi, kiməsə lazım idi deyə etdilər. Xalqın gözü tərəzidir. Mən Qarabağ döyüşçüsü, Qarabağ əlili idim. Tanınmağım, diqqət mərkəzində olmağım, cəmiyyət tərəfindən sevilməyim kimlərisə narahat etdi, qorxuzdu. Böyük oyun idi, özlərinə yaraşan şəkildə də oynadılar. Oyunçuları tanıdıq, amma oynadanları tanıya bilmədik. Çünki onlar tək mənimlə bağlı deyil ki, müxtəlif insanların taleyində oyun qururlar.
Dövlətə - dövlətçiliyə xidmət edən tanınmış simalar bu ölkənin, bu dövlətin simalarıdır. Onları qorumaq, müdafiə etmək lazımdır. Yeni Azərbaycanın banisi, qurucusu dediyimiz şəxsiyyət, tarixin süzgəcindən keçmiş insan Heydər Əliyev haqqında bu gün də elə insanlar hərdən elə şey deyir, yazır ki, adam baxanda sadəcə təəssüf edir. Nə etmək olar, dünya naqislərdən xali deyil. Amma biz qədirbilən xalqıq, millətik. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir və edəcək.
Gülşən Behbud


banner

Oxşar Xəbərlər