• cümə, 29 Mart, 12:02
  • Baku Bakı 14°C

Heydər Əliyev Fondunun Həştərxanda gördüyü işlər rəğbətlə qarşılanır

24.10.14 10:45 1885
Heydər Əliyev Fondunun Həştərxanda gördüyü işlər rəğbətlə qarşılanır
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeninin təqdim edilməsi böyük miqyaslı işlərə verilən qiymətdir
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub. Medal Azərbaycanın birinci xanımına Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə Heydər Əliyev Fondunda keçirilən görüşdə təqdim edilib.
Görüşdə Mehriban Əliyeva Aleksandr Jilkini Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd edib. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söyləyib.
Qeyd edilib ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür edib.
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğulayıb. Qubernator qeyd edib ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışıb, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söyləyib.
Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev də qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olundu. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.
Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirib və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həqiqətən də son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Federasiyasının Həştərxan vilayətində çox böyük işlər görülüb. Rusiyanın geniş imkanlara, zəngin təbii resurslara malik bu bölgəsinin çox yerində Azərbaycan nişanələri görmək mümkündür. Məsələn, neçə illərdir Həştərxanda ümummilli lider Heydər Əliyev adına orta məktəb vardır. Məktəbdə Heydər Əliyev Fondu tərəfindən diqqət mərkəzində saxlanılır. Keçən ilin mayında bu məktəbdə Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən müsabiqə və turnirlərin qalibləri mükafatlandırılıb. Məktəbin direktoru Tatyana Tixomirova təhsil ocağının dünyada tanınmış dövlət xadimi Heydər Əliyevin adını daşımasının müəllimlər və şagirdlər üçün böyük fəxr olduğunu deyir. Direktor Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevaya məktəbdə və Həştərxanda görülən işlərə görə minnətdarlığını bildirir.
Bu ilin mayında Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda təntənəli tədbir keçirilib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi, mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində XXI yüzilliyin əvvəlində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır”.
Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Prezident Administrasiyasının şöbə müdiri deyir ki, Fondun yaradılması təşəbbüsünün müəllifi məhz Azərbaycan xalqının ümummilli lideri idi: “Ulu Öndər hələ Azərbaycan Prezidenti olduğu dövrdə istəyirdi ki, respublikada Azərbaycan xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi üzrə iş aparan, Azərbaycanın tarixi reallıqlarını dünya birliyinə çatdıran bir Fond fəaliyyət göstərsin. Heydər Əliyevin vəfatından sonra bu nəcib ideyanı Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası parlamentinin deputatı Mehriban xanım Əliyeva gerçəkləşdirdi”.
Heydər Əliyev Fondunun təhsil və səhiyyə, elm və mədəniyyət, ekologiya və idman, mədəniyyətlərarası və konfessiyalararası dialoq sahələrində həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışan Əli Həsənov deyir ki, son 10 ildə Fondun təşəbbüsü və bilavasitə dəstəyi ilə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox uzaqlarda – Avropa və Asiyanın müxtəlif ölkələrində çoxsaylı layihələr reallaşdırılıb. Uşaq evlərinin və məktəblərin tikintisi, tarixi-mədəni abidələrin, pravoslav və katolik kilsələrinin bərpası xalqlar arasında qarşılıqlı anlaşmanın və qarşılıqlı etimadın möhkəmlənməsinə, bəşəriyyətin mədəni irsinin qorunub saxlanmasına və zənginləşməsinə xidmət edir.
Qeyd edək ki, bu ilin sentyabr ayında Həştərxanda Heydər Əliyev Fondunun tikdirdiyi 140 yerlik yeni uşaq bağçası öz qapılarını uşaqların üzünə açıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışında bu il sentyabrın 29-da Prezident İlham Əliyev də iştirak edib.
Binanın foyesində Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, prezident İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb. Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.
Bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Bundan sonra Fondun təşəbbüsü ilə daha bir uşaq bağçasının tikintisinə başlanılacaqdır.
Bu il Həştərxanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təşəbbüsü də var. Bakı Slavyan Universitetinin köməyi ilə Həştərxan Dövlət Universitetində Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılması da planlaşdırılır. Bundan əlavə, Həştərxanda regional telekanal fəaliyyətə başlayıb. Bu telekanal “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq edəcək.
Heydər Əliyev Fondunun bu vilayətlə bağlı digər perspektiv planları da mövcuddur.
Xatırladaq ki, Həştərxanla Bakı arasında intensiv əlaqələrin yaradılmasında bu vilayətin Nəriman Nərimanovun adını daşıyan rayonuyla paytaxtımızın eyni adlı rayonunun qardaşlaşmasının da mühüm əhəmiyyəti vardır.
İlham QULİYEV

banner

Oxşar Xəbərlər