• çərşənbə axşamı, 23 aprel, 15:53
  • Baku Bakı 24°C

Heydər Əliyev fenomeni xalqın tarixi yaddaşına əbədi yazılıb

12.12.14 09:45 1964
Heydər Əliyev fenomeni xalqın tarixi yaddaşına əbədi yazılıb
Qədim Yunan əsatirlərinin qəhrəmanı, təbiətin qeyri-adi fiziki qüvvə bəxş etdiyi Herkules (Herak) 12 böyük igidlik göstərmişdir. Bütün Avropanı və Liliyanı gəzib dolaşmış Herkules öz qəhrəmanlıqları barədə “Herkules dirəkləri” deyilən bir abidə ucaltmışdı (Qədim Romada Hibraltar boğazının əks sahillərindəki dağları belə adlandırırdılar). Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik siyasətindəki əməyi də həqiqətən, Herkulesin əməyinə adekvatdır.
Bütün tarixi dövrlərdə şəxsiyyət üçün ən böyük vətəndaşlıq ləyaqəti ana torpağa, ana Vətənə bağlılıq olmuşdur. Buna vaxtilə Fermopil dağ kəndində bir ovuc igidlə Kserksin qoşunlarının qabağını kəsən Sparta şahı Leonidin qəhrəmanlığı əyani sübutdur. Tarixdən bəlli olduğu kimi, Leonid özü və onun üç yüz döyüşçüsü farsların “dəmir oxlarının qara buludu altında” həlak olarkən qaya üzərində belə bir yazı qoyub getmişdilər: “Yolçu, Spatraya yetir ki, onun övladları Vətəni müdafiə edərkən həlak olmuşlar”.
Bəli, Türk dünyasının böyük oğlu Heydər Əliyev də bütün ömrünü öz xalqının şərəfini qorumağa sərf etmiş və üçrəngli bayrağımızı əzəmətli Azərbaycan himninin sədaları altında dalğalandırmağa nail olaraq, həyatını xalqına, millətinə və dövlətinə qurban verərək, doğma vətəninə olan hədsiz ehtiram və məhəbbətini “Ömrümün qalan hissəsini xalqıma bağışlayıram” ifadəsində təcəssüm etdirmişdi.
1993-1995-ci illərdə taleyinə məhrumiyyət və çətinliklər yazılmış Azərbaycan xalqı müharibələrin içərisində ən iyrənci və dəhşətlisi sayılan vətəndaş müharibəsinin bircə qədəmliyində idi. “Vətəndaş müharibəsində hər bir qələbə məğlubiyyətdir” - bu müdrik kəlam qədim Roma şairi Mark Anney Lukana məxsus olmaqla bəşəriyyətin tarixi müharibələrlə zəngin olduğu üçün bütün dövrlərdə müasirliyini və aktuallığını qoruyub saxlamışdır. Həmin dövrdə belə bir faciənin Azərbaycanda baş verməməsi üçün xalq tarixi situasiyada qüvvələr tənasübünü ümummilli mənafelər məxrəcinə daşıya biləcək, qan tökülmədən mövcud pat vəziyyətini neytrallaşdıra biləcək bir liderə ciddi ehtiyac olduğunu diktə etmiş, ümummilli konsensusu təmin edə biləcək yeganə şəxsiyyəti isə Heydər Əliyev timsalında görmüşdü.
Dövlətin, millətin mənafeyini, onunla bir müstəvidə olan başqa mənafelərə toxunmadan ifadə edə bilmək siyasətçidən böyük məharət tələb edir. Burada fikirlərin incə-mürəkkəb quruluşu sözün, cümlənin də incə-mürəkkəb quruluşunu tələb edir. Hər hansı yonulmamış fikir, qaba söz sonradan qarşısı alınması çox çətin olan problemlər törədə bilər və yaranmış mürəkkəb və çətin vəziyyətdən nəinki çıxış nöqtəsi əldə olunmaz, hətta vəziyyəti daha da gərginləşdirər.
1969-cu ildə ABŞ-da baş verən hadisələr bəlkə də çoxlarının yadından çıxıb. Vyetnamdakı canlı müharibə sadə amerikalıları cana doyurmuşdu. Yüz minlərlə insan kütləsi ölkənin hər yerindən Vaşinqtona axışır, mitinqlər ara vermirdi. Konqres prezident Niksonun istefasını tələb edirdi. Niksonun bir çox həmkarları da ondan üz döndərmişdilər. Amerika tarixi bəlkə də bundan kritik bir dönəm yaşamamışdı. Prezident həyəcan və əndişə içində idi, noyabrın 3-də televiziya ilə xalq qarşısında çıxış edəcəkdi. Lakin nə desin, Prezidenti və Amerikanı xilas edəcək sözləri haradan tapsın!? Gecədən xeyli keçəndən Kemp Deviddəki otağında yalnız qalan Nikson hazırlanmış çıxışının mətnini dönə-dönə oxuyur, ancaq nəyinsə çatışmadığını hiss edirdi.
Nə idi bu lənətə gəlmiş sözlər? Həyəcanlanmış, qızışmış, kükrəmiş insan selini necə, hansı sözlərlə sakitləşdirmək, ruhunu oxşamaq, ram etmək olardı? Gecədən xeyli keçəndən sonra ağlına gəlmiş bir fikir qəlbini işıqlandırdı. Əlinə qələm alıb mətnin sonuna bu sözləri əlavə etdi: “Bu gün, sizə, mənim böyük amerikalı həmvətənlərimin susan əksəriyyətinə müraciət edərək sizin yardımınızı diləyirəm. Gəlin sülh naminə birləşək. Gəlin eləcə də məğlubiyyət əleyhinə birləşək. Gəlin eləcə də anlayaq ki, Şimali Vyetnam Birləşmiş Ştatları məğlub edə, yaxud alçalda bilməz. Bunu yalnız amerikalılar özləri edə bilərlər”.
Aparılan rəy sorğusuna görə Niksonun “susan amerikalılara” müraciətindən sonra reytinqi birdən-birə 11 bal yüksəlmiş, teleqram, məktub və telefon zənglərinin ardı-arası kəsilməmişdi.
Bununla bahəm 1993-1995-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəli dövründə Heydər Əliyevin xalqa müraciətini xatırlamaq yerinə düşər: “Hörmətli həmvətənlər, əziz bacılar və qardaşlar. Sevimli Azərbaycan xalqı!... Mən xalqa həmişə ümid bəsləmişəm, həmişə xalqa güvənmişəm. Xalqın nə qədər qüdrətli və müdrik olduğunu daim bilib yəqin etmişəm”.
Bu çıxışından sonra bütün Azərbaycan xalqı ayağa qalxmış, sanki yuxudan oyanmış, prezidentin ətrafında Vətən, torpaq naminə daha sıx birləşmişlər.
Dahilərdən biri yazır ki, insan əgər yalnız özü üçün zəhmət çəkirsə, o bəlkə də məşhur alim, böyük mütəfəkkir və s. ola bilər: lakin heç vaxt böyük insan ola bilməz. Tarix o adamları böyük adam deyə qəbul edir ki, onlar ümumbəşəri məqsəd üçün zəhmət çəkməklə (azadlıq, müstəqillik, millətin və xalqın tanıdılması və s.) daha çox adama (kütləyə) səadət və xoşbəxtlik gətirsinlər. Heydər Əliyev kimi.
1793-cü ildə Fransa kralı XVI Lüdoviqin edamına bir dəqiqə qalmış o, cəlladdan soruşur: “Laperuzdan bir xəbər yoxdur ki?” (Fransız xalqının böyük vətənpərvər oğlu Laperuz məşhur dəniz səyyahlarından olmuşdur. Sakit okean (1785-1788) ekspedisiyasına başçılıq edən Laperuz 1788-ci ildə öz gəmiləri ilə bərabər itkin düşmüşdür).
İnsan şüurunun əsrarəngizliyinə, daxili bütövlüyünə, mənəvi əqidəsinə, milli qeyrətə, bir sözlə kişiliyinə bax. O, ölümünə bir an qalmış belə öz taleyindən yox, dünya səyahətinə çıxmış (itkin düşmüş) həmvətənlərindən, həmdillərindən çox nigaran idi.
Böyük Öndərimiz Heydər Əliyevi Fransa kralı XVI Lüdoviqlə müqayisə etmək fikrim yoxdur. Ancaq əsası Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yubileyi ilə əlaqədar keçirilən təntənəli yığıncaqda həyəcandan, sevgidən, vətən oğullarına olan məhəbbətdən və heyrətdən irəli gələn Heydər Əliyev qəlbinin saflığının, paklığının, ülviliyinin və Vətənin gələcəyinə olan ümidinin bir daha canlı şahidi olduq.
Tarix Ümummilli Liderimiz Heydər Əliyevin çiyninə XX əsrin son qərinəsində xilaskarlıq missiyasını qoyub. Türk dünyasının Böyük oğlu Heydər Əliyev də bütün çətinliklərə sinə gərərək bu tarixi missiyanı şərəflə yerinə yetirmiş və Müasir Azərbaycan dövlətini qurmuşdur.
Əsrlərin təcrübəsi göstərir ki, öz ölkələrinin tərəqqisinə xidmət etmiş şəxsiyyətlər nəticə etibarilə bütün dünyanın inkişafına da töhfə vermiş olurlar.
Dünyanın indiyədək yetirdiyi nadir tarixi şəxsiyyətlər içərisində özünəməxsus xüsusi yer tutan Heydər Əliyev də öz xalqının taleyində həlledici rola malik olduğundan, kritik məqamlarda bir çox millətlərin xilaskarı kimi çıxış etmiş və həyata keçirdiyi sözün həqiqi mənasında tarixi missiya ilə həmişəlik yaddaşlarda qalmışdır.
Vaxtilə Sov.İKP MK Siyası Bürosunda Orta Şərq və İslam Dünyası üzrə müşavir vəzifəsini daşıyan Heydər Əliyev 1982-1987-ci illərdə tez-tez Misir, Liviya, Suriya, Pakistan, İordaniya və Yəmən Xalq Demokratik Respublikasında öz müdrik siyasətini həyata keçirmiş, 1984-cü ildə Suriya prezidenti Hafiz Əsədə qarşı qardaşı Rifat tərəfindən törədilən dövlət çevrilişinin 14 saat ərzində qarşısını almış, 1986-cı ildə YXDR-da baş vermiş və 50 minə yaxın insanın ölümüylə nəticələnmiş, dəhşətli qardaş qırğınını 24 saat ərzində dayandırmışdır.
XI əsrin məşhur tarixi-ədəbi abidəsi hesab olunan “Siyasətnamə” əsərində Nizamülmülk yazır ki, “Böyük Yaradan hər əsrdə insanlar arasında bir adam seçib ona məxsus istedad və qabiliyyət bəxş edir, ona ad və şöhrət qazandırır; ölkənin asayişini, rəiyyətin yaşayışını ona tapşırır, fitnə, fəsad qapıları onun vasitəsilə bağlanır. Onun qorxusu qəlblərə çökür, əzəməti göz qamaşdırır. Bunun nəticəsində insanlar onun ədaləti sayəsində güzəran keçirib əmin-amanlıqla yaşayır və onun dövlətinin davamını istəyirlər”.
Açıq etiraf etmək lazımdır ki, bu gün Heydər Əliyevin ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttini təşkil edirsə və onun siyasi varisi və layiqli davamçısı İlham Əliyev bütün varlığı ilə müstəqil dövlətimizin iqtisadi və siyasi, ideoloji bazasının formalaşmasında həlledici əhəmiyyətə malik işlər görürsə, deməli Heydər Əliyev ideyalarının həyata keçirilməsi prioritet vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz dövlət başçısının yeritdiyi siyasəti bəyənir.
Tarixi məxəzlər və faktların müqayisəsi, təhlili, məntiqi nəticəsi və mühakimələr, nəhayət sağlam düşüncə göstərir ki, tarixdə şəxsiyyətin tarixi xidmətlərinə qiymət verilərkən, tarixi xadimlərin müasir tələblərə nisbətən vermədikləri şeyləri deyil, yeni şeylər əsas tutulur. Bu mənada Heydər Əliyev öz sələflərilə müqayisədə çox işlər görmüş, bəşəriyyət tarixində türk dünyasına Azərbaycan kimi cahanşümül bir əsər bəxş etmişdir.
Bütün tarixi dövrlərdə dünyanın ən ağıllı və müdrik insanları belə hesab etmişlər ki, dövlət başçısı ölkənin abadlığı ilə məşğul olmalı, su çəkdirməli, kanallar qazdırmalı, böyük çaylar üzərində körpülər saldırmalı, kəndləri abad etməli, qalalar ucaltmalı, yeni şəhərlər saldırmalı, yüksək binalar, gözəl malikanələr tikdirməlidir. Bu işlərdən onun adı əbədi olaraq qalar, savabı isə o dünyada çatar, ona həmişə xeyir-dua oxunar.
Heç kim üçün sirr deyil ki, Azərbaycan üçün XX əsrdə Heydər Əliyev qədər xidməti olan ikinci bir tarixi şəxsiyyət adı çəkmək mümkün deyil. Bu mənada Heydər Əliyev fenomeni xalqın tarixi yaddaşının şərəfli bir hissəsinə çevrilmişdir. Onun irsini davam etdirmək hər bir vətən oğlu üçün borc, şərəf və müqəddəslik işi hesab edilməlidir ki, onun ruhu əbədi olaraq rahat olsun.
Tarixi gerçəklik sübut edir ki, Heydər Əliyev də dünyanın bütün dahi şəxsiyyətləri ilə bir cərgədə durur. Çünki, zamanın müxtəlif və fərqli cəhətlərinə baxmayaraq Heydər Əliyevin xalq, millət və dövlət üçün etdikləri təkcə Şərq, Avropa deyil, dünya miqyasındadır.
Bütün bunlara görə Heydər Əliyev fenomeni xalqın tarixi yaddaşına əbədi yazılıb.
Fizuli İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Akademiyasının Humanitar fənlər
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər