• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

«Heydər Əliyev deyirdi ki, Tamara, sən bizim gəlinimizsən»

13.07.13 08:25 2432
«Heydər Əliyev deyirdi ki, Tamara, sən bizim gəlinimizsən»
Böyük Teatrın məşhur metso-sopranosu Tamara Sinyavskaya həmişə yaradıcı dünyada özünün nəhəng istedadı, əməksevərliliyi, qeyri-adi cazibədarlığı və parlaqlığı ilə şöhrət qazanıb. O, indi də gözəldir. Bu gün müğənni pedaqoq, öz tələbələrinin sevimli müəllimi kimi yaşayır. Amma keçmiş haqqında danışanda onun iri qonur gözlərindən yaş əskik olmur.
Məşhur opera müğənnisi 70 illik yubileyi ərəfəsində «Arqumenti i faktı» qəzetinə müsahibəsində Böyük teatr, Müslim Maqomayev və məhəbbəti haqqında danışıb.
O, əsl centlmen idi
- Tamara İliniçna, bir opera müğənnisi mənə etiraf edib ki, hər artist özü haqqında düşünür: «Mən – yerin göbəyiyəm». Ancaq sizin məşhur ailənizdə iki ulduz, iki SSRİ Xalq artisti olub.
- Anam məni tamamilə başqa cür tərbiyə edib: sən - kainatın mərkəzi deyilsən. Mən həmişə belə yaşadım. Heç vaxt qorxmadım ki, tac birdən laxlayar və düşər. Hə, düzdür, özümü Müslüm kimi bir artist və şəxsiyyətlə yanaşı «göbək» hesab edə bilərəm. Mən həmişə Tanrı tərəfindən mənə kimin göndərildiyini anladım. Mənim fikrimcə, Müslüm lazımi qədər qiymətləndirilməyib. O, təkcə müğənni kimi yox, həm də insan kimi unikal idi. Son dərəcə nəzakətli idi və heç vaxt heç kimi incitmirdi. İndiyə qədər onun haqqında yazılan kitablarda heç kim onun adına kiçicik də olsa qara bir ləkə yaxmayıb. Müslüm öz yüksək ləyaqəti ilə nəhəng şəxsiyyət idi. Heç kəs onun üçün sadəcə əl çalmayıb. Bütün alqışları o qazanmışdı. O, çox xeyirxah idi, ancaq məsafə saxlamağı xoşlayırdı. Hətta, biz onunla uzun illər aramızda «siz» kəlməsini qoruyub saxlamışdıq. Xüsusi danışmırdıq, amma bu, bizim üçün təbii münasibət idi. Mən heç vaxt ərimə ağalıq etmək istəməmişəm. Sadəcə, nə qədər axmaq olmaq lazımdır ki, özünü ailədə başçı hesab edəsən. Nə üçün? Doğurdanmı, qadın kimi qalmaq pisdir? Baxmayaraq ki, bu, feminist olmaqdan daha ağırdır. Ona görə ki, qadın həmişə kişinin qayğısı ilə əhatə olunmalıdır. Amma bunun əlavə şərtləri də var. Bir çox qadınlar tənbəldir. «Özünə çay süz», «Telefonun dəstəyini qaldır»- mən heç vaxt belə etməmişəm. Evimizə tez-tez dostlarımız gəlirdi. Müslüm qonaqları sevirdi. O, bir neçə dəfə hansısa qadının öz ərinin sözlərinə əsəbi cavab verdiyini eşitmişdi. Bütün bunlar mənə dərs olmuşdu. O, özünü həmişə alicənab aparırdı. Heç vaxt mənə qarşı kobudluq etməmişdi. O, əsl centlmen idi. Müslüm tanışlığımızın ilk günündən son gününə qədər mənə ağayana qulluq edirdi. Mənə gül dəstələri bağışlayırdı. O, bunu norma sayırdı.
- Ancaq Maqomayevin müsahibəsində oxumuşam ki, hərdən sizin də ehtiraslarınız «qaynayırmış». O, hətta, çıxıb Bakıya gedir, susur və sakitləşirmiş. Belə çıxır ki, hərdən iş arada daşdan çıxırmış…
- Əgər belə olmasaydı, qəribə olardı. Bizim yaradıcı debatlarımız olurdu. Bunlar məişət mövzuları ilə bağlı deyildi. Məsələn, hər hansı bir tanış müğənni haqqında danışırdıq. «Heç təsəvvür edirsən, o, bu notu örtməyi bacarmır» - «Sən heç nə başa düşmürsən, əksinə, onu örtmək lazımdır». Bu mövzuda bizim səsimiz qalxırdı. Yaradıcılıq – bizim həyatımız idi. Musiqi bütünlüklə Müslümün canına hopmuşdu. Mən də həmçinin. Bakıya getməyinə gəlincə, əlbəttə, onun belə xarakteri var idi. Unutmayın o, Şərq kişisi idi. Tez özündən çıxmaq və tez də soyumaq...
İndi təkcə iş qalıb…
- Bu sualı sizə vermək də çox çətindir: əriniz həyatınızdan gedəndən sonra normal həyata necə qayıtdınız?
- (Uzun pauza) Sizə kim dedi ki, mən ona qayıtmışam? Müslüm hər gün mənim yuxuma girir. Səhər tezdən dururam və mənə elə gəlir ki, indi kofe süzməyi xahiş edəcək (müğənninin gözlərində yaş parlayır). Mən bu gün sizi gözləyirdim. Dünən institutda idim, sonra radioya getdim. Mən sadəcə, öz həyatımı doldurmağa çalışıram. Ancaq normal həyatıma qayıtmamışam. Əvvəllər mənim evim, ailəm və sevimli işim vardı. İndi isə təkcə iş qalıb…
- Siz uzun müddət Böyük Teatrın opera divi olmusunuz. Tez-tez dünyanın ən yaxşı teatrlarına qastrollar etmisiniz. Bəs bu gün Tamara Sinyavskayanın iş günləri nə ilə tamamlanır?
- Mən Teatr İnstitutunun vokal kafedrasının müdiriyəm. Orada klassik vokaldan dərs deyirəm. Vaxtımın çox hissəsini tələbələrlə keçirirəm. Sinfimdə 8 tələbə oxuyur. Hərdən bir sözü 500 dəfə demək lazım gəlir. Bunun üçün böyük səbr lazımdır. Yalnız dördüncü kursdan sonra şagirdlər dərk etməyə başlayırlar ki, sən demə müəllimlə sıx əlaqədə olmaq lazımmış. Mən hazırkı qanunun tələbələrdən bütöv bir ilin oğurlanmasından çox narahatlıq keçirirəm.
- Tenor Xose Karreras deyib ki, opera müğənnisinin qəlbi nə qədər təmiz və xeyirxah olarsa, onun tembri də bir o qədər gözəl olar. Yəni pis adamın heç vaxt yaxşı səsi ola bilməz.
- Mən bu fikri başqa cür deyərdim: səs yaxşı ola bilər, ancaq onun yönləndirilməsi… Tembrdə insanın intellektini, onun ürəyini, qəlbini bilmək olar. Əsas tembrdə cazibədir. Hər şey ürəkdən süzülür. Hər şey eşidilir. Əgər insan qəddar və kinlidirsə, onun səsi necə yaxşı ola bilər? İnsanlar musiqiyə qulaq asdıqca özləri də bunu ayırd edirlər. Müğənni səsini hansı istiqamətə yönləndirməyi bilməlidir. Ümumiyyətlə, teatrda işləmirlər, onunla yaşayırlar. Məncə bu, sizin sualınıza cavabdır. Mən Böyük Teatrda 40 il yaşamışam.
Mən artıq cavan qız deyiləm
- Hazırda çox yaxşı balet və opera ifaçıları var. Ancaq sizin vaxtınızda olduğu kimi belə nəhəng, belə əfsanəvi müğənnilər və ifaçılar yoxdur. Qalina Vişnevskaya, Qalina Ulanova, İrina Arxipova, Maya Plisetskaya, Yelena Obraztsova, Vladimir Obraztsov, Vladimir Vasilyev, Tamara Sinyavskaya, Yekaterina Maksimova… Nə üçün yaradıcı şəxsiyyətlərin maştabı belə azalıb?
- Əfsanə insanın arxasınca gəlir. Deməli, artist olmaq üçün işləmək lazımdır. Əgər publika da həqiqətən səni sevirsə, artıq əfsanəni uydurmaq olar. Həqiqətən də bizim nəslimiz çox qüdrətli idi. Operada isə bütöv bir qızıl zolaq var idi. Bu gün belə mümkündürmü? Soruşun. Pedaqoq kimi cavab verirəm – hə. Ancaq müğənniləri yetişdirmək lazımdır. Amma bu gün hamısı tələsik nəticələr, təcili pullar istəyir. Əsl yaradıcılıqda belə olmur. Mən ona görə də həmişə nəsillərin varisliyi və təcrübə verməyin tərəfdarıyam. Heç nəyi gənclərdən əsirgəmək lazım deyil. Biz öyrəndiklərimizi onlara verməliyik. Məni özümdən 20 yaş böyük insanlar yetişdiriblər.
- Sizin Müslüm Maqomayevlə həyatınız Moskva ilə Bakı arasında keçib. Bəs indi sizi məşhur müğənninin vətəni Azərbaycanda necə qəbul edirlər?
- Mən əvvəlki kimi onlar üçün gəlinəm. Məni Heydər Əliyeviç belə adlandırıb. O, bizim Müslümlə toyumuzda: «Sən, Tamara, bizim gəlinimizsən, bütün Azərbaycanın gəlinisən» dedi. Çünki Maqomayev bütün Azərbaycanın oğlu idi. Onlar bugünə qədər məni elə qəbul edirlər. Moskvada Müslümün heykəli qoyulub. Bu abidəni bizim böyük dostumuz Araz Ağalarovla Moskva hökuməti qoyub. Bakıda isə Müslüm Maqomayev Fəxri Xiyabanda uyuyur. Azərbaycan prezidenti İlham Əliyev və onun həyat yoldaşı Mehriban xanım Müslümə çox gözəl abidə qoydurublar. Mən hər yarım aydan bir Bakıda oluram. Fiziki cəhətdən bu, əlbəttə, çətindir. Gördüyünüz kimi mən artıq cavan qız deyiləm. Axı mən necə onun yanına uçamaya bilərəm?
Tərcümə etdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər