• şənbə, 20 Aprel, 10:00
  • Baku Bakı 14°C

Heydər Əliyev adına İdman Sarayı yüksək standartlara cavab verir - Reportaj

20.05.15 06:42 10787
Heydər Əliyev adına İdman Sarayı yüksək standartlara cavab verir - Reportaj
7800 tamaşaçı tutumu olan bu arenada I Avropa Oyunları zamanı güləş, cüdo və sambo yarışları keçiriləcək
Heydər Əliyev adına İdman-Konsert Kompleksi paytaxt Bakının memarlıq incilərindən biridir. İnşasına 1977-ci ildə başlanılan kompleks 1990-cı ilin noyabr ayında istismara verilib. O zaman kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salondan, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarət olub. Baş meydandan, həmçinin idmanın 16 növü üzrə yarışlar, konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün də istifadə etmək mümkün olub.
Ötən müddətdə burada bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Bununla yanaşı, kompleksdə 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsertlər də keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü ilin mart ayında imzaladığı sərəncamla bu kompleksə ümummilli lider Heydər Əliyevin adı verilib. Gənclər və İdman Nazirliyinin qərarına görə isə, Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına əsasən ilin ən yaxşı idman qurğusu elan edilib.
Azərbaycanın dünyada ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etməsi bu idman obyektinin də yenidən qurulmasını, oradakı şəraitin daha da yaxşılaşdırılaraq müasir standartlara uyğunlaşdırılmasını zəruri edib. Bu səbəbdən sözügedən kompleksdə də əsaslı təmir-bərpa işlərinə başlanılıb. Cari ildən Heydər Əliyev adına İdman Sarayı kimi qapılarını yenidən idmançıların üzünə açıb. Paytaxtımızın Tbilisi prospektində yerləşən İdman Sarayı I Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə tam hazırdır. Həm bu hazırlığı öz gözlərimizlə görmək, həm də idman sarayı ilə daha yaxından tanış olmaq üçün bu günlərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə müraciət etdik və onların təşkilatçılığı ilə sözügedən idman obyektində olduq.
I Avropa Oyunları zamanı Heydər Əliyev adına İdman Sarayında müdir müavini vəzifəsini icra edəcək İlkin Babayev bizə kompleksi yaxından tanıtdı. O, söhbət əsnasında bildirdi ki, I Avropa Oyunları ilə əlaqədar aparılan təmir işləri zamanı binanın fasadı tamamilə yenilənib. Fasad xüsusi örtüklə üzlənmiş konstruksiya nəticəsində tac şəkilli görkəm alıb. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən I Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra əlavə tədbirlər görülüb.
İ.Babayev İdman Sarayının əsasən iki hissədən ibarət olduğunu söylədi. Qeyd etdi ki, birinci hissə yarış iştirakçılarının isinmə zalı və otaqlarından ibarətdir. Onun sözlərinə görə, məşqlər “Excelsior Hotel” də keçiriləcək. Yarışlara çıxacaqları gün isə idmançılar bu zala gələcəklər. Burada onların yarış öncəsi isinməsi üçün hər cür şərait yaradılıb. İdman Sarayında 13-18 iyun tarixində güləş – sərbəst və Yunan Roma güləşi, 25-28 iyunda cüdo, 22 iyunda sambo yarışları keçiriləcək. Ümumi sahəsi 1500 kvadratmetr olan Sarayın birinci hissəsində soyunub-geyinmə otaqları yaradılıb. Burada idmançılar isinib, yarışa hazırlaşacaqlar. Sarayda iki ədəd gözləmə otağı da yaradılıb. Onlardan birincisi isinmə zalında, ikincisi arenaya çıxışda quraşdırılıb: “İsinmə zalında soyunub-geyinmə otaqları və saunalar inşa olunub. Zalda xüsusi masaj stolları da quraşdırılıb. İsinmə zalında 4, yarışların keçiriləcəyi əsas zalda isə 3 döşək yerləşdirilib. Yarışların başlanmasından 2 saat əvvəl idmançılar obyektə gələcəklər. Hər yarışdan əvvəl idmançılar çəkilərini dəyişmək üçün saunalardan istifadə edəcəklər. Burada televizor da var. Yarışlar zamanı radio vasitəsilə növbəti çıxış edəcək iki idmançının adı çağırılacaq. Arenanın yanında daha bir gözləmə yeri var. İdmançı soyumasın deyə son məşqini edib sonra tatami üzərinə qalxacaq. İdmançıları bu zaldan arenaya qədər isə könüllülər müşayiət edəcəklər. Könüllülərin köməyi ilə yarışçılar arenaya tərəf gedəcəklər. Qayda belə olacaq ki, iki nəfər idmançı arenaya çıxışdakı gözləmə otağında yarış vaxtını gözləyəcək, növbəti iki nəfər isə bu zaldakı otaqda. Arenanın yaxınlığındakı gözləmə zalında olan iki idmançı yarışa çıxandan sonra buradakı iki idmançı onların yerinə keçəcək. Zaldan isə iki idmançı buradakı otağa keçəcək. Bu qayda və ardıcıllıqla bütün idmançılar yarışa çıxacaqlar”.
İ.Babayev Arenanın ümumi tutumunun 7800 nəfərə yaxın olduğunu diqqətə çatdıraraq, oyunlar zamanı təhlükəsizlik tədbirləri və sair nəzərə alındığından, bu rəqəmin maksimum 5 min nəfər olacağını vurğuladı. Dedi ki, sambo və güləş üçün 5 min, cüdo üçün 4 min tamaşaçı nəzərdə tutulub: “I Avropa Oyunları zamanı təkcə bu obyektdə 1800 nəfərə yaxın işçi çalışacaq. Yarışlarda güləş üzrə 480, sambo üzrə 77 idmançı mübarizə aparacaq. Cüdo üzrə mübarizə aparacaq idmançıların sayı isə bundan çox olacaq. Çünki Londonda cüdo üzrə Avropa çempionatı ləğv edildiyindən Rio-2016 Yay Olimpiya Oyunlarına yeganə lisenziya verən yarış Bakıda keçiriləcək I Avropa Oyunları olacaq. Bu səbəbdən yarışlarda cüdo üzrə idmançıların sayının çox olacağı gözlənilir. İlk öncə bu rəqəmin 363 olacağı deyilirdi. Amma indi bundan da çox sayda idmançının yarışa qatılacağı bildirilir”.
İ.Babayev İdman Sarayında VİP, media otaqları, konfrans zalı, media işçiləri və atletlər üçün ayrıca yemək otaqlarının yaradıldığını, ümumilikdə idman obyekti ərazisinin sürətli internetlə təmin olunduğunu bildirdi. Dedi ki, aprel ayının 16-19-u tarixlərində arenada sınaq yarışları da keçirilib.
İ.Babayevlə İdman Sarayının bütün ərazisini dolaşıb deyilənlərin, görülən işlərin əyani şahidi olduq. Beləliklə, daha bir idman obyektinin - Heydər Əliyev adına İdman Sarayının da I Avropa Oyunlarına ən yüksək səviyyədə hazır olduğunu gördük.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər