• cümə axşamı, 18 aprel, 17:57
  • Baku Bakı 22°C

“Həyatmı elə qurmuşam ki, əlilliyim mənə mane olmur” - Xarakter

10.02.17 11:30 3788
“Həyatmı elə qurmuşam ki, əlilliyim mənə mane olmur” - Xarakter

15 yaşına kimi bir addım belə atmayıb. Amma 15 yaşında onu addımlamağa vadar edən sevgi hissi olub. Sevdiyi qızla vaxt keçirmək istəyi ona motivasiya verib və gəzməyə cəhd edib. Heç bir tibbi müdaxilə olmadan ilk addımını atıb və bu addımından ilhamlanaraq, addımlarının sayını artırmaq üçün aylarla məşq edib. Baxmayaraq ki, həkimlər onun gəzə bilmək imkanının sıfır olduğunu deyib. Cəhdi uğurlu alınıb. Əvvəlcə evdə, sonra öz məhəllələrində, sonra qonşu məhəllələrdə gəzməyə başlayıb… Bir gün baxıb ki, sərbəst şəkildə gəzə, hətta yaşadığı ölkədən başqa bir ölkəyə gedə bilir. Qəhrəmanımız 27 yaşlı Murad Məmmədovdur. Murad "Müstəqil Həyat” təşkilatında əlillik sahəsi üzrə ekspert, "Bank of Baku”nun Məlumat Mərkəzi şöbəsində operator-ekspert kimi fəaliyyət göstərir. Həm də bloger, "Uğurun xəritəsi” adlı kitabın müəllifidir. Eyni zamanda, yeni yaranan "Əsa” Teatrında direktor və aktyor kimi alışır.
- Bloqunuzdakı yazılardan, "facebook” statuslarınızdan çox güclü xarakterə sahib insan təsiri bağışlayırsınız. Bu gücü haradan alırsınız?
- Uşaqlıqda çox çətinliklər çəkmişəm. 15 yaşıma qədər gəzə bilməmişəm. 15 yaşımda heç bir tibbi müdaxilə olmadan gəzməyə başlamışam. Həyatımın bütün mərhələlərində olduqca böyük çətinliklərlə rastlaşmışam və hamısının öhdəsindən demək olar, təkbaşına gəlmişəm. Bu, mənə daha da güc verib. Hazırda isə gücü keçmiş uğurlarımdan alıram. Bir neçə gün arxaya çevrilib baxanda necə böyük işlər gördüyümün şahidi olmağım yetərlidir. Bu, qarşılaşdığım problemləri tamamilə həll edə biləcəyimə əmin olmağım üçün kifayətdir. Mənə elə gəlir ki, insan güclü, müdrik olmaq üçün mütləq şəkildə çətinlik çəkməlidir. Çətinlik çəkməyən insan heç vaxt bu xüsusiyyətlərə sahib ola bilməz.


- Həm də "Bank of Baku”da işləyirsiniz. Bankla yollarınız necə kəsişdi?
- 2010-cu ildən bu yana 100-dən çox yerli, regional və beynəlxalq təlimdə, layihədə iştirak etmişəm. İştirak etdiyim layihələrdən biri də "Bank of Baku”nun "Məhdudiyyətlərə meydan oxu” layihəsi idi. Bu layihə çərçivəsində bir ay ərzində əlilliyi olan insanlara təlim keçirdilər. Sonradan bəlli oldu ki, imtahanlardan yaxşı nəticə əldə edən iki nəfəri işə götürmək istəyirlər. Mən ən perspektivli şəxslərdən biri idim. Çünki avtobioqrafiyam oradakı iştirakçılara nəzərən həddən artıq zəngin idi. Onlarla layihədə iştirak etmişdim və müştərilərlə iş təcrübəm var idi. Müxtəlif şirkətlərdə çalışmışdım. İmtahanları yaxşı verdim və beləliklə, 2015-ci ildən bankda çalışmağa başladım. Hazırda "Bank of Baku”nun Məlumat Mərkəzi şöbəsində operator-ekspertəm. Doğrusunu deyim ki, məqsədlərim, planlarım sırasında hər hansı bankda çalışmaq iddiası yox idi. Artıq bir ildən çoxdur bu bankdayam.
- Fiziki məhdudiyyətli uşaqları adətən valideynləri evə qapadır, sosiallaşmalarına izn vermirlər. Bu cür valideynlərə sözünüz?
- Bu, təbii ki, yanlışdır. Ola bilər ki, uşağın əlilliyi aradan qaldırılmasın, amma onun reabilitasiyası mümkündür. Valideynlər çalışmalıdırlar ki, övladlarını reabilitasiyaya cəlb etsinlər. Üstün olan xüsusiyyətlərini daha da inkişaf etdirərək, övladlarını cəmiyyətə qazandırsınlar. Çünki əlillik son, dünyanın axırı deyil. İnsan əlilliyi olduğu halda belə, çoxsaylı uğurlar qazana bilər. Bu yolda valideynlər övladlarına dəstək olmalıdırlar. Əgər belə etsələr, valideynlər nə qədər yaxşı iş gördüklərinin fərqinə varacaqlar və əlilliyi olan övladların uğurlarından faydalanacaqlar.

Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər