• cümə, 26 Aprel, 14:06
  • Baku Bakı 23°C

Həyatını xəstələrinə həsr edən həkim

10.04.19 10:00 667
Həyatını xəstələrinə həsr edən həkim
Dünyada minlərcə peşə və sənət mövcuddur. Bu müxtəliflikdə nəçi olmaq böyük bir sınaq və imtahandır. Hansını seçməli? Nəçi olmalı? Həqiqətən çox məsuliyyətli bir məsələdir. Uşaqlara ən çox verilən suallardan biri də böyüyəndə hansı peşənin sahibi olacağı ilə bağlıdır. Hər uşaq fərqli cavablar verir. Bəzisi müəllim, kimisi vəkil, bir qismi isə həkim olacağını deyir. Səbəbini soruşduqda isə hərəsi öz arqumentini irəli sürür. Məncə, ən maraqlısı həkim olmaq istəyənlərin cavabıdır. Həmin uşaqların həkim olmaq istəmələrinin bir səbəbi olur, o da insanları sağaltmaq. Bəlkə də bir çoxu böyüyəndə həkim olmur, fərqli sahələrə yönəlir, amma azyaşlı birinin bunu arzulaması belə, təqdiredicidir. Ona görə də cəmiyyətimizdə həkimlərə böyük etimad var. Xüsusilə də işinin peşəkarı olan həkimlər çox sevilir. Həmin həkimlərdən biri də Goranboy rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin baş həkimi Şubay Hacıyevdir.
Şubay həkim bu yaxınlarda vəziyyəti ağırlaşan şəkər xəstəsi olan xanımı qısa müddətdə sağaldıb. Həmin xəstənin yaxınları həkimin müalicəsindən və onun xəstələrə olan münasibətindən elə ürəkdən danışdılar ki, zəng vurub onun özü ilə söhbət etmək istədim. Həmin söhbəti oxucularla da bölüşürəm ki, hər kəs aramızda işinin peşəkarı olan xeyli mütəxəssisin olduğunu bilsin.
Öncə həkim haqqında məlumat verim. Şubay Hacıyev 1966-cı ildə Goranboy rayonunda anadan olub. 1993-cü ildə universiteti bitirdikdən sonra doğma yurduna qayıdan həkim, elə o vaxtdan Goranboy rayon mərkəzi xəstəxanasında işləməyə başlayıb. 2007-ci ildən isə xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Həkimlə söhbətimiz zamanı dedi ki, reanimasiya şöbəsində olan xəstələrə münasibət yüksək səviyyədə olmalıdır: "Reanimasiya elə şöbədir ki, orada xəstələrə maksimum dərəcədə yaxşı münasibət olmalıdır. Çünki həmin şöbədə ağır xəstələr yatır. Gələn bütün xəstələrə xüsusi qayğı göstərməli, onların xəstəliyi ilə yaxından məşğul olmalısan. Bütün gücünlə çalışıb, xəstəni həyata qaytarmalısan. Mən bütün fiziki və mənəvi gücümü xəstələrə sərf edirəm. Demək olar ki, 1993-cü ildən həyatımı xəstələrimə həsr etmişəm”.
Həmsöhbətimizdən yaxşı, xəstələrin sevdiyi, hörmət bəslədiyi həkim olmağın sirrini soruşduq: "Bu işdə əsas səbirli olmaqdır. Mən gənc həmkarlarıma da həmişə məsləhət görürəm ki, səbirli, təmkinli olsunlar. Fərqli sahələrin həkimləri ola bilərlər, amma əsas olan işlədikləri sahəni sevmələri və səbirli şəkildə fəaliyyət göstərmələridir. Günümüzdə savadlı kadrlara böyük ehtiyac var”.
Müsahibimiz işinin çətin tərəflərindən danışarkən yaşadığı ərazidə həkim çatışmazlığı məsələsinə də toxundu: "İşimin gözəl tərəfləri olduğu kimi çətinlikləri də var. Belə ki, həkim çatışmazlığı ucbatından bütün günü tək işləmək çox çətindir. Həkimlərimiz var, amma yenə də istənilən sayda deyil. Çox təəssüf ki, bu sahə üzrə təhsil alan gənclərimiz iş yeri olaraq bölgələrdəki xəstəxanalara maraq göstərmirlər. Ona görə, xəstə çox olduğu zaman bir az çətinliyimiz olur. Amma yenə də bacardığımız qədər öhdəsindən gəlməyə çalışırıq”.
Şubay həkim deyir ki, xəstələrin ürəkdən minnətdarlıq etməsi nəyə desən dəyər: "Mən daim xəstələrə kömək etməyə çalışmışam. Heç bir maddi gözləntim də olmayıb. Onların duaları, ürəkdən gələn minnətdarlıqları mənim üçün çox dəyərlidir. Xəstələrdən və ya onların yaxınlarından gələn müsbət aura vacibdir. Mənim üçün insanı keyfiyyətlər daha önəmlidir. Bugünkü həkimlərə "xəstəni sağaldırsan, ya xəstəliyi” sualını verəndə əksəriyyəti "xəstəliyi” cavabını verir. Amma cavab "xəstəni” olmalıdır. Yəni ilk növbədə xəstə ilə söhbət etmək, onu dinləmək lazımdır. Həkim xəstəni ünsiyyət fonunda müalicə etməyi bacarmalıdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər