• cümə axşamı, 18 aprel, 08:03
  • Baku Bakı 12°C

“Həyatın özü bir bəstəkardır” - Fotolar

16.02.17 09:30 1540
“Həyatın özü bir bəstəkardır” - Fotolar
Türkiyənin ən güclü səslərindən olan Burcu Güneş karyerası və əldə etdiyi nailiyyətlər haqqında Türkiyənin tanınmış şou qəzetlərindən olan "Akşam” qəzetinə danışıb. İfaçı müsahibəsində son dönəmlər Türkiyədə baş verən terror hadisələrindən, ötən ay getdiyi Ümrə ziyarətindən də bəhs edib.
- Musiqi ilə məşğul olan bir ailəniz var. Maraqlıdır, sizi musiqiyə gətirən səbəb nə oldu?
- 13 yaşımdan etibarən atamla birlikdə səhnəyə çıxmışam. Səhnədə böyümək mənim üçün böyük bir şans oldu. Yəqin ki, əvvəlcə təhsil alıb, sonra səhnəyə çıxsaydım, mənim canlı performansım bu qədər yaxşı olmazdı. Çünki səhnə təbiilik və özünə inam tələb edir.
- Türkiyə pop musiqisinin ən güclü səslərindən birisiniz. İndi xəyalını qurduğunuz həmin o zirvədəsinizmi?
- Hələ görəcəyim çox iş var. Bütün xəyallarımı həyata keçirsəydim belə, qarşıma yeni hədəflər qoyardım. Sənət və musiqinin özündə ehtiva etdiyi o sonsuzluğu lap əvvəldən duymasaydım, bu işlə məşğul olmazdım.
- Sizin özəl bir səs rənginiz var. Cazdan tutmuş, türk sənət musiqisinə qədər mahnılar səsləndirmisiniz. İndi nə üçün yalnız pop mahnılar ifa edirsiniz?
- Pop musiqilərini hər şeydə harmoniya edə bilirik. Pop ifaçını sərbəst edə biləcək bir musiqidir. Mən də bu sənətə caz və pop musiqisi ilə başlamışdım. Ancaq daha sonra digər mahnıları da səsləndirdim.
- Musiqilərin bəstəkarı və söz yazarısınız. Yazarkən nədən ilhamlanırsınız?
- Hər şeyi daxilən yaşaya bilən bir insanam. Maddiyyatdan əvvəl mənəviyyata önəm verirəm. Daxili səsimi daha çox dinləyirəm. Konsertlərim, albomun və mahnılarımı yazarkən hisslərim məni yönləndirir. Həyatın özü bir bəstəkardır - insanlar, yaşananlar, hekayələr, gördüklərim filmlər, oxuduğum kitablar... Misal üçün, 2004-cü ildə çıxan "Ay şahid” albomumda yer alan "Uyan” adlı mahnımı Meral Okayın bir müsahibəsindən təsirlənərək yazmışdım. Meral Okayın həyat yoldaşı Onno Tunç ilə Sezen Aksunun eşq macərasından çox təsirlənmişdim. İki güclü qadının yaşadığı bu böyük eşq bu mahnını yazmağa məni vadar etmişdi.
- Bəs sizin ilham aldığınız bəstəkarlar varmı?
- Uşaqlıqdan bəri Ajda Pekkan, Sezen Aksu, Mehmet Teoman, Aysel Gürel, Melih Kibar, Onno Tunc, Çiğdem Talu kimi çox gözəl əsərlər yazan insanlardan ilham almışam. Bundan başqa, xaricilərdən Micheal Jackson, Whitney Housten, Celine Dion kimi məşhurlar var ki, onlardan örnək alıram.
- Bir çox musiqiçi pop mahnılarının məğzinin mənasız olduğunu deyir. Sizin də pop mahnıların sözləri ilə bağlı fikirləriniz bizim üçün maraqlıdır.
- Mən karyeram boyunca musiqi baxımından bütün gözəl mahnıları hazırlamağa çalışdım, əziyyət çəkdim, diqqət göstərdim. Musiqi üzərindən pul qazanmaqdan əlavə, bütün qayğılara qatlaşaraq musiqimizə dəyər verməyə çalışdım. Sənət insani dəyərləri təbliğ edir. Buna görə də sənətçilər məşhur mahnılar yaratmaqdan əlavə, cəmiyyətdən yararlanaraq insanlara dəyər verə biləcək işlər görməlidirlər. Sənətçilər davranışları, əsərləri ilə cəmiyyətin nümunəvi insanlarıdır. Hər hansı bir mahnı ərsəyə gətirərkən bütün bunları diqqətdə saxlayıram. Təəssüflər olsun ki, içində sənətə aid heç bir şey olmayan qısa ömürlü mahnılar da istehsal olunur. Bu məni çox məyus edir. Ona görə də bəzən musiqiçilərimizin yaratdığı bir çox əsərlər o qədər də gündəmdə qalmır.
- Türkiyədə ard-arda baş verən terror hadisələri bir sənətçi olaraq sizə necə təsir edir?
- Çox kədərlənirəm və həddindən artıq məyus oluram. Ancaq terror hadisələri qarşısında cəmiyyətdəki bütövlüyümüzü qorumağımız çox önəmlidir. Bütün türklər birləşib tək olmalıdır. Terrora qarşı mübarizə aparmalıdır. Allahın bizə verdiyi müqəddəs kitabdakı kimi təklik, vahidlik anlayışını dərk edə bilsək, heç bir acı yaşamarıq. Biz birlikdə hərəkət etməliyik. Terror kapitalist düzənə xidmət edir. Ölkəmizdə terror hadisələri daha güclü ölkələr tərəfindən dəstəklənir. Xarici güclər torpaqlarımızın bütövlüyünü pozmaq üçün terroru dəstəkləyir. Cəmiyyət olaraq biz də bu oyuna gəlməməliyik.
- Ötən il 15 iyul hadisələrindən sonra milli birlik və bərabərlik mesajı vermək üçün "Birliyə qovuş”u yazdınız və bu, böyük rezonans doğurdu.
- Bu əsəri yeddi il bundan qabaq yazsam da, albomlarıma daxil etməmişdim. Bu əsəri yazmaq üçün Mövlananın şeirlərindən ilhamlandım. 15 iyulda xainlərin hücumunu gördükdə isə, insanlara birlik mesajı vermək məqsədilə 29 oktyabrda bu mahnını xalqımızla paylaşdım. Dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxışlar edirəm və hesab edirəm ki, musiqinin dili ilə, bu mahnını ifa etməklə ölkəmizi daha yaxşı tanıdacağam. Mövlananı bütün dünya tanıyır. İstəyirəm ki, bu mahnının ingilis dilində də oxuyum və konsertlərimdə ifa edim.
- Son dönəmlər ENBE orkestri ilə "Ağır yaralı” adlı layihəyə imza atdınız.
- Disk satışlarında böyük diqqət var. Həmin mahnını "Youtube”-da yerləşdirdiyim ərəfələrdə ölkəmizdə terror hadisələri baş verdiyi üçün çox az izlənildi. Ölkəmizdə baş verən hadisələr vaxtı sənətçinin nəsə təqdim etməsi doğru deyil. Mahnı təqdim etmək üçün doğru zamanı gözləməlisən.
- İkinci dəfə Ümrəni ziyarət etdiniz. Müqəddəs torpaqlarda ikinci səfəriniz necə keçdi?
- Uşaqlığımdan bəri islamın gözəlliyini və dəyərini qəlbimdə hiss etmişəm. Son 12 ildə təsəvvüflə bağlı araşdırmalar etmək məqsədim olub. Müsəlmanlığın, şəxsiyyət vəsiqəsində yazılmaqdan da öncə həyata keçirilməsinin vacib olduğunu düşünürəm. Buna görə də müqəddəs torpaqlara getməyə qərar verdim. İstanbuldan yola çıxdığım andan etibarən içimdə böyük bir həyəcan var idi. Kəbəni gördüyüm andan isə içimə böyük bir sakitlik gəldi. Özümü yeni doğulmuş biri kimi, tərtəmiz hiss etdim. Mən oranı bir dəfə də ziyarət etmişəm, ancaq bundan əvvəl çox böyük bir qrupla getdiyimiz üçün yetərincə diqqətimi toplamamışdım. Buna görə də 3-4 aydan sonra yenə də getdim. İkinci səfərimdə həmin torpaqların müqəddəsliyini hiss etdim. Bu, tamam başqa bir duyğudur. Allaha mənə Kəbəni ziyarət etməyi nəsib etdiyi üçün minnətdaram. İnşallah ki, dualarım qəbul olunar.
- Bəs Həccə getməyi necə, düşünürsünüzmü?
- Yaranan ilk fürsətdə Həcc vəzifəmi yerinə yetirməyi düşünürəm. İnşallah, bu yol səfərimi Həclə davam etdirəcəyəm.
- Bəs yeni albom necə, varmı?
- Hələ ki albom üzərində çalışmalar gedir. Əslində ifa edəcəyim mahnıların hamısını sıralamışam. Amma gün keçdikcə, yeni bəstələr gəlir. Ən azı, öz yazdığım 7 mahnım hazırdır. Məndən başqa digər dəyərli bəstəkarların da bəstələri var. Yeni albomumda onlara da yer vermək istəyirəm. İnşallah, yazın sonu, yayın əvvəllərində tamaşaçılarımın qarşısına yeni albomla çıxmağı planlaşdırıram.
- Heyvan hüquqları mövzusunda çox duyğusal insansınız. Heyvanlarla bağlı hər hansı layihəniz varmı?
- Heyvanlarla bağlı hər gün bir şeylər etməyə çalışıram. Onlar da uşaqlar kimi çox məsumdurlar. Ağızları, dilləri yoxdur ki, öz haqlarını müdafiə etsinlər. Bizim onların haqlarını müdafiə etməmiz insanlıq baxımından çox önəmlidir. Mən də əlimdən gəldiyi qədər bu mövzuda bir şeylər etməyə çalışıram. Bir dönəm heyvan haqları mövzusunda Hay Konfed ilə birlikdə layihələr həyata keçirdik. Belə ki, heyvanların daha yaxşı şəraitdə saxlanılmasının təşkil edilməsi məqsədilə işlər gördük. Heyvansevərlər olaraq belə qurumlara dəstək verməliyik. Ancaq bunu da qeyd etmək istəyirəm ki, sosial mediadan gördüyüm qədəri ilə, heyvanların adından istifadə edərək pul yığan təşkilatlar da var. Onlara diqqət edin.
Tərcümə etdi: Xəyalə Rəis




banner

Oxşar Xəbərlər