AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həyatın, quruculuğun qayıdacağı torpaqlar - Fotolar

Həyatın, quruculuğun qayıdacağı torpaqlar - Fotolar

Cəmiyyət
27 Noyabr 2020, 14:21 1123
İşğaldan azad edilmiş bütün rayon, şəhər, qəsəbə və kəndlərimiz tamamilə yenidən qurulacaq
 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli Ordumuz işğalçı Ermənistanın ordusunu məhv etdi, düşməni diz çökdürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq bu ayın 20-də Ağdam, 25-də Kəlbəcər azad olunaraq Silahlı Qüvvələrimizə təhvil verilib. Bəyanatın şərtlərindən irəli gələrək, dekabrın 1-də Laçının Azərbaycana geri qaytarılması ilə işğala birdəfəlik son qoyulacaq, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq. Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi, bundan sonra işğaldan azad olunmuş ərazilər minalardan, mərmi qalıqlarından təmizlənəcək, mərhələli şəkildə quruculuq, abadlıq tədbirlərinə başlanılacaq. Artıq Füzulidən Cəbrayıla və Şuşaya yol çəkilişinə başlanılması deyilənlərə əyani misaldır.
 
 

Beləliklə, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən yaşayış məntəqələrimizi yenidən dirçəldəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bununla bağlı bildirib ki, Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Millət vəkilinin sözlərinə görə, işğaldan əvvəl həyatın, gülüşün olduğu rayon və şəhərlərimiz düşmən ölkənin barbarlığı nəticəsində "ruhlar şəhərinə” çevrilib. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alan iqtisadçı deputat vurğulayıb ki, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. 
 
 

V.Bayramovun fikrincə, bu o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik: "Ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb. Təkcə Xaçmaz rayonu bütün işğal altında olan bütün rayonlarımız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız hətta daha çox istehsala imza atıb. Göründüyü kimi, 27 ildən çox müddətdə böyük iqtisadi potensial Ermənistan işğalı nəticəsində məhv edilib”.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov da bildirib ki, azad olunmuş ərazilərə həyat qaytarılacaq, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və sair obyektlər tikiləcək, bütün lazımi infrastruktur yaradılacaq. Deputatın sözlərinə görə, Azərbaycan xalqının şücaəti ilə Qarabağ dirçələcək və çiçəklənəcək: "Qarabağın tacı olan Şuşa şəhərinə Füzuli istiqamətindən yeni yolun təməlinin qoyulması buna əyani misaldır. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu, böyük quruculuq işlərinin ilk layihəsidir. Biz daim sürətlə inkişafa doğru gedirik. Azərbaycanın quruculuq işləri daim göz önündədir. Bu qısa müddət ərzində yol çəkilməsi çox möhtəşəm bir hadisədir. Çünki digər rayonlarımızla bərabər Şuşa şəhərinin işğaldan azad edilməsi hər kəs üçün həddən ziyadə qürurverici bir hadisədir. Bu, möhtəşəm qələbədir. Şuşanın azad edilməsi ilə düşmən çox sarsıdıcı zərbə aldı. Onlar bu hadisəni belə asanlıqla gözləmirdilər. Ermənistanın kapitulyasiya qərarı da məhz Şuşanın azad olunmasından sonra verildi. Paşinyan artıq görürdü ki, rəşadətli Azərbaycan Ordusunun qarşısında dayanmağa gücləri qalmayıb. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Prezidentimiz hər çıxışında dəfələrlə vurğulayıb ki, biz müharibə tərəfdarı deyilik. Dinc yaşamaq üçün bizə heç nə mane olmur. Qarabağ erməniləri də canlarını xunta rejimindən azad etmiş şəkildə, firavan yaşaya biləcək. Budur bizim xalqımıza yaraşan böyüklük. Biz daim inkişafa doğru getməliyik”.
 

 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev bildirib ki, Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində şanlı qələbəmizin müəllifi olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət Proqramlarını uğurla həyata keçirəcək: "Silahlı Qüvvələrimizin döyüş meydanında düşməni məhv edərək 300-dən artıq yaşayış məntəqəmizi işğalçılardan təmizləməsi, ardınca Ağdamın, Kəlbəcərin bir güllə atılmadan azad edilməsi böyük qələbədir, tarixi hadisədir. Dekabrın 1-də Laçın da bu qayda ilə işğalçılardan azad ediləcək. Vaxtilə işğal edilmiş rayonların arasında əhalisinin sayına görə Ağdam ən böyük rayondur. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i yəni 77,4 %-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Bu işğalla düşmən bu rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdur. İşğaldan əvvəl bu rayonda 143 min nəfər əhali yaşayırdı. Hazırda Ağdam rayonunun sakinlərinin sayı 204 min nəfərdir. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşublar, çoxlu sayda şəhidlər veriblər”.

 

Deputat qeyd edib ki, Ağdam rayonunun Azərbaycan dövlətinin nəzarətində olan ərazisində son illər ərzində böyük abadlıq və quruculuq işləri aparılıb: "Prezident İlham Əliyevin göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər tikilib istifadəyə verilib, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılıb, infrastruktur layihələri icra olunub, Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilib. Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınıb, rayona 93 min köçkün yerləşdirilib. Görülmüş işlər və investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibəti xalqa müraciəti zamanı bildirdi ki, indi Ağdam üçün yeni bir dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Mən əminəm ki, nəinki Ağdam, eləcə də işğaldan azad edilmiş digər rayon, şəhər, qəsəbə və kəndlərimiz tamamilə yenidən qurulacaq, dirçələcək. İşğaldan azad edilmiş torpaqlarımıza vətəndaşlarımızın qaytarılması prosesi başlayacaq. Bütün gücümüz, maddi imkanlarımız buna səfərbər olacaq”.
 
Rufik İSMAYILOV