• çərşənbə axşamı, 19 mart, 12:14
  • Baku Bakı 8°C

Həyatın mənasını kinoda tapan sənətkar

17.04.18 12:00 6092
Həyatın mənasını kinoda tapan sənətkar
Azərbaycan kino tarixində elə sənətkarlar olub ki, onlar yalnız aktyor kimi filmlərə çəkilməklə kifayətlənməyiblər. Bu şəxslər həm də filmlərin istehsalı ilə məşğul olub, rejissor assistenti, film direktoru və digər inzibati işlərdə də çalışıblar. Misal üçün, Məmməd Əlili "Qız qalası”, "Bismillah” filmlərində rejissor köməkçisi, "Ögey ana”, "Koroğlu”, "Leyli və Məcnun”, "Ulduzlar sönmür” və s. filmlərdə II rejissor işləmişdir. "Arşın mal alan” (1916), "Koroğlu”, "Arşın mal alan” (1965), "Dəli Kür”, "Nəsimi”, "Gənc qadının kişisi” və s. filmlərdə rollar ifa etmişdir.

Əlisəttar Məlikov, Nəriman Axundov, Novruz Axundov, Mollağa Bəbirli, Salman Dadaşov, Suğra Bağırzadə, Süleyman Samuxlu, Yusif Əlizadə, Ənvər Həsənov, Ələsgər İbrahimov, Tələt Rəhmanov, Arif Kərimov, Bahadır Əliyev və başqaları həm filmlərə çəkilmiş, həm də kino istehsalı ilə əlaqədar rejissor assistenti, II rejissor, film direktoru, mühəndis, inzibatçı və s. vəzifələrdə işləmişlər.
Salam, Bakı kinostudiyası!

Azərbaycan aktyoru və kino istehsalı təşkilatçısı Bahadır Atabala oğlu Əliyev 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr etmiş sənətkarlarımızdandır.
Kino xadimi Bahadır Əliyev 1933-cü il fevralın 24-də respublikamızın dilbər guşəsi Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açmışdır. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanır, ali təhsil almaq üçün hara gedəcəyini artıq özü üçün müəyyənləşdirmişdi.
Orta məktəbi bitirdikdən sonra Bahadır, Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır. 1956-cı ildə institutu bitirəndən sonra onun təyinatını Bakı kinostudiyasına verirlər.
Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə "Kölgələr sürünür”, "Bir məhəllədən iki nəfər”, "Onun böyük ürəyi” və "Onu bağışlamaq olarmı?” filmlərində kiçik rollarda çəkilir. Rollar kiçik olsa da, özünün dediyinə görə, Bahadır üçün bunlar gələcək filmlərə gedən yolda istinad nöqtəsi idi.
Rejissor Əjdər İbrahimovun "Onun böyük ürəyi” kinopovestində Bahadırın ifa etdiyi gənc oğlan Əhməd Maşa adlı qızı sevir. O, hər bir gənc kimi böyük arzularla yaşayır. Lakin alman faşistlərinin Sovet İttifaqına qəflətən hücumu Əhmədin gələcək planlarını təxirə salır. O, digər gənclər kimi Vətəni qorumaq üçün cəbhəyə yollanır.
Taleyin qəribə oyunları
Doğru deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Bahadır böyük həvəslə kinostudiyada işlədiyi vaxt, onu kadrlar şöbəsinə çağırıb deyirlər ki, kinostudiyada işin həcmi azaldığına görə, 1959-cu il oktyabrın 3-dən tutduğunuz vəzifədən azad olunursunuz.
Ataların belə bir sözü var: "Tale insanla oynayır.” Bahadır bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Bahadır Əliyev Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir, ərizə yazıb öz xahişi ilə işdən çıxır. Və... 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına işə qayıdır. Bu dəfə... korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.
1961-1965-ci illərdə aktyor "Telefonçu qız”, "Əmək və qızıl gül”, "Romeo mənim qonşumdur” filmlərinə çəkilir, "Böyük dayaq”da komsomolçu, "Möcüzələr adası”nda neftçi, "Sehirli xalat”da xanın əsgəri rollarında çıxış edir.
Əgər 50-ci illərdən ta 60-cı illərin II yarısına kimi Bakı kinostudiyasında istehsal olunan filmlərin siyahısına nəzər salsaq, çəkilən filmlərin sayının artdığının şahidi olarıq. Amma keyfiyyətə gəldikdə bunu çəkilən filmlərin hamısı haqqında demək olmaz. Bu da, əsasən, ssenarinin qıtlığından, yazılan ədəbi ssenarilərin zəif olmasından irəli gəlirdi.
Hətta iş o yerə gəlib çatmışdı ki, 1964-cü ilin ssenari portfeli demək olar ki, boş idi. Ona görə də kinostudiyada işləyən bir çox kino işçilərinin ixtisar olunmaq qorxusu qarşıya çıxmışdı. Yaranmış xoşagəlməz vəziyyətdən çıxmaq və istehsalat planını yerinə yetirmək üçün "Ulduz” operettasını ekranlaşdırmaq qərara alındı.
"Ulduz” filmi bədii cəhətdən zəif olsa da, tamaşaçı rəğbəti qazanmış kino əsəridir. Filmdə Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu kimi görkəmli sənətkarlarla yanaşı Səyavuş Aslan, Bahadır Əliyev, Tamilla Rüstəmova, Hacı Murad, Fazil Salayev və digər gənc aktyorlar çəkilmişlər.
Aktyorun çox sevdiyi obraz
Filmdə kolxoz sədri Qədirin obrazını Bahadır Əliyev oynayıb. Onun şöhrətpərəst, özündən müştəbeh olan kütbeyin qəhrəmanı, institut rektorunun təsərrüfat işləri üzrə müavini Gülümsərovun limonla mandarini calaşdırıb yeni meyvə növü yetişdirmək ideyasına nəinki inanır, hətta bu işdə ona kömək edir.
Bahadır Əliyev "Ulduz” filmində özünü aktyor kimi bir daha təsdiq edəndən sonra əsas və ya II planda rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın rəhbərliyi onu 1965-ci ilin sonunda böyük inzibatçı vəzifəsinə keçirir.
Bahadır bu vəzifədə işləməklə yanaşı "Dağlarda döyüş”, "Uşaqlığın son gecəsi”, "Yenilməz batalyon” bədii, "Yun şal” televiziya bədii filmlərində çəkilir. "İstintaq davam edir” filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, "İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının
Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.
Bir inzibatçı kimi özünü doğrultduğuna görə, kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov Bahadırı 1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə irəli çəkir. O, bu vəzifədə 1973-cü ilə kimi işləyir.

Aktyor, yoxsa...
Bu müddətdə B.Əliyev kinostudiyada üç istiqamətdə fəaliyyət göstərirdi: xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, dublyaj işini təşkil edir, nəhayət özü filmlərə, o cümlədən "Axırıncı aşırım”, "Bizim küçənin oğlanları”, "Həyat bizi sınayır”, "O qızı tapın” və s. kinolentlərə çəkilir.
Bahadır Əliyevin çoxşaxəli yaradıcılığını, onun insani keyfiyyətlərini müsahibələrinin birində aktyor və rejissor Elxan Qasımov belə şərh etmişdir: "Qəribə, özünəməxsus gülüşü var idi Bahadırın. O, gülüşü ilə ətrafındakılarda xoş əhval-ruhiyyə yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi...
Bahadır kinostudiyanın bütün işlərində yaxından kömək edərdi. Hətta işə təzə gəldiyim vaxtlarda çaşıb qalırdım. Təxmin edə bilmirdim ki, Bahadır dublyajda adminstratordur, hansısa filmdə rejissor assistentidir, yoxsa aktyordur.
Dublyaj işində Bahadır Əliyevin xüsusi xidmətləri olub. Burada işləyərkən onu "dublyajın vuran ürəyi” adlandırırdılar. Ona görə ki, o, dublyaja dəvət olunan teatr aktyorları ilə kino işçiləri arasında ünsiyyət yaradır, onlar bir araya gəlib bilmədiklərini bir-birlərindən öyrənirdilər, bir-birilərinə dəstək olurdular”.
Kinostudiyanın direktoru Adil İsgəndərov Bahadırı yanına çağırıb yaxşı işlədiyinə, işə can yandırdığına görə ona kinoaktyor ştatına keçməyi məsləhət görür. Direktorun bu məsləhəti Bahadırın ürəyindən idi. O, 1973-cü il aprelin 24-də kinoaktyor ştatına keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni 1995-ci ilə qədər çalışır.

Eyni zamanda "Babək” filmində Divdad, Afşinin əsgəri, "Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək, "Evlənmək istəyirəm” kinokomediyasında bəy, "Özgə ömür”də qonşu, "Firəngiz” televiziya filmində Davud və digər rollarda çəkilir.
Əmək veteranı Bahadır Əliyevin yaradıcılıq bioqrafiyasında adları çəkilən filmlərin böyük əksəriyyətində oynadığı rollar epizodikdir. Lakin o, ən xırda rolu belə həvəslə, istəklə ifa edirdi. Gecə-gündüz işləmək, ona tapşırılan işi ürəklə yerinə yetirmək Bahadırın qanında idi.
Özünü bütünlüklə kino sənətinə həsr etmiş, həyatının mənasını bu sənətdə tapan B.Əliyevin kino fəaliyyəti bununla bitmir. O, "Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində müxtəlif mənfi tiplərin surətlərini yaratmışdır.
Vaxtilə Bahadır Əliyevin qızı Şəhla xanım kinostudiyada işləyib. O, bununla bağlı mətbuata verdiyi müsahibəsində demişdir: "Mən uzun müddət kinostudiyada montaj sexində çalışmışam. Amma atamla bağlı birgə işimiz olmayıb. 1985-ci ilə kimi atam filmlərə çəkilirdi, dublyajda çalışırdı. Sonradan kino sahəsində yaranan durğunluq onu sanki həyatdan və sənətdən küsdürdü. Hətta bir müddət sənət dostlarının bəziləri də onu yaddan çıxardılar. O dövrdə bir televiziya verilişində sağ-salamat olduğu halda, onun ölüm xəbərini demələri atama çox pis təsir etmişdi. Ölümündən sonra isə zəng edib onu axtarmağa başladılar. Taleyin gərdişinə bir bax!”
80-ci illərin sonunda və 90-cı illərdə kinomuzda durğunluq olsa da, ölkəmizdə onlarla bədii film çəkilib: "Atları yəhərləyin”, "Bağ mövsümü”, "Bəyin oğurlanması”, "Süd dişinin ağrısı”, "Doğma sahillər” , "Qətl günü”, "Ümid”, "Sarı gəlin” və s. Bu filmlərin bəzilərində B.Əliyev ya aktyor, ya da istehsalat təşkilatçısı kimi iştirak edib.
Bahadır hətta bir neçə xarici filmdə - Özbəkistan və Hindistan kinostudiyalarının birgə işi olan "Əlibaba və qırx quldurun macəraları”, "Abdulla” (Hindistan), "Odlu yollarla” (Özbəkistan) "Şerəli və Aybərçin” (Özbəkistan və Azərbaycan) və s. filmlərdə də çəkilmişdir.
Bahadır Əliyevi C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında "Bərəkətli Bahadır” adlandırırdılar. Bu, təsadüfi deyildi. Çünki o, on uşaq atası idi. Ailəsinin böyük olmasına baxmayaraq, mənzili qonaq-qaralı olardı.
Kimlər gəldi, kimlər getdi bu dünyadan...
Bahadırın oğlu Rauf Əliyevin dediklərindən: "Mənim atam orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün o, teatr institutuna qəbul imtahanlarına gecikməsinə baxmayaraq, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə görə, ali məktəbə qəbul olunur. Hətta tələbə ikən ailə qurur. Təhsil almaqla yanaşı radioda "Çərşənbə axşamı”, "Hekayə axşamı” verilişlərində iştirak edir, televiziyanın "Səhər görüşləri”ndəki yumoristik novellalarda mütəmadi olaraq çəkilirdi.
Atamın dostları çox idi. Bizim evdə kimlər olmayıb: Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Kamil Qubuşov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Həsən Məmmədov, Tofiq İsmayılov, Yaşar Nuri, Fazil Salayev... Baxmayaraq ki, ailəmizdə on uşaq idik, evimiz həmişə qonaq-qaralı olardı.
Anam "qəhrəman ana” idi, qızıl medala layiq görülmüşdü. Çox təəssüf ki, qısa ömür yaşadı - 49 il. Nənəm də cəmisi 49 il ömür sürüb. Atam isə 69 il yaşadı. Heç vaxtı biz onu həyatından şikayət edən görmədik.

Sənətdə iz qoyan atam bu gün aramızda olmasa da, övladları, 30-a yaxın nəvə-nəticəsi onun adını yaşadır, babalarına layiq olmağa çalışırlar.”
"Mən uşaqlarımı kinostudiyanın çörəyi ilə böyütmüşəm” deyən Bahadır, bu sənət ocağında fəaliyyət göstərməsi ilə fəxr edirdi. 90-cı illərin məlum hadisələri və kinomuzun düşdüyü çətin vəziyyət nəinki aktyorun, həm də bir sıra sənətkarlarımızın səhhətinə ağır təsir göstərmişdi. Hətta o vaxt bir neçə kino xadimimizi itirdik. Bahadır isə guşənişin oldu, gərginlik, əsəbilik onu həmkarlarından da uzaqlaşdırdı, tezliklə o, unudulanlardan biri oldu.
Aktyor və kino istehsalı təşkilatçısı Bahadır Atabala oğlu Əliyev 2002-ci il sentyabrın 16-da ürək 69 yaşında vəfat etdi, doğulduğu kənddə torpağa tapşırıldı.
Bu gün kino xadimi Bahadır Əliyev qohumlarının, həmkarlarının yaddaşlarında, ən əsası çəkildiyi filmlərdə və televiziya tamaşalarında yaratdığı surətlərdə yaşayır. Və daim yaşayacaqdır.
Aydın Kazımzadə
banner

Oxşar Xəbərlər