• cümə, 29 Mart, 02:23
  • Baku Bakı 7°C

HƏYATIN MƏNASI

15.02.16 10:42 3791
HƏYATIN MƏNASI
Bizim yaradılışımızın mənası nədir?
Niyə məhz biz bu məkan və bu zamandayıq? Bunun belə olmasının hər hansı bir səbəbi, mənası varmı?
Müəyyən yaş həddinə çatmış və ətrafda baş verənləri dərk etmə qabiliyyətinə malik hər bir insan bu sualı yəqin ki, özünə verib. Gec olmasından və ya artıq hər şeyin keçmişdə qalıb-qalmamasından, nəyisə, nələrisə dəyişmək iqtidarında olub-olmamasından asılı olmayaraq.
Söhbət ondan gedir ki, bir vaxt insan elə bir yaş mərhələsinə yetişir ki, o, həmin pillədən asanlıqla ötüb-keçmiş həyatını necə yaşadığını müşahidə edə bilir və təbii ki, o, bu zaman fikirləşməmiş olmur ki, nə üçün bir fərd olaraq bu həyata gəlmişdi və bu illər boyu yaşaması onun özünə və ətrafdakılara nə verib, bu müddət ərzində onun yaşaması, mövcud olması nəyə lazımdı?
Çünki, bu sualı insan, onsuz da, özünə elə bir yaş mərhəsində ünvanlayır ki, bu zaman artıq hər şey çoxdan geridə qalmış olur və bu sualın verilməsi bir növ hesabat xarakteri daşıyır.
Təəssüfləndirici hal ondan ibarətdir ki, demək olar həmişə elə belə olur, həmin vaxt artıq nəyisə dəyişmək, hansısa günü təzədən yaşamaq, kiminləsə münasibətə yenidən baxmaq üçün daha heç bir şans və zaman qalmır, çünki artıq, ya o ürəyini almaq istədiyin insan bu dünyada olmur, ya da sadəcə, yaşadığın bu gün yaşanmış o əlçatmaz gündən tamamilə fərqli bir gündür…
Beləliklə, insan elə bir müəyyən yaş həddinə çatır ki, o nöqtədə durub ötənləri asanlıqla müşahidə etmək, özünə və ətrafdakılara soyuqqanlılıqla və real qiymət vermək imkanına yiyələnir.
Gənclik isə öz təbiəti ilə insana bu cür soyuq başla düşünməyə maneçilik törədir və bu səbəbdən də insanın öz keçmiş həyatını qiymətləndirməsi, yaşadığı həyatın mənası haqqında düşünməyə bir növ məcbur edilməsi demək olar ki, qocalıq dövrünün “boynuna düşür”.
İnsanın məhz qoca çağında bu sualla qarşı-qarşıya gəlməsinin səbəbi həm də bəlkə bir az da onun ölüm qorxusu və təhlükəsi qarşısındakı çarəsiz durumunun özünəməxsus ifadəsidir, hər necə olsa da gənclik insan həyatının elə bir mərhələsidir ki, onun həyat, hərəkət sferasında fiziki qüvvə daha ön plana çıxır, beləliklə, insanın mənəvi mövzular haqqında düşünüb mühakimə yürütməyə sadəcə vaxtı da olmur, belə deyək ki, gənclik qüvvəsi bunu etməkdən insanın fikrini yayındırır.
İstisnaların baş verməsi isə həmişə mümkündür.
Bu mənada, Mixail Şoloxovun misilsiz bir hekayəsi var. “İnsanın taleyi” adlanır. Hekayənin qəhrəmanı müəlliflə təhkiyəsində mənim yuxarıda dediklərimi özünəməxsus və obrazlı bir tərzdə ifadə edir:
“Bu illərin necə gəlib-keçdiyini heç özüm də bilmədim. Elə bil, bir yuxu idi. On il nədi axı! Hansı bir ahıldan istəyirsən, soruş, soruş gör o öz ömrünün necə gəlib keçdiyini bilibmi? O, heç bir şey bilməyib! Keçmiş, bax, o çən içində görünən çöl kimidir. Səhər mən oradan gəlirdim, o yerlərdə nə çən vardı, nə duman; amma iyirmi kilometr gedəndən sonra o yerləri çən bürümüşdü, buradan baxanda meşə ilə alaqotunu, tarla ilə biçənəyi bir-birindən seçmək olmur...”
Qorxunc müharibənin həyatını darmadağın etdiyi, ailəsini büsbütün qırıb-çatdığı bir insan (Andrey Sokolov) yenidən ayaq üstdə durmağı bacarır-zibillikdən tapdığı, ata-anasını müharibədə itirmiş beş yaşındakı kiçik İvana “mən sənin atanam” deyib onunla öz həyatını birləşdirir, körpəni qanlı müharibənin ardınca gələn amansız illərin pəncəsindən dartıb alır.
Alman əsirliyində saysız əzab-əziyyətlərə dözən Sokolov orada olanda fikirləşirdi ki, ailəsi, uşaqları vətənində onu gözləyir və bu da ona yaşamaq üçün güc, təpər verirdi, bu düşüncələr Andreyi amansız işgəncələrdən sonra sağ saxlayırdı, başqa sözlə, onun həyatının bir mənası vardı, çünki, o, ümid edirdi ki, qeyri-müəyyən zamanda olsa da, bir gün, nəhayət evinə qayıdacaq, müharibədən əvvəlki sakit həyatını davam etdirəcək və xoşbəxt olacaq.
Lakin Andrey əvvəlcə arvadı və qızlarının ölüm xəbərini, sonra isə oğlu Anatolinin cəbhədə həlak olma sorağını eşidir və onun tabutunu öz gözləri ilə dəfn edilməyə yola salır. Artıq həyatının heç bir mənası qalmayan Sokolov müharibədən sonra bir gün körpə İvanla qarşılaşır və bu hadisə onun tənəzzüldən dirçəlib yenidən həyata qayıtmasında vəsilə olur, o, balaca İvanda yenidən öz həyatının mənasını, yaşamaq həvəsini tapır, körpənin qayğısına qalmaqla müharibənin parça-parça elədiyi öz ürəyinə də təskinlik verib dirçəlir; budur, İvan da daha küçələrdə ac qalıb səfil olmayacaq, pozulmayacaq, yeməyə bir parça çörəyi, yatmağa isti yeri və ümid etdiyi, arzularla dolu gələcəyi olacaq...
...“Və mələk dedi: - öyrəndim ki, hər bir kəsi yaşadan özü barədə qayğılanması yox, məhəbbətdir... indi anladım: insanlara elə gəlir ki, onları canlı edən özləri barədə düşünmələridir, ancaq onlar eyni bir məhəbbətlə yaşayırlar. Kim ki, bu məhəbbətin içindədir, o, Allahın himayəsindədir, çünki, Allah məhəbbət deməkdir...” (Lev Tolstoy, “İnsanı yaşadan nədir”).
...Və bu yazıda bir də bu mövzuyla həmahəng olan bir Azərbaycan kinofilmi haqqında danışmaq istəyirəm.
Rejissor Eldar Quliyevin ekranlaşdırdığı “Ən vacib müsahibə” kinofilmi məhz birbaşa “həyatın mənası nədir?” sualına cavab axtarır və hesab etmək olar ki, rejissorun bu filmi həmin suala uğurlu cavab sayıla bilər.
Filmin qəhrəmanı Zaur istedadlı, peşəkar, çalışqan bir radiojurnalistdir, müsahibələri ilə, istəyəndə ayrı insanlarla da yaxşı ünsiyyət qurmağı bacarır, hamının ona işi düşür, yaraşıqlıdır, qızlar bəlkə həm də elə bu səbəbdən də məsləhət üçün tez-tez ona müraciət etməyə çalışır, Zaur isə hamını “iş-güc başımdan aşır” bəhənəsi ilə başından eləyib özü üçün yaşayır, hətta uşaqlıq dostu, sinif yoldaşı Nadirin onunla görüşmək barədəki davamlı telefon zənglərinə də laqeyd yanaşır.
Ta o vaxta qədər ki, həyatını büsbütün dəyişən hadisələr baş verir; Cəbrayıl dayının xərçəng xəstəsi olmasını öyrənir, konsertdə uşaqlıq məhəbbəti Səidə ilə qarşılaşır...
Lakin Nadir Bakıdan çıxıb gedib və artıq onun yaşadığı evdə indi başqa adamlar qalır, Səidə bir-iki görüşdən sonra Zaurla bir daha görüşmək istəmədiyini bildirir, Zaurun işdə laqeyd yanaşdığı iş yoldaşı Altay onun əvəzinə müsahibə almaq üçün neftçilər briqadasına yola düşüb orada faciəli şəkildə həlak olur.
Məhz Zaurun insanlara bu cür, barmaqarası münasibət bəsləməsi axırda onun öz başında “çatlayır”, Zaur ona həqiqətən də ürəkdən yaxın olan insanları bir anda itirib, həyatda bir növ tək-tənha qalır, filmin finalında “Həyatın mənasını nədə görürsən?” sualına susmaqla cavab verir, çünki, sadəcə belə görünür ki, Zaurun buna heç bir cavabı yoxdur...
Cəbrayıl dayı özünün xərçəng xəstəsi olmasını Zaura xəbər verəndə deyir ki, Zaurun cavan olmasına güvənir, bu xəbərin onun tərəfindən bir elə də ağır qarşılanmayacağına, Zaurun cavan olduğu üçün bu bəd xəbəri daha asan “həzm edə” biləcəyinə əmindir. (İinsan cavan olanda ölümün əlacsızlığını, labüdlüyünü yaşlılar kimi hiss eləmir.”) Ya bəlkə Zaurun insanlara laqeyd münasibətini bildiyindən Zaurla belə davranır? Bəlkə də...
Səidəyə gəldikdə isə, qadın etiraf edir ki, bir vaxtlar Zauru sevib, hətta əri ilə yaşadığı iki illik müddət ərzində belə onunla münasibətlərində bilməyərəkdən dəfələrlə Zaurun adını çəkib və axırda başa düşüb ki, daha bü cür yaşaya bilməycək və buna görə də ərindən ayrılmalı olub. Zaur isə bu illər ərzində bir dəfə də olsun Səidəni itirib- axtarmayıb, heç haqqında fikirləşməyib də. Səidə Zaurun da bu barədə, yəni özünün Zauru nə üçün axtarmadığını soruşduğunda “bunun bir mənası yox idi” deyir, sözsüz ki, Zauru bizdən daha yaxşı tanıdığı üçün Səidənin belə bir hökm verməyə hüququ çatır, (“məətələm sənə Zaur, heç hiss eləmirsən ki, gör nə qədər vaxt keçib və biz dəyişmişik.”) çünki Zaurun, həyatında yalnız bircə adama, yəni Zaura “sevirəm” demiş Səidəyə qarşı elə laqeyd, barmaqarası münasibəti bağışlanmazdır, hələ indi də onun saf sevgisini Zaur uşaqlıq hissləri kimi qiymətləndirməkdən çəkinmir. Səidənin Zauru tərk etməsi, onunla bir daha görüşmək istəməməsi həm də o vaxta təsadüf edir ki, Zaur hələ qəflət yuxusundan tam ayılmayıb, ancaq hər necə olsa da, öz əvvəlki həyat tərzini davam etdirməkdə şübhəli görünür.
Nadirsə, dediyim kimi, Zauru nə qədər axtarsa da, nə qədər zəng vursa da onunla görüşə bilməyib şəhəri tərk edib. Bu itkilər həm də həyatın Zaura indiyə qədərki yaşayışının adekvat cavabı sayılmalıdır. Məhz Zaurun Nadirə bu cür münasibəti də yəqin ki, Səidənin Zaurla ayrılmaq qərarına gəlməsinə öz həlledici təsirini göstərir...
Zaurun əcnəbi müğənni ilə müsahibəsi də, hansı ki, o müsahibədə onun dəvəti ilə Səidə də iştirak edirdi, Zauru silkələmir, insanlara soyuq, ürəksiz münasibətindən əl çəkməsinə kömək etmir. Müğənninin “xəstə insanları xoşlamıram, lakin onlara konsert verəndən sonra ilk dəfə başqalarına, insanlara gərəkli olduğunu dərk etdim” deməsi belə yəqin ki, Zaur üçün özlüyündə hələlik adi bir əhvalat kimi səslənir.
Müğənninin bir ifadəsini (“biz hamımız başqaları qarşısında günahkarıq, hər bir insan nə vaxtsa kiməsə borclu qalıb”) sonradan Səidə də Zaur üçün təkrar edir, eynilə olduğu kimi.
Və artıq gecdir, Səidə Zaurun telefon zənglərinə cavab vermir və deyilənlərə görə səfərə gedib, Nadir də uzaqdadır, digər telefon zəngindən də belə başa düşmək olur ki, Altay da artıq bu həyatda deyil, faciəli şəkildə ölüb, Cəbrayıl dayı isə ölüm ayağındadır.
Ancaq bir şey də var. Filmin son kadrlarında Zaurun qeybdən eşidilən “həyatın mənasını nədə görürsən?” sualı qarşısında susması deməyə əsas verir ki, hər şey yaxşı olacaq, Zaurun özünə haqq qazandırmaması, həyatın mənasının nədə olması barədə boşboğazlıq etməməsi bunu deməyə əsas verir.
Baxmayaraq ki, Altayın onun üçün qoyub getdiyi lent yazısındakı son müsahibəsində Zaurun qulaq asdığı sadə bir tələbə qızın da “həyatın mənasını nədə görürsən?” sualına öz cavabı var, ancaq yenə də deyirəm, Zaur bu suala susmaqdan başqa heç bir cavab tapa bilmir, necə deyərlər, susmaq burda özü də bir cavabdır, Zaurun bu susqunluğu hər necə də olsa, pis başlanğıc deyil, Nadir də, Səidə də, hələ tam itirilməyib, yaşamağa dəyər.
...“Əgər bədbəxtliklərimiz olmasaydı, bu gün biz heç də daha yaxşı vəziyyətdə olmayacaqdıq, daha pis vəziyyətdə olacaqdıq...” ( A.Tarkovsi, “Stalker”).
...Deməli, Zaur nə vaxtsa, “həyatın mənasını nədə görürsən?” sualına cavab tapa bilər, bu artıq onun özündən asılıdır. Bəlkə də Zaur, artıq bu cavabı bilir, ancaq indi, bu gün bu suala cavab verməyə özünün mənəvi haqqı olmadığını da dərk edir ki, bu da özlüyündə heç də az şey demək deyil.
Və buradan həm də belə görünür ki, o, bir çoxlarından fərqli olaraq Andrey Sokolov kimi istisna olmağı bacaracaq, “həyatın mənası nədir?” sualına cavab vermək üçün Cəbrayıl dayının yaşına çatmağı gözləməyəcək...
Mətləb Ağa
banner

Oxşar Xəbərlər