Həyatın ərköyünləşdirdiyi aktyor - Fotolar
Moskva Satira
Teatrının kollektivi bu günlərdə Xalq artisti Mixail Derjavini son mənzilə yola
saldı. Tanınmış kino və teatr aktyoru bu teatrda 1967-ci ildən, yaxın dostu
Aleksandr Şirvintdlə birlikdə işləyib. Aleksandr Anatolyeviç vida mərasimdə
Derjavinlə dostluqlarının 72 illik tarixçəsi olduğunu etiraf edib: «Mənə elə gəlir
ki, bu rəqəm Ginnesin rekordlar kitabına yazılmalıdır”.
Arbat uşaqları
Mixail Derjavin
aktyorların, rəssam və musiqiçilərin yaşadığı Vaxtanqov küçəsində böyümüşdü. "Arbat”
adı ilə məşhur olan küçədə yaşayan bütün uşaqlar özlərini başqa dünyanın sakinləri
hesab edirdilər. Onların bütün uşaq oyunları axırda teatr tamaşalarının
quruluşu kimi alınırdı. Uşaqlar nağıllar hazırlayır, dekorasiyalar düşünürdülər,
rollar yaradır, özləri aktyor və tamaşaçı olurdular.
Derjavinlərin
ailəsi öz dövrlərinin məşhur insanları olmuşdu. Atası SSRİ xalq artisti idi.
Mixail Derjavin artıq uşaq ikən böyüyəndə hansı sənətin sahibi olacağını
bilirdi.
Kənardan
aktyorun həyatı fasiləsiz bəxti gətirən zolaq kimi görünür. «Mənə elə
uşaqlıqdan elə gəlirdi ki, hər şeyin başında sənət dayanır – bu da artistlik sənətidir”
– müsahibələrindən birində Derjavin deyib: «Mənim evim Şukin adına Teatr
İnstitutunun yaxınlığında yerləşirdi. Sonra isə Vaxtanqov Teatrı gəlirdi ki,
orada da atam çalışırdı. Müharibə başlayanda Vaxtanqov Teatrı Omsk şəhərinə
evakuasiya olundu. Mən o zaman da atamın oynadığı bütün tamaşalara gedirdim.
Xüsusən «Feldmarşal Kutuzov» tamaşası mənim xoşuma gəlirdi. 5 yaşım olarkən
Kutuzovun monoloqunu əzbərləmişdim və onu bütün yaralı əsgərlərin qarşısında
söyləyirdim”.
Vaxtanqov Teatrı
Omska köçəndə anası bacısına hamilə idi. Sonra ailə özü də Omska köçdü. Mixailin
Tatyana adlı bacısı həmin şəhərdə doğuldu. 1954-cü ildə Mixail Şukin adına
Teatr Məktəbinə daxil oldu. Onun müəllimləri Vaxtanqovun məşhur məzunları idi və
Mixail onları uşaqlıqdan evlərində görmüşdü.
"Oxumağa hara
getməyim haqda sual yarananda mən heç seçim üzərində düşünmədim. Elə bil ki,
bir evin dalanından başqasına keçdim. Atam 48 yaşında vəfat edəndə mənim də qayğısız
Arbat uşaqlığım bitdi. Ailəmizə - anama, iki bacıma kömək etmək lazım idi. Ona
görə kütləvi səhnələrdə fəal iştirak edirdim. Təhsilimi də axşam məktəbinə dəyişməyə
məcbur oldum. Şukin məktəbinin birinci kursunda oxuyanda kinoda ilk debütüm baş
tutdu. Məni Georgi Yumatov, Mixail Ulyanov, Mark Bernes kimi aktyorların da çəkildiyi
«Onlar birincilər idilər» filminə dəvət etdilər. Ümumiyyətlə, mənim kino ilə təmasım
uzun müddət çəkdi”.
Derjavin
ümumittifaq şöhrətinə görə teatr və kinoya borclu deyildi, baxmayaraq ki, təkcə
Satira Teatrına ömrünün 50 ilini vermişdi. O, televiziyaya minnətdar idi.
Aktyor "Kabaçok 13 stulyev” teleşousunda Aparıcı rolunu oynayandan sonra bu,
onu əsl superulduzlardan birinə çevirdi. Tamaşaçılar onu görəndə «Stullar gəlir»
- deyə qışqırırdılar. «Biz gecə-gündüz işləyir, verilişləri veriliş dalınca
yazırdıq”- deyə onun tərəf müqabili Natalya Seleznyova xatırlayır: "Bəzən əsəblərimiz
dözmürdü. Mişa isə gülümsəyir, yaxınlaşıb çiyinlərimi qucaqlayırdı. Bununla da
vəziyyət düzəlirdi. Onunla işləmək həmişə xoş idi. Onun anadangəlmə mülayimliyi
vardı. Derjavin özü isə "Kabaçoku” belə xatırlayırdı: «Bu, yumorlu proqram idi.
"Verilişi istənilən an bağlaya bilərlər” söz-söhbəti də gəzirdi. Günlərin
birində Leonid İliç Brejnev «Ostankino» binasının açılışına gəldi. Mən də tədbirdə
iştirak edirdim. Onu jurnalistlər əhatə etmişdilər: «Leonid İliç, sizin sevimli
verilişləriniz hansılardır?” – deyə soruşurdular. Ölkə rəhbəri saymağa başladı:
«Əlbəttə, «Zaman» proqramı”. Birdən mənə diqqət çəkdi və «Kabaçok» dedi. Bəlkə bu bəyanata görə, biz bir neçə il
də işlədik». M.Derjavin həmçinin dostu
Mixail Şirvintdlə birlikdə uzun illər «Səhər poçtu» proqramını aparıb.
Macəralarla dolu həyat
Derjavinin
qadınlarla münasibəti həmişə tuturdu. "Mənim macəralarım çox olub» - deyə
boynuna alırdı. Mən bu barədə açıq danışa bilərəm. Çünki mənim nikahlarım
arasında fasilələr var idi.
Birinci həyat
yoldaşı Arkadi Raykinin qızı Yekaterina Raykina ilə teatrda tanış olmuşdu. «Biz
onunla iki il nikahda yaşadıq. Sonra bizim teatrlarımızı dəyişdirdilər. Onu
Vaxtanqov Teatrına apardılar, mən isə Lenin Komsomolu Teatrında qaldım. Çünki
yalnız orada müharibədən bron verirdilər. Münasibətimiz də tədricən bitdi» -
Mixail Mixayloviç xatırlayırdı: "Mən Katyanın atası Arkadi İsakoviçlə hətta
daha əvvəldən tanış idim. Yaşadığım mənzilin əks tərəfində yaşayan təcrübəli
otolarinqoloq bütün artistlərin səsini bərpa edir və onların anginasını müalicə
edirdi. Raykin tez-tez həmin həkimin yanına gəlirdi”.
Derjavinin
ikinci həyat yoldaşı 60-cı illərdə tanış olduğu əfsanəvi general Semyon
Mixayloviç Budyonnının qızı Nina Budyonnı idi. Birinci evliliyindəki təsadüf kimi,
Ninanın atası ilə də qızından əvvəl tanış olmuşdu. Budyonnı tez-tez Arbata gəlirdi.
Derjavin isə hələ balaca idi və həmişə ona əl yelləyirdi: «Budyonnını heç kimlə
dəyişik salmaq olmazdı – onu bığlarından tanıyırdılar. Nina məni atası ilə
tanış etməyə aparand, nədənsə məndə heç bir həyəcan yox idi. Ancaq ideya
baxımından bir qədər ehtiyat etməli idim. Semyon Mixayloviç qeyri-adi dərəcədə
mehriban idi və yüksək yumor hissi vardı. Aktyorlarla, xüsusən də Şura
Şirvindtlə şəhər kənarına onun yanına gedib qarmoşka çalanda, çox xoşlanırdı.
Biz əvvəlcə Nina ilə ayrı yaşadıq. Sonra isə Semyon Mixayloviçin yaşadığı
Qramovski küçəsinə köçdük. Əgər mənim Arbat uşaqlığım aktyorlar arasında
keçmişdisə, demək, həm də gözümü açandan özümü ölkə rəhbərlərinin arasında görmüşdüm.
Qonşularım Voroşilov, Jukov, Molotov, Kaqanoviç olmuşdu. Onlar məni teatr və
kinodan tanıyırdılar. Ümumiyyətlə, bu cür insanlarla şəxsən tanış olmaq çox
maraqlı idi”.
Nina Budyonnı ilə
onların nikahı 18 il davam edir. Bu nikahdan doğulan Maşa adlı qızları aktyoru
iki nəvə ilə sevindirir. «Son illər Budyonnı demək olar ki, kor olmuşdu və
oxuya bilmirdi. Mən onun üçün ucadan qiraət edirdim” deyə aktyor əfsanəvi
generalın ölümünü həmişə xatırlayırdı: "Budyonnı vəfat edəndə təbii ki, mən ailənin
üzvü kimi birinci cərgədə - cənazənin arxasınca gedirdim. Dəfn mərasimi
televiziya vasitəsi ilə nümayiş etdirirdilər. Necə oldusa, mən birdən
televiziya rəhbərliyinin pıçıltısını eşitdim: "Aktyoru ordan rədd edin. Onun
orada nə işi var?” Birdən Brejnev mənə yaxınlaşdı, qucaqladı və məni öpdü.
"Derjavini iri planda ekrana gətirin” - deyə televiziya rəhbərliyinin həyəcanlı
pıçıltısı yenidən eşidildi”.
Derjavin üçüncü
həyat yoldaşı müğənni Raksana Babayanla təyyarədə tanış olmuşdu. "Raksana
Mişanın əsil yarısı idi” - onun rəfiqəsi Natalya Seleznyova danışır: «Bir dəfə
Mişa qastrolda olarkən zəng vurdu və həyəcanla «Mən füsunkar bir qızla
rastlaşdım. O, elə gözəldir ki... Qaraşın və qaragözlüdür. Mən evlənirəm!”
dedi. Onların nikahı 37 il davam etdi.
Bu, aktyor mühitində rekord göstərici idi. «Biz Mişa ilə mübahisə edirdikmi?
Yox. Biz sadəcə həmişə vəziyyət haqqında danışırdıq. Bundan sonra isə o, həmişə
təslim olurdu”. Aktyorun axırıncı həyat yoldaşı deyir: «Yalnız o zaman həqiqətən
mübahisə edirdik ki, o, dərmanını içməyi unudurdu və təzyiqi qalxırdı. O, bir dəfə
dostu Aleksandr Şirvintdlə səhnəyə çıxanda təzyiqi 200-ə qalxmışdı. Onun səhhəti
çox pis idi. Mənim qardaşım Yuri Leonidoviç onu müalicə edirdi. Başqa xəstəxanaların
həkimləri də onu xilas edirdilər. Sonra bu həkimlərin hamısı onunla
dostlaşırdı”.
"İnsanları sevindirməyə çalışıram”
Mixail
Mixayloviç həyatın ərköyünləşdirdiyi insanlardan idi. Aktrisa Tatyana Vasilyeva
onu belə xarakterizə edir: «Mişa çox problemsiz, münaqişəsiz və yüksək yumora
malik idi. Onu qəbul etməyən insanlara qarşı isə qapalı idi, onları ümumiyyətlə
həyatına yaxın buraxmırdı. Bu qədər yumşaqlığına və mülayimliyinə baxmayaraq,
Mişa kifayət qədər qapalı insan idi. Ancaq ona "bəxti gətirən insan” demək
olmazdı. Çünki o, həyatda çoxlu dərd yaşamışdı: sevimli bacısı ağır xəstələnmişdi.
2000-ci ildə Yeni ilə yarım saat qalmış anası qəfildən vəfat etmişdi. Təsəvvür
edin, qonaqlar stol arxasında oturub, anası bir fincan kofe istəyir və birdən
çarpayıya uzanaraq həyatdan gedir. Buna görə də o, bu cür ağır məqamları heç
vaxt həyatından silə bilmirdi və bəzən xiffət edirdi”.
Yaradıcılıq gecələrində
tamaşaçılar onu suallara qərq edərək, nə üçün memuar yazmadığını soruşurdular.
Axır ki, Derjavin onların istəyinə tabe oldu və «Mən bəxti gətirənəm. Xatırlayıram,
gülümsəyirəm və bir az da qüssələnirəm» kitabı ölümündən bir qədər əvvəl çap
olundu. "Qoy memuarlar bütün həyatımın metaforası olsun, həmçinin də incəsənətdə»
- aktyor deyirdi. Aktyorun pərəstişkarları üçün vəsiyyət xarakterli
avtobioqrafik kitabında həyatının əsas 7 qaydası yer alıb. Onlardan ən mühümü
bu idi: "Yaxşı əhval-ruhiyyənizi qaçırmayın. İnsanlar daha çox gərginlikdə
yaşayırlar. Bir-birinə, cəmiyyətə, dövlətə qarşı gərgindirlər. Əgər bunun da üzərinə
yeni bir sarsıntı gəlsə, tamamilə dözülməz olacaq. Ona görə mən insanları
sevindirməyə çalışıram».
Derjavin bütün
yaradıcılığı boyu insanları sevindirməyə cəhd etdi və bu, onda mükəmməl alındı...
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova