AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həyatın “Döngələr”i

Həyatın “Döngələr”i

Mədəniyyət
24 Dekabr 2012, 14:32 1691
Ötən XX əsrin keşməkeşli 90-cı illəri hamımızın yaxşı yadındadır. Hər şeyin qıt olduğu, qəhətə çəkildiyi həmin dövrü belə tez unutmaq mümkün də deyil. Çünki həmin 90-cı illərin ağrı-acılarını yaşayan insanların çoxu hələ həyatdadır, bu günümüzü o illərlə müqayisə edə bilirlər. 90-cı illərdə ölkəmizdə, elə təkcə Azərbaycanda yox, bütün keçmiş SSRİ məkanında sanki həyat axarı pozulmuşdu; mağazaların piştaxtaları boş, iş yerləri yox idi. Bütün bunlar azmış kimi, millətlərarası münaqişələr cəmiyyətin sisoal-psixoloji gərginliyini daha da kəskinləşdirmişdi.

Bu qıtlıq şəraitində televiziya ekranları da “bozarmış”, orada göstərilən verilişlərin çeşid və səviyyəsində bir qıtlıq müşahidə olunurdu. Bu qıtlığı Braziliya və digər Latın Amerikası ölkələrində istehsal olunmuş teleseriallar doldururdu.

Təsvir edilən dəbdəbəli saraylar və həmin saraylardakı varlılarla qulluqçular arsındakı ziddiyyətlər, Azərbaycan mentalitetinə yad intriqalar - oğul-ata, gəlin-qayınana münasibətləri Azərbaycan tamaşaçısının evinə sərbəst “daxil ola bilir”, hətta bəzi sadəlövh ailələrdə ciddi problemlərə səbəb olurdu; “Santa Barbara”, “Varlılar da ağlayır”, “Sadəcə Mariya” və s. teleseriallar, demək olar ki, hər bir ailənin xüsusi maraqla izlədiyi filmlərdən idi. Əslində bu teleserialları izləyən tamaşaçının günahı yox idi. 90-cı illərin ağrı-acılarını bir anlıq arxa plana keçirmək, unutmaq üçün həmin seriallar o dövr üçün zahirən pis vasitə də deyildi. Ən başlıcası ona görə ki, Azərbaycan televiziyaları Latın Amerikası seriallarının əvəzinə nəsə təklif etmirdi, edə bilmirdi.
Əcnəbi teleseriallara bəslənən “məhəbbət” və tələbat son illərə qədər davam edirdi. Nəhayət, Azərbaycan dövləti bu anormal tendensiyanın qarşısını almaq qərarına gəldi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli teleseialların çəkilməsi üçün vəsait ayrılması barədə sərəncamından sonra bu sahədə canlanma yarandı, televiziya kanallarından əcnəbi serialların sıxışdırılıb çıxarılmasına imkan və şərait yarandı. Azərbaycan teleməkanında televiziya seriallarının çəkilməsinə başlanıldı. İctimai Televizyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin məhsulu olan 15 seriyalı “Döngələr” serialı da dövlətin bu siyasətinin nəticəsidir. Artıq serial başa çatdığı üçün onun haqqıda fikir söyləmək, tamaşaçı rəyi bildirmək imkanı genişdir.

“Döngələr” ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinin hadisələrinə işıq tutan bir tele-epopeyadır. Filmdə cərəyan edən hadisələr bugün üçün artıq keçmişdir, dünəndir. Amma bu keçmiş uzaq deyil. Bizə doğma olan, hələ unutmadığımız, unuda bilmədiyimiz keçmişdir.

Filmin baş qəhrəmanı o dövrün rayon səviyyəsində ən yüksək vəzifə sayılan raykom katibidir. Rayon Partiya Komitəsi katibinin hansı nüfuza və səlahiyyətə sahib olduğunu nisbətən yaşlı nəslin nümayəndələri yaxşı bilirlər. Ancaq unutmaq olmaz ki, belə yüksək vəzifəli məmur da insandır, onun da səhvləri var, ağrıları var. Digər tərəfdən, bu katib artıq tarixə dönmüş, qayıtması mümkün olmayan bir epoxanın – sovet dövrünün, sovet həyat tərzinin obrazıdır. Bu, ilk baxışda həmin dövrə nostalgiya hissinin diqtəsi deyil ki?

Qətiyyən! “Döngələr” ötən əsrin 90-cı illərinə, o illərin raykom katibinə məhəbbət epopeyası deyil, “Döngələr” o illərin həyat reallıqlarına güzgü tutan bir teleserialdır.

O reallıqları biz yaşamışıq. Həmin raykom katibi yaşayıb. Hazırda onun və elə çoxlarımızın da illər boyu inandığımız ideallar yoxa çıxır. Hər şey qısa zaman kəsiyində dəyişir. Belə bir keşməkeşli zaman bütövlükdə insanları və insanlığı sınağa çəkir. Nə yazıq ki, bu sınaqdan heç də hamı alnıaçıq çıxa bilmir. Kimlərisə var-dövlət, pul qazanmaq ehtirası yoldan çıxarır. Kimlərsə həyat yollarında, həyatın gözlənilən və gözlənilməyən döngələrində öz insanlığını, ləyaqətini qoruya bilmir, kimlərsə həyat sıxıntılarına, ətrafdakıların xəyanətlərinə baxmayaraq öz ləyaqətini, şərəfini və vicdanını təmiz saxlaya bilir. Bu insan vəzifəcə keçmiş raykom katibi olsa belə...

Teleserialın yaradıcılarının tamaşaçıya aşılamaq istədikləri əsas qayə budur – insan düşdüyü şəraitdən, rastlaşdığı vəziyyətdən asılı olmayaraq, həmişə insan olduğunu unutmamalı, ləyaqətini qorumalıdır! Şərəf və ləyaqətin itirilməsinə heç bir səbəb və hadisə haqq qazandıra bilməz! Fikrimizcə, “Döngələr” məhz bu məziyyətlərinə görə tamaşaçı marağına səbəb olub.

Doğrusu, indi əksər televizya kanalları teleserial çəkir. Amma kanalların çoxunda çəkilən teleseriallar bir vaxtlar ekranlarımızı zəbt etmiş Braziliya, Meksika seriallarına bənzəyir; dəbdəbəli villa, varlı ailə, onun problemləri və cürbəcür məişət intriqaları həmin seriallarda ön plandadır. İctimai Televiziya isə ilk addımdan belə xırda məişət intriqalarından uzaq mövzuya – yaşadığımız yaxın keçmişə müraciət etməklə diqqəti cəlb edə bilib. Serialda hadisələrin inkşafı, münaqişələr təbii və inandırıcıdır.

Aktyor oyunu barədə çox danışmaq fikrində deyiləm. Amma baş rolun ifaçısı Eldəniz Rəsulovun oyununu xüsusi qeyd etməyə bilmərəm. O, katib obrazını canlı və inandırıcı yaradıb.

Teleserialın sseanri müəlliflərinin - İsmayıl Ömərov və Rafiq Səməndərin mövzunu, filmin əhatə etdiyi sosial-mənəvi problemləri, dövrü, o dövrün insan xarakterlərini yaxşı bildikləri və bunu bacarıqla qələmə aldıqları kimi, həmin ssenarinin quruluşçu rejissor Cavid Təvəkkül tərəfindən ekran həlli də uğurlu alınmışdır.

Ola bilsin ki, kino mütəxəssisləri “Döngələr” teleserialında müəyyən zəif cəhətlər də müşahidə ediblər. Amma bizcə, “Döngələr” bütövlükdə İctimai Televizyanın kino siyasəti sahəsində növbəti uğurlu addımı kimi qiymətləndirilməlidir. Bu il - 2012-ci il noyabrın əvvəllərində İctimai telekanal Nizami Kino Mərkəzində “Carçıfilm” günləri çərçivəsində istehsal etdiyi filmləri geniş ekranda tamaşaçıların müzakirəsinə təqdim edərək ölkədə kino işinin inkişafına verdiyi töhfəni ortaya qoydu. Bütün bunlar göstərir ki, İctimai Televiziyanın həyat döngələrinə obyektiv baxışının nəticəsi olan yeni filmlər və seriallar hələ qabaqdadır.

Alxan Bayramoğlu,
filologiya elmləri doktoru,
professor