AZE | RUS | ENG |


Həyatın bütün ağrı-acısını yaşamış ziyalı

Həyatın bütün ağrı-acısını yaşamış ziyalı
Ədəbiyyatın tərbiyəvi qüvvəsindən istifadə onun gündəlik işinin mayasını təşkil edib

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar müəllim, Prezident təqaüdçüsü Yavuz Axundlunun anadan olmasının 90 illiyi tamam olur.

 
Atam məni göydən yerə endirib, müəllimim yerdən göyə qaldırıb.
Aristotel
 
 
Ağlımız kəsəndən tanıdığımız ilk böyüklər ata-anadır. O, adamlar ki, ömürləri boyu bizə təkcə maddi cəhətdən əl tutmağı deyil, doğru yolu göstərməyi də özlərinə borc bilirlər. Geniş mənada, hər bir ata, hər bir ana ağsaqqal, ağbirçəkdir, özü də bu keyfiyyət onların təbiətindən doğur. Vay o gündən ki, eldə sayılan ağbirçək, ağsaqqal olmasın...
 
Tələbələr özlərini ona bənzətməyə çalışırdılar
 
"Ağıl yaşda deyil, başdadır” deyimin də həqiqət olduğu hər kəsə bəllidir.  Hər saqqalı ağ olana da ağsaqqal deməzlər. Ağsaqqal- cəmiyyətin mənafeyi üçün lazım olan hər işi görən adama deyərlər. Ağsaqqallıq, ağbirçəklik-müdrikliklə əkizdir. Ağıllı sözün almadığı qala yoxdur. Ağla qida verən müdriklər – ağsaqqallar, ağbirçəklərdir.

Elə adamlar var ki, Allah onlara hələ gənclik çağlarından ağsaqqallıq bəxş edir. Belə ağsaqqallardan biri də həyatı boyu bütün ağsaqqallıq əlamətlərini özündə formalaşdırmış Yavuz Axundludur.

Yavuz müəllimin görkəmi ağsaqqal görkəmi olub həmişə. 50 ildən çoxdur ki, müşahidə edirəm, görkəm həmin görkəmdir. Yerişi, davranışı, səliqə-sahmanı, danışığı, təmkini, ağırlığı ilə başqalarını onun qabağında ehtiyatlı olmağa, artıq hərəkət etməməyə sövq etdirib. Çox vaxt Yavuz müəllimi Süleyman Rəhimov, Əziz Şərif, Məmməd Cəfər, Mirəli Qaşqay, Mirəli Seyidov görkəmi ilə müqayisə edib, fərəhlənmişəm. Pedaqoq üçün xarici görkəmin nə qədər əhəmiyyətli olduğunu Yavuz müəllimin timsalında görmüşəm. APİ-nin Naxçıvan filialında tələbə olduğumuz illərdə (1967-1971-ci illər) Yavuz müəllimin görkəmi bizi nə qədər ondan "çəkindirirdisə”, bir o qədər də bütün tələbələr özlərini ona oxşatmağa, bənzətməyə çalışırdılar. Bu əlamət isə onu tələbələrə daha da yaxınlaşdırar və mehribanlaşdırardı.

 Vaxtilə məclislərin birində yaxın məslək silahdaşı, Azərbaycanın tanınmış yazıçısı və kino ssenaristi mərhum Əhmədağa Muğanlının dediyi sözlər yaxşı yadımdadır: "Bütün tələbə dostları Yavuza hörmətlə yanaşardı, çünki adi bir ehtiyatsızlıq, onun  gözündən düşmək kimi hörmətsizlik qazandırardı. Ona görə də hamımız həmyaşıd olsaq da, ondan çəkinər və "pis” hərəkətlərimiz üçün hətta utanardıq”.

Halbuki, Yavuz müəllimin tələbə dostları Fərhad Zeynalov, Yusif Seyidov, Həsən Şirəliyev kimi respublikanın tanınmış alim-ziyalıları olmuşdur. Azərbaycanın görkəmli alim-pedaqoqları, M.Rəfili, M.Cəlal, A.Zamanov, Dəmirçizadə, Mirzə Feyzulla Qasımzadə, Əzizə Cəfərzadədən dərs alan Yavuz müəllim həmişə onları yad edir və xatirələrini əziz tutur.  Yavuz Axundlunun atası, babası da respublikada nüfuz sahibinə çevrilmiş müəllimlər olmuşlar.  

Yavuz müəllimin atası, respublikamızın görkəmli maarif xadimi, əməkdar müəllim İbrahimxəlil müəllimi görmək mənə qismət olmayıb. Ancaq eşitdiyimə görə, İbrahimxəlil müəllimin də şagirdləri, tələbələri ona hörmətlə yanaşar "ağır adamdır” deyərmişlər. El-obada da böyük nüfuz sahibi olub. 
İbrahimxəlil Axundlu ədəbiyyatımızın, tariximizin, mədəniyyətimizin bilicisi olmaqla, xalqımızın ictimai-siyasi tarixində də diqqətəlayiq bir şəxsiyyət kimi tanınmışdır. Hələ 1918-ci ildə ermənilər Naxçıvanda qanlı faciələr törədərkən, günahsız insanları öldürüb, kəndləri yandırarkən İbrahimxəlil müəllim könüllülərdən ibarət xalq dəstəsi təşkil edərək, düşmənə qarşı mübarizəyə qalxmış, böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Məhz buna görə də türk ordusunun Naxçıvanı erməni təcavüzündən xilas etdiyi zaman, ordunun Baş Komandanı Kazım Qarabəkir Paşa İbrahimxəlil Axundlunun fədakarlığını təqdir etmiş, ona yüksək hərbi rütbə və bir sıra qiymətli mükafatlar təltif etmişdir.
 
Qabil şagird ustad olar ustada
  
Yavuz müəllimi tanıyanlar, onunla ünsiyyətdə olanlar (ailə üzvləri də daxil olmaqla) yanında papiros çəkmir, içki içmirlər. Bu yaxınlarda ona yaxın bir cavan dostu zarafatyana dedi: "Xocam, bilirsiniz bizə nə qədər siqaret borcunuz var?” Cavabında "sağlamlıq borcunuzu hesablasaq, uduzarsınız, siz mənə borclu qalarsınız” dedi. Yavuz müəllimin bu nüfuz və "zabitə”sindən belə bir nəticəyə gəlmək olar ki, uzun əsrlərdən bəri üzüm yetişdirən, tütün becərən diyarda indinin özündə də şəraba, içkibazlığa, papirosa meylin zəif olması azərbaycanlı gəncin ağsaqqal, ağbirçək üzünə kefli, damağında papirosla çıxmasının ta qədimdən ağır qəbahət, ədəbsizlik sayılmışdır. Deməli, qadın əxlaqının saflığına, kişi mənəviyyatının təmizliyinə xidmət edən "yasaq”lar da kökümüzdən bəhrələnmişdir. 

"İnsanlıq vəzifəsi qəlbin mühakiməyə uyğun fəaliyyətidir” deyib Aristotel. Yəni, ağılla qəlbin vəhdəti tənzimləyir insanlıq vəzifəsini. Bu keyfiyyəti daşıyan adamı Aristotel "doğru adam” adlandırmış, insan anlayışına layiq saymışdır. Eyni fikri Hegel bir qədər başqa tərzdə anlatmışdır. "İnsan anlayışına, insanlıq vəzifəsinə uyarlı olmayan pis adam həqiqi adam deyil” demişdir. Belə fikirlər ömrün mənasını xeyirxah əməllərdə axtarmağa yönəldir. Xeyirxahlıq zəminində niyyətin, fikrin, əməlin bir-birini tamamlaması sayəsində yetişir ahəngdar şəxsiyyət. Ulu Zərdüştün dediyi yaddaşımızda yaxşı qalıb - "yaxşı niyyət, yaxşı söz, yaxşı əməl”. Bütün tərbiyə işinin amalı bu "üçlüyün” vəhdətinə bağlıdır. Tərbiyəçinin şəxsi nümunəsi, düşüncəsi, ünsiyyəti ön plana alınmalıdır. Müdrik atalar sözüdür: "Qabil şagird ustad olar ustada”. Sənətinin sənətkarı, ruhu, təbiəti zəngin olan müəllim beyinləri, qəlbləri oyatmaqda sehrli gücə malikdir. Axı onun geniş biliyindən, nəciblik timsalı təbiətindən neçə-neçə yeni nəsil dərs alır. Əsl müəllim şəxsiyyəti özündə böyük cazibə qüvvəsi daşıyır. Yorucu nəsihətlərdən onun şəxsi nümunəsi daha yaxşı təsirlidir. Senekanın kəlamıdır: "Nümunənin yolu yaxın, nəsihətin yolu uzaq”.

Yuxarıda deyilənlərin Yavuz müəllimin pedaqoji fəaliyyətində necə yer tutması göz qabağındadır. Ömrünün 70 ilini "ağlın maariflənməsi” işinə sərf etmiş bu müdrik ağsaqqalın təkcə bu gün onlarca tələbəsi professor və dosent kimi respublikamızın Universitetlərində, 100-ə yaxın tələbəsi məktəb direktoru və direktor müavini, yüzlərlə tələbəsi elmin, mədəniyyətin, təhsilin müxtəlif sahələrində çalışır.
 
 
Xoşbəxtliyə baxın, bu gün professor özünün 50-yə yaxın tələbəsi ilə birlikdə 50 il bundan öncə həmin Universitetin təməlini qoyanlardan biri kimi Naxçıvan Dövlət Universitetində (1967-1972 - APİ-nin Naxçıvan filialı, 1972-ci ildən isə Naxçıvan Dövlət Universiteti adlanır-F.Z) işləyir, onlarla səmimiyyətlə, qarşılıqlı işgüzar şəkildə gənc nəslə Azərbaycanımızın ədəbiyyatını öyrədir, əxlaqi-mənəvi sərvətlərimizin aşılanmasına xidmət edir. Görkəmli adamlardan biri deyib: "İnsan yaxşı əməldən iki dəfə zövq alar, birincisi onu edən zaman, ikincisi əvəzini görən zaman”. Bu mənada Yavuz müəllim çox xoşbəxt adamdır.
 
Ziyalı və ziyalılıq!
 
Böyük Nizami Gəncəvi müəllim-şagird, tərbiyəçi-tərbiyə olunanlar arasındakı münasibətlərə böyük əhəmiyyət vermişdir. Nizami tərbiyəçilərdən tərbiyə olunanlara atalıq qayğısı tələb etmişdir. "Yeddi gözəl” əsərində Mənzərin Bəhrama atalıq qayğısı göstərməsinə geniş yer verən Nizami yazırdı:
Bəhrama atadan daha mehriban
Kəsilib tutardı əziz canından
 
Nizami demişdir ki, şagirdlə müəllim, tərbiyəçi ilə tərbiyə olunanların münasibətlərində səmimiyyət, qarşılıqlı anlaşma olmalıdır.
 
Nizaminin qəhrəmanları öz müəllimlərinə böyük hörmət etmiş, hətta şahlıq tacına sahib olandan sonra belə öz müəllimlərini unutmamışlar. Xosrov da, Bəhram Gur da, İsgəndər də belə etmişdir. İsgəndər alimləri öz ətrafına toplamış "alimdir gözümdə ən əziz olan” deyərək, fərman vermişdi. Onun dövründə gənclər alimlərə rəğbət bəsləmişlər. "Elm adamlarını müəllim yetişdirir, buna görə də müəllim daha yüksəkdə duraraq, adamları kamillik zirvəsinə çağırır” demişdir.
 
Kaş, Yavuz müəllim kimi simalı müəllimlərimizin sayı bu gün azalmayaydı. Onda tələbələrin də öz müəllimlərinə hörməti və sədaqəti azalmaqdansa, artardı. Böyük Nizaminin vəsiyyəti kimi.
 
"Professor Yavuz Axundlu əsl ziyalıdır!” ifadəsində böyük məna vardır. Ziyalı və ziyalılıq problemi tarixən xalqı düşündürən əsas problemlərdən biridir. Bu problem ətrafında çox söhbətlər gedir və getməlidir. Ziyalı kimdir? Ziyalılıq nədir? Tarixən Azərbaycan  xalqının özünün ziyalıları ilə fəxr etməyə tam haqqı olub. M.F.Axundovun, A.Bakıxanovun, M.Kazımbəylinin, M.C.Topçubaşovun, M.Ş.Vazehin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, A.Səhhətin, H.Zərdabinin, M.Hadinin, Ə.Hüseynzadənin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, A.Şaiqin, M.S.Ordubadinin, M.Şaxtaxtinskinin, N.Nərimanovun və bir çox ziyalılarımızın Azərbaycan ziyalılığının yaranmasında oynadıqları rol tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunmuşdur. Ömürlərini xalqın səadəti uğrunda fəda etmiş bu ziyalıları xalqımız bu gün də böyük hörmətlə yad edir.
 
Həyatın bir çox nemətlərindən özünü məhrum etmiş M.F.Axundov xalqını ziyalandırmaq üçün yeni əlifba yaratmış, dram əsərləri yazmış, fəlsəfi traktatını qələmə almış, həmişə maddi ehtiyac içində yaşayan  H.Zərdabi "Əkinçi” qəzetini öz pulu hesabına buraxmış, özü mətbəədə mürəttiblik etmiş, həmin çətinliklərlə rastlaşan  C.Məmmədquluzadə heç bir hədə-qorxudan çəkinmədən "Molla Nəsrəddin” jurnalını nəşr etdirmiş, Ü.Hacıbəyov pulsuz-parasız operalar yazmış, onları tamaşaya hazırlamış, özü orkestrdə skripka çalmış, məslək dostu Ə.Haqverdiyevi tamaşaya dirijorluq üçün dəvət etmişdir.
 
İnqilabdan sonra H.Z.Tağıyevin həbs olunması haqqında orderi imza atmaq üçün N.Nərimanova vermişdilər. O, bu orderə qol çəkməmiş və səbəbini belə izah etmişdir: "Mən onun pulu ilə oxumuşam və təhsil pulunun çoxunu hələ qaytara bilməmişəm. Həbs orderinə qol çəksəm, xalq məni düzgün başa düşməz”.
 
Bax, budur əsl ziyalılıq! Bu gün hörmətli müəllimimiz, professor Yavuz Axundlu atası İbrahimxəlil Axundovla birlikdə ömürlərinin bir əsrdən çoxunu gənc nəslin tərbiyəsinə, onun maariflənməsinə sərf ediblərsə, bu, ziyalılıq timsalı deyilmi?!

Atasının bütün mənəvi-əxlaqi məziyyətlərini yeni nəslə çatdırmaq, onun xatirəsini əbədiləşdirmək üçün əlindən gələni etməklə, gənc nəslə nümunə göstərmək  ziyalılıq ifadəsi deyilmi?!
 
 
Yavuz müəllim xoşbəxtdir ki...
 
Yavuz Axundlunun  elmi fəaliyyəti və yaradıcılığı çox geniş və əhatəlidir. Onun "Tarixi-roman və müasirlik” (1975), "Azərbaycan Sovet tarixi romanı” (1979), "Tarix və roman” (1988), "Naxçıvan yurdum mənim” (1988), M.S.Ordubadi (1997), "Mənim əbədi dünyam” (1998), "İstiqlal şairləri” (1998), "Əbədi mühit və sənətkar” (2002), "Əlimdədir hələ qələm” (2003), "Əbədi portretlər” (2004) kimi qiymətli monoqrafiya və kitabları ilə birlikdə yüzlərlə elmi jurnal və qəzet məqalələri, tədris-metodik vəsaitləri uzun illərin elmi axtarışlarının bəhrəsidir. 

Türkiyədə nəşr olunan "İstiqlalın azarlı yolu” (türk dilində) və İranda nəşr olunan "Qarabağ harayı” (ərəb əlifbası ilə) kitabları ona böyük şöhrət qazandırmışdır.   
 
 
Təkcə son illərdə 2 kitabı Azərbaycanda, 1 kitabı və 3 elmi məqaləsi Türkiyədə, bir kitabı isə İranda çap olunub, geniş oxucu kütləsinin müzakirəsinə verilmişdir.
 
Hazırkı dövrdə Azərbaycan ziyalılarının böyük bir dəstəsi yetişir. İndiki şəraitdə onların qarşısında böyük, hüdudsuz imkanlar açılmışdır. Çünki bugünkü ziyalılar Azərbaycanımızın ziyalılaşması üçün çox işlər görə bilərlər. Fikrimcə, birinci növbədə keçmiş ziyalılıqla indiki ziyalılıq arasında dağılmış mənəvi körpüləri əsaslı sürətdə bərpa etmək lazımdır. Bu gün yetişməkdə olan yeni ziyalı nəsli keçmişin və bu günün ziyalı ənənələrinə sədaqətdən, hörmətdən bəhrələnməli, onları daha da inkişaf etdirmək yollarını axtarmalı və tapmalıdır.
 
Çünki, bu gün yeni yaranan ziyalı nəslində daxili azadlıq, sərbəstlik ruhu, inamı vardır. Bu nəsil keçmişdən fərqli olaraq, öz yüksək amallarını həyata keçirmək üçün heç bir şeydən çəkinmir, qorxmur. Axı ziyalı nəslin öz fikri, öz əqidəsi, öz yolu olmalıdır. Ziyalı hər oxuduğu kitabın əsiri olmamalı, özgə fikirləri tutuquşu kimi təkrar etməməlidir. Bu ən azı mənəviyyatsızlıqdır. Gənc ziyalı nəsli özündə xalq, cəmiyyət qarşısında məsuliyyət hissini, bəşəri duyğuları daha çox tərbiyə etməlidir.
 
Ziyalılığın geniş ənənələrini bərpa və inkişaf etdirməkdə, onların klassik obrazını yaratmaqda ədəbiyyat daha çox iş görə bilər. Bu baxımdan Yavuz müəllim xoşbəxtdir ki, ömrünün yarım əsrdən çoxunu ədəbiyyat fənninin tədrisinə həsr edib, ədəbiyyatı məfkurə üçün ən qiymətli vasitə, insanda lətif, incə, kövrək hisslər formalaşdırmağın yeganə nümunəsi hesab edib, ədəbiyyatın tərbiyəvi qüvvəsindən istifadə gündəlik işinin mayasını təşkil edib.
 
Bu gün 90 yaşlı professor yenə də mütaliə edir, çalışır. Görünür ki, A.Bakıxanovun "elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyi ilə əldə edilir” nəsihəti onun həyat qayəsinə çevrilib.
 
İndiki narahat dünyamızda az adam tapılar ki, bu yaşda mütaliə etsin, yazıb-yaratsın. Bir necə il bundan öncə bərk xəstələnmişdi. Oğlanları Ədalət və Rəşadətdən, yaxın qohumlarından Yavuz müəllimi soraqladıqca, deyinirdilər: "Oxumaqdan əl çəkmir, doymur ki, doymur. Validə müəllimə də (həyat yoldaşı) məzəmmətləyir, xeyri yoxdur”.
 
Burada çox oxuyan alim haqqında eşitdiyim bir əhvalat yadıma düşür. Alim divanxanadan evinə müəyyən bir vaxtda qayıtmazmış. Gah tez gələrmiş, gah da yubanarmış. Bir gün arvadı ondan qəti söz alır ki, vaxtında gəlib nahar etsin. O, söz verir və həmişə də dediyinə əməl edib, saat dörddə evə gəlir. Lakin bir gün alim verdiyi sözə əməl etmir, evə gec gəlir. Arvadının məzəmmətini eşitməmək üçün onu qabaqlayır: "Bu dəfə məni bağışla, pəncşənbənin (ərəb əlifbasında pəncşənbə sözündə on nöqtə vardır) nöqtələrini qoyurdum, ona görə yubandım.
 
Sözsüz ki, Yavuz müəllim də ömür-gün yoldaşının məzəmmətlərindən yaxa qurtarmaq üçün özünəməxsus dəst-xətti ilə zarafatyana "üzrlü səbəblər” tapır.
 
Yavuz müəllim səliqə-sahmanı, xüsusilə də geyimi həmişə yerində olan bir ziyalı-alimdir. İti yeriş, ucadan danışmaq, əsəbiliyi büruzə verib, kiminsə salamını almamaq bu adamın xarakterinə yaddır. Bütün bu keyfiyyətlər üçün Validə xanımın "əziyyətlərini” qiymətləndirmək lazımdır. Təxminən 60-cı illərin axırlarında müdrik el ağsaqqalı, Azərbaycanın xalq yazıçısı "Dağ qartalı” təxəllüsünü  qazanmış Əli Vəliyev Naxçıvana - pedaqoji instituta tələbələrlə görüşə gəlmişdi. Görkəmli yazıçının o zaman "Ulduz” jurnalında yenicə çapdan çıxmış "Samovar tüstülənir” povesti haqqında söhbət düşmüşdü. Tələbələrdən biri yazıçıya "Əli müəllim, bu yaşda bu qədər alovlu məhəbbət sizdə hardandır? Eşitdiyimizə görə dişləriniz də özünüzünküdür” sualını verib. Sual çoxmənalı olsa da Əli müəllim cavabı belə olub: "Oğul, məni bu vəziyyətə salan Qumrudur” (Qumru xanım yazıçının həyat yoldaşı olub).
 
Nümunəvi, qayğıkeş valideyn
 
M.F.Axundovun fikrincə, kamil adam olmaq üçün yeddi vəzifəni yerinə yetirmək vacibdir;
 
Birinci vəzifə - insan pis əməllərdən qaçmalıdır.
İkinci vəzifə - insan yaxşılıq etməyə çalışmalıdır.
Üçüncü vəzifə - insan zülmü dəf etməyə çalışmalıdır.
Dördüncü vəzifə - insan öz həmnövləri ilə qətiyyətdə müttəfiq yaşamalıdır.
Beşinci vəzifə - insan elm ardınca getməlidir.
Altıncı vəzifə - insan hər yerdə elmi yaymağa çalışmalıdır.
Yeddinci vəzifə - insan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
 
Xoşbəxtdir o adamlar ki, bu vəzifələrin  bir necəsi onun şəxsiyyətində formalaşsın. Mən belə insanların siyahısında Yavuz Axundlunun soyadını birincilər sırasında yazardım.
 
Yavuz müəllim nümunəvi, qayğıkeş valideyndir. İki oğul, bir qız atasıdır. Böyük oğlu Ədalət Azərbaycan Texniki Universitetinin professorudur. Kiçik oğlu Rəşadət isə uzun müddət Azərbaycan daxili işlər orqanlarında çalışmışdır. Qızı Nazimə həkimdir. Onlarla nəvəyə, nəticəyə babalıq edən Yavuz Axundlu nəvə toyunun şirinliyini dadmış, ağsaqqal kimi xeyir-duasını vermiş, Allahdan onlara xoşbəxtlik diləmişdir. Nəvə toyundan sonra Yavuz müəllimin sifəti daha da nurlanıb. Axı atalar "dövlətdə dəvə, övladda nəvə deyiblər”. Nəticələri isə professora yeni yaradıcılıq ruhu və həvəsi gətirib.
 
Həyatın bütün ağrı-acısını yaşamış çıxmış bu müdrik ağsaqqal lap körpəliyindən üç yaşlı qardaşını itirmiş, ana və ata yoxsulluğu hiss etmiş, qardaşı oğlunun faciəsini yaşamış, qardaş və bacı itkisi ilə üzləşdikdən sonra 70 yaşında nəvə toyu görmüşdür. Qədim el rəvayətində deyilir: "Padşah şikayətçilərindən yaxa qurtarmaq üçün sarayın bir tərəfinə çoxlu daş-kəsək tökdürərək, fərman verir ki, onun yanına gələnlərinin yolunu oradan salsınlar.
 
Şikayətçilərin çoxu bu yolun əzab-əziyyətli olduğunu bilib, şikayətdən əl çəkirlər. Bu vaxt vilayətdə böyük nüfuz sahibi olan bir müəllim bu hadisə ilə əlaqədar padşahın yanına gəlməli olur. Yolun "işgəncəsi”ndən xilas olmaq üçün şahın əyanlarına bildirir ki, şaha çatdırın ki, vaxtilə ona dərs vermiş bir müəllim onunla görüşmək istəyir.
 
Şah bu xəbəri eşitcək, səhv etdiyini başa düşür. Əmr edir ki, təcili "işgəncəli” yolu qaydaya salsınlar, yolun kənarına gül-çiçək düzsünlər, ən hörmətli qonaq kimi müəllimini qarşılamağa hazırlaşsınlar.
 
Müəllimin saraya gəlişi böyük bayrama çevrilir. Müəllim şahın "mədəni etirafını” başa düşüb, üzünü ona tutaraq deyir; "Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır. Padşahın da rəiyyətə işi düşər. Dolunu yeyib, boşa təpik atma! Pis günə qalarsan”.
 
Müəllimin bu hikmətli sözlərindən sonra padşah bir daha səhv etdiyini dərk edir. Tarixən bütün sarayların bağlı qapıları müdrik insanlar- müəllimlər üçün "açıq qapı” elan edilib. Bu ənənə bu gün də davam edir. Çünki müəllimlik peşəsi sənət olmaqla bərabər, həm də ən şərəfli vəzifədir.
 
Ümummilli Liderimiz Heydər Əliyev demişdir: "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır”.
 
Hörmətli professor Yavuz Axundlu! Sizi 90 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir və bu şərəfli vəzifənin yerinə yetirilməsinə bütün həyatınızı sərf etmisiniz. Sizə daha böyük yaradıcılıq müvəffəqiyyətləri arzulayır, Allahdan 100 illik ömür, can sağlığı və şükranlı günlər  diləyirik.
 
Fizuli İbrahimzadə,
Tarix üzrə fəlsəfə doktoru, dosent

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008