• cümə, 19 Aprel, 05:31
  • Baku Bakı 18°C

Həyatımızda sosial şəbəkələr olmasa, nə baş verər?- Diskussiya

05.05.18 09:30 2907
Həyatımızda sosial şəbəkələr olmasa, nə baş verər?- Diskussiya
Sosial şəbəkələr insanların həyatını "ələ keçirib” desək, yanılmarıq. Hətta bəzilərində asılılıq o qədər çoxdur ki, bir anını belə onlarsız təsəvvür edə bilmir. Yemək yeyərkən, iş görərkən, yol gedərkən gözü telefonda olan gənclər hər birimizin ətrafında var. Bir çoxları sosial şəbəkələrin faydalı olduğunu düşünsə də, vaxt itkisi hesab edənlər də az deyil. Maraqlıdır, bəs həyatımızda sosial şəbəkələr olmasa, nə baş verər? Bu sualı Azərbaycan Dillər Universitetinin tələbələri ilə müzakirə etdik.

Səbuhə Aslanova:
- Sosial şəbəkələr yeni yarandığı vaxtlar daha faydalı idi. Çünki insanlar daha çox öyrənmək, məlumat əldə etmək üçün istifadə edirdilər. Lakin son 3-4 ildə çox mənasız bir məşğuliyyətə çevrilib. Sanki insanların zövqləri dəyişilib. Lazımlı paylaşımlar bəyənilmir, boş, mənasız statuslar dəyərləndirilir. İnsanlar boş statuslara daha çox maraq göstərilər. Onlara məlumat xarakterli deyil, bayağılıq lazım olur. Acınacaqlısı odur ki, 24 saatın 18 saatını bunlara həsr edirik.
Ayişə Əsgərova:
- Sosial şəbəkələr vaxt itkisidir. Tək faydası odur ki, uzaqda yaşayan qohumlarımızla rahat ünsiyyət qururuq. Sosial şəbəkələr məsuliyyətlərimizdən qaçmaq üçün bəhanədir. Açırıq, guya vacib iş görürük, amma vaxtımızı boş-boş səhifələrə, şəkillərə baxmaqla sərf edirik. Olmasa idi, həyat daha maraqlı olardı.
Elgün Məmmədov:
- Sosial şəbəkələrin vaxt itkisi olması fikirləri ilə razı deyiləm. Məlumat xarakterli və qeyri-məlumat xarakterli səhifələr var. Məsələn, mən saytlara girib məlumat oxumuram, elə bunu facebookdan alıram. Bu şəbəkələrdən lazımlı və lazımsız istifadə etmək insanın özündən asılıdır. Düzdür, əyləncə xarakterli səhifələr vaxt itkisidir. Amma heç kim səni məcbur etmir ki, o səhifələrdə "gəzib” vaxtını boşa xərcləyəsən. Sosial şəbəkələrin müsbət tərəfləri çoxdur. Dostlarının harada olduğunu bilirsən. Uzun müddət görmədiyin insanlarla ünsiyyət qurursan. Bir-birimizlə görüntülü danışa bilirik. Bunun nəyi pisdir ki?
Nofəl Hacıyev:
- Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri əslində bizim ona necə yanaşmamızdan asılıdır. Özümüzə sual verək. Biz onlardan məlumat xarakterli, yoxsa kimləsə saatlarla boş-boş danışmaq üçün istifadə edirik? İnsan bunu özü tənzimləyə bilər. Məsələn, mən tarixlə maraqlanıram. İzlədiyim səhifələr də məhz məlumat xarakterlidir. Nə vaxt səhifəmə daxil olsam, o xəbərlərlə rastlaşıram. Hər dəfə yeni məlumatla, informasiya ilə qarşılaşıram. Bu niyə vaxt itkisi olsun ki? Yəni onlardan necə istifadə etməyimiz bizdən asılıdır. Üstəlik, sosial şəbəkələr getdikcə daha çox həyatımıza sirayət edir. 3-4 il bundan qabaq bizə irad tutan yaşlı nəsil indi özü sosial şəbəkələrdən çıxmır.

Məhsəti Əzizova:
- Sosial şəbəkələrin müsbət rolu çoxdur, bunu dana bilmərik. Amma ən böyük mənfi tərəfi odur ki, onlardan yetəri qədər azyaşlı uşaqlar istifadə edir. Bu qəbuledilməzdir. Mən düşünürəm ki, bu, valideyn məsuliyyətsizliyidir. Azyaşlı uşaqlar sosial şəbəkələrin müsbət tərəflərini tam dərk edə bilmir, mənfi cəhətlərə fokuslanırlar. Bu da onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Bundan sonrakı nəsil də məhz belə böyüyür. Bu ən böyük qlobal problemlərdən biridir.
Azad Xanəlizadə:
- Mən sosial şəbəkələrin mənfi cəhətləri ilə bağlı fikirlərlə razı deyiləm. Mənfi cəhəti varsa da, onları biz əlavə edirik. Mən uşaq vaxtı çox qapalı idim. Heç bir dostum yox idi. Ailəmlə də ünsiyyət qura bilmirdim. Məni anlaya biləcək insanları tapmaqda çətinlik çəkirdim. Amma sosial şəbəkələr vasitəsilə tapdım. Sosial şəbəkələr olmasa idi, mən 10-15 il sonra kimisə tapacaqdım və bu mənim sürətli inkişafımın qarşısını alacaqdı. Sosial şəbəkələr mənim özgüvənimi artırdı. İnsanlarla ünsiyyət qurmağa başladım. Bu cəhətdən məncə, sosial şəbəkələr çox möhtəşəm bir sistemdir. Fərqli situasiya, fərqli dost çevrəsi istəyiriksə, köməyimizə çatır. Mənfi tərəfləri isə yuxarıda qeyd etdiyim kimi, özümüz yaradırıq. Facebook qəlyan çəkib tüstüsündən fiqur düzəldib paylaşılmalı yer deyil. Sən ondan belə istifadə edəcəksənsə, sosial şəbəkənin günahı nədir?

Nofəl Hacıyev:
- Bir dəfə sosial şəbəkələrə girişim olmayan bir situasiyaya düşmüşdüm. Ucqar bir kəndə getmişdim. İnternetim yox idi. Bir müddət darıxır, çox sıxılırdım. Yeni məşğuliyyətlər axtarırdım. Sonra gördüm ki, onun yerini dolduracaq məşğuliyyətlər tapmaq olur. Onda həyat daha maraqlıdır, nəinki indi. Sosial şəbəkələr həyatımızdakı marağı öldürüb.
Səbuhə:
- Əvvəllər sosial şəbəkələr yox idi. İnsanlar çox yaxşı vəziyyətdə yaşayırdılar. Hətta məncə, o vaxt insanlar daha savadlı idi. 2000-ci illərdən bu tərəfə uşaqlara baxanda görürəm ki, dayaz fikirlərlə böyüyürlər. Bütün söhbətləri "bu qədər izləyicim var, sənin nə qədər izləyicin var”, yaxud "oyunda tarlama bu qədər ərzaq aldım, səndə nə qədərdir” kimi söhbətlər olur. Halbuki biz bir söhbət olanda, həvəslə gedib tənəffüsdə müzakirə edirdik. Sosial şəbəkələr bu dəyərləri bizdən aldı. Əvvəllər sevgilər daha dərin idi. İndi heç kim bir-biri üçün əziyyət çəkmir. Metroda hamı başıaşağı telefonla oynayır. Sanki hər kəs dünyadan təcrid olunub.
Nofəl:
- "İndiki uşaqlar dayaz düşünür” fikri ilə razı deyiləm. Əvvəllər informasiya almaq çətin idi, hətta oxumağa kitabları tapa bilmirdik. İndiki uşaqlar rahatlıqla tapır, oxuyur.


Səbuhə:
- İnsan rahatlığa meyillidir. Əvvəllər paltaryuyan yox idi. Düzdür, qadınlar əziyyət çəkirdilər amma yuyurdular. Ətçəkən maşın əvəzinə, əti əl ilə çəkirdilər. Amma aktiv həyat tərzi keçirirdilər. İndi telefon, televizor insanlarda geriləmə yaradır və passivliyə öyrəşirlər. Orta yaşlı qadınlar ayaq ağrılarından, tənbəllikdən, darıxmaqdan şikayətlənirlər. Çünki sosial şəbəkələr bizi passivliyə öyrədir. İndiki uşaqlar hərəkət etməyə meyilli deyillər. Uşaqlar məhləyə çıxmırlar. Əlbəttə, olmasa həyat daha gözəl olar.
Azad:
- 21-ci əsrdə sosial şəbəkələrsiz həyatı təsəvvür etmək mümkün deyil. Məncə, çox maraqsız olar. Mənim məlumatlanma yolum fərqlidir. Bu, kitablar vasitəsilə deyil. Mən kitabı oxumaq əvəzinə, videolarda baxmağı sevirəm. Bloggerləri izləyirəm. Ted-in videolarına baxıram və bunlar məni ruhlandırır. Ona görə sosial şəbəkələr olmasa, özümü boşluqda hiss edərdim. Təsəvvür edin, bütün məlumat aldığım şəbəkələr birdən-birə itir. Çox çətin vəziyyətə düşərəm və bu mənim geriləməyimə səbəb olar.
Səbuhə:
- Əvvəllər işıqlar sönəndə sevinirdik, tapmaca saatı elan edirdik. Amma indi işıqlar sönəndə, qardaşım əsəbləşir ki, internet getdi. Biz sosial şəbəkələrsiz yaşaya bilərik. Bu tələbatı həyatımızda boş yerə yaratmışıq.


Elgün Məmmədov:
- Sosial şəbəkələr bizim istədiyimiz və zövq aldığımız məşğuliyyətdir. Təbii, hamı onlarsız yaşaya bilər, amma bu çox çətin olar. İndi əksər insanlar da sosial şəbəkələrdən asılı vəziyyətdədirlər.
Nofəl:
- Hər dövrün öz tələbi olur. 21-ci əsr internet əsridir. Sosial şəbəkələr bizim dünyagörüşümüzə müsbət təsir edir.

Elgün:
- Nofəlin dedikləri ilə razıyam. Şəhərdə yaşayanlar daha çox yeniliklərdən xəbərdar olurlar. Şəhər uşaqları ilə kənd uşaqları arasında uçurumun arada qaldırılmasında çox kömək oldu. Artıq Bakıya gələndə dayaz düşüncəli deyildim. Bunu mənə sosial şəbəkələr verdi. Hətta xaricdə təhsillə bağlı məlumatlar əldə etdim və 4 ay iştirakçısı oldum. Sosial şəbəkə mənə xaricdə təhsili qazandırdı. Biz nə üçün internet əsrində geriyə getmək istəyirik? Niyə bunun ləğv olunmasını istəməklə keçmişə qayıtmalıyıq? Su da çox içiləndə dərd verir. Ona görə də lazımi şəkildə istifadə etsək, daha çox faydalanarıq. Amma sosial şəbəkələrdən istifadə etməməklə, yaxud həyatımızdan çıxarmaqla heç nə qazana bilmərik.
Aygün ƏZİZ
Günel AZADƏ

banner

Oxşar Xəbərlər