“Həyatımın məqsədi Azərbaycan dövləti və vətəndaşıdır” - Fotolar
Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu siyasət, onun ideya və idarəçilik məktəbi bu gün də Azərbaycana
xidmət edir
Azərbaycanın tarixi və
taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. İstər
sovetlər birliyi dövründə, istərsə də müstəqillik əldə etdikdən sonrakı illərdə məhz onun uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqının
ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi
üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur
duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı
bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasət və
dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə
çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib,
dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə
coşğun siyasi fəaliyyəti sadəcə ölkə daxilində deyil, dünya mətbuatında geniş
işıqlandırılıb.
Heydər Əlirza oğlu Əliyev
1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan
Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub,
lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan
verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar
Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin
müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin
müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi
orqanlarına işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı
Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin
qiyabi şöbəsini bitirib.
Heydər Əliyev 1958-ci ildə
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi,
1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın
F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi
kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti
yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və
həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər
Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub.
1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini
vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd olub.
Yaşlı və orta nəsil
ziyalıların, o cümlədən ictimai-siyasi xadimlərin vurğuladığı kimi, SSRİ
dövründə iqtisadi tənəzzül yaşayan Azərbaycan məhz ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə intibah dövrünə qədəm qoyub. Belə ki, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda
Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilib. Bu, Azərbaycanın yeni
tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə
saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi
idi. Ümummilli liderin 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi
dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması
istiqamətində tədbirlər görülüb. Bunun nəticəsində ölkədə iqtisadi-sosial
sahədə böyük nailiyyətlər əldə edilib. Müqayisə üçün qeyd edək ki, əgər 1969-cu
ildə Heydər Əliyev rəhbər seçiləndə, Azərbaycan o zamankı SSRİ-nin ən geridə
qalmış respublikası sayılırdısa, artıq iki il sonra, yəni 1971-ci ildə
Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya
çevrilib.
1982-ci ilin dekabrında
Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin
iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər
Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi
xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin
təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı il
iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb,
həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı
seçilib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda
Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1991-ci il
sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri
seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.
Heydər Əliyev 1992-ci il
noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
konfransında partiyanın sədri seçilib. Azərbaycan xalqı öz milli
dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən
ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin
dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə
etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul
edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər
Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş
günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb. Heydər Əliyev 1993-cü il iyunun
15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın
11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1
faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü
il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Heydər Əliyev beş dəfə
keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla
təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif
ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq
görülüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və
dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub. Qədirbilən xalqımız
Azərbaycan qarşısında böyük xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin
xatirəsini hər zaman hörmətlə yad edir. Hər ilin 12 dekabr tarixində - ümummilli
lider Heydər Əliyevin anım günündə Azərbaycan ictimaiyyəti Fəxri Xiyabana axışır,
dünyaşöhrətli siyasətçinin məzarını ziyarət edərək ona sonsuz hörmət və
ehtiramını ifadə edir.
Qeyd edək ki, ümummilli
lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə
Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb. 1993-2003-cü
illərdə ulu öndər Heydər Əliyevin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz
keçid dövrünün çətin labirintlərindən uğurla çıxıb. 1996-cı ildən Azərbaycan
yenidən dirçəliş mərhələsinə qədəm qoyub. 1996-2003-cü illərdə ölkəmizdə bütün
makroiqtisadi göstəricilər 2-3 dəfə artıb, ölkədə 3 min yeni sənaye müəssisəsi
yaradılıb.
2003-cü ilin dekabrında
cismən bizlərdən ayrılan ümummilli lider Heydər Əliyev ruhən daim bizlərlə bir
yerdədir. Heydər Əliyevin əsasını qoyduğu yol, onun tərəfindən müəyyənləşdirilən
siyasət, ulu öndərin ideya və idarəçilik məktəbi 2003-cü ildən sonra da
Azərbaycana xidmət etməkdədir. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident
İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider
dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib.
Milli
Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ulu öndər
Heydər Əliyevin böyük zəka və iradə ilə zamanı sadəcə idarə etmədiyini, onu qabaqlayaraq
irəli apardığını söyləyib. Bildirib ki, Heydər Əliyevin simasında şəxsiyyətin
miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanıb və onun inkişaf
yollarına işıq salıb: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Ölkəyə rəhbərlik
etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər
Əliyev epoxası dövrüdür. Heydər Əliyevin dönməz dövlətçilik mövqeyi,
şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik və zəngin təcrübəsi onun gənc
Azərbaycanda xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə imkan yaradıb. Müstəqilliyin
başlanğıc illərində ayrı-ayrı məkrli qüvvələr tərəfindən törədilmiş dövlət
çevrilişi cəhdləri zamanı ölkə başçısı Heydər Əliyevin müraciətinə bütünlüklə
qoşulan Azərbaycan xalqı, sözün əsl mənasında, şəxsiyyətin ətrafında birlik və
mütəşəkkillik nümayiş etdirib. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi
bütün mümkün təhlükələrdən xilas edib, ölkədə ictimai-siyasi sabitlik yaradıb və
gələcək böyük inkişafın möhkəm təməllərini formalaşdırıb. Onun müstəqil
Azərbaycana rəhbərlik etdiyi on il ərzində, Azərbaycan normal inkişaf
templərinə malik olan və dünyada öz sözü ilə seçilən müstəqil bir dövlət kimi
qəbul olunub.Bu gün bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev
yorulmaz və məqsədyönlü fəaliyyəti ilə böyük sürətlə və hərtərəfli şəkildə
inkişaf edən müstəqil dövlətimizin, xalqımızın inkişaf yollarına yeni, parlaq
və qiymətli səhifələr əlavə edir”.
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Sevinc Fətəliyeva Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin
əziz xatirəsini böyük ehtiramla yad etdiyini dilə gətirib. Qeyd edib ki, ulu
öndərin müdrik və uzaqgörən idarəçiliyi sayəsində bu gün Azərbaycan xarici
siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və
sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların
təşəkkül tapdığı müasir ölkədir: "Görkəmli dövlət xadimi Heydər Əliyevin
Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər
gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. "Mənim həyatımın məqsədi
Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan
vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin
ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev müdrik siyasəti, dönməz
əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın
müstəqillik arzusuna çatmasına nail olub”.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev deyib ki,
ulu öndər Heydər Əliyev fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbəti,
sivil dövlət quruculuğu istəyi və yüksək peşəkarlığı, uzaqgörənliyi sayəsində
Azərbaycan tarixində özünə əbədiyaşar heykəl qoyub. Onun sözlərinə görə,
Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin qoyduğu təməl görünür: "Ulu öndər
Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaradıb. Bəlkə Tanrının
da əlini üzdüyü bir dövləti dağılmaqdan, xırda xanlıqlara parçalanmaqdan
qurtarıb. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoyub və inkişaf
istiqamətinə yönəldib. O, bizə təkcə müasir, əbədiyaşar dövlət əmanət etməyib.
Həm də zərgər dəqiqliyi ilə qurduğu dövlətimizi gələcəyə inamla apara biləcək
davamçı bəxş edib. Bu, Prezident İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan
öz inkişafının yeni mərhələsinə qədəm qoyub”.
Alpər
TURAN