• cümə, 19 Aprel, 05:51
  • Baku Bakı 18°C

Həyatımda tam etibar etdiyim xanım yoxdur Müsahibə

11.12.13 11:29 4432
Həyatımda tam etibar etdiyim xanım yoxdur Müsahibə
Bu gün sənətdə fəaliyyət göstərən bəzi gənc ifaçılar yerli rejissorların işi ilə qane olmayıb, qonşu dövlətlərin rejissorlarına müraciət edirlər. Əksər ifaçılarımız isə yerli rejissorların işlərinə qane olub, onları xaricilərə dəyişməyəcəklərini söyləyirlər. Bu ifaçılar sırasında gənc ifaçı Yaşar Cəlilovu misal gətirmək olar. Yaşar bizimlə söhbətində bu günkü gənc müğənnilərin maraq dairəsindən, ifaçılarımızın xarici şou-biznesə meyl etməsindən danışdı. Yaşar yerli rejissorların əl işini bəyəndiyini və növbəti klipində də öz rejissorlarımıza müraciət edəcəyini qeyd etdi. Onun sözlərinə görə, tanınmaq üçün qalmaqal deyil, mahnı seçimi və onun cəmiyyət tərəfindən qəbul edilməsi daha çox önəm daşıyır.
Klipə dəyər verən yoxdur

- Son zamanlar kliplərinizə çox az hallarda rast gəlirik. Bu nə ilə əlaqədardır?

- Kliplərimin sayı elə də çox deyil. Allahın köməkliyi ilə martda yeni klip çəkilişlərinə başlayacağam. Hazırda tamaşaçıların klipə marağı elə də yüksək səviyyədə deyil. İndi klipə dəyər verən, hörmət edən yoxdur, varsa da çox azdır. Klipi çəkmək şərt deyil. Klipi səviyyəli şəkildə təqdim etmək və onu güclü reklam etdirmək əsas amillərdən biridir. Bizdə klip çəkildikdən sonra kanallar onu çox böyük qiymətə efirdə yayımlayırlar. Mənim düşüncəmə görə, üstünlüyü klipdən daha çox mahnıya vermək lazımdır. Mahnını ifa etdikdən sonra o mahnı tutarsa, o zaman həmin mahnıya klip çəkdirməyi məsləhət görərdim. İndi ifa olunan hər mahnıya da klip çəkdirmək olmaz. Ola bilər ki, klip çəkdirdiyin mahnı heç də uğurlu mahnı hesab edilməsin. Mənə görə, sevilən mahnının klipi olmalıdır. Tutarlı mahnılar klip şəklində nümayiş olunarsa, klip də uğurlu alınar.
- Hansı mahnıya klip çəkdirməyi düşünürsünüz?

- Hazırda lirik janrda oxuduğum “Olmaz sənə” adlı mahnı üzərində işləyirəm. Mahnı dekabrda hazır olacaq. Mahnının musiqisi Tərlan Məmmədhüseynə məxsusdur. Ola bilər ki, o mahnıya klip də çəkdirim. Hazırda mahnı aranjemandadır, hazırlanmaq ərəfəsindədir. Mahnıya görə dekabrın 19-23 arası Türkiyəyə getməyi planlaşdırırıq.
- Mahnını nə üçün burada aranjeman etdirmirsiniz?

- Tərlan Məmmədhüseyn belə məsləhət gördü ki, mahnının daha keyfiyyətli və baxımlı olması üçün Türkiyədə aranjeman etdirim. Mahnının yaxşı səslənməsi üçün biz ora getməyə məcburuq. Orada mahnını türk musiqi alətləri vasitəsi ilə ifa edəcəyik. Ondan sonra Tərlan onu yığıb mənə gözəl bir mahnı hazırlayacaq. Bir sözlə, mahnını Türkiyədə hazırlayacam.
Pulum yoxdur

- Türkiyəyə getmişkən, bəlkə klipinizi də orada türk rejissorlarına çəkdirəsiniz...

- Düzünü desəm, mənim onlara veriləcək o qədər pulum yoxdur. O məbləğə gücüm çatmaz. Onlar bizim rejissorlar kimi ucuz klip çəkmirlər (gülür). Ucuz deyəndə o demək deyil ki, bizim rejissorlar ucuz çəkir deyə işləri pisdir. Yenə də şükür ki, bizim klip rejissorları kliplərimizi baha qiymətə çəkmirlər. Bizim rejissorların işlətdiyi kameralarla türk rejissorlarının işlədiyi kameralar eynidir. Amma onlar ən son avadanlıqlarla, işıq effektləri ilə gözəl klip ərsəyə gətirirlər. Bizim rejissorlar da o kameraları işlədir, bizimkilərdə o effekt alınmır. Ancaq mən öz rejissorlarımızdan razıyam. Quzu kəsərəm öz rejissorlarımıza. Klipimi öz rejissorlarımıza çəkdirərəm, xeyir də bizimkilərə qalar. Pulum çox olarsa, maraqlı və fərqli işlər görmək üçün əcnəbi rejissorlara müraciət edərəm. Onu zaman göstərər.
- Müğənnilərimizin əksəriyyəti seriallarda, filmlərdə obraz canlandırmağa daha çox həvəslidirlər. Bəs siz necə?

- Bunların hamısı bekarçılıqdan irəli gəlir (gülür). Məni seriala çəkilmək üçün dəvət etsələr, əvvəlcə roluma baxaram, əgər uyğun olarsa çəkilərəm. Onu da deyim ki, mən ifaçıyam, özümü bu sahədə inkişaf etdirməyə çalışıram. Mənim işim gözəl mahnılar seçmək, öz tamaşaçılarımı mahnılarımla sevindirməkdir. Düzdür, bu gün seriala, filmlərə çəkilən müğənnilərimiz çoxdur. Onların içərisində rejissorların seçdiyi, uzun müddət təkiddən sonra seriala gətirdiyi müğənnilər də var. Ancaq seriala çəkilən hər müğənni rejissorlar tərəfindən seçilmir. Yəni, elə müğənnilər var ki, seriala çəkilmək üçün gedib rejissorlara yalvarırlar. Mən bu müğənniləri bekar hesab edirəm. Elə insanlar da var ki, yaraşıqlı və gözəldir, ifaçılıqla yanaşı həm də aktyorluq bacarıqları da var. Biri də var ki, əlində heç bir işin olmur, gedib seriala çəkilirsən. Bu isə tamam başqa məsələdir. Mənim seriala çəkilməyimə gəlincə isə, hələ heç bir rejissor mənə belə təkliflə müraciət etməyib. Mən başımı aşağı salıb öz işimlə məşğulam.
- Filmə çəkilmək üçün sizə rejissorlar müraciət etsə, onda necə?

- O zaman yaradacağım obraza baxaram, əgər mənə uyğun olarsa təbii ki, qəbul edərəm.
- Bir neçə ay bundan öncə oktyabrda konsert verəcəyinizi söyləmişdiniz. Sizə nə mane oldu?

- Bəli, bu barədə mətbuata açıqlama vermişdim. Oktyabrda konsert proqramı ilə çıxış etməyi düşünürdüm. Sadəcə olaraq sponsor problemi çıxdı. Belə ki, konsertin ümumi məbləği 85 min manat civarında idi. 85 min manatı yığa bilməyəcəyimiz üçün konsert verə bilmədim. Bizim də 55 min manat pulumuz var idi, ancaq konsert vermək üçün bu bəs etmirdi. Həmin pulu yığa bilmədiyimiz üçün konsert təxirə salındı.
Özümə yaraşdırmıram

- Düşündünüz ki, zalı doldura bilməyəcəksiniz?

- Yox. Mənim onunla bağlı heç bir problemim yoxdur. Ola bilər ki, konsert verim və zal tamam dolmasın. Bunu qabaqcadan demək olmaz. Konsertə 500 nəfər də gələ bilər, heç kim gəlməyə də. Mən konserti zalı doldurmaq üçün vermək istəmirəm. Konserti məni dinləmək istəyən tamaşaçıların istirahət etməsi və mahnılarıma canlı şəkildə qulaq asmaları üçün keçirmək niyyətindəyəm.
- Sizcə, gündəmdə qalmaq üçün nələr etmək lazımdır?

- Bu gün gündəmdə qalmaq üçün yeni mahnılar oxumaq və yaxşı klip çəkdirmək lazımdır. Bir də mahnı seçimində daha diqqətli olmaq ən vacib məqamlardan biridir.
- Bəs qalmaqal?

- Qalmaqalla gündəmə gələndə insanların yaddaşında pis həkk olunursan. Mənə görə, qalmaqal lazımsız bir şeydir.
- Yeni mahnı demişkən, yeni albomunuz nə zaman işıq üzü görəcək?

- Yanvarın sonunda yeni albomum işıq üzü görəcək. Həmin alboma 10 mahnı daxil olacaq. Səhnədə olduğum gündən bu günə kimi kliplərim və yeni fotosessiyam orada yer alacaq. Tamaşaçılara nümayiş etdirdiyim bu albom öz fərqliliyi ilə seçiləcək.
- Türkiyə şou-biznesinə qatılmağı necə, düşünürsünüzmü?

- Əgər mən Türkiyə şou-biznesinə Röyanın qatıldığı səviyyədə qatıla biləcəyəmsə, niyə də olmasın.
- Türkiyə şou-biznesinə digər müğənnilərimiz hansı səviyyədə qatılıblar ki?

- Onlara söz atmıram. Misal üçün, Aygün Kazımovanın da Türkiyə şou-biznesində bəlli bir mövqeyi var. İstərdim ki, xaricdə vətənimi onlar kimi təqdim edim.
- Bəlkə bir türk mahnısı oxuyub Türkiyə şou-biznesinə qatılasınız?

- Mən türk mahnılarını el şənliklərində oxuyuram. Ancaq efirlərdə yalnız öz mahnılarımı oxuyuram. Efirdə başqasının mahnısını niyə oxuyum ki? Ola bilər ki, kiminsə başqasının mahnısını oxumaqdan xoşu gəlir, ancaq mən belə şeyləri bəyənmirəm, özümə yaraşdırmıram.
Şou-biznesdə Əli Mirəliyevə yer yoxdur

- Sizcə, bu gün şou-biznesdə kimlərə yer yoxdur?

- Bu gün şou-biznesdə Əli Mirəliyevə yer yoxdur. Bir də özlərini dartan, cahil, özündən razı insanları bu sənətdə görmürəm. Onların heç birinə şou-biznesdə yer yoxdur.
- Dekabrın 21-i ad gününüzdür. Doğum gününüzü necə keçirməyi düşünürsünüz?

- Ad günümdə Türkiyədə olacam. Tərlan, Natiq Hüseynlə birlikdə ad günü keçirəcəyik. Ad günümdə kim mənim yanımda olmaq istəsə, biletini alıb Türkiyəyə gələr, orada oturub bir qismət çörək yeyərik. Sizin vasitənizlə hər kəsə deyirəm ki, ad günümü Türkiyədə keçirəcəm, istəyən ora gələr.
- Bəs sizə özəl biri yoxdurmu ki, ad gününüzü onunla keçirmək istəyəsiniz?

- Xeyr. Özəl həyatımda tam etibar etdiyim xanım yoxdur. İndi başqa qayğılarım, işlərim var. Buna zaman ayırmaq istəmirəm. Mənim üçün evlənmək lazımsız, gərəksiz problemlər sırasındadır. Hazırda özəl həyatımda da heç kim yoxdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər