• cümə, 29 Mart, 14:50
  • Baku Bakı 14°C

«Həyatımda sevgi var, amma nakam sevgi deyil» - Şou-biznes

31.03.14 09:25 6184
«Həyatımda sevgi var, amma nakam sevgi deyil» - Şou-biznes
Yaşlı nəslin ifaçıları gənc şou biznes nümayəndələrinin çalışmağa meylli olmadıqlarını, bu gün ifaları ilə tamaşaçıların zövqlərini korladıqlarını söyləyirlər. Gənclər isə hər zaman efirlərdə və gündəmdə onların olduqlarını söyləməklə bu kimi fikirləri təkzib edirlər. Onlar yeni nəslin tələbata uyun olaraq mahnılar yazdırdıqlarını, bu günün nəbzini tutmağa çalışdıqlarını bildirirlər.
“Gənclik qəzeti”nin bugünkü qonağı da məhz gənclər arasında tanınan, gənc ifaçılar arasında gündəmdən düşməyən mahnıların bəstəkarı Pərviz Mahmudovdur. Pərviz radio dalğalarında ən çox səslənən və daha çox tələb edilən “Çarəsiz xəstəlik”, “Sil getsin”, “Ola bilərdin” mahnılarının bəstəkarıdır. Röyanın ifasında “Bəlkə də”, “Son görüş”, Aygün Kazımovanın “Alışdırma”, “Gəl, bax, gör”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta”, Günay İbrahimlinin ifasında “Səndən öncə, səndən sonra”, “İzlər” kimi bir çox hit mahnıların müəllifidir.
Qonağımız bizimlə söhbətində gündəmi zəbt etməyin yollarından, öz sevgisindən danışdı. Onun sözlərinə görə, mahnıları müğənnilərin səs tembrinə uyğun olaraq verməyə çalışır.
Ruh adamıyam
- Sizi ifaçı kimi tanıdıq, ancaq indi bəstəkar kimi məşhursunuz. İfaçılıq sənəti sizə çətin gəldi ki, ampluanızı dəyişdiniz?
- Mən ruh adamıyam. İfaçı kimi yaradıcılığımı davam etdirməyə heç bir maneçilik yoxdur. Məqamı gəldiyi zaman ifaçılığımı davam etdirəcəm. Düşünürəm ki, bəstəkar kimi fəaliyyət göstərirəmsə, dinləyicilərə mənim simam yox, mahnılarım lazımdır. Çox sevindirici haldır ki, sadəcə mahnılarımla dinləyicilərin rəğbətini qazanıram. İnsanlar tez-tez məndən görünməməyimin səbəbini soruşurlar. Çoxları elə düşünür ki, tez-tez görünmək daha çox fəaliyyət göstərməyin nəticəsidir. Qətiyyən belə deyil. Bəstələdiyim mahnılar yetərincə tanınmağıma bəs edir. Üzdə olanlar mənim gördüyüm işlərin heç yarısını belə edə bilmirlər. Çox görünməyəndə daha rahat oluram.
- “Səhnəyə yeni gələn bir çox gənc müğənnilərin “vizit kartı” məhz mənim bəstələdiyim kompozisiyalar oldu” kimi fikirlər səsləndirmirsiniz. Nə üçün o vizit kartdan siz istifadə edib, səhnədə digər ifaçılar kimi zirvəyə çıxmadınız?
- Mən bəstəkar kimi istədiyim yerdəyəm. Düzünü deyim ki, ifaçılıqda zirvəyə qalxmaq hələ mənə maraqlı deyil. Marağım və istəyim olan kimi ifaçılığın zirvəsinə qalxmaq da mənim üçün çətin olmayacaq. Mən yiyələndiyim peşəyə ən yaxşı formada təqdim etməyə, adıma layiq şəkildə tamaşaçılara çatdırmağa çalışıram. Deməzdim ki, artıq oxumuram. Bəzən özüm istəyəndə oxuyuram. Müğənni kimi yaradıcı fəaliyyətə başlayası olsam, bunu çox gözəl şəkildə edəcəyəm. Ancaq hələlik bəstəkar kimi fəaliyyət göstərməkdən zövq alıram. Bir çox sənətçimizə mahnı verəndə etiraz edirlər. Bildirirlər ki, bəstəkarın özü kimi ifa edə bilməyəcəyik. Hətta bəziləri mahnını mənim ifamın təsiri ilə oxuduğunu deyə bilərəm.
Dinləyicilər mənim ruhumu bəyənir

- Pərviz, daha çox gənclərlə işləməyinizin səbəbi nədir? Onlar daha yaxşı qonorar ödəyir, yoxsa yaşlı nəsillə işləmək sizin üçün çətindir?
- Görürük ki, səhnədə aktiv fəaliyyət göstərən elə daha çox gənc ifaçılardır. Uzun illərdir səhnədə olan müğənnilərin çoxunun işləmədiyinin, yeni mahnılar yazdırmadıqlarının şahidi oluruq. Onlar nədənsə yaradıcılıqlarında yenilik etmirlər. Belə olan halda mən də onlarla işləyə bilmirəm. Ona görə də gənclərlə işləməyə daha çox üstünlük verirəm.
- Bəs, indi gənc ifaçılar hansı mahnılara daha çox müraciət edirlər?
- Mən pop-estrada janrında mahnı bəstələyirəm. Mənə daha çox bu janrda mahnılar üçün müraciət edirlər. Musiqilərim arasında lirika da, ritmik mahnılar da var. Düşünürəm ki, səhnədə davamlı qalmaq istəyən müğənnin repertuarında lirik üslub da, ritmik mahnılar da olmalıdır. Çünki heç bir dinləyici davamlı olaraq nə kədərlənə, nə şən əhval-ruhiyyədə, nə də hər zaman oynamaq istəyə bilər. Ona görə də hər növ insanların zövqünü nəzərə almaq lazımdır.
Sevginin mənim həyatımda da çox böyük rolu var

- Dövrün nəbzini tutmağı necə bacarırsınız?
- Hansı dövrdə yaşamağımdan asılı olmayaraq həmin dövrün nəbzini tutmağı bacarardım. Bunun da açıqlaması təhsil, istedad, bacarıq, zəhmətkeşlik, duyumdur. Onu demək kifayətdir ki, yazdığım ilk mahnı hit oldu. Məncə, mahnının hit olması ürəklə və hisslərlə bağlıdır. Yəqin ki, dinləyicilər mənim ruhumu bəyənir. Həm də, ən əsası mahnını müğənninin səsinə uyğun verirəm. Çünki uyğun səsdə mahnı gözəl səslənir.
- Bilmək olar bir mahnını neçəyə yazırsınız?
- Bu bir peşəkar sirridir. Məsələn, mən heç kimdən nə qədər maaş aldığını soruşmuram. Hər kəsin gördüyü işin müqabilində öz zəhmətinin haqqı var (gülür). Sizə ancaq onu deyə bilərəm ki, mənim zəhmətin hər zaman bəhrəsini görür və hər zaman da mənə düşən haqqımı alıram.
- Bu qədər nakam sevgidən yazırsınız. O hisləri yaşamadan yazmaq mümkünsüzdür. Bəs öz sevginizdən bəhs edən mahnınız varmı?
- Mənə özümdən daha çox ətrafdakı insanların sevgi hisləri, sevgi hekayələri maraqlıdır. Hər hansı bir sevgi hekayətini yaşamasam da, ondan təsirlənərək mahnı bəstələyə bilərəm. Bu da yaradıcı insanlara xas bir xüsusiyyətdir.
- Hazırda həyatınızda kimsə varmı? Yoxsa, siz də çoxları kimi “həyatımda heç kim yoxdur” – deyib şəxsi həyatınızı mətbuatdan gizləyirsiniz?
- Əlbəttə ki, həyatımda sevgi var. Amma nakam sevgi deyil. Məni nakam sevgidən musiqi bəstələməyə şerin sözləri vadar edir. Digər tərəfdən də, musiqini ətrafımdakı insanlardan qidalanaraq yazıram. Mən heç zaman mətbuatdan da uzaq düşməmişəm, mənim əvəzimə mahnılarım danışır (gülür). Özəl həyatımla gündəmə gəlmək istəmirəm. Daha çox yaradıcılığım və mahnılarımın öndə olmasına çalışıram. Mənə elə gəlir ki, insanlar mənim şəxsi həyatım haqqında söhbətləri deyil, mahnılarımı dinləmək istəyirlər.
- Bu qədər sevgidən yazırsınız. İstərdim sevginin həyatınızdakı rolundan danışasınız.
- Hər bir insan kimi sevginin mənim həyatımda da çox böyük rolu var. Sevgi olmasa biz nə yaşaya, nə işləyə, nə şer yaza, nə mahnı bəstələyə, nə rəsm əsəri çəkə, nə heykəltəraşlıq nümunələri yarada bilərik. Sevgi münasibətlərində əsas olan qarşılıqlı hörmət, anlaşmadır. Sevgidə də, dostluqda da insanlar biri-birini dinləməyi, hörmət etməyi, anlamağı bacarmalıdırlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər