• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

«Həyatımda bundan betər məqamlar olub» Müsahibə

28.01.14 10:14 7523
«Həyatımda bundan betər məqamlar olub» Müsahibə
Ötən ilin noyabr ayında xalq artisti Rafiq Hüseynova həkimlər ağciyərin bədxassəli şişi diaqnozu qoymuşdular. O vaxtdan ölkənin çap və elektron mediası tanınmış diktorumuzun səhhətilə bağlı müntəzəm xəbərlər yayır. Əməkdaşımızla söhbət zamanı Rafiq müəllim cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss etdiyini, nikbin olduğunu, həkimlərin bütün göstərişlərinə əməl edəcəyini bildirdi. Həmçinin bu il iki mühüm yubiley qeyd edəcəyini də qeyd etdi. Bütün bunlar haqqında bu yaxınlarda Türkiyədən qayıdan Rafiq Hüseynov qəzetimizə açıqlamasında söhbət açdı.
- Rafiq müəllim, pərəstişkarlarınız Sizə tezliklə sağalmağı arzulayırlar.
- Sağ olsunlar, elə özüm də buna inanıram. Amma o gün həkimlər diaqnozumu qoyanda nikbinliyə elə bir əsas da görünmürdü. Buna baxmayaraq, mən vəziyyətə fəlsəfi yanaşmağa üstünlük verirdim, çünki həyatımda bundan betər məqamlarla üzləşmişəm. Yəqin bilməmiş deyilsiniz ki, sovet vaxtı xərçəng xəstəlikləri əlacsız sayılır, bu səbəbdən də bu cür diaqnozları xəstələrdən gizlədirdilər. Bu gün isə vəziyyət tamamilə başqadır, xəstəyə diaqnozu deyəndə həkimlər təlaşa qapılmamağa və dərhal müalicəyə başlamağa çağırırlar. Mənimlə də bağlı belə oldu. Məncə, belə yanaşma düzgündür. Amma sizə deyim ki, diaqnozun elanı sarsıntıların hələ birinci mərhələsi oldu.
- İkincisi necə, ondan daha qorxulu olmadı ki?
- Məsələ burasındadır ki, birdən-birə dəhşətli bir məqam üzə çıxdı ki, müalicə olunmaq üçün lazımi qədər pulum yoxdur. Bildiyiniz kimi, müalicə olunmaq indi hər kəsin cibinə görə deyil. Sağ olsun Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dərhal müalicəm üçün lazımi vəsait ayırmaq üçün göstəriş verdi. Ona hədsiz dərəcədə minnətdaram, əks təqdirdə mənim aqibətimi təsəvvür etmək çətin deyil.
- Heydər Əliyev Fonduna şəxsən müraciət etmişdiniz?
- Yox, yenə də sağ olsun həm də ölkənin bütün yaradıcı ittifaqlarının başçıları, mənim dostlarım. Yalnız belə güclü, hərtərəfli köməklər sayəsində İstanbuldakı Florence Nightingale Hospital-da ən yaxşı cərrahlardan biri, uzun illər Almaniyada təcrübə keçmiş Alpər Toker tərəfindən, habelə Gülhanə Hərbi Tibbi Akademiyasında əməliyyat keçirdim. Yeri gəlmişkən, Türkiyəyə mənimlə bir yerdə gedən, əməliyyatdan əvvəl də, sonra da başımın üstündən bir dəqiqə belə ayrılmayan yaxın dostum kinorejisor Cəmil Fərəcova da sonsuz təşəkkürlərimi çatdırmaq istəyirəm.
- Türkiyəyə Sizinlə daha kimlər getmişdi?
- Əlbəttə ki, ailəm, yəni həyat yoldaşım Səbinə xanımla qızım Leyli. Qızım da onu nə qədər çox istədiyimi bildiyindən bizimlə getmək məsələsində çox israr etmişdi. Dedi ki, narkozdan ayılandan sonra atam birinci məni görməlidir, onda mütləq sağalar. Vəssalam. Amma mən yenə də Heydər Əliyev Fondunun, dostlarımın, daim yoldaşımla mənə zəng vuran, səhhətimlə bağlı xəbərləri müntəzəm olaraq dərc etdirən Azərbaycan jurnalistləri ordusunun göstərdikləri həm maddi, həm də mənəvi dəstək məsələsinə qayıtmaq istərdim. Sözün düzü, cəmiyyətdə hələ də xatırlandığımı, sevildiyimi təsəvvür etməzdim. Hamıya çox təşəkkür edirəm. Nahaq yerə deməyiblər ki, el ilə gələn qara gün toy-bayramdır. Dar ayaqda dostların, yaxınların dəstəyinin nə qədər əhəmiyyətli olduğunu gördüm və hiss etdim.
- Bu yaxınlarda Sizin Türkiyədə kimyəvi terapiyadan imtina etdiyiniz barədə xəbər verildi.
- Bu mürəkkəb prosedurdan sonra mehmanxanada qalmaq, sonra təyyarəyə minib Bakıya qayıtmağın əziyyətlərini əvvəlcədən götür-qoy etdim və kimyəvi terapiyanı yerli klinikada keçmək qərarına gəldim. Sonra lazım gələndə əlavə müayinə üçün yenə Türkiyəyə gedə bilərəm.
- Əslində yaradıcı insanlar üçün ən yaxşı müalicə sevimli işlə məşğul olmaqdır. Bəs Siz indi nə işlə məşğulsunuz?
- Azərbaycan televiziyasında sevimli işim olan televiziya aparıcılarının bədii rəhbəri olaraq çalışıram. Əslində bu xəstəliyə görə həyatımda böyük dəyişiklik olduğunu söyləyə bilmərəm. Sadəcə müntəzəm olaraq dərmanlarımı qəbul edir, həkimlərin göstərişlərinə əməl edirəm. Qaldı ki, dostlarımla həmişəki kimi tez-tez görüşürəm, asudə vaxtımızı bir yerdə keçirir, arada bir qədəh içirik. Yeri gəlmişkən, bunu türk həkimləri də tövsiyə etmişdilər. Yalnız siqaret çəkməyi tərk etmişəm, buna tamamilə qadağa qoyublar.
- Yəqin daha əvvəl siqareti tərgitmədiyinizə heyfslənirsiniz?
- Əlbəttə. Belə olsaydı, indi sizinlə daha ürəkaçan söhbət edə bilərdik. Nə isə, iki mühüm tarix münasibətilə məni təbrik etməlisiniz. Düz 50 il əvvəl həyatımda ilk siqareti çəkmişəm və maraqlıdır ki, Azərbaycan Televiziyasında da iş stajım eynilə o qədərdir. Beləliklə, iki vacib yubiley tamam olur. Onlardan birincisi məni xəstəxanalıq edərək az qala sevimli peşəmdən edəcək məsələ ilə bağlıdırsa, 50 il işləyib müalicə olunmaq üçün vəsait toplaya bilmədim. Amma Sizə deyim ki, ömrüm boyu dəfələrlə belə paradokslarla üzləşmişəm, amma qorxmamışam. Çünki insan hər vəziyyətdə nikbinliyini, özünə inamı itirməməlidir. Mən də itirmirəm və tamaşaçılarla da tezliklə görüşməyə ümid edirəm.
Lalə Bağırzadə
banner

Oxşar Xəbərlər