AZE | RUS | ENG |


Həyatı nokaut edən adam - Portret

Həyatı nokaut edən adam - Portret
Azərbaycan boksçusu onu Bakıda noqdauna salmışdı

Ötən ayın son günlərində bütün idmansevərlərin diqqəti Londona, "Uembli” stadionuna yönəlmişdi. Yox, idman həvəskarları heç də İngiltərə paytaxtında hansısa möhtəşəm futbol matçına köklənməmişdilər. Bu dəfə insanları "Uembli”yə çəkən boks üzrə superağır çəkidə WBA və IBF üzrə dünya çempionluğu uğrunda görüş idi. Son illərdə süperağır çəkidə qarşısıalınmaz olan Entoni Coşua doğma divarlar arasında ukraynalı əfsanəvi boksçu Vladimir Kliçko ilə qarşılaşırdı. 11-ci raundda ukraynalı nəhəngi yerə sərən "Ey-Ci” hamının rəğbətini qazandı. Əslində, Coşuanın insanların rəğbətini qazanmasına onun karyerasının qürub çağını yaşayan kiçik Kliçkonu nokauta salması yox, bu zirvəyəcən keçdiyi yol, qısa müddətdə həyatın "zirzəmisi”ndən "kral taxt”ına ucalması idi. Bu dəfə sizə WBA, IBF və IBO üzrə superağır çəkidə dünya çempionu, öz çəkisində peşəkar boksun "1 nömrə”si olan Coşuanın həyat yolundan bəhs edəcəyik.
 
Uotfordun kasıb nigeriyalı uşağı

 
Coşua 1989-cu il, oktyabrın 15-də İngiltərənin Uotford şəhərində dünyaya gəlib. Onun anası nigeriyalı, atası isə nigeriyalı və irland qarışığı olub. Entoni kiçik yaşlarından vətəni Nigeriyaya yollanıb. O, yalnız məktəb yaşına çatanda doğulduğu şəhərə - Uotforda qaydıb. Balaca Entonidə idmana maraq hələ çox kiçik yaşlarından başlayıb. O, futbol, yüngül atletika il məşğul olub. Hələ boksla tanış olmadığı zamanlarda, 15 yaşında qatıldığı yüngül atletika yarışında 100 metr məsafəni 11 saniyəyə qət edəndə, hamı onun gələcəyin məşhur atleti olacağını düşünürdü. Coşua arada futbolla da məşğul oldu. Yerli komandada top qovan Entoni, oyun zamanı öz sürətindən məharətlə istifadə edirdi.
 
Taleyini dəyişən qərar
 
Kasıb ailədə böyüyən Coşua, hələ erkən yaşlarından müxtəlif yerlərdə çalışmaqla, dolanışığını təmin etməyə çalışırdı. O, məktəbi bitirən kimi doğma Uotforddakı kərpic zavodunda çalışmağa başlayır. Çətin dolanışıq onu da bir çox kasıb qaradərili kimi şəhərin kriminal aləminə çəkir. Hələ 16 yaşında kütləvi davalarda iştiraka və narkotik maddə saxlamasına görə bir neçə dəfə polis tərəfindən saxlanılır. Artıq 17 yaşına çatmış Coşua parlaq gələcək vəd etmirdi. Onun da adi qaradərili kasıb ailələrin uşaqları kimi ömrünü zavodlarda, maşın təmiri sexlərində davam etdirməsi daha inandırıcı görünürdü. Lakin Coşua 17 yaşında taleyini dəyişəcək addım atır. O, paytaxta - Londona üz tutur.
Burda isə əmisi oğlu kimi boksla məşğul olmağa başlayır. Kiçik yaşlarından idmana həvəsi olan, bu sahədə uğur qazanmaq üçün hər cür fiziki keyfiyyətə malik olan Entoni, əvvəlcə əmisi oğlunun idman ləvazimatlarını borc olaraq götürür. O, "Finçli” həvəskar idman klubunda boksun sirlərinə yiyələnirdi. Əmisi oğlunun dostu olan boksçu Ben Leyemi ilə tanış olan Coşua da onun kimi məşhur boksçu olmaq qərarına gəlir.
 
Azərbaycanlının noqdauna saldığı Coşua
 
Ancaq çox az insan öz istəkləri ilə nailiyyətlərini, Entoni kimi qısa müddətdə eyniləşdirə bilərdi. Coşua boksla məşğul olmağa başladıqdan çox qısa müddət sonra ciddi uğurlar qazanmağa başlayır. Yerli yarışlarda məğlubiyyətin nə olduğunu bilməyən Entoni, tezliklə Böyük Britaniyanın olimpiya yığmasına dəvət alır. Burda da çıxdığı yarışlarda uğurlar qazanan Coşuanın ən böyük uğurları hələ irəlidə idi. Uğurlardan öncə isə onu çətinliklər gözləyirdi.
2010-cu ildə avtomobilində narkotik tapılan "Ey-Ci” Britaniyanın olimpiya yığmasından 1 illik kənarlaşdırılır. Lakin o, həbsxanaya göndərilmir, ictimai işlərə cəlb edilir. Cəzasını çəkmək üçün ictimai işlərə cəlb edilən Entoni, burda da fiziki cəhətdən formadan düşməsinə mane olacaq işləri seçir. O, bu yolla həm cəzasını çəkir, həm də formadan düşməsinin qarşısını alırdı.
Boksa qayıdan Coşua heç nə olmamış kimi uğurlarını davam etdirdi. O, müxtəlif yarışlarda bir çox medallar qazansa da, ilk ciddi sınağı 2011-ci ildə Bakıda oldu. Azərbaycanın paytaxtında keçirilən boks üzrə dünya çempionatında 91 kq çəki dərəcəsində yarışan Coşua, bütün rəqiblərini üstələyərək, finala vəsiqə qazanır. Entoni 1/4 finalda dünya və olimpiya çempionu italyan Roberto Kammarelleni də yolundan kənarlaşdırır.    
Onun həlledici qarşılaşmadakı rəqibi isə ölkəmizi bu yarışda təmsil edən Məhəmmədrəsul Məcidov olur. Maraqlıdır ki, gələcəyin nəhəng boksçusu Bakıda, azərbaycanlı rəqibi ilə  döyüşdə noqdaunla uduzur. Final görüşündəki xal fərqi isə çox cüzi olur - 21:20. Coşua hakimlərin idarəçiliyindən narazı qalsa da, bu, nəticəni dəyişmir. Bakıda qazanılmış "gümüş” onu hər nə qədər razı salmasa da, bu, onun həmin vaxtadək qazandığı ən ciddi uğur idi. Öz gücünə inanan Coşuanın əsas məqsədi isə doğma vətəndə, Londonda keçiriləcək olimpiya oyunları idi.
 
İnam "qızıl”la cavab verən istedad
 
İngiltərədə baş tutan dördilliyin ən mötəbər idman yarışında da 91 kq çəkidə döyüşən Entoni, növbə ilə kubalı Erislandi Savonu, çinli Jan Jileyi və qazaxıstanlı İvan Diçkonu yolundan kənarlaşdıraraq, həlledici qarşılaşmaya vəsiqə qazanır. Burda isə onu son olimpiya çempionu, bir il öncə Bakıda məğlub etdiyi Kammarelle gözləyirdi. Gərgin keçən döyüşdə xallar bərabər olsa da, Coşua hakimlərin qərarına görə, olimpiya çempionu olur. Yeri gəlmişkən, bir il öncə Entonini Bakıdakı finalda məğlub edən Məcidov isə Londondakı olimpiadanı fəxri kürsünün üçüncü pilləsində başa vurur.
Bu, Entoninin həvəskar boksdakı ən böyük uğuru, daha doğrusu burda çatacağı ən yüksək zirvə olur. Coşua bu uğurla həm də, onu yığmaya qaytaran insanlara, Britaniyaya "qızıl” bəxş etməklə təşəkkür edir. Gənc Entoni həm də dünyaya bir mesaj verir - Hər insan ikinci şansa layiqdir.
 
Peşəkar rinqdə ilk addımlar, ilk uğurlar
 
Hələ həvəskar boksda qələbələri sıralayan zaman peşəkar boksda döyüşməklə bağlı təkliflər alan Coşua, bu idman növü ilə pula görə yox, medallar qazanmaq üçün döyüşdüyünü əsas gətirərək, bundan imtina etmişdi. İndi isə Entoni həvəskar boksdakı ən yüksək zirvəyə çatmışdı. Maraqlıdır ki, Entoni olimpiya çempionu olduqdan sonra da 6 ay müddətində tikintidə çalışmağa davam edir. Ta ki, peşəkar rinqə gələnə kimi. 2013-cü ildə isə o, özünü peşəkar rinqdə sınamaq qərarına gəlir.
İlk görüşünü 2013-cü il oktyabrın 5-də Londonda italyan Emanuele Leonu rahatlıqla məğlub edən Coşua, bununla da, "silsilə uğurlar”a start verir. 2014-cü ildə, peşəkar rinqdəki 9-cu döyüşündə Denis Baxtovla qarşılaşan Coşua, rusiyalı rəqibini məğlub edərək, WBC versiyasında süperağır çəkidə dünya çempionu olur. Ötən il amerikalı Çarlz Martinə qalib gələn Entoni, İBF versiyası üzrə də dünya çempionu olur. O, keçirdiyi döyüşlərdə bu titulları bir neçə dəfə müdafiə edir.
 
Məğlubedilməz Coşua
 
Ötən ay isə o, karyerasının ən vacib döyüşlərindən birinə çıxır. Aprelin 29-da, "Uembli”də baş tutan görüşdə Coşua artıq əfsanəyə çevrilmiş ukraynalı dəri əlcək sahibi Vladimir Kliçko ilə üz-üzə gəlir. 90 min tamaşaçının izlədiyi, gərgin mübarizə şəraitində keçən döyüşün ilk 6 raundunda çətinlik çəkən "Ey-Ci”, 11-ci raundda təcrübəli rəqibini yerə sərir. Beləliklə, məşhur rəqibinə nokautla qalib gələn 27 yaşlı boksçu, peşəkar rinqdə keçirdiyi 19-cu döyüşdən də qalib ayrılmaqla, həm də, İBO versiyası üzrə çempion adını qazanır.
 
Məhəmməd Əlinin davamçısı, şahmat həvəskarı
 
Əfsanəvi boksçu Məhəmməd Əli ilə müqayisə edilən Coşua qalmaqalları ilə də yadda qalır. Entoninin həmyerliləri onun da Əlinin yolu ilə gedərək, xristian dinini islama dəyişəcəyindən qorxurlar. Onun bu ilin əvvəlində etdiyi hərəkət isə geniş müzakirələrə səbəb oldu. Coşuanın şəxsi "tvitter” hesabında Dubayda olan zaman dostları ilə birgə namaz qılan yerdə fotosunu paylaşaraq, "namaza qardaşımla qatılmaq çox xoş idi” yazması, onun İngiltərədəki islam əleyhdarı olan fanatlarının kəskin etirazı ilə qarşılandı.
Entoni başqa boksçulardan fərqlənir. O, şahmat oynamağı, kitab oxumağı da xoşlayır. Tennisə marağı olan Entoni, hərdən İngiltərədə keçirilən Açıq Oyunları da izləyir. O, şahmat oynamasının rinqdə ona kömək etdiyini deyir.  
Coşuanın uğurları artdıqca, onun rəqibləri da çoxalır. Onun uğurları artıq uzun müddətdir boksdan kənarda olan sabiq çempionları da həvəsə gətirib. Belə ki, Tayson Fyuri bir müddət öncə mətbuata açıqlamasında "onu bir əlimlə döyərəm” deyərək, Coşuaya meydan oxuyub.
 
Portret
Həyatda hər cür çətinliyin öhdəsindən gəlməyi bacaran Entoninin keçdiyi yol Hollivud ssenaristlərinə yaxşı mövzu ola bilər. London Olimpiadasını qızıl medalla başa vuran Coşua həyatda ikinci şansı əldə edən insanların nələri bacara biləcəyini göstərdi. Əslində, Entoni üçün nəhəng Kliçkonu yerə sərmək həyat qarşısındakı döyüşdə qalib gəlməkdən daha asan idi. Lakin qarşılaşdığı bütün çətinliklərə sinə gərən Coşua, öz uğurları ilə həyatı da nokauta salmağı bacardı.
 






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002