• cümə, 19 Aprel, 08:54
  • Baku Bakı 13°C

Həyatdan sonrakı həyat

20.11.14 12:54 2288
Həyatdan sonrakı həyat
Mən xoşbəxtliyi deyil, gözəlliyi seçdim, çünki Yaradan özünü gözəllikdə göstərir.
Sara Oğuz Nəzirova
Özünün yeni və sonuncu kitabını Sara xanım ölümündən bir həftə öncə görə bildi. Bir il əvvəl kitabı çapa verərkən Sara xanım bilirdi ki, sağalmasına ümid yoxdur və əsərlərinin çoxunun əlyazma halında qalmasına təəssüf edirdi. Odur ki, Sara xanım rəssam Elçin Hami Axundov tərəfindən böyük zövqlə tərtib edilmiş, üz qabığında nağıllardan gəlmiş hud-hud quşunun rəsmi olan və qəlbinə çox əziz bildiyi “Sənətin sehrində” (İskuşenie iskusstvom) kitabının rusca nəşrini həsrətlə gözləyirdi.
Xəstəliyin verdiyi sıxıntılara mətanətlə dözən, ağır kimyəvi terapiya seansları almaqla yanaşı, yorulmadan işləyən Sara xanım vəsiyyəti ilə bağlı hər şeyi bütün xırdalıqlarına qədər götür-qoy etmişdi. İlk imkan düşdüyündə isə oxucu tərəfindən daha çox seviləcəyinə və uzunömürlü olacağına əmin olduğu əsərini çap olunmaq üçün təqdim etdi. Müxtəlif illərdə yazılmış və dövri mətbuatda dərc olunmuş materialların toplu halında nəşrini Diasporla İş üzrə Dövlət Komitəsinin öz üzərinə götürməsi də təsadüfi deyildi: geniş dünyagörüşünə və zəngin mənəviyyata sahib Sara xanım hər şeydən öncə həssas qəlbli insan və böyük vətənpərvər idi.
Sara xanımın ilhamının mənbəyi olan doğma yurdun özəlliklərinin səmimiyyətilə qəlblərə işləyən canlı əks-sədası kimi yaranan əsərləri özündə bir çox nəsillərin tarixi haqqında məlumat saxlayıb və saxlamaqdadır. Bu əsərlər Sara xanımın qəlb agrılarının, həzinliyinin təcəssümüdür. Dilinin rəngarəngliyinə və çalarların çoxluğuna baxmayaraq, bu əsərlər hər yaşda olan oxucunu düşündürür, həyəcanlandırır. Bəs nədən? O səbəbdən ki, içində yaşadığı həyata laqeyd olmayan və hər şeyi öyrənməyə can atan, olduqca istedadlı yazıçı olan Sara Nəzirova, artıq qeyd etdiyim kimi, təbiətdə rast gəldiyi hər otun, hər quşcuğazın davranışına və mahiyyətinə də maraq göstərirdi. Sara xanım yaşlı nəsil nümayəndələrinin söhbətlərinə böyük maraqla qulaq asır, əyalətlərdə yaşayan həmvətənlərinin yaşayışını müşahidə edir, kənd insanının həyat tərzindəki xüsusiyyətləri sanki süngər kimi içinə çəkir, oralarda gördüklərini bütün təfərrüatı ilə təsvir edirdi. Bu zaman Sara xanım sanki qeyri-ixtiyari olaraq bu dünyanın keçiciliyini hiss edir, həmişəlik keçib gedən hər şeyi başqaları üçün yaddaşında qoruyub saxlamağa çalışırdı.
Elə indi də, Saranın yeni kitabını oxuyarkən, ətrafımda nə qədər qadının onun Azərbaycana ipəyin gətirilməsi və burada ipəkçiliyin inkişafı barədə hekayələrini necə maraqla oxuduqlarının şahidi oluram. Qaynar suda “bişirilmiş” baramaların açılıb lif halına gətirilməsi, böyük zəhmət bahasına ərsəyə gəlmiş parçalardan geyimlərin tikilməsi, onların gözəl zövq və zənginlik əlamətinə çevrilməsi kimi vacib detalları Sara xanım sanki sözarası verilən təsvirlərlə bizə çatdırır.
Qədim zamanlardan günümüzə qədər milli mətbəximizdə olan ənənələr, onunla bağlı ayin və adətlər Sara xanımın sevdiyi esse janrındakı yazılarından birinin mövzusudur. Digər ədəbi nümunələrdən forma olaraq səmimiliyi ilə seçilən esselər Sara xanımın təqdimatında daha bədii, daha zərifdir. Mövzu və süjet xəttinə görə olduqca müxtəlif olan əsərlər müəllifin predmet haqqında hərtərəfli bilgisi və ona diqqəti ilə seçilir. Sara xanım üçün forma və məzmun həmişə həssas, sınayıcı baxışların nuruna boyanan bölünməz vəhdət təşkil edir.
Qədim tarixi əşyalar Sara xanımın yaradıcılığında yüksək inkişaf etmiş heykəltəraşlıq sənətinin sübutları kimi qeyd olunur. Bu gün müasir insanın laqeydliklə yanından ötüb keçdiyi memarlıq nümunələrindən tutmuş, qədim qəbiristanlıq bəzəklərinə qədər hər şey Sara xanımı qəlbinin dərinliklərinə qədər həyəcanlandırır, nəyin necə baş verdiyi barədə düşüncələrə qərq edirdi. Əlbəttə, belə köklərin olduğu yerdə onlara layiq fidanlar da yetişəcək.
Olduqca çox mütaliə edən Sara xanım əşyalar, insanlar və hadisələr haqqında ən yaxşı təəssüratlarını bilərəkdən sanki ilahiləşdirir, bu məlumatları lap dərinliklərə qədər aparmağa çalışır, oxucunu maraqlandırmağı bacarır, kainat elmi altında bizi təmizləyərək, daha da məlumatlı və bu səbəbdən şəxsi ləyaqət hissinə hörmət edən insanlar kimi tərbiyələndirir.
Sara xanımın əsərlərinin mövzusu haqda başqa cür danışmaq olmur, axı onun qəhrəmanlarına qəlb zənginliyi, nəciblik, saflıq və təmənnasızlıq xasdır. Kitabı oxuduqca sanki dərin tarixi məcrada sevgi və uşaq tərbiyəsi, mahir xalq tətbiqi-sənət ustaları, qədimliyin qoxusunu daşıyan adət və ənənələr haqqında real hekayəni yaşayırsan.
Bu kitabın nəşrini Diasporla İş üzrə Dövlət Komitəsinin öz üzərinə götürməsi, qeyd etdiyimiz kimi, təsadüfi deyil. Bu da təsadüfi deyil ki, toplunun ayrı-ayrı nüsxələrini Rusiya və digər xarici dövlətlər, eləcə də qürbətdə yaşayan həmvətənlərimiz böyük təşəkkür hissi ilə öz kitabxanalarına götürüblər. Ümid edirəm ki, bu heyranlıq və diqqət kitaba layiq olduğu şərəfli ömrü bəxş edəcək və bu ömür onun istedadlı vətənpərvər müəllifinə təşəkkür hissi ilə dolu olacaq. Lakin onu da qeyd edim ki, nə üçünsə mən bu kitabı hansısa bir peşmançılıq kimi qəbul edirəm.
- Məgər kitabın hüzn dolu “Sənətin sehrində” adı bunu demirmi? – ölümündən bir həftə əvvəl, həmişəlik ayrıldığımız o gün mənim bunu Saradan soruşmaq imkanım oldu.
- Afərin sənə, necə də doğru hiss eləmisən... Uzun illərdir məni bu fikir narahat edir... İnsanlar məni yazıçı hesab edirlər, qələm sahibi hesab edirlər. Ədəbi jurnallarda çox çap olunmuşam, pyeslər, ssenarilər yazmışam, kitablarım nəşr olunub. 1988-ci ildən bu günə kimi Azərbaycan Yazıçılar Birliyinin himayəsi altında dərc olunan “Azərbaycan” jurnalının nəsr şöbəsinə rəhbərlik edirəm. Bu vəzifədə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşəm. İncəsənət haqqında isə mən çoxdan yazıram. Jurnalist və sənətşünas kimi - rəngarəng, geniş dünyamızdakı konkret detallar və hadisələr haqqında...
- Amma nəsrə xəyanət etdin...
- Əhsən... Sən mənim narahatlığımın, qane olmamağımın səbəbini başa düşmüsən. Mən həyatdakı əsl təyinatıma xəyanət etmişəm və bu məni çox üzür.
- Nəsr üçün sakitlik, fikri toplamaq, konsentrasiya tələb olunur...
- Elə iş orasındadır ki, indi roman oxumurlar. Həyat tərzi də çox tələsik və xaotikdir...
- Deyirlər, indi publisistika əsridir. Bunun anlaşılması indi yox, daha sonra olacaq.
- Bəli, incəsənət aləmində hadisələr elə sürətlə cərəyan edir ki... Təəssüratlar elə çox olur ki, yazıb çatdırmaq olmur. Fikri toplamağa imkan belə tapmırsan. İndi bu barədə danışmaq artıq gecdir. Gücüm yalnız kitabın adındakı o peşmançılığa çatır. Allah bağışlasın...
Allah bağışlasın... Sara vicdanla yaşadı, insanları bütün səmimiyyəti ilə sevdi, təlatümlə çırpınan qəlbi ilə onları anlamağa çalışdı. Milli köklərinə qarşı qəlbində oyanan böyük marağa sevinərək, həyatını onların öyrənilməsinə həsr etdi. Mən isə bu gün Saranın narahatlığının səbəblərinə cavab kimi onu əminliklə “istedalı nasir” adlandıran dəyərli insanların “Sənətin sehrində” kitabında yer almış mülahizələrini seçdim. Bu istedadlı və gözəl xanımı xatirələrində yaşadan dəyərli insanları və özümü bununla sakitləşdirmək istəyirəm.
Budur o mülahizələr:
Akif Hüseynli, tənqidçi: “Sara Oğuz Nəzirova universal istedada malik bir insandır. İncəsənətin gözəlliyini azca da olsa başa düşən, hiss edən insan onun əsərlərinin necə böyük məharətlə yazıldığını görməyə bilməz. Müəllifin dili hər cür tərifdən üstündür. Söz ehtiyatı genişdir. Onun əsərlərində kainatımızın təmizliyini, saflığını hiss edirsən, onun dili insanın qəlbini riqqətə gətirir. Bununla belə, Sara Oğuz qədim dilimizi sadəcə təbliğ eləmir, o, bu dili mükəmməl bilir və bu dildə sərbəst yazır. Bu, böyük qabiliyyətdir! Bu yalnız ona görədir ki, Sara xanımın istedadının xalqın ruhuna, dilinin gözəlliyinə istinad edən əsası vardır və bu əsas ona çoxlu sayda epiteti təbii şəkildə birləşdirmə imkanı verir”.
Əli Əmirli, yazıçı-dramaturq: “Nasirlərimizin arasında Sara Oğuz ilk sıralardadır, o, ədəbiyyatımızda, sözün əsl mənasında, öz layiqli yerini tutmuşdur”.
Sevastiades Patra S.Şerri, ABŞ-da dərc olunan “İkarus” jurnalının redaktoru: “Xanım Nəzirovanın əsərləri – milli xarakter və düşüncənin, xalqın hissiyyatının ən gözəl təcəssümüdür”.
Rəhman Babaxanlı, şair: “Bizə elə gəlir ki, Sara Oğuz torpaq üzərində möhkəm dayanıb, amma o, bir göz qırpımında səmalara yüksələ bilir”.
Vaqif Bayatlı Odər, şair: “Sara xanım insan və yazıçı kimi tez-tez görünüb yoxa çıxan əsrarəngiz naxışı xatırladır və onun özü də parlaq bir naxşıdır”.
Omar Felippe Mauri (Kuba), yazıçı: “Onun əsərlərində insan psixologiyasının ən xəfif tərpənişləri, mənəvi təkamül, obrazlara xas xüsusiyyətlər böyük məharətlə təsvir olunur”.
Firuzə Məmmədli, yazıçı: “Sara Oğuz Nəzirova incə qəlbli insan, çox gözəl qadın, kəskin tənqidi düşüncəyə malik mahir yazıçıdır”.
Emin Ağayev, filologiya üzrə fəlsəfə doktoru: “Bu, sadəcə təsviri sənət haqqında məqalələr deyildir. Bu bir mütəxəssisin canlı publisistika ilə birləşən və bununla daha da gözəlləşən, oxucu üçün daha maraqlı olan əsl elmi tədqiqatlarıdır”.
Azər Abdulla, yazıçı: “Sara xanımın sevdiyi və hörmət elədiyi personajlara münasibətini insanların günəşə, suya, güllərə, ağaclara münasibətilə müqayisə eləmək olar”.
Sena Doqan, Vyana Universitetinin müəllimi: “Sara Oğuzun qadın qəhrəmanları özünü düşünmədən fəda edirlər”.
Vaqif Yusifli, tənqidçi: “Onun “Gözəlləmə”, “Vətənin qürbəti”, “Çin süsləməsi”, “Ocaqlarımızın bərəkəti” əsərlərinin hər biri tərkibindəki məlumatın səviyyəsinə görə dissertasiya adlandırılmağa layidir. Biz belə yazıçılarımıza biganə qala bilmərik”.
Bax belə. İndi biz çoxdan Azərbaycandan kənarda da Sara Oğuz kimi tanınan Sara Nəzirovanın kitabından esseni dərc etməyə artıq borcluyuq (növbəti şənbə oxuyun – red.).
Qalina Mikeladze
(Rus dilindən tərcümə etdi: “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin əməkdaşı Zülfiyyə Əmrahlı)

banner

Oxşar Xəbərlər