• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

“Həyatdan nə istədiyimi çox yaxşı bilirəm” – Uğur hekayəsi

14.09.16 14:40 3902
“Həyatdan nə istədiyimi çox yaxşı bilirəm” – Uğur hekayəsi
Həyatdan nə istədiyini çox yaxşı bilir və çox yaxşı başa düşür ki, potensialı onu hara apara bilər. Yerində saymağı xoşlamır və daim öz üzərində işləyir. Ən əsası isə etdiyi işi dəlicəsinə sevir. Deyir ki, fərqi yoxdur, hansı sahədə, hansı vəzifədə işləyirsiniz; bağbansınız, kosmonavtsınız, departament rəhbərisiniz, ölkə prezidentisiniz. Əgər gördüyünüz işə sahiblənir, dəyər yaratmağa çalışır, insanların həyatını maraqlı etmək, cəmiyyətə töhfə vermək istəyir və bunu ürəkdən edirsinizsə, siz istənilən sahədə uğurlusunuz. Müsahibimiz "Nar”ın Marketinq kommunikasiyaları departamentinin rəhbəri Dilarə Bəylərova ilə yaxından tanış olaq...

- 2004-cü ildə orta məktəbi bitirib Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə qəbul oldum. Ümumiyyətlə, uşaqlıqdan xarici dillərə marağım var idi və özümü bu sahədə görürdüm. Məsələn, ingilis ədəbiyyatını orijinaldan oxumaq istəyirdim. Hələ məktəbdə oxuyarkən ingilis dilindən uşaq hazırlaşdırırdım. Amma universitetdə təhsil aldığım illərdə məni daha çox digər sahələr maraqlandırmağa başladı; siyasət, sosial yönümlü layihələr, reklam və s. Başqa bir işlə məşğul olmaq istədiyimi düşündüm və BMT-də təcrübə proqramlarından birinə müraciət etdim. 6 ay PR bölməsində təcrübə keçdim. Yeni insanlarla, BMT-nin iş prinsipi ilə, Azərbaycanda olan problemlərlə tanış oldum, press-relizin necə hazırlandığını öyrəndim. Təcrübə proqramı bitəndən sonra, üçüncü kursdan tərcümə işləri ilə məşğul olmağa başladım. Universiteti bitirəndə təxminən 3 ay ərzində bir neçə yerə iş müsahibəsinə getdim. Vakansiyalardan biri də "MPG Azərbaycan” reklam agentliyində idi. Kopirayter axtarırdılar. Hiss edirdim ki, kreativ düşüncə, xarici dil biliklərim bu sahədə işləməyə imkan verir. Müraciət edim. Adətən belə bir stereotip var ki, təcrübəsiz tələbələri işə götürmürlər. Fikrimcə, insanın özünü necə təqdim etməsindən çox şey asılıdır. 2008-ci ilin avqustunda "MPG Azərbaycan”da işə başladım. Mənim üçün yeni bir sfera açıldı: reklam dünyası.

- Təhsil aldığınız və çalışdığınız sahələr fərqlidir. İşi öyrənmək üçün çətinliyiniz olmadı?
- Xeyr. Bəxtim onda gətirdi ki, reklam agentliyində çox yaxşı müəllimlərim oldu. Öz-özümü və ətrafdakı insanların istiqamətləndirməsi ilə, eyni zamanda seminarlarla, kitablarla, təcrübə ilə öyrəndim. İki il yarım reklam şirkətində həm kopirayter kimi işlədim, həm də reklam bazarını analiz etdim. Adətən agentliklərdən çıxan insanlar müştəri tərəfə yönəlməyə çalışırlar. Çünki agentliklərdə işə sahiblənmə yoxdur, siz kimin üçünsə iş görürsünüz, amma çox vaxt ona sahiblənə bilmirsiniz. Müştəri tərəfində çalışanda isə gördüyün işə sahiblənə bilirsən. Bu da çox maraqlıdır. Digər tərəfdən, Azərbaycandakı agentliklərdə inkişaf imkanları çox məhduddur. Buna görə də işim çox maraqlı olsa da, yerimdə saymağı xoşlamadığımdan iş axtarmağa başladım. Amma kopirayter kimi yox, daha çox reklam mütəxəssisi, brend mütəxəssisi və s. kimi işlər mənim üçün maraqlı idi. Bu vaxt mənə dedilər ki, Azərfon (indiki Nar) kopirayter axtarır. Öz potensialımı daha çox başqa istiqamətlərdə görsəm də, müraciət etdim və müsahibədən keçdim. Həyatımda tamamilə yeni səhifə açıldı. Həm təcrübə qazanmaq, həm də korporativ idarəçilik baxımından Azərfon çox güclü məktəbdir.

- Azərfonda kopirayter pilləsindən departament rəhbəri pilləsinə kimi necə inkişaf etdiniz? Necə oldu sizi bu vəzifəyə təyin etdilər?
- Azərfonda işə kopirayter kimi işə başlasam da, işim bununla məhdudlaşmırdı. Mənim çox mükəmməl menecerim var idi. O, məni işin biznes, marketinq, ümumi marketinq, məhsulların yaradılma prinsipi tərəfinə yönləndirirdi. Maksimum öyrətməyə çalışırdı və mən də çox tez götürürdüm. Bir il ərzində artıq həm kopiraytinq işlərini görməyə, həm də brend mütəxəssisi kimi çalışmağa başladım. Düşünürəm ki, düzgün yönləndirmə, istiqamətverici olanda, işi doğrudan da sevdirə bilən insanlarla işləyəndə çox şey öyrənirsən və səndə inkişaf etmək arzusu yaranır.
Vəzifə pilləsində inkişafıma gəlincə, 2013-cü ildə, artıq ikinci il idi ki, Azərfonda çalışırdım və yeni iş təkliflərinə açıq idim. Təkliflər gəlirdi. Həmin vaxt hazırda çalışdığım departamentin direktoru işdən getmişdi və Azərfona yeni təyin olunan menecerdən təklif gəldi ki, departamentə mən rəhbərlik edim.

- Təklifi necə qarşıladınız?
- Bu təklif mənim üçün gözlənilməz idi. Çünki adətən bu vəzifəyə menecer kimi təcrübəsi olan insanları təyin edirlər. Həmin dövrdə rəhbərlik təcrübədən çox potensiala güvənirdi və məndə o potensialı görmüşdü. Bu, mənim üçün böyük məsuliyyət idi. İşin aparılma qaydasını, məğzini bilirsən, amma insanları idarə etmək tamam başqa bir şeydir. 10 nəfərdən ibarət komandanı idarə etmək, həm də həmin komandanın içindən çıxmaq çox maraqlı idi.
- Menecer kimi təcrübənizin olmadığını dediniz. İdarəetmədə ilk vaxtlar hansı problemlərlə qarşılaşdınız?
- İnsanlar çox vaxt şəxsi münasibətlərlə iş münasibətlərini qarışıq sala bilirlər. Bu, ən çox da Azərbaycan reallığında problemdir. Mənim üçün, işin öz, şəxsi münasibətlərin öz yeri var, bunları qarışdırmamalıyıq. Bu mövqeyimi insanlara çatdırmaq bir az zaman aldı. Bir də idarəçilikdə fərqli insanlara fərqli yanaşma metodu var. Hər bir insanın öz dili var və hər bir insan tənqidi, motivasiyanı bir cür xoşlayır. Məncə, burada həm mənim şəxsi keyfiyyətlərim, həm də menecerlərimdən gördüyüm yanaşma, yönləndirmə və s. öz böyük rol oynadı. Amma insanın öz içində olan potensial da idarəçilik qabiliyyətini yemləndirir. Konkret desəm, mənim üçün işə başlayanda ən çətini işlə şəxsi münasibətləri ayırmaq və hər bir insana fərdi yanaşmaq idi.

- Bu 3 il ərzində özünüzü idarəedici kimi inkişaf etdirmək üçün nələr etdiniz?
- Təcrübə və əlbəttə ki, oxumaq. İstənilən insanla münasibətlərin düzgün qurulması haqqında yazılan psixoloji kitablar istənilən həyat sferasında insana ancaq kömək olur. Gələcəkdə övladlarını böyütmək, ailə münasibətlərini idarə etmək, dostlarla, valideynlərlə münasibətlərin saxlanılması, düzgün ritmdə qalması, həmçinin iş yoldaşlarınla münasibətləri düzgün tarazlaşdırmaq üçün bu sahədə həm ədəbiyyat oxudum, həm də seminarlarda iştirak etdim. Məncə, bunlardan da çox insan düzgün yanaşma qaydalarını özü-özü ilə tək olanda, sakit başla düşünüb analiz etməyi bacaranda, nəyi düzgün edib-etmədiyini başa düşür. Sadəcə, oxuduqları insana beynindəkiləri sistemləşdirməyə, özü ilə müqayisə aparmağa və s. kömək edir. Amma elə insan var ki, idarəçilikdə çox sərtdir və heç bir kitabla onu düzəltmək olmur.

- Deyirlər, qadınlar idarəçilər kişi həmkarlarına nisbətdə daha sərt və daha tələbkar olurlar. Bu fikirlə razısınız?
- Bu, bir az stereotipli yanaşmadır. Mən öz adımdan deyə bilərəm ki, sərt deyiləm, amma çox tələbkaram, maksimalistəm və işə maksimum töhfə, maksimum yanaşma tələb edirəm. Bu, mənim xarakterimdir və həyatımın digər sahələrində də insanlardan bunu gözləyir, tələb edirəm.
Qadınlarla kişiləri tələbkarlıq baxımdan müqayisə edəndə, nədənsə kişilərin tələbkar olması normal qarşılanır. Amma qadından tələbkarlıq görəndə bunu qeyri-adi qarşılayır və düşünürlər ki, çox tələbkardır. Məncə, bu düşüncədə gender məsələsi çox böyük rol oynayır.
Şəxsən mənim üçün işə yanaşma, işə sahiblənmə, işə maksimum can qoymaq çox vacibdir. Bunu edirəm və ətrafımdakı insanlardan da bu cür gözləyirəm. Müəyyən istisna halları çıxmaq şərtilə komandamdakı insanlar da işə maksimum səy göstərir. Harmoniya olanda işdə süni qaydalar yaratmağa ehtiyac olmur, insanlar özləri-özlərini daima motivasiya edir, ilhamlandırır və səndən o yanaşmanı görəndə özləri də işi həvəslə görürlər.

- Yeni ailə həyatı qurmusunuz. Evli və subay xanımın işləməsi; bunlar arasında hansı fərqlər var?
- Əslində fərq olmalıdır. Amma mənim üçün çox fərq yoxdur. Həyat yoldaşımla Azərfonda tanış olmuşuq. O, mənim işimə olan sevgimi, həvəsimi görür və işimdə mənə çox böyük dəstək göstərir. Məsələn, işlə bağlı evə gec gəlməyimi, bəzən şənbə-bazarları işdə olmağımı, ezamiyyətlərə getməyimi anlayışla qarşılaya bilir. Bu baxımdan, yanımda düzgün adam olduğu və mənə, işimə hörmət etdiyi üçün, həm də evdə hələ uşaq olmadığından, heç bir fərq görmürəm. Amma uşaq olandan sonra yəqin ki, fərqi hiss edəcəm. Çünki böyük insana olan diqqətlə səndən tamamilə asılı olan insana göstərilən diqqət tamamilə fərqlidir.

- Yeni ailə quran xanımların adətən yemək bişirməklə bağlı problemləri olur. Siz belə problem yaşamırsınız? Ümumiyyətlə, "əlinizin duzu” var?
- Ev işlərindən yeganə xoşuma gələn mətbəx ətrafında baş verən işlərdir. Yemək bişirə bilirəm və pis alınmır. Demirəm, yaxşı alınır, ən azı, bişirəndə yeməyə münasibət pis olmur (gülür – L.M.). Yemək bişirməkdən də çox şirniyyat hazırlamağı xoşlayıram. Amma vaxt olmadığına görə mətbəxdə nadir hallarda görünürəm. Anam mətbəxdə köməyimə çatır.

- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Məncə, insan tələbə vaxtından nə istədiyini bilməlidir. Hara getmək istədiyini bilmək vacib deyil. Çünki müəyyən həyat etaplarında insanın maraqları, karyera istiqamətləri dəyişə bilər. Amma həyatda özünü hansı pillədə görürsə, öz potensialına güvənirsə, daim öz üzərində işləyirsə, yerində saymağı xoşlamırsa, uğur qazanacaq. Həyatdan nə istədiyimi çox yaxşı bilirəm və çox yaxşı başa düşürəm ki, potensialım məni hara apara bilər. Bundan başqa, gördüyüm işi dəlicəsinə sevir və görürəm. Məncə, bu, çox vacibdir. Fərqi yoxdur, siz hansı sahədə, hansı vəzifədə işləyirsiniz; bağbansınız, kosmonavtsınız, departament rəhbərisiniz, ölkə prezidentisiniz. Əgər gördüyünüz işə sahiblənirsinizsə, onu ürəkdən edirsinizsə, dəyər yaratmağa çalışır, insanların həyatını maraqlı etmək, cəmiyyətə töhfə vermək istəyir və bunu ürəkdən edirsinizsə, deməli, siz istənilən sahədə uğurlusunuz. Əsas insanın digərlərinin gözündə uğurlu olması deyil, öz gözündə uğurlu olmasıdır. Öz gözündə isə sevdiyi işlə məşğul olanda uğurlu olursan.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər