• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

“Həyatda uğur qazanmaq düzgün peşə seçimindən başlayır” – Uğur hekayəsi

30.09.16 10:41 2627
“Həyatda uğur qazanmaq düzgün peşə seçimindən başlayır” – Uğur hekayəsi
Uğursuzluqdan qorxmur. Düşünür ki, mübarizədə uduzmaqdan qorxan insan uğur qazana bilməz. İnsan uğur qazanmaq istəyirsə, heç nədən qorxmadan, çəkinmədən "Mən başlayıram” deyib başlamalıdır. Ona görə, cəsarətli insanlar hər zaman öndə olub. Çünki cəsarət bəzən ağıldan da, ideyadan da üstündür.
Müsahibimiz Birləşmiş Ərəb Əmirliklərində Falkon İnternational şirkətinin maliyyə və biznesin inkişafı üzrə meneceri, Vizam.az şirkətinin təsisçisi Baba Ağayevdir.

B.Ağayev 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinə 653 balla daxil olub. Universitet müddətində təhsili ilə yanaşı, müəyyən şirkətlərdə internatura proqramlarında iştirak edib. Daha sonra Fransanın Cenevrə Universitetinə qəbul olub. Mühasibatlıq üzrə beynəlxalq dərəcəli sertifikatlar alıb və dünyanın 4 ən yaxşı qlobal şirkətindən biri olan "Ernst və Yanq” şirkətində işləməyə başlayıb və baş məsləhətçi vəzifəsinə qədər irəliləyib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərindən gələn təkliflə karyerasına xaricdə davam edir. Xaricdə işləməklə yanaşı, öz şirkətini qurub.


- Tələbəlik illərindən işə başlamısınız. Sizcə, uğurlu karyerada təhsil, yoxsa təcrübə önəmlidir?
- Hansı universiteti bitirməyindən, necə təhsil almağından çox şey asılıdır. Amma təhsillə yanaşı, təcrübə çox önəmlidir. İlk gündən işə başlamalısınız. Çünki iş təcrübəsində öyrəndiklərinizi heç bir universitet öyrədə bilmir. Əgər oxuyursunuzsa, yaxşı universitetdə yaxşı oxuyun. Oxumursunuzsa, onda qiyabi oxuyub işləmək daha verimlidir. Elə sferalar var ki, orada mümkün qədər tez işə başlamalısınız. Məsələn, maliyyə sferasındasınızsa, nə qədər tez işə başlasanız, bir o qədər çox qazanacaqsınız. Müəyyən beynəlxalq sertifikatlar var ki, həmin sertifikatları mütləq almalısınız və bu sertifikatlar sizin bütün həyatınızı dəyişə bilər. İnsanların atdığı addımlar onların məqsəd və hədəflərinə xidmət edir. Hansı sahədə nəyi oxumaq lazım olduğunu bilsəniz və bu yöndə özünüzü inkişaf etdirsəniz, bacarığınızı düzgün qiymətləndirsəniz uğur da sizinlə olacaq. Mənə valideynlərim hər zaman dəstək olub. Valideynlər övladlarını onların istədiyi və bacardığı sahəyə fokslamalıdır. Dil bacarıqlarının inkişaf etdirilməsi bu dövrdə mütləqdir. Uğurlu olmaq istəyirsənsə, 26 yaşında 5 dil bilməlisən. Dil biliklərin və beynəlxalq sertifikatların olduqda dünyanın istənilən ölkəsində işləmək imkanı əldə edə bilərsən. Bu dövr hər fürsətdən istifadə etmək dövrüdür.

- Karyeranın yaşı varmı? Sizcə, gənclər nə vaxtdan özlərini inkişaf etdirməyə başlamalıdırlar?

- Məncə, hər bir gənc 10-11-ci sinifdən bilməlidir ki, 10 il sonra harada olmalıdır. Ən çətini budur. Bunu hər insan bacarmır. Amma bunu bacaran insanlar həyatda uğur qazananlardır. Məsələn, 10-cu sinifdə qarşına məqsəd qoyursan ki, mən İT sahəsində dünyada ən tanınmış şirkətlərdən birində işləyəcəyəm. Buna uyğun olaraq birinci kursdan sertifikatları almağa başlayırsan. Artıq universiteti bitirəndə hazır kadr olursan. Çox adam deyir ki, insanın uğur qazanması və yaxşı vəzifədə işləməsi üçün pulu və ya daydayı olmalıdır. Amma hər bir gəncin pulu da, daydayı da onun biliyidir. Əgər sən öz sahəni mükəmməl bilirsənsə və öz üzərində işləməyi bacarırsansa, mütləq uğur qazanacaqsan. Müəyyən yaş qrupu var ki, həmin qrupda mümkün qədər daha çox öyrənməlisən. Ondan sonra öyrəndiklərini tətbiq etməlisən. Bu yaş qrupu 20-25 yaş arasıdır. Bu yaş ərzində nə qədər çox öyrənsəniz, gələcəkdə onu çox tətbiq edəcəksiniz. Ətrafımda məndən qat-qat daha ağıllı gənclər var. Sadəcə, düzgün vaxtda başlamaq lazımdır və qorxmamalısan.

- Dubayda sizə münasibət necə idi? Əcnəbi olduğunuz üçün çətinlik çəkdinizmi?

- Həm ingilis, həm rus dilini mükəmməl bildiyim üçün ünsiyyət cəhətdən heç bir çətinliyim olmadı. Sadəcə, ölkəyə, xüsusilə də iqliminə uyğunlaşmaqda çətinlik çəkirdim. Onların hüquqları, iş prinsipləri, peşə etikaları tam fərqlidir. Müəyyən müddət fərqliliyə görə çətinlik yaşadım, amma sonra öyrəşdim.

- 19 ölkəyə səyahət etmisiniz. Bu səfərlər sizə nə verib?
- Hər bir səfər fərqli məqsədlər üçün olub. Bəziləri biznes, bəziləri səyahət. 2012-ci ildən başlayaraq hər yay Şri-Lankada, Braziliyada, Cənubi Afrika Respublikasında və Meksikada layihələr gerçəkləşdirmişəm. Komanda şəklində gedib azərbaycanlı olaraq onların gənclərinə təlimlər keçirdik. Hər layihənin müddəti ən az 5 həftə olurdu.
Səyahətlər mənə həyata başqa gözlə baxmağı öyrədib. Cənubi Afrikada avropalı gənclərlə bir yerdə oradakı ən məşhur universitetdə Azərbaycan layihəsi həyata keçirmişik. İlk xaricə çıxdığım ölkə isə Şri-Lanka olub. Hamı Avropaya getməyi üstün tutanda mən birinci səfərimi Şiri Lankaya etdim. Təsəvvür edin, heç vaxt kütlə önündə danışmamışdım, ilk dəfə Şiri-Lankada 100 nəfərin önündə çıxış etdim. İngilislərin belə bir sözü var ki, bir şeyi reallıqda edənə kimi onu xəyalında həyata keçir. Bir də görəcəksən ki, reallığa verilib. Bu qaydanı tətbiq edib bir çox layihələrdən uğurla keçmişəm, öz danışıq bacarığımı inkişaf etdirmişəm.

- Belə başa düşdüm ki, risk etməyi sevirsiniz...

- Uğursuzluqdan qorxmuram. Dəfələrlə uğursuzluğum olub, amma məni yolumdan çəkindirməyib. Risk etməyi sevirəm və hər zaman da risk etmişəm. Bütün risklər mənə müsbət nəticələr gətirib və öz şirkətimi yaratmışam. Bundan sonra da risk etməkdə davam edəcəyəm. Getdiyim ilk dörd ölkə çox təhlükəli idi. Təhlükəni Meksikada o qədər hiss etmədim, çünki yaşadığım yer mərkəz idi. Braziliyada yaşadığım yer isə Favela - gecəqondu idi. Dünyanın hər ölkəsində təhlükəli insanlar bu gecəqondularda yaşayır. Üstəlik, orada çox az adam ingilis dilini bilirdi. Orada çox macəra yaşadım...

- Uğurlu karyeranın sirri nədədir?
- Uğurlu karyeranın sirri öz üzərində mütəmadi işləməkdən və işgüzarlıqdan ibarətdir. İnsan hər yaşda öz üzərində işləməli və öyrənməlidir. Karyerada dayanmaq və tənbəllik qəbuledilməzdir. Hər bir işdə olduğu kimi, daim çalışmaq, çətinlikləri dəf etmək və təslim olmamaq lazımdır. Bu, əsas qanundur. Təslim olmamaq üçün isə mütləq dözümlü olmalısan və məqsədinə doğru səbrlə irəliləməlisən.

- Sonda gənclərə nə demək istərdiniz?
- Tələbəlik illərindən öz sahələrində təcrübə toplamağa başlasınlar. Bu gün işəgötürənlər peşəkar işçilərə üstünlük verirlər. İşçidən daha çox bilik və bacarıq tələb olunur. Bunun üçün də gənclərdən seçmiş olduqları peşəni daha yaxşı bilmələri tələb edilir. Fərqi yoxdur, xaricdə təhsil alsın, ya ölkəmizdə, əsas odur ki, işinin peşəkarı olsun və işini sevsin. Həyatda uğur qazanmaq düzgün peşə seçimindən başlayır. Özünüzü tanıyın və harada uğurlu ola bilərsinizsə, o sahəyə fokuslanın.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər