• çərşənbə axşamı, 19 mart, 07:10
  • Baku Bakı 8°C

"Həyatda şans bir dəfə verilir" əfsanəsi

29.10.16 11:19 5339
"Həyatda şans bir dəfə verilir" əfsanəsi
Fəxri Ağayev,
peşəkar idarəçi

Ölkəmizdə yayılan əfsanə və miflərdən biri də "Həyatda şans bir dəfə verilir”dir. Kimlərinsə uğurunda şans amilinin rolu olur. Bunu tək mən yox, hər kəs görür. Bununla bərabər, hər kəs həm də bu insanların uğurlarının şansla gəldiyi kimi, şansla əllərindən çıxdığının da şahidi olur.
Davamlı, əsaslı və xarici meyarlara bağlı olmayan müvəffəqiyyət üçün insan ANCAQ özünə, öz gücünə, bilik, savad, təcrübə və şəxsi keyfiyyətlərinə arxalanmalıdır. Əks halda, insanın müvəffəqiyyəti davamlı olmayacaq və uzun müddət çəkməyəcək. Buna görə də bu tərz insanlar "həyatda şans ancaq bir dəfə verilir” kimi düşüncəyə sahib olurlar.
Belə bir hal düşünün: bir insan "ali təhsillidir” (yəni diplomu var), adsız şirkətlərdə və ya dövlət qurumlarında kiçik vəzifələrdə işləyib, gələcək üçün heç bir perspektivi olmayıb. Dövlət qurumundan kənara çıxdığı anda maaşsız və işsiz qalacağından əmindir. Özünü "idarəçi” hesab etsə də, bilir ki, ilk müsahibədə özündə "idarəçi” sözünün heç "i” hərfinin olmadığı aşkar ediləcək.
Bir qohumunun dəvəti ilə o, özəl şirkətdə rəhbər vəzifəyə gətirilir. Bu adam üçün bu, həqiqətən də bir şansdır. Buna əlavə olaraq, bu adam həqiqətən də haqlı olaraq hesab edir ki, həyatda şans bir dəfə verilir, çünki ona heç bir özəl şirkətdə sıravi operator işini belə etibar etməzdilər. Buna görə də "rəhbər” olan və əlində ciddi maliyyə imkanları olan bu insan şirkəti "həyatda şans bir dəfə verilir” sloqanı altında çapıb-talamağa başlayır.
Bu kimi hadisələr nəticəsində də ölkədə miflər və əfsanələr yaranır: "qohum olmadan iş tapmaq mümkün deyil”, "ancaq tapşırıq lazımdır”, "həyatda şans bir dəfə verilir” və s.
Halbuki, qətiyyən elə deyil. Bunun sübutu isə ikinci insan misalında görüləcək.
Digər insan oxuyub, özünü inkişaf etdirib, daim seçdiyi peşədə irəli getməklə bərabər əziyyət çəkib və xarici dil öyrənib, ölkədə biznes sahəsində tədbirlərdə iştirak edir, peşəkarları tanıyır və özünü tanıdır. Bu kimi insan üçün hər görüş şansdır, çünki belə peşəkarı hər kəs işə almaq istəyər. Bu peşəkarın iş tapma, işsiz qalma kimi dərdi yoxdur.
Peşəkar şəxs insanları motivasiya etməyi, emosional intellektin nə olduğunu bilir, əməkdaşlar və müştərilərlə doğru ünsiyyət qurur, biznes prosedurlarını tənzimləyir, standartları tətbiq edir, müştəri məmnunluğu, sadiqlik sistemləri kimi fərqli müasir texnika və alətlərdən istifadə edir və ən əsası, işə peşəkarları cəlb edir, çünki inanır ki, ancaq peşəkar komanda ilə güclü nəticə əldə etmək mümkündür.
Digəri nə edir? "Qohumumdur, canım ona qurbandır” deyir və əslində haqlıdır da: bilik və savad olmayanda, canından başqa verəcəyi heç nə yoxdur.
Nəticə? Şirkətin sahibi görür ki, can verməklə iş getməz və peşəkarları işə cəlb edir. "Rəhbər” görür ki, işləri, nəzarəti və maddi imkanları itirir. Nə etməlidir? Doğrudur... Bilik və savadla rəqabət apara bilməyəcəyinə görə keçir klassik fəndlərə: torba tikmək, dedi-qodu, şər atmalar və s.
Azərbaycanda hər şey dəyişir. İş dünyası, sahibkarların düşüncə tərzi. Və artıq hər kəs anlamağa başlayır ki, bizim iş dünyamızın yeganə çıxış yolu ƏSL PEŞƏKARLARdadır. Kimlər ki işi və müştəriləri üçün canını yox, EFFEKTİV 8 saatını verəcək.
banner

Oxşar Xəbərlər