• cümə axşamı, 18 aprel, 11:23
  • Baku Bakı 12°C

Həyatda bütün yaşadıqlarımı özüm seçdim

06.11.14 12:33 1767
Həyatda bütün yaşadıqlarımı özüm seçdim
Türkiyənin sevilən ifaçısı, aparıcısı Gülben Ergen ötən gün Türkiyə mətbuatına maraqlı müsahibə verib. Müsahibəsində ailəsindən danışan ifaçı yeni layihələri barədə də geniş məlumat verib. Müsahibəni olduğu kimi sizə təqdim edirik.
- Gülben xanım, son dövrlər sizin eşq həyatınız insanların daha çox marağına səbəb olub. Bu sizə narahatlıq yaradırmı?
- Mən buna eşq həyatı deyil, “ailə həyatı” deyərdim. Hər nə qədər məşhur biri olsam da, məsuliyyət daşıdığım problemlər var. Sevgilisi, eşqbazı kimi ifadələrin yerinə “həyat yoldaşı” işlətsələr, daha doğrusu olar. Bizim özümüzdən də əvvəldə gələn ailə, övladlarımıza illər boyu danışa biləcəyimiz müqəddəs bir dəyərdir.
- Deyirlər ki, eşq Gülben Ergenə çox yaxşı təsir edib.
- Bəli. Özümü çox yaxşı hiss edirəm. Deyilənlər doğrudur, özümü əvvəlkindən də yaxşı hiss edirəm. Hətta bundan da yaxşı olacam.
- Tərəf müqabilinizdə ən çox nəyi bəyənirsiniz?
- Əsas məsələ kişilərdə hansı özəllikləri axtardığım deyil, həyatdan nələri gözlədiyimdir. Artıq nə istədiyimi bilirəm. Erhan çətin və pis günümdə hər zaman yanımda oldu. Həyatımın bütün fırtınalarına baxmayaraq, dönməz sevgisi, böyük ürəyi ilə məni özünə təslim etdi.
- Sizcə, yaş ötdükcə eşqin təsiri dəyişirmi?
- Əlbəttə, dəyişir. Əslində, insan yaşadıqlarından dərs alır. Eşq sevginin sərhədləri aşan formasıdır. Eşqimin yerini sevgi ilə əvəzlədim. Belə rahat şəkildə özümü güvəndə hiss edirəm. Sevgi vəfa, bərabərlik deməkdir. Mənim üçün eşq çılğın və qarmaqarışıq həyəcanlı hisslərdən ibarətdir.
- Həyatınızdakı məşhur Gülben Ergen ilə ana, ev qadını Gülben arasında nə kimi fərqlər var?
- Mənim üçün məşhur Gülben Ergen dəbli, daş-qaşlı bir geyimdir. O, mənim çox incə bir parçamdır. Ona 25 ildir ki, yaxşı baxıram. Sadəcə səhnədə, ekran qarşısında, işıqların yandığı, kameraların mənə yönəldiyi zamanlarda həmin bahalı geyimi əynimə keçirirəm və məşhur Gülben Ergenə çevrilirəm. İşıqlar söndükdən sonra o geyimi çıxarıb, qatlayaraq yerinə qoyuram. Son beş ildir ki, qarşınızda özü ilə barışan bir qadın var.
- Həyatınızın bir dönəmində yorulduğunuzu söyləmişdiniz. Olubmu ki, “Mən nə edirəm belə?” deyə özünüzə sual vermisiniz?
- Heç zaman olmayıb, amma mənə bunu xatırlatmağınız yaxşı oldu. Çünki mənim yaddaşım mümkünsüzü beynimə daxil etmir.
- Sizcə, yaşadıqlarınız sizin üçün yazılmış bir ssenaridirmi, yoxsa bu sizin öz seçimlərinizdir?
- Hesab edirəm ki, qisməti öz seçimlərimizlə müəyyənləşdiririk. Hər şey qismətdən asılıdır. İnsanların qarşısında müxtəlif yollar təklif olunur və nəticədə onlar seçimlərini özləri edirlər. Həyatda bütün yaşadıqlarımı özüm seçdim – acılarımı, xəyal qırıqlıqlarımı, xoşbəxtliklərimi… Onların hamısı mənim məhsullarımdır. İnsan yaşlandıqca dəyişir.
- Aktrisalıq, müğənnilik, analıq, həyat yoldaşı, ev qadınlığı… Bunların hansında özünüzü daha güvənli hiss edirsiniz?
- Hər şeydən əvvəl mən anayam. Övladım var, gəlinəm, dostam, həyat yoldaşıyam, aktrisayam, aparıcıyam, tənqidçiyəm və nəhayət, mən bir ev qadınıyam. Hamısını eyni şəkildə, mükəmməl etməyə çalışarkən bəzən içimdə bir boşluq olan bir qadınam da. Onun üçün də hələ də albom hazırlıqlarıma başlamamışam. Dostlarım mənə irad tuturlar ki, çox tənbəllik edirsən. 20 il öz işimi ikinci plana atmadım. Uğur əldə etmək üçün lazım olan hər şeyi çalışaraq, əziyyət çəkərək etdim. Ancaq indi övladlarıma hər şeydən çox can yandırıram. Təyyarədə sərnişinlərə söylənilən “Əvvəlcə öz ağızlığınızı, sonra uşağınızın ağızlığını taxın” sözləri hər zaman qulağımdadır. Bu söz mənə çox təsir edir.
- Əvvəllər polemikalarda sizin də adınıza tez-tez rast gəlirdik. Son zamanlar isə bu mövzulara yaxın durmursunuz.
- Bu mövzularla məşğul olmaq üçün nə halım var, nə vaxtım, nə də gücüm. Hərdən polemikalarda adım hallanır. Oxuyuram, gülüb keçirəm. İndi mənim maraq dairəm çox dəyişib.
- Deyirlər məşhurlardan dost olmaz. Sizin bu aləmdə yaxın dostlarınız varmı?
- Bir növ razılaşıram, çünki həyatımın ən sağlam dostları sənət yoldaşlarım deyil. Amma istədiyim zamanda yanlarında ola biləcəyim, onların yanında özümü yaxşı hiss edə biləcəyim, güvənə biləcəyim məşhur dostlarım da çoxdur.
- Özünüzü insan sərrafı hesab edirsinizmi?
- Hesab edirəm ki, insanları yaxşı tanıyıram. Sənətimlə bağlı insanları yaxşı müşahidə edə bilirəm. Özümlə mübarizə aparıram ki, insanlara inanım. Yaxın dostlarım hər zaman: “Yenə filankəsi özün kimi bildiyin üçün ona üz verirsən, hər şeyin sonunda sən üzüləcəksən” kimi sözlər deyirlər. Əslində, saf insan deyiləm. Qarşımdakı insana fürsət verirəm ki, özünü mənə təqdim etsin. Artıq kiməsə etibar etdiyimə görə yanılmıram.
- Sosial şəbəkələrdə çox aktivsiniz. Vaxtınızın nə qədərini internetə sərf edirsiniz?
- Twitter həyatımın ən əyləncəli bölümündə durmağa davam edir. Ondan əvvəl “Facebook”-dan istifadə edirdim. Davamlı olaraq izlədiyim saytlar var. Hətta tətil proqramımı belə internet vasitəsi ilə sifariş edirəm. Film və teatrlara bileti də internetdən birbaşa əldə edirəm. Marağında olduğum hər şeyin əlimin altında olmasını sevirəm. 10 ildən artıqdır ki, günümün ən azı iki saatı internetdə keçir.
- Aparıcılığını etdiyiniz “Gümbür-gümbür Gülbence” verilişi digər sabah verilişlərindən nə ilə fərqlənir?
- Həmin proqramı hazırlayarkən insanların nələri sevdikləri, nələri görmək, dinləmək istəyəcəkləri haqqında çox düşündük. Mən verilişimdə söhbətə, qadınların ortaq duyğularına, ortaq maraqlarına xidmət edən bir iş görmək istədim. Heç zaman mənim verilişimdə sadəcə bir səviyyəyə mənsub olan qadının marağını çəkən mövzunu görə bilməzsiniz. Ən önəmlisi insanların acılarını, problemlərini üzə çıxaran bir proqram istəmirdim. Ən acı insan hekayəsində belə bir ümid axtarırıq. Aparıcılıq etdiyim veriliş quru, dünyagörüşü zəif olan insanlara görə deyil. Həmin verilişdə insanların problemlərini danışırıq, müzakirə edirik, əgər orada ümidverici bir şey varsa.
- Hər gün ekran qarşısında olmaq necə bir duyğudur?
- Gündəlik proqram hazırlamaq çox çətindir. Ekran qarşısında özüm kimi olmağa çalışıram. Hər sabah insanların qarşısında rola girsəm, olduğumdan fərqli görünmək üçün çalışsam, tez yorularam. İnsanlar günə pozitiv enerji ilə başlamaq üçün ekran qarşısına keçirlər. Onun üçün də mən gözəl geyinib, pozitiv olmağa çalışıram. Ancaq bu, xalqa yalan söyləmək deyil. Əgər qanım qaradırsa və üzüm gülürsə, süni gülüşlə tamaşaçılarımı aldatmaram. İnsanlar məni tanıyır. Daxilim gülmürsə, bu mənim üzümə təsir edir. Tamaşaçılar da o zaman məni başa düşürlər.
- Verilişdən aldığınız qonorar tamaşaçıların müzakirə obyektinə çevrildi. Bu sizi narahat edirmi?
- Aldığım qonorarın müzakirə olunması çox gülünc bir şeydir. Mən işimin peşəkarıyam, televiziya aparıcılığı mənim qabiliyyətlərimdən biridir və eyni zamanda, iş həyatımın bir parçasıdır. Oxucuların nəzərinə çatdırım ki, karyeramdan görülən iş üçün ayrılan zamana çəkdiyim əziyyətə görə bir qədər pul alıram.
- Övladlarınız olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Hesab edirəm ki, övladlarımdan öncə heç yaşamamışam. Övladlarımsız mənasız bir həyat, maraqsız arzularla yaşamışam. Analıq hissi dünyanın ən böyük xəzinəsi imiş. Ana olduqdan sonra özümü Allaha daha yaxın hiss etdim. Analıq hər nəfəsə şükür etmək və yaşamağı çox sevmək imiş.
- Üç oğlunuz və bir həyat yoldaşınızın olduğu ailədə yeganə xanım sizsiniz. Hər kəs hesab edir ki, siz dörd kişinin yaşadığı bir evdə kraliçasınız.
- Elədir deməyi çox istəyərdim. Amma həyatımın heç bir nöqtəsində üç oğlumun varlığından sonra özümü kraliça kimi hiss etmədim. Mən anayam, özü də övladları üçün canından keçən, əlindən gələni edə bilən bir ana. İstərdim ki, bir qızım olsun. Ancaq qəlbim yenidən ana olmaq üçün bütün qapıları bağlayıb.
- Maraqlıdır, hər gün saytlarda özünüzlə bağlı lüzumsuz xəbərləri oxuduqda, reaksiyanız necə olur?
- Jurnalistlər öz işlərini görürlər. Mən də müğənniyəm, səhnəyə çıxıram, onlar da bunu işıqlandırırlar. Ancaq mətbuat nümayəndələri bilmir ki, ailəm mənim işim deyil. Mən ailəmi işimin bir parçası hesab etmirəm. Hazırda yaxşı köşə yazarları və jurnalistlər var. Jurnalistlərə qarşı əsəbi deyiləm. Onları yaxşı başa düşürəm.
- Üç uşaq anası, aparıcı, ifaçılıq sənəti… Bütün bunları necə çatdırırsınız? Bu qədər enerjini necə əldə edirsiniz?
- Hamiləlik dönəmlərində istirahət etməyə xeyli vaxtım oldu. İşimə bir az ara verdim. Həyatda nə istədiyimi bildiyim üçün çox az yoruluram. Kimisə xoşbəxt etmək üçün işləmirəm. İşimi sevərək görürəm, hamballıq etmirəm. Ancaq söhbət övladlarım olarsa, o zaman axan sular dayanar. Buradan bütün sahələrdə çalışan valideynlərə səslənirəm, hər şeydən öncə övladdır, iş ikinci planda durmalıdır.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər