• cümə axşamı, 28 mart, 14:42
  • Baku Bakı 16°C

Həyata keçirilən uğurlu siyasətin əyani nəticəsi - Fotolar

11.10.17 12:05 3306
Həyata keçirilən uğurlu siyasətin əyani nəticəsi - Fotolar
Uzun müddət Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Bu onu deməyə əsas verir ki, neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünüyaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından düzgün qaydada faydalanıb. Yalnız bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım baş verib.

Oktyabrın 9-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qeyd edilən sosial-iqtisadi inkişafı konkret faktlarla əsaslandırıb. O, ötən doqquz ayda da iqtisadi göstəricilərimizin çox müsbət olduğunu vurğulayıb. Bildirib ki, cari ilin ötən dövründə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edib və 9 ayda 3,1 faiz artıb. Dövlət başçısının fikrincə, bu, son illərdə Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı əsas prioritetdir. Bu mənzərə həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıb. Buna daha bir əyani misal olaraq, son illər kənd təsərrüfatında çox böyük inkişafı, bu sahəyə böyük investisiyaların qoyulmasını göstərmək olar. Ötən doqquz ayda kənd təsərrüfatında 2,8 faiz artım olduğunu xatırladan dövlət başçısı bildirib ki, kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir.

Prezident İlham Əliyev iclasdakı çıxışı zamanı qeyri-neft sektorundakı artımı konkret sahələr üzrə rəqəmlərlə də diqqətə çatdırıb: "Tərəvəz ixracı 68 faiz artıb. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz. Sənaye məhsulları - qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə. Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq”.

Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması, həm qonşu ölkələrlə, həm də dünya dövlətləri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına da təkan verib. Xarici ticarət sahəsində həyata keçirilən tədbirlər xarici ticarət sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə və xarici ticarət əlaqələrinin genişlənməsinə səbəb olub. Eyni zamanda Azərbaycanda azad iqtisadiyyat, özəl bölmənin inkişafı, respublikanın həm siyasi, həm də iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq böyükdür və bu malları alan ölkələrin sayı getdikcə artır. Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev bu məqama da toxunaraq, ötən 9 ayda xarici ticarət dövriyyəmizin 7 faiz artdığını dilə gətirib. Bildirib ki, ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. O, əminliklə vurğulayıb ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Dövlət başçısının fikrincə, bu, həm iqtisadi uğurlarımızı əks etdirir, həm də milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir.

Təbii ki, son illər Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, xüsusən regional inkişaf proqramlarının icrası paytaxt Bakı ilə yanaşı, rayonlarımızın da simasını dəyişib. Geniş vüsət alan abadlıq-quruculuq tədbirləri, yeni-yeni istehsal müəssisələrinin yaradılması, kəndli-fermer təsərrüfatlarına dövlət tərəfindən lazımi dəstəyin verilməsi ümumilikdə ölkədə 1 milyon 500 mindən artıq iş yerinin açılmasına səbəb olub. Ötən 9 ayda da həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeri olub. Prezident İlham Əliyev bu faktın işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verdiyini dilə gətirərək, bunun daimi proses olmasının zəruriliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda əhali artır və belə olan halda daim yeni iş yerlərinin yaradılması haqqında düşünülməlidir.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər xarici ölkə rəsmilərinin çıxışlarında, xüsusən də beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunur. Belə məlumat mənbələrindən biri də Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Həmin qurumun hazırladığı yeni hesabatda Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb, öz reytinqini daha da yaxşılaşdırıb. 140 ölkə arasında keçirilmiş sözügedən təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat bir daha göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, ölkəmizin böyük uğurudur, tarixi nailiyyətdir. Belə iqtisadi göstəriciyə görə Azərbaycan MDB məkanında yenə də liderliyi saxlayır. Dövlət başçısı İlham Əliyevin təbirincə desək, bu, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin, əldə edilən uğurlarının dünyanın ən mötəbər iqtisadi forumu tərəfindən qiymətləndirilməsi deməkdir.

Sonda qeyd edək ki, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanıb. Bu proses indi də davam etdirilir. Ona görə də "qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdənasılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verir. Belə mənzərə ölkəmizin gələcək inkişafı ilə bağlı da nikbinlik yaradır.
Alpər TURAN

banner

Oxşar Xəbərlər