• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

Həyat yoldaşı ilə səyahətdə tanış olan Rahidə - Səyyah

09.03.19 10:00 2707
Həyat yoldaşı ilə səyahətdə tanış olan Rahidə - Səyyah
Səyahət bloqu var, orda izləyiciləri onu "Rado” adı ilə tanıyır. 23 ölkədə, 70-dən çox şəhərdə olub. İlk dəfə xaricdə təhsil üçün səyahətə çıxıb. Etdiyi ən uzun müddətli və sonuncu səfəri Yeni Zelandiyayadır. Dünyanı kəşf etməyi, olmadığı yerlərə səyahət etməyi çox istəyir. "Səyyah” rubrikamızın budəfəki qonağı Rahidə Hümbətovadır. İlk olaraq həmsöhbətimiz haqqında qısa məlumat verək.
Rahidə Hümbətova ilk ali təhsilini Azərbaycan Dillər Universitetində alıb, koreya dili üzrə tərcüməçidir. Magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində marketinq üzrə alıb. Təhsil aldığı müddətdə əmək fəaliyyətinə başlayıb və hər iki sahədə çalışıb. Daha sonra "Erasmus” xaricdə təhsil proqramına qoşularaq Çexiyada təhsil alıb. Oxumağı çox sevən həmsöhbətim yenə də təhsil almağı planlayır. Hazırda isə Almaniyada yaşayır və alman dilini öyrənərək orada işləyərək ixtisası sahəsində təcrübə qazanmağı düşünür.
- Maraqlıdır, gəzmək istəyini özünüzdə nə vaxtdan hiss etdiniz?
- Səyahət etmək istəyi məndə uşaq vaxtından olub. Hər dəfə göy üzündə təyyarə görəndə, ona baxıb "kaş ki, tez böyüyüb mən də təyyarəyə minib uçsaydım” deyə xəyallar qururdum (gülür). Yəni bu, sonradan yaranan istək deyil. Dünyanı kəşf etməyi, olmadığım yerlərə səfər etməyi çox istəmişəm. Ona görə də, tələbəlik illərindən layihələrə qoşulurdum, onların vasitəsilə xaricə gedirdim. Elə ilk səfərim də təhsilimlə bağlı olaraq Cənubi Koreyaya oldu. İlk səyahətimdən sonra düşündüm ki, dayanmaq olmaz. Belə səfərləri davam etdirmək lazımdır.
- Səyahətlərinizi hansı aralıqda edirsiniz?
- Açığı, elə bir aralıq yoxdur. Çalışıram fürsət düşdükcə səyahət edim. Ölkəmizdə oxuduğum dövrdə ildə 2-3 dəfə, Çexiyada olanda isə hər ay, hətta, hər həftəsonu harasa səfər edirdim. Amma indi səyahətlərim bir az fərqlidir. Hazırda daha uzaq ölkələrə və daha uzunmüddətli səfərlər edirəm. Yəni hansısa ölkəyə gedəndə bir şəhərlə kifayətlənməyib, bir neçə şəhəri gəzirəm.
- Nə qədər müddətdir səyahət edirsiniz və neçə ölkədə olubsunuz?
- Artıq 6 ildir ki, səyahət edirəm və bu günə qədər 23 ölkədə, 70-dən çox şəhərdə olmuşam. Hətta, elə zamanlar olub ki, bir yerə bir neçə dəfə getmişəm. Məsələn, İtaliya, Çexiya, Macarıstan kimi ölkələrə bir neçə dəfə səyahət etmişəm. Roma ən sevdiyim şəhərlərdəndir və orada ən azı 3 dəfə olmuşam.
- Getdiyiniz ölkələrin adlarını sadalaya bilərsiniz?
- Səyahətlərimin əksəriyyəti Avropa ölkələrinə olub. Fransa, Almaniya, Çexiya, İtaliya, Avstriya, Macarıstan, Belçika, Xorvatiya, Lüksemburq, Slovakiya, Hollandiya, Malta, Yunanıstan, Polşa, İsveç, İsveçrə, Rumıniya, İspaniya. Asiya ölkələrindən isə Cənubi Koreya və Tailanda səfər etmişəm. Ən sonuncu səyahətim isə Yeni Zelandiyaya olub.
- Sizin üçün ən yadda qalan ölkə və ya şəhər hansı olub?
- Əslində, hər ölkə özünəxas maraqlı xatirələri ilə yadda qalır. Bu sualı bir ay əvvəl mənə versəydiniz, İsveç və ya İsveçrə deyərdim. Amma indiki cavabım Yeni Zelandiyadır. Çünki ora olan səyahətim hamısını kölgədə qoydu (gülür).
- Yeni Zelandiya hansı xüsusiyyəti ilə yadınızda qalıb?
- Göy üzü, buludları, ulduzları, bütün təbiəti ilə yadda qalan, inanılmaz bir ölkədir. İstərdim hər kəs bir gün ora səyahət etsin. Ora səyahətim zamanı özümü yer üzündə yeni bir planet kəşf etmiş kimi hiss edirdim. Doğrudan da Yeni Zelandiya çox gözəl ölkədir. Tamam başqa aləmdir. İlk dəfə idi səyahət etdiyim bir ölkəni başdan-ayağa gəzirdim. Bir ay gəzdim, amma doymadım. Mümkün olsa, daha bir ay da gəzərdim.
- Maraqlıdır, elə ölkə varmı ki, heç vaxt olmayıbsınız və oranı görmək arzusu ilə yaşayırsınız?
- (Gülür) Bu sual bir az çətindir. Əslində, dünyanın hər yerini gəzmək, görmək istəyirəm. Amma Amerikanı görməyi daha çox istəyirəm. Həmişə səyahət etmək haqqında fikirləşəndə arzularımın şəhəri Nyu-York haqqında düşünürdüm. Ora getməyi arzulayırdım. Lakin hələ də gedib çıxmamışam. Ümid edirəm tez bir zamanda ora da səyahətim baş tutacaq.

- Səyahət edəcəyiniz ölkələri əvvəlcədən araşdırırsınız?
- Mütləq. Məncə, araşdırmaq, az da olsa, məlumatlı olmaq yaxşıdır. Müddətindən asılı olmayaraq, həmin ölkədə və ya şəhərdə zamanımız limitlidirsə, məlumatlı və planlı olmaq bu zamanı daha səmərəli və effektli keçirməyimizə kömək olur. Çünki araşdırdıqdan sonra haralara gedəcəyinizi əvvəlcədən bilirsiniz. Mən səyahətə çıxacağım ölkə haqqında oxuyuram, çəkilmiş videolara baxıram. Yəni az da olsa, müəyyən qədər təsəvvürüm yaranır.
- Səyahətlərinizi daha çox tək, yoxsa qrup şəklində etməyi sevirsiniz? Bir xanım səyyah üçün bunlardan hansı sərfəlidir?
- Əslində, xanım, ya bəy, fərqi yoxdur. Mən şəxsən tək və ya iki nəfərlik səyahətləri xoşlayıram. Çünki səyahət etdiyimiz şəxslər artdıqca, problemlərimiz də çoxalır. Xüsusilə, uzun yola çıxırsınızsa, fərqli xarakterli, zövqlü insanlarla uyğunlaşmalısınız. Qrup şəklində səfər edəndə hamının istəyi nəzərə alınmalıdır. Amma tək səyahət, bir növ azadlıqdır. Yəni öz yolunuza özünüz qərar verirsiniz, öz istəyinizə uyğun gəzirsiniz. Digər tərəfdən, tək səyahət insana daha çox şey qazandırır. Özünü kəşf etmək, tanımaq imkanınız yaranır. Tək gəzdikcə qorxularınızdan, komplekslərinizdən azad olursunuz. Ən önəmlisi, yeni tanışlıqlara açıq olursunuz.

- Çox ölkə gəzdiyinizi deyirsiniz. Maraqlıdır, bunu maddi baxımdan necə təmin edirsiniz?
- Əvvəlcə onu deyim ki, nədənsə səyahət deyəndə hər kəs bunun bahalı olduğunu düşünür. Hətta, bəziləri fikirləşir ki, səyahət etmək üçün zəngin olmaq lazımdır, amma elə deyil. Məsələn, mən səyahətlərimin çoxunu Çexiyada təqaüd aldığım vaxtlar edirdim və təqaüdümün yarıdan çoxunu buna ayırırdım. Elə işləyəndə də qazancımı əşyalara-filana xərcləmirəm, onun əvəzinə səyahət edirəm. Yəni kiçik büdcə ilə də gəzmək mümkündür.
- Səyahətlərinizin müddəti nə qədər olur?
- Səyahətlərimin müddəti getdiyim ölkələrin yaxın və uzaqlığından asılıdır. Məsələn, Avropaya yaxın ölkələrə səyahətim bir həftə, Asiyaya isə iki-üç həftədən az çəkmir. Ən uzun səyahətim hələ ki, Yeni Zelandiyaya olub. Bir aydan çox davam etdi.

- Müxtəlif ölkələrə səyahət fərqli dildə danışmaq və təamların dadına baxmaq deməkdir. Bu, çətin olmur?
- Fərqli təamlar dadmağı və müxtəlif dillərdə danışmağı sevirəm. Əksinə, bu, mənim üçün çox zövqlüdür. Qətiyyən çətinliyim olmur.
- Səyahətlər zamanı yaşadığınız maraqlı hadisəni bizimlə bölüşə bilərsiniz?
- Bir dəfə səyahətim zamanı Köln şəhərindən Rumıniyaya gedirdim. Sənədlərimdə problem yarandı və mənə, uça bilməyəcəyimi dedilər. Səbəbini soruşanda dedilər ki, sizin vizanız şengen deyil. Çexiya vizası idi. Qısacası, mənə uçmağa icazə vermədilər. Planlarımın bir anda korlanması heç yaxşı olmamışdı. Bildirdim ki, mənə polis ofisini göstərin, dərdimi onlara izah edim. Nə isə, ofisin yerini izah etdilər. Bir polis işçisinə yaxınlaşıb bütün əsəbimi ona tökdüm (gülür). Vəziyyəti izah etdim və o da mənim haqlı olduğumu dedi. Təəssüf ki, həmin polis də kömək edə bilmədi və mən uça bilmədim. Məcbur qalıb avtobusla getməli oldum. Bu yol da nə az, nə çox, 30 saatdan çox çəkdi. Yəni Rumıniyaya hər bir halda çatdım. İndi düşünə bilərsiniz ki, bunun nəyi maraqlıdır? Bu əhvalatın maraqlı tərəfi odur ki, həmin polis hazırda mənim həyat yoldaşımdır (gülür). O, səyahətlərimin mənə qazandırdığı insandır. Mənim "uğursuzluq” deyə qiymətləndirdiyim hadisə xoş sonluqla nəticələndi.

- "Səyahətin insana qazandırdıqları" adlı siyahı tərtib etsək, ilk 5 bəndə nələri yaza bilərik?
- Səyahət hər şeydən əvvəl dünyagörüşün inkişafına müsbət təsir edir. Yeni və fərqli mədəniyyətlərdən tanışlıqlarımız yaranır. Özümüz də fərqində olmadan, bu, bizi zənginləşdirir. Təsəvvür edin, dünyanın dörd yanında dostlarınız olur. Səyahətlərdə bir növ özümüzü kəşf edirik. Gücümüzü, nəyə qadir olduğumuzu görürük. Yaranmış problemli vəziyyətdən qısa zamanda çıxış yolu tapırıq. Ən əsası, kimlərəsə danışmağa bolluca hekayələrimiz olur.
- Səyahət etməyə marağı olan gənclərə məsləhətləriniz nələrdir?
- Unutmasınlar ki, az əşya və büdcə ilə də səyahət etmək mümkündür. Lüks tərzdə az yer gəzməkdənsə, ucuz büdcə ilə çox yer gəzmək daha məqsədəuyğundur. Qalacaqları yerə yox, görəcəklərinə pul xərcləsinlər. "İngilis dilim zəifdir, problem olar” deyə də düşünməsinlər. Çünki bu nüans səyahət etməyə əsla mane deyil. İngilis dili bizim üçün yad olduğu qədər, başqa ölkələrin insanları üçün də yaddır. Əsas odur ki, utanıb, çəkinməsinlər. Hətta, səyahət onların ingilis dilli səviyyələrini inkişaf etdirmələrinə şərait yaradacaq. Səyahətə çıxmaqdan qorxmasınlar. Günümüzdə milyonlarla insan səyahət etməyi bacarırsa, onlar da bacarar.
Günel Azadə

banner

Oxşar Xəbərlər