• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

“Həyat yoldaşımı bir aktyor kimi bəyənirəm”

20.03.18 11:30 2375
“Həyat yoldaşımı bir aktyor kimi bəyənirəm”
Mart - bayramlar ayıdır. Bayrama bayram qatan isə mükafatlar, yəni çəkilən əziyyətlərin qiymətləndirilməsi olur. Bu dəfə də 10 mart Milli Teatr Günündə bir sıra sənət adamları mükafatlandırıldı. Onların sırasında Musiqili Teatrın tanınmış aktrisası Gültac Əlili də vardı. Teatrın sevilən aktrisası "Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görüldü. Biz də aktrisanı təbrik edənlər sırasında olduq.
- Gültac xanım, mükafat almaq necə bir hissdir?

- Əlbəttə ki, mükafat almaq və mükafata layiq görülmək gözəl hissdir. İllərini teatra həsr etmiş sənətkarlar istər Teatr Xadimləri İttifaqı, istər işlədiyi teatr, istərsə də nazirlik tərəfindən mükafatlar gözləyir. Bu onların görəcəyi növbəti işlər üçün böyük bir stimuldur. Dəfələrlə mükafat alan bir aktrisa kimi deyə bilərəm ki, hər dəfə mükafat alanda daha səy və şövqlə çalışmaq istəyirəm. Avtomatik olaraq məndə ruh yüksəkliyi yaranır. O ki qaldı "Fəxri mədəniyyət işçisi” döş nişanı almağıma, gözləmirdim ki, bu bayram məhz məni bu mükafata layiq görərlər. Bu teatr mövsümündə səhhətimlə bağlı bəzi problemlər yaşadım. Özlüyümdə düşündüm ki, yəqin, bu mövsüm əvvəlki illərə nisbətən ciddi çalışmadığım üçün mükafata layiq görülməyəcəm. Ancaq yenə də məni bu mükafata layiq görən insanlara, başda da teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. Yəqin bundan əvvəl məhsuldar çalışıb, amma mükafat almadığım illəri nəzərə alıblar ki, bu dəfə məni belə bir gözəl mükafatla sevindirdilər.


- Açıqlamanızda bildirmisiniz ki, bu mükafatı almağınız o demək deyil ki, ona yalnız siz layiqsiniz. Mükafat almağınız hansısa həmkarlarınızda aqressiyaya səbəb olub ki?

- Mükafat almağım kimsədə qıcıq oyatmamışdı. Əksinə, dostlarım məni mükafat almağım münasibəti ilə təbrik etdilər. Təbii ki, onların içərisində səmimiyyətinə inandığım insanlar da var. Sizə qısa bir nümunə gətirəcəm. Bilirsiniz ki, həyat yoldaşım Hüseyn də mənimlə birlikdə çalışır. Fikirlərimin ən bariz nümunəsi elə Hüseyndir ki, o da mükafata layiq olanlar sırasında ola bilərdi. Niyə də olmasın?
- Yəni təbrik edənlər sırasında qeyri-səmimi olanları da hiss edirsiniz?

- Əlbəttə ki. Axı biz bunun məktəbini, taktikasını keçmişik. Kimin oynadığını, kimin qeyri-səmimi olduğunu həmin an hiss edirik. Kimi aldatsalar da, məni aldada bilməzlər.
- Təbrik gözlədiyiniz insanların hamısı sizi təbrik etdimi?

- Gözlədiyim insanların elələri var ki, məni təbrik etmədilər. Mən də onların böyüklüyünə sayıram. Düşünürəm ki, məşğuldurlar, bayramqabağıdır, bir çoxlarının məişət problemləri var və başları qarışıqdır. Canları sağ olsun. Mən kiçiyəm, heç vaxt öz olduğum yerdən yuxarını düşünən adam deyiləm.
- Bundan sonra hansı mükafatları gözləyirsiniz?

- Nə qədər mükafat varsa, hamısını gözləyirəm. Teatrı heç vaxt atmayacaq bir aktrisa kimi deyirəm, niyə də olmasın?! (gülürük)
- Bilirik və sizin də xatırlatdığınız kimi, həyat yoldaşınız Hüseyn Əlili də sizinlə bərabər Musiqili Teatrda çalışır. Həyat yoldaşınızla eyni sənətdə olmağın üstünlükləri nələrdir?
- Hüseyn məni çox gözəl anlayır. Biz onunla evdə rollarımızı birlikdə məşq edirik. O mənə sənətim və müxtəlif mövzularda dəyərli məsləhətlər verir. Onun sənət təcrübəsi mənimkindən artıqdır və mən onu bir aktyor kimi bəyənirəm. Hüseynin istedadına inanıram və məsləhətlərindən hər zaman xeyir görmüşəm. Hüseyn insan kimi də mülayim və səmimidir. Təbii ki, indi ideal insan yoxdur, onun da yaxşı olmayan tərəfləri var.

- Misal üçün?
- Bəzən sənət qısqanclıqları olur. Elə götürək bu mükafatı almağımı. Mükafatı evə gətirəndə, ona baxıb dedi ki, "təbrik edirəm, bilirsən ki, mənim üçün dəyərlisən, ancaq mən o teatrın səhnəsində oynayanda sən tələbə idin. Səncə, bu mükafata səndən öncə mən layiq deyildimmi?” Dedim, əlbəttə ki, layiqsən. Ancaq indi neyləyək ki, bu mükafata məni layiq görüblər? Yaxud da tərəf müqabilimlə hər hansı bir mövzunu müzakirə edirik. Bu, mübahisəyə çevriləndə, həyat yoldaşım yanımda olduğu üçün çalışıram ki, o mübahisəni etməyim. Çünki hansısa bir tərs fikir söyləyərəm. Onlar qarşı-qarşıya gələrlər, teatrda nalayiq vəziyyət yaranar. Bu kimi şeylər avantajsız tərəfləridir (gülürük).
- Bəs bütün günü bir yerdə olmaqdan sıxılırsınızmı?
- Bəzən olur. Mən özüm deyirəm ki, ayrı-ayrı yerlərə gedək, bir az mühitimizi dəyişək. Ancaq belə baxanda, nə o məndən, nə də mən ondan sıxılıram. Bu çox nadir hallarda olur.
- Səhnədə o sizi qısqanır, yoxsa siz onu?

- Mən onu heç zaman qısqanmamışam. Hüseynin dediyinə görə, o da məni qısqanmır. Hiss etdikdə ki o məni qısqanır, həmən işə başlayıram, deyirəm ki, sən məni alanda mən artıq aktrisa idim. Mən səhnədə rolla ifa edirdim. Sən məni səhnədə görmüsən, belə qəbul edib almısan. Bizim evlənəndə də aramızda sazişimiz olub ki, mən sənətimi davam etdirəcəm, sən də bunu dəstəkləyəcəksən. İnanıram ki, sən fikirlərinə sadiq qalacaqsan, hörmətlə yanaşacaqsan. Onun öz kriteriyaları var ki, bu şeylər konkret olmaz. İstər səhnə geyimlərimdə, istər tərəf müqabilimlə obraz canlandırarkən hər şeyin bir həddi var. Başqa tərəf müqabilimlə səhnədə oynayanda Hüseyn özünü elə göstərir ki, guya qısqanmır. Ancaq mən onun baxışlarından, mimikalarından hiss edirəm ki, nəsə tərs gedən bir şeylər var (gülür).
- Teatrda müəyyən qədər sözünü demiş aktrisalar bildirirlər ki, biz qısa və epizodik rollarda oynamırıq. Sizin elə kompleksləriniz var?
- Heç vaxt. Mən özümü sözünü demiş aktrisa hesab etmirəm. Hələ də öyrənirəm və hesab edirəm ki, bu sənətdə öyrənəcəyim çox şey var. İnsanlar ölənə qədər öyrənir. Bunu da qəbul etmək lazımdır ki, aktrisa kimi sevilirəm. Rolun böyük və kiçiyi olmaz. Mən o kiçik roldan elə bir obraz düzəldərəm ki, o böyük rolu oynayan aktyor mənim yanımda kölgədə qalar.


- Sizi hər zaman Musiqili Teatrın aktrisası, hətta siması kimi tanımışıq. Başqa teatrlardan təklif gəlibmi?

- Nə yalan deyim, heç bir təklif almamışam. Ancaq təklif alsam belə, öz sevimli teatrımı dəyişmərəm. Mən teatrı çox sevirəm. Teatrdan bir həftə aralı düşüb, sonra ora gedib səhnəyə çıxanda, səhnədəki o təlatümü heç vaxt ifadə edə bilmərəm. Qrim otağına girəndə, səhnə arxasında çıxışımı gözləyəndə keçirdiyim həyəcanı yalnız teatrı mənim qədər sevənlər anlaya bilər. O hissləri sözlə ifadə edə bilmirəm. Bunu ancaq hiss etmək lazımdır.
- Ürəyinizdə hansı obrazın nisgili var?

- Mən hələ gəncəm. 30 yaşım var. Nə nisgil? (gülürük) İstədiyim obrazları rejissorlar mənə verib. İndi durub desəm ki, hansısa rolu oynamaq istəyirəm, bizim rəhbərlik buna razılıq verəcək. Çünki heç vaxt gənclərə öz diqqətini əsirgəməyib. Əliqismət Lalayev buna şərait yaradar.
- Hansısa rejissorla ulduzunuzun barışmadığı anlar olubmu?

- Əslində elə bir rejissor yoxdur. Mənim sevimli rejissorum İradə Gözəlovadır. O mənim aktrisalığıma şübhə edən adamlara verdiyi obrazla möhürünü vurdu. "Kimdir müqəssir?” tamaşasında mənə verdiyi obraz yaradıcılığımda tramplin oldu. Amma serial rejissorlarının heç birinin ulduzu mənimlə barışmır ki, seriallara çox az çəkilirəm (gülür).

- Səbəb nədir sizcə?

- Sizə tam açıq deyəcəm. Serial biznesində Rövşən İsaxı rejissor kimi brend hesab edirəm. O, aktyorla çox yaxşı işləyir. Təbii ki, bəyəndiyim digər rejissorlar da var. Elə Ramin Hacıyevin özü. Film və seriallarda çox az qonorar olur. Mən də iki uşaq anasıyam. Onların verdiyi qonorar məni qane etmir. Nə yalan deyim, təklifin biri gəlib, biri gedir. Məni qane edən təklif olanda çəkilirəm.
- Son dövrlər kinoteatrlarımızda hər ay yeni bir filmin təqdimatı olur. Heç o filmlərdə də sizi görmürük.

- Bu da rejissorların günahıdır. Rejissorların bir bəhanəsi var, deyirlər, teatralsınız, teatr aktrisasınız, filmdə də pafoslu oynayırsınız. Əslində, biz İncəsənət Universitetinə qabiliyyət imtahanı verib keçmişik, orda incəsənətin sirlərini öyrənmişik. Necə davranmaq, necə danışmaq, səhnədə necə dayanmağa yaxşı bələdik. Biz necə oynaya bilmərik? Əgər həftənin 3 günü teatrda canlı sənət göstəririksə, demək onu da bacararıq. Əlbəttə ki, bu fikirlərin hamısı nağıldır, rejissorların uydurmasıdır. Rejissorun işi nədir? Aktyorla işləmək. Əgər bəyənmirsənsə, işlət, bəyənmədiyin aktrisadan elə bir aktrisa ortaya çıxar ki, qoy sənə əhsən desinlər. Məgər xarici ölkələrdə çəkilən filmlərin fanatizm səviyyəsinə çatdırdığımız qəhrəmanlarının hamısı aktyordur? Onların çoxu model, yoldan keçənlərdir. Görün rejissorlar onlarla necə işləyib. Mən özüm də o filmlərə baxıram və hər dəfə baxanda təsirlənirəm. Sizcə, aktrisa özü öz üzərində işləyir, yoxsa rejissor? Rejissorlar aktyorlarla psixoloji treninqlər keçirlər. Bu çox geniş bir mövzudur.


- Bayramı necə keçirəcəksiniz?
- Əvvəla, bu gözəl gündə Azərbaycan xalqına yalnız və yalnız cansağlığı arzulayıram. Səhhətimdə problem yarananda da əlimi Allaha açdım, dua etdim ki, "Allahım, səndən heç nə yox, yalnız cansağlığı istəyirəm”. Xalqım üçün firavan, xoşbəxt həyat, ruzi-bərəkət arzulayıram. Bayramı isə Gəncədə anamgildə keçirəcəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər