• cümə, 29 Mart, 06:19
  • Baku Bakı 5°C

“Həyat təcrübəsi ilə kitabda yazılanlar fərqlənir” – Uğur hekayəsi

15.12.14 10:39 3619
“Həyat təcrübəsi ilə kitabda yazılanlar fərqlənir” – Uğur hekayəsi
Uğurun həm insandan, həm faktorlardan asılı olduğunu düşünür. Deyir, çalışmadan uğur qazanmaq mümkün deyil. Özünün gələcək həyat strategiyası da var. Bu strategiyanı reallaşdırmaq üçün addım-addım irəli gedir. Müsahibimiz Rabitəbank-da Maliyyə, İT və Strategiya üzrə baş direktor, iqtisadiyyat üzrə fəlsəfə doktoru Arif Zeynalovdur.
- İlk işə nə vaxt başlamısınız?
- İqtisad Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsinin 3-cü kursunda universitetin verdiyi biliklərin informasiya texnologiyaları əsrində kifayət etmədiyi üçün işləyib təcrübə qazanmaq qərarına gəldim. BP şirkətinə müraciət etdim. Ingilis dili bacarığım yüksək səviyyədə olduğu üçün müsahibədən keçib işə qəbul olundum. İlk təcrübəmi Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərləri layihəsində qazandım. BP-də işlədiyim 5 il müddətində Layihələrin inkişafı departamentində qrup rəhbəri, əməliyyatlar departamentində xərclər üzrə nəzarətçi, xərclər üzrə analitiki vəzifələrində fəaliyyət göstərmişəm. Daha sonra İspaniyaya İE Biznes Məktəbində MBA (Biznes idarəçiliyi üzrə magistr) üzrə təhsil almağı qərara aldım.
- BP kimi bir şirkətdə yaxşı vəzifədə işləyirdiniz. Azərbaycanda magistr təhsiliniz də var idi. Hansı səbəbdən işinizi tərk edib xaricdə oxumağa qərar verdiniz?
- Səbəb mövcud biliklərimin təkmilləşdirilməsi və inkişafı idi.
- Özünüzü inkişaf etdirmək üçün Azərbaycanda və xaricdə müxtəlif kurslara getmisiniz. öyrənməyi sevirsiniz.
- Bəli. Hesab edirəm ki, yaşından asılı olmayaraq, insan hər zaman öyrənməli, özünü inkişaf etdirməlidir.Hesab edirəm ki,öyrənmək və uğur əldə etmək heç bir zaman gec deyil.
- Elə bir vəzifədəsiniz ki, daim böyük məbləğdə pulla işləyirsiniz. Pulla işləmək necə bir hissdir?
- Əvvəlki işlərimdə də BP-də çalışarkən milyonlarla, Neft Fondunda milyardlarla ölçüləcək əskinaslarla işləmişəm. Amma nəzərə alın ki, pulla bağlılığım virtualdır. Buna baxmayaraq kifayət qədər məsulliyyət tələb edir.
- Deyirlər, pul əl çirkidir? Həqiqətənmi əl çirkidir, yoxsa bu, pula əli çatmayanların yaratdığı deyimdir?
- Baxır, pulu hansı yolla qazanırsan. Bu məsələlər insanın dünyagörüşünə görə fərqlənir. Məncə, pul əl çirki deyil. Hərə bu misalı özünə uyğun şəkildə istifadə edir.
- Rabitəbank-da həm də strategiyalar üzrə direktorsunuz. Həyat strategiyanız varmı?
- Təbii ki, var. Deyə bilmərəm ki, 100 faizlik strategiyadır. Həyatda risklər, ehtimallar, səndən asılı olmayan faktorlar var və onları heç cür nə idarə edə, dəyişə bilməzsən. Ama riskləri nəzərə alaraq hər bir insan öz həyat strategiyasını formalaşdırmalıdır.
- Bizimlə bölüşə biləcəyiniz planınız varmı?
- Hal-hazırda ən böyük planım bank sahədə uğurlar qazanmaqdır. Bildiyiniz kimi, Rabitəbank-da fəaliyyət göstərənə qədər, ümumiyyətlə, bank sektorunda təcrübəm yox idi. Bu baxımdan həm məni işə götürənlər, həm özüm çox böyük məsuliyyət daşıyıram. Vəzifəmin məsuliyyətinin də kiçik olmadığı göz önündədir. Bu baxımdan planlarımdan biri inkişafımla bağlıdır. Bir vaxtlar belə bir deyim var idi ki, hər hansı peşənin professionalı olmaq üçün ən azı 10 min saat həmin işdə çalışmalısan. 21-ci əsrdə kompyuter texnologiyalarının işimizi tezləşdirdiyini nəzərə alsaq, bunu 5 min saata endirə bilərik.
- İki övladınız var. Böyük bir departamentə rəhbərlik edirsiniz. Ailə ilə vaxt keçirməyə zamanınız qalırmı?
- Məncə, vaxtı düzgün bölüşdürmək, ailə ilə işi tarazlaşdırmaq lazımdır. Iş də, ailə də vacibdir. Əgər həftəiçi işdə çox vaxt keçirirəmsə, ən azı həftəsonunu tam olaraq ailəmlə ayırıram. Uşaqlar tez böyüyürlər. Uşaqların bünövrəsini vaxtında düzgün qoymayanda, sonra çox çətin olur.Buna görə hər bir valideyn işləri çox olsa belə, övladlarına vaxt ayırmalı, onların tərbiyəsi ilə məşğul olmalıdır. Düzdür, işləyənlərin əksəriyyəti evə yorğun gedir. Amma bütün hallarda uşaqlara vaxt ayırmaq vacibdir. Əks halda həm ailə səndən, həm də sən ailədən uzaqlaşar. Boş vaxtımın 90 faizini ailəmlə keçirməyə çalışıram. Hərdən dostlarla da görüşürük, əksər hallarda bu görüşlərin də ailəvi olmağına çalışırıq.
- Son olaraq gənclərə nə məsləhət görərdiniz? Sizin kimi uğur qazanmaq üçün nə etsinlər?
- Uğur həm insandan, həm faktorlardan asılıdır. Çalışmadan “uğur qazanım”, “işim getsin” deməklə, heç nə əldə edə bilməzsiniz. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, gənclər universitet vaxtlarından öz yollarını seçməlidirlər.Təbii ki, seçdikləri yolda çətinliklər olacaq. Amma çətinliklərə baxmayaraq, irəli getsinlər, o dəqiqə təslim olub başqa sahəni seçməsinlər. Çətinlikləri analiz edib təhlil aparsınlar. Hər zaman öz üzərində işləyib, zəif tərəfləri inkişaf etdirsinlər. Ruhdan düşüb geri çəkilməsinlər.
Bundan başqa, məsləhət görərdim ki, gənclər çalışıb inkişaf planı hazırlasınlar və bu planı reallaşdırmaq üçün nələrin lazım olduğunu araşdırıb fəaliyyətlərini düzgün planlaşdırsınlar.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər