Həyat sevgisiz maraqsızdır FOTOLAR

Həyat sevgisiz maraqsızdır FOTOLAR

Müsahibə
29 Sentyabr 2012, 09:40 2842
Xumar Qədimova: “Sona xanımın şeirlərindəki sözlər, fəlsəfə, gözəllik məni valeh etdi”

“Populyar mahnı hər şey demək deyil. Qulağa xoş, ürəyə yatan və bir müddət sonra unudulan mahnıları oxusam, rahat ola bilmərəm. Mahnı gərək insanları öz arxasınca aparsın. Həmişə bunu istəmişəm və şükür Allaha ki, nail ola bilmişəm. Hətta sənətimdə fasilələr də olanda, ortaya çıxaracağım mahnıya güvənmişəm. Bilmişəm ki, elə bir mahnı oxuyacam ki, o boşluğu dolduracaq”. Xumar Qədimova müğənniliyi özünə sənət yolu seçəndən yaradıcılığına bu cür həssaslıqla yanaşır. Hazırda müğənni dildən-ağızdan düşməyən mahnılarının sırasına yeni kompozisiyalar qoşmağı düşünür.

- Hamı deyir ki, Xumar Qədimovanın ifa tərzi çox fərqlidir. Bəlkə bu fərqliliyin sirrini deyəsiniz.

- Bu sirr ürəklə bağlıdır. Düzdür, indi dəb düşüb, çoxlarına “fərqli” deyirlər. Amma hamıya fərqli demək heyifdir. O fərqlilik ürəyin, için hissidir. O fərqlilik daxili dünyanın işidir. Bu sualın cavabı ancaq budur.

Bunları desəm, bir il məndən danışarlar


- Demisiniz ki, “mən həmişə yalnız musiqimlə gündəmdə qalmaq, mahnılarımın müzakirə olunmasını istəyirəm”. Amma indiki şou- biznesin tələbləri bir az başqadır.

- Bu yay o qədər hadisələr yaşadım ki... Yaxşı da oldu, şən də oldu, tam ağrılı deməyim, amma bir az ağrılı da oldu. Elə bunları desəm, bir il bəsdir ki, məndən danışsınlar. Amma mən onu istəmirəm. Bunlar mənim hisslərim, mənim yaşantılarımdır. Kimsə onu biləndə mənə ləzzət etmir. Elə bilirəm, yalnız ona görə məni dinləyəcəklər, ona görə məni tanıyacaqlar. Mən istəyirəm ki, ancaq sənətlə tanınım. Sənətə gələndə də ilk arzum bu olub. Sizin dediyiniz o fərqliliyə güvənmişəm, kənardan özümü tamaşaçı kimi dinləmişəm. Özümü sevənəm, amma o anda sevgimi də kənara qoymuşam. Demişəm, Xumar, bir səmimi ol, özünü dinlə. Dinləmişəm, demişəm yox, bu qız seviləcək. Bu fərqliliyi ilə seviləcək. Və ona güvənmişəm. Sənətə güvənmişəm ki, yaradıcılıq aləmində onun gücünə qalım. Onunla sevilim, onunla nəsə deyə bilim. İnsanların ürəyinə yol tapım, ruhunu alım aparım. Belə istəmişəm. Vallah səmimi deyirəm, onda həzz alıram. Başqa nəsə danışanda, hətta ad günümlə bağlı məni efirə dəvət edəndə xoşuma gəlmir. Hətta bu yaxınlarda radioda mənim ad günüm haqqında danışmışdılar, mən xoşlamamışdım. Dedim ki, həmin gün mənim ad günüm deyil ki, başqa gündür, siz düz deməmisiniz. Yəni heç istəmirəm ki, onu da bilsinlər. İstəyirəm ki, ancaq sənətimlə tanınım, nəğməmin gözəl sözləri ilə mahnım müzakirəyə çevrilsin. İstəyirəm, nəğməmlə nəsə deyə bilim, belə sevilim. Yoxsa “saçını kəsdirdi, saçını rənglətdi, filan yerə gəzməyə getdi...” Yay boyu bacım, mən və oğlum gedib gəzirik, dolaşırıq. Heç bircə dəfə eşitmisinizmi, Xumar filan yerdə səfərdə olub? Eşitməyəcəksiniz. Çalışıram ki, onları gizli həyata keçirim.

- Mahnılarınız müzakirə olunur. Özünüz də bilirsiniz ki, həmişə birmənalı qarşılanmır. «Kərtənkələ», «Süzün badələrə», «Döz»...
- Onların hamısında dərd var. Baxın, elə «Süzün badələrə» mahnısının özündə bir hayqırtı var. Çox maraqlı bir mahnıdır. Amma onu olduğu kimi dəyərləndirməmişdilər. Düzdür, başa düşənlər də oldu. Elə «Kərtənkələ»nin özü olsun. Onu ilk dəfə Şərq dünyasının gözəl müğənnisi Ummu Gülsüm oxuyub. Özünü sevgisi ilə kərtənkələyə bənzədib: “Kərtənkələ mənim adım, sürünürəm sadəcə” - yəni sevgidən sürünürəm.

- Necə bilirsiniz, bu gün gündəmdə qalmaq çətindirmi? Yəni nəsil dəyişilir, yeni oxuyanlar gəlir, efiri zəbt edirlər, reklam olunurlar. Əvvəlki görünüşü, sevgini, alqışı saxlamaq üçün bu gün müğənnidən nə tələb olunur?

- Mənim öz dinləyicilərim var. Mən həmişə deyirəm - mənim ruhumdan olanlar məni daha çox dinləyirlər. Onlar da mənim üçün yetər. Məncə, nə qədər ki onlar var, Xumar olacaq.

- Çoxdurmu onların sayı?

- Az da olsa, çoxa bərabərdir. Amma onların sayı az deyil. Gözəl nəğmələri dinləyən, onu dəyərləndirən duyğulu adamlardır, ruhsuzlar deyil. Bu da mənə yetər. Elə müğənnilər var ki, bəli, onlar üçün gündəmdə qalmaq problemi var. Çünki o deyir ki, ay Allah, mən nə edim ki, yadda qalım, sevilim? Ona görə də bayaq dediyim kimi, mənim heç danışmaq istəmədiyim şeylərdən istifadə edirlər – filan yerə getdi, filan hadisə oldu və s. Hətta özləri düzüb-qoşurlar ki, təki danışılsın, deyilsin. Mən heç olanları istəmirəm ki, danışılsın. Amma onlar olmayanları da deyirlər ki, qoy onlardan danışsınlar.

Sevmək gözəldir

- «Sevgi harayı» oxuyursunuz. Bəs bu nə haraydır belə?

- Bu mahnı Cəlal Qurbanovun sözlərinə yazılıb. Mən onu nəğməyə çevirdim. Samir Cəfərov, Rasim Balayevlə bir yerdə... Gözəl bir kompozisiya alındı. Düzənləmə-quruluş mənim idi. Sevgi harayı gözəldir də. Sevmək gözəldir… Sevgi deyəndə təkcə qadın-kişi sevgisi nəzərdə tutulmur ki. Vətənə, anaya, dosta, övlada sevgi var. Adi geyimi də qiymətləndirməlisən. Bir də görürsən, deyirlər ki, mən bir paltarı bir dəfə geyinirəm. Yox, mən bir paltarı bir neçə dəfə geyinirəm. Mən onu sevirəm axı. Həyat sevgisiz maraqsızdır.

- Hərdən dinləyicilər sizi qınayırlar: Xumar elə oxuyur, səsində elə yanğı var ki, birbaşa ürəyimizə toxunur…

- Yaxşıdır da. Məncə, o daha gözəldir. O zaman insanlar təmizlənir. Bu sözləri deyənlərə, əksinə, yaxşılıq edirəm. O sözləri deyənlərə sevgini, qayğını, dostluğu təlqin edirəm. Bir var, bir mahnını dinləyirsən, sonunda deyirsən ki, hə, nə olsun, mahnıdır da. Duyğusu olmayan bəlkə də alqışlayır. Bir də var ki, bayaq dediyimiz hissləri təlqin edirik. Nəyi pisdir? Gözəldir...

Şeir olmasa...

- Deyirlər ki, yaxşı mahnı şimşək, ildırım çaxması kimidir - ani yaranır. Siz də mahnılarınızın çoxunu özünüz yazırsınız. Yaradıcılıq prosesi sizdə necə baş verir?

- Mənim musiqimin doğulmasının səbəbi şeirdir. İstədim-istəmədim, gözəl şeir o musiqinin yaranmasına məcbur edir. Şeiri oxudum, artıq aşiq oldum - mütləq içimdə o musiqi yaranır. Sənətə gəldiyim vaxtdan şeirə minnətdaram. O gözəl nəğmələr yaranır. Şeir olmasa, musiqi yarana bilməz. Bəzən belə də olur ki, keçirəm royalın arxasına, musiqini yazıram. Onu da deyim ki, iki halda - ən çox kədərli dəqiqələrdə, bir də xoşbəxt olanda mahnı yaranır. Sonra sevərkən yaranır mahnı. Tutaq ki, elə-belə oturmuşam royalın arxasında, içimdə şeirsiz-filansız bir musiqi yaranır. Ya da ki, şeiri sevirəm, aşiq oluram və onu nəğməyə çevirirəm.

- Ən çox kimin şeirlərini oxuyursunuz?

- Mən poeziya vurğunuyam. Səməd Vurğunu, Məmməd Arazı, Rəsul Rzanı oxuyuram. Bunu həmişə deyirəm: mən şairə yox, şeirə vuruluram. Mənim üçün vacib olan şeirdir, şair deyil, imza deyil.

- Tanınmış şairə Sona Vəliyevanın şeirlərinə də mahnı bəstələmisiniz. Bu şeirlərdə sizi cəlb edən nə oldu?

- Sona xanımın sərbəst vəzndə yazdığı «Şükür Allaha, ölməmişəm» və «Əllərim» şeirlərinə kompozisiyalar yazmışam. Sərbəst vəzndə şeir yazmaq da, o şeirləri nəğməyə çevirmək də çətindir. Mən bunun öhdəsindən gəlmişəm və əminliklə deyirəm ki, dinləyicilər bu mahnıları sevəcəklər. Əslində Sona xanımın aşiq olduğum bir neçə şeirləri var. Amma hal-hazırda dediyim şeirlərə mahnı yazmışam. O şeirlərdəki sözlər, fəlsəfə, gözəllik məni valeh etdi. Məncə, bu nəğmə sözünü deyəcək.

- Kompozisiyanı nə vaxt eşidəcəyik?

- İnşallah, yaxın vaxtlarda. Eşitməyinizə çox az qalıb.

- Mahnıya klip də çəkiləcək?

- Klipi hələ fikirləşirik, amma kompozisiya eşidiləcək.

Hhansı mahnı olsa da, mütləq orda Xumarın özü var

- Türk müğənnilərinin də repertuarından, məsələn, Ahmet Kayadan oxuyursunuz. Sizcə, bu musiqilər auditoriyaya daha yaxındır?

- Türk musiqilərini sevirəm. Ahmet Kayanın «Nələr çəkdiymi nərdən biləcəksiz» mahnısını oxumuşam. O mahnını sevmişəm, oxumuşam. Elə türk mahnıları var ki, onları uşaqlıqdan dinləmişəm, həmişə ürəyimdə saxlamışam, demişəm ki, nə vaxtsa oxuyacam. Növbə ilə oxuyuram. Bəli, bu mahnılarla auditoriya toplamaq olur. Amma hansı mahnı olsa da, mütləq orda Xumarın özü var.

- Türkiyə səhnəsinə çıxmaq üçün ortaq proyektlər haqda düşünürsünüzmü?

- İnşallah, olacaq... Amma bu barədə danışmaq istəmirəm. Bir də görürsən ki, bir şey deyirsən, ortaya başqa bir şey çıxır. Həyat davam edir. Məncə, gözəl bir nəğmə ilə söz deyə bilirsənsə, heç gündə bir şey ortaya çıxarmağa ehtiyac da yoxdur. Məncə, bu kompozisiya bir il yetər. Demirəm, bundan sonra oturub gözləyəcəyəm. Gözəl nəğmələr olacaq. Görürsünüz, «Sevgi harayı» heç reklam da olunmadı. Amma sevildi, ürəklərə yol tapdı. Çünki çoxdan belə kompozisiya yox idi. İndiki mahnımız – «Şükür Allaha, ölməmişəm» də elə olacaq. Musiqi ilə şeirin harmoniyası baxımından Azərbaycan sənət aləmində hələ belə şey olmayıb. Orada obraz var, yaşantı var, gözəl musiqi var, canlı ifaçılar var. Artıq bir il olar ki, mən bu nəğmə ilə işləyirəm. O mahnı mütləq müzakirəyə səbəb olacaq. «Şükür ki, ölməmişəm, elə-belə bu dünyadan getmişəm» - hər kəs deyəcək: görən bu nə deməkdir. Sonra başa düşən başa düşəcək ki, bunlar nə ediblər. Elələri də olacaq ki, “elə-belə bu dünyadan getmişəm” görən nə deməkdir, deyə düşünəcəklər. Qoy elə də başa düşsünlər. Ləzzət edən də elə o müzakirədir. Mən elə istəyirəm. Yəni, sıradan olmasın, mahnım müzakirə olunsun. İnsanlar qulaq asacaq, deyəcəklər, bu mənim halımdır. Və bununla da ürəklərə yol tapacaq.

Təranə Məhərrəmova
FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">