• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

“Həyat, sən nə şirinsən...”

16.08.13 09:45 10938
“Həyat, sən nə şirinsən...”
Səndən doymaq olarmı,
həyat sən nə şirinsən!
Ancaq hamının deyil,
sən həyatın qədrini
yalnız bilənlərinsən!..
Bu həyat düsturu olan qızıl misraların müəllifinin kim olduğunu hər kəsdən soruşsan, inanmıram ki, “Bəxtiyar Vəhabzadə” cavabını almayasan.
Doğurdan da həyat şirindir! Kim desə ki, həyatdan bezmişəm, inanma. O həyatı elə bezdiyi qədərində də sevir, yaş üstünə yaş gəldikkcə isə ona daha qırılmaz tellərlə bağlanmağa cəhd göstərir, elə yuxarıdakı şeirin davamı olan parçasında deyildiyi kimi:
Özünü bu dünyada
heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də
bərabər paylanmamış.
Hər canlı üçün, xüsusən də Ulu Tanrının şüuru ən ali keyfiyyət olaraq əta etdiyi məxluqat üçün həyatın dadını, Adəm oğlu insanın özündən başqa, ancaq elə insanın özü bilər. Hər dadlı şey də həmişə qıt olar. Yəqin ki, İslam Peyğənbəri Məhəmməd əl Mustafanın (s) - “Acmamış əlini süfrəyə uzatma, doymamış əlini çək” - kəlamı da, insanı tək təamlara olan nəfsdən çəkindirmir, və həm də hər şeydən şirin olan həyatın dadını bilən məxluqata ömür payının doyunca verilmədiynə də bir işarədir.
Ömür paylanan zaman
görün kimə nə düşdü
Üç yüz il boz qarğaya,
on il şahinə düşdü.
Təbii ki, şeirin bu parçasında mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadə də duruşu, uçuşu, bütövlükdə görkəmi göz oxşayan quşlar şahzadəsi Şahinə “qar-qar”ı könül bulandıran qarğa ömrünün Yaradan tərəfdən cəmi 3.33% (10:300) verildiyini vurğulamaqla, bir növ Peyğənbər kəlamını təsdiq etmiş olur.
Kiminsə həyatdan doyması barədə hələ ki, eşitməmişəm. İnsan dünyasını dəyişən zaman gözlərinin və əllərinin açıq qalmasına, cismi getsə də, qəlbini bu dünyada qoyaraq getməsini, hətta insan əsəbi bir vəziyyətdə olarkən dünyadan bezərək yaşamaq istəməməsini və dərhal da dediklərindən peşimançılıq çəkdiyini dilinə gətirməsini şair növbəti misraların dili ilə ap-aydın diqqətə çəkir.
Həyat sən nə şirinsən,
kim səndən doydu getdi?
Gedənlər bu dünyada
qəlbini qoydu getdi.
Dünən qoca bir qarı
dilində ahu-zarı.
"Bu dünyanın əlindən
gəlmişəm zara"- dedi.
"Ölmürəm ki, bir dəfə
canım qurtara"- dedi.
Ürəkdənmi söylədi o,
bu sözü görəsən?
Xeyr, inanmıram mən!
O yana - yana dedi:
Dili söylədisə də,
ürəyində o dərhal
"Lənət şeytana!"- dedi.
Həyat tək sevincli anlardan ibarət olsaydı, yəqin ki, belə yeknəsək ömrün, yaşam tərzinin bir mənası da olmazdı.
Təsəvvür edək ki, bir rəngli ipək ipdən toxunmuş saya bir xalı qarşımızdadır. Baxırıq, hər şey var, ancaq heç nə yoxdur. Çatışmayan nədir? Təbii ki, rəngarənglik! Hər butası, çeşnisi ayrı-ayrı rənglərdən olan, bədii və texniki baxımdan belə zəif görünən xalı daha çox göz oxşayır, nəinki yüksək keyfiyyət meyyarlarına malik olan saya toxunmuş xalı, deyilmi?! Həyat da belədir.
Hətta adam var ki, yeknəsəkliklikdən bezdiyindən özünə problem yaradır və sonra da bu problemin həlli ilə məşğul olur ki, fərqli məqamlar yaşaya bilsın. Deməli insan həyatı nə qədər rəngarəng olsa, o qədər də maraqlı olar, şeirin davamında deyildiyi kimi.
Həyat, sevincin qədər
əzabın da şirindir,
Səni mənalandıran
o keşməkeşlərindir.
Bütün qeyd etdilənlərlə yanaşı, insan ömrün hansı pilləsində olmasından aslı olayaraq, növbəti pilləyə can atdığını, yaşamaqdan doymadığını, öləndə belə gözünün nədəsə qaldığını, bir Loğmanın ölüm səhnəsini fəlsəfi düşüncəsinin məhsuluna çevirən Bəxtiyar Vahabzadə şerinin davamında
İki yüz il yaşadı
ləzzət içində Loğman,
Yenə möhlət istədi
ölürkən Allahından.
Yatırdı göy çəməndə,
çatdı ona Əzrail.
Söylədi - İki yüz il
ömür sənə bəs deyil?!
Mən canını almağa
gəlmişəm,
nə sözün var?
Loğman dedi:-
Sözüm yox,
aldığını gəl apar.
Ancaq mənə macal ver
bircə anlıq əcəldən,
Gəl canımı burda yox,
o çəmənlikdə al sən.
Əzrail razılaşdı...
Ayağa qalxdı Loğman
Yeridi,
Daş asıldı ancaq
ayaqlarından,
Asta - asta yeriyib
çatdı dediyi yerə.
Loğman baxdı göylərə,
Loğman baxdı yerlərə.
Bu son baxışı ilə
üstündə iki yüz il
Yaşadığı cahanla
vidalaşdı elə bil...
Özü vidaşladısa,
gözü qaldı cahanla
O, düşündü bu anda:
"Nə görmüşəm dünyada
bu dünyaya gələndən?
Ah... elə bilirəm ki,
dünən doğulmuşam mən.
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada."
Loğmanın gözü bu an
bir gülə dəydi durdu.
Ürəyini quş kimi
gülə doğru uçurdu.
"Ah... onu kim üzəcək,
bircə biləydim,- dedi.
O gülü də iyləyib
sonra öləydim",- dedi.
Ancaq, ancaq nə fayda...
Yetişmiş artıq əcəl,
Loğman dedi:-
Hazıram,
al canımı indi gəl,
Əzrail dedi:-
Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi
bu çəmən, ya o çəmən?
Neçin məni qoymadın
orda alım canını?
Loğman dedi:-
Həyatın şirin olur hər anı
Ordan bura gəlincə
bir az ömür qazandım,
Onu da bu dünyadan
özümə fayda sandım.
Qoca öldü...
Dedilər:-
Yaranan bir gün ölər.
Nəvələri çəməndən
həmən gülü üzdülər,
Loğmanın qəbri üstə
qoydular,
Titrədi gül,
Gülün ətri ilə doldu
bütün çayır, bütün çöl.
O, ətriylə saxladı
yolçuları yolundan,
Torpağın altındasa
bunu duymmadı Loğman.
deyərək, bununla da, nəqədər ömr yaşamağımızdan aslı olmayaraq, biz ömrün müvəqqəti daşıyıcısı olduğumuzu əyani şəkildə diqqətə çatdırır.
Həyat sən nə şirinsən,
kim səndən doydu getdi?
Gedənlər öz qəlbini
dünyada qoydu getdi.
Səndən doymaq olarmı,
çoxun,azın da şirin.
Həyat qışın da şirin,
həyat yazın da şirin!
Çoxu da, azı da - qışı da, yazı da şirin olan həyatın şirinliyini hamı anlaya bilirmi?
Cürbəcür yazılar var
ömrün varaqlarında...
Həyatımın qayğısız,
fərəhli çağlarında -
qədrini bilməmişəm.
Hələ nə var ki...
"ömrüm qabaqdadır"-
demişəm.
Otuzdan addayınca,
gündə otuz min kərə
Başımı yellədirəm
hədər keçən illərə.
Ömrünün varaqlarında cürbəcür yazılar olduğunu, həyatının qayğısız, fərəhli çağlarında qədrini bilmədiyi, ömrünün hələ qabaqda olmasını düşünməsi, yaş otuzu addayandan sonra isə hədər ötən illərə başını yelləməsi, öz şəxsində insanları, xüsusən də cavanları həyatın hər anına (yaşına) elə vaxtında dəyər verməyi, həyatın hər məqamından yetərincə istifadə etməyi, bununla da geri boylananda peşimançılıq çəkməməyi bir kino lenti kimi göz önünə gətirir.
Səndən doymaq olarmı,
həyat, sən, nə şirinsən!
Ancaq hamının deyil,
sən həyatın qədrini
yalnız bilənlərinsən! -
misralarını əminlikdə deyən böyük şairimiz, bir də deyir ki:
Bizim həyat dünyasının
qırıq telli sazıyam,
Tək ondan razıyam ki,
özümdən narazıyam!
Görəsən Bəxtiyar Vahabzadə tək özündənmi narazı idi? Yox! O, həm də yaşadığı dövrün hakimi olan ictimai-siyasi sistemdən, onun doğma torpağı, milləti, dili, adət-ənəsi üçün yaratdığı fəsadlarından, haqsızlıqlardan narazı idi. O, hələ ötən əsrin 50-ci illərinin sonlarında yazdığı “Gülüstan” poemasında qonşularımızı nəzərdə tutaraq deyirdi.
...Biri baran dedi, biri xər dedi,
Bizi həm yedilər, həm də mindilər-
Həm də dalımızca çox deyindilər...
Bu sətrlərin müəllifi olan hünərli kişini - türk oğlu türkü çox incitdilər. Səlahiyyətli yerlərə “dəvət” etdilər. Hətta rejimin qoruyucu aparatının qazamatına da saldılar. Şairə “xalq düşməni” damğası vurmağa hazırlaşdıqları bir məqamda, bu qurumun vəzifə və çin etibarı ilə ikinci səlahiyyətlisi sayılan şəxs onu öz iş otağına gətizdirdi. Ona mehribanlıq, qayğı göstərərək, qara çörəklə isti borşa qonaq elədi. O, həm şairin könlünü aldı, ona ürək-dirək verdi, həm də - “Belə yerda adama isti borşu bir dəfə verirlər ha!” - deyərk, ciddi təbəssümü ilə onu yüngülcə məzəmmət də elədi.
1993-cü ilin 20 yanvar hadisələrində Azərbaycan televiziyasının enerji blokunu partladan rus əsgərlərinin komandiri olan generalın gözlərinə tüpürməkdən çəkinməyən də məhz Bəxtiyar Vahabzadə oldu...
Sovet rejiminin qılıncının dalının da qabağının da kəsdiyi bir dövrdə rejim əlehinə çıxan kiçik bir respublikanın vətənpərvər şairini geniş qanadları altına alan şəxs - Türk dünyasının yetişdirdiyi dünya şöhrətli Böyük azərbaycanlı Heydər Əliyev cənabları Bəxtiyar Vahabzadəni həmişə müdafiə etdi, onun həm özünə, həm də yaradıcılığına rəğbətlə yanaşdı, hətta şair 2000-ci illərin əvvəllərində xəstəxanada müalicə aldığı zaman onun ziyarətinə də getdi...
Mən Bəxtiyar yaradıcılığının uşaqlığımdan vurğunuyam. Elə gün olmazdı ki, mən onun heç olmasa bir kiçik şeirini belə əzbərləməmiş olum.
Qoyun nobatına gedərkən isə Bəxtiyar Vahabzadənin əvvəlcədən ayırdığım şeirlərindən 10-15 səhifəni əzbərləməyi özümə “öhdəlik” götürərdim və əzbərləyərdim də. İstər qışın məşəqqətli soyuğu olsun, istərsə də yayın qızmar günəşi başımdan tüstü çıxartsın, fərq etməzdi. Təzə əzbərlədiyim şeirlərin ilk dinləyicisi isə bizim Boyat kəndinin (Ucar rayonu) “Aşağı baş” deyilən məhəlləsinin malotaranı naxırçı Talıb olardı. Naxırçı Talıb savadsız idi, amma fəhmli adam idi. Bəxtiyar şeirinin fəlsəfəsini göydə tutardı. “Bəh-bəh, nə gözəl deyib” - deyərdi rəhmətlik.
Vətənpərvər, yurdsevər, mayası şeriyyatla yoğrulmuş və hər türk övladının adını fəxarətlə çəkdiyi, yaradıcılığından heç olmasa bir nümunə belə bilmiş olduğu, çağdaş ədəbiyyatımızın aparıcılarından olan İstiqlal şairi Bəxtiyar Vahabzadə haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Şünkü mənim mənəvi qida mənbəyim Bəxtiyarın şeiri, Bəxtiyarın həmişəyaşar ruhudur.
Məni tanıyanlar “Bəxtiyarşünas” bir şair kimi tanıyırlar. Elə gün olmaz ki, mən ona müraciət etməyəm. Elə ədəbi-bədii məclis olmaz ki, onun şerlərindən deməmiş, öz şerimi oxuyum. Elə toy-düyün olmaz ki, bəylə gəlinə Bəxtiyar şeri vasitəsilə xeyir-dua verməmiş olum. Bəxtiyar şeiri mənə həmişə işıqlı yol göstərib. Bəxtiyar mənim canım, qanım, ruhumdur...
Böyük şairimiz Bəxtiyar Vahabzadənin 16 avqust 2013-cü il tarixdə 88 yaşı tamam olur. Mən də bu yazımı onun işıqlı xatirəsinə ərmağan etməklə, Böyük şairimizə ithaf etdiyim aşağıdakı şerimlə fikrimi tamamlamaq istəyirəm.
Yerin rahat, ruhun Ulu Dərgahda şad olsun, Bəxtiyar!
İstiqlal şairi, ey torpaqsevər,
Vətənin şəninə qoşdun nəğmələr.
Fəlsəfi şeirlər, dürlü kəlmələr-
dolaşır sözlərin eldə Bəxtiyar,
Pərdənin bəmində, zildə Bəxtiyar.
Şəhriyar dindirdi “Heydər Baba”nı,
Səslədi birliyə “iki oba”nı.
Çəkəndə nəzimə sən “Gülüstan”ı-
etdilər ittiham “yer”də Bəxtiyar,
Arazdı arada “pərdə”, Bəxtiyar.
Təbrizin dərdiydi səni qocaldan,
Qarabağ “dava”sı lap saldı haldan.
“Xocalı-soyqrım” - o qalmaqaldan-
danışan sən oldun dildə, Bəxtiyar,
Haqsız qan qalarmı yerdə, Bəxtiyar?!
“20 yanvar”da düşdük çətinə,
Qaldıq işğalçıyla təki-təkinə.
Tüpürdün generalın düz sifətinə-
düşdük bəlalara, dərdə, Bəxtiyar,
Belə hünər olar nərdə, Bəxtiyar,
Sən idin millətin çəkən dərdini-
keçmiş tarixinin bilən qədrini.
Ulu türk dünyası istər xətrini-
göründün xeyidə-şərdə Bəxtiyar,
Şirvanda, Şəkidə, Mildə Bəxtiyar.
Sən Turan şairi, türkün şairi,
Vətənin, torpağın, mülkün şairi.
Ən dərin qatların, dərkin şairi-
şeirin gül açdı küldə, Bəxtiyar,
Şeirinin ətri var güldə, Bəxtiyar.
Sevmişəm şeirini uşaqlığımdan,
Anlayıb mənasın, duyan çağımdan.
Millət xiffət çəkir bu yoxluğundan -
dərdimi çəkəmməz kəl də, Bəxtiyar,
Yerin var mahalda, eldə Bəxtiyar,
Hər sətrin tarixin sənət əsəri,
Həmişə sözünün olub kəsəri.
Fəxrəddin Meydanlı bu yaz səhəri -
Andı ustadını bil də, Bəxtiyar,
Ruhu Cənnətətməkan, gül də, Bəxtiyar.
Fəxrəddin MEYDANLI
banner

Oxşar Xəbərlər