Hətta xərçəngə də səbəb ola bilər
Kosmetoloji məhsulların satış qiyməti elə də ucuz olmur, ona görə bir
çox xanımlar alış-veriş etmək üçün böyük kosmetika mağazalarında endirim günlərini
gözləyirlər. Qiymət münasib olanda, ya da ümumiyyətlə, bizdə komsetoloji məhsullar
alanda istifadə müddətinə demək olar ki, çox nadir hallarda baxılır. Lakin bu
cür məhsulların da son istifadə tarixi var...
Axşam.az-a şikayət məktubu yazan Rəna Kərimova adlı
xanım da "İdeal” parfumeriya mağazasından elə endirim günlərində bədən üçün
duş geli alıb. Evə gələndə isə istifadə müddətinin bitməsinə bir neçə gün
qaldığını görüb: "40 faiz endirim qoyulmuşdu. Dedim ki, eybi yox, istifadə
edim. Amma bədənimə vuran kimi allergiya oldu, qızarıb qaşınmağa başladı.
"İdeal”ın endirimə qoyduğu məhsullara diqqətlə baxılmalıdır. Vaxtının bitməyinə
5-6 gün qalmış məhsulları yığıb belə endirim edib, insanları aldadırlar. Başqa
rəfiqəm də mənlə birlikdə məhsuldan almışdı. O, aparıb geri qaytarmaq istəyəndə
isə belə bir xidmətlərinin olmadığını deyib, etiraz bildiriblər. Rəfiqəm göstərib
ki, istifadə müddəti bir neçə günə bitir. Deyiblər ki, nə olsun, istifadə edin
o vaxta kimi”.
Kosmetik məhsullar belədir ki, onu 3-4 gün istifadə etmirsən, aldığın
məhsul ən azı 15-20 gün istifadə olunur, hətta elə məhsullar var ki, aylarla
istifadə edirik. Bu o deməkdir ki, 5-10 gün istifadə müddəti qalmış məhsulu
alıb, vaxtı keçdikdən sonra da istifadə edirik. Bəs belə hallar nə dərəcədə
düzgündür?
Həkim-kosmetoloq Könül
Namazova "Kaspi”yə açıqlamasında bildirdi ki, kosmetoloji məhsulların istifadə
müddəti önəmlidir, ona görə bu məsələdə diqqətli olmaq lazımdır: "Məsələn, xama
ilə xiyar, kokosu qarışdırıb soyuducuya qoyun. 3 gündən sonra təbii ki xarab
olacaq. Kosmetoloji məhsulların tərkibində də bu cür təbii məhsullar olur. Onların
uzun müddət qalmasını təmin etmək üçün də tərkibinə laboratoriyalarda
konsentrantlar qatılır. Bunlar da kimyəvi əsaslı olur və kosmetika məhsullarının
qalıcılığını təmin edir. Qeyd olunan tarixə qədər məhsulların tərkibində o
elementlər yavaş-yavaş effektini itirir. Ona görə də istifadə tarixi bitəndən
sonra kosmetik vasitələrdən istifadə etmək risklidir. Nə pasientə məsləhət
görürəm, nə də özüm istifadə edirəm. Sonra problem yarada, hətta dəri xərçənginə
səbəb ola bilər. Ona görə məsləhət görərdim ki, bahalı kosmetik vasitələrdən
istifadə etsinlər. Yəni, bahalı deyəndə öz brendini yaratmış şirkətin məhsullarını
nəzərdə tuturam. Keyfiyyəti ilə bazarda tanınan olsun. Çünki belə məhsullar
laboratoriyada yüksək dərəcədə təmizlənir. Ucuz və keyfiyyəti yaxşı olmayan
kosmetikadan uzaq durmaq lazımdır. Hələ bu kosmetoloji məhsulları vurub günəş
altına çıxmağı isə ümumiyyətlə, məsləhət görmürəm”.
Bizdə belə fikirlər var ki, kosmetoloji məhsulların istifadə müddəti
bitəndən 3 ay sonra da istifadə etmək olar. K.Namazova bunun heç bir əsası
olmadığını bildirdi: "Dəri özünü qoruyan orqandır. Onun üzərində bir müdafiə
qatı var və onu zədələmək olmaz. Dəri yeganə orqandır ki, hava, mikroblarla
birbaşa təmasda olur. Ona görə xarici baryer qatını zədələyib, pozmaq olmaz. Bu
səbəbdən istifadə etdiyimiz məhsullara və son istifadə tarixlərinə mütləq fikir
verilməlidir. Yaxşı olar ki, son istifadə tarixinə 1-2 ay qalmışa qədər istifadə
edib qurtarılsın. Dodaq boyaları, dəri üçün nəmləndirici kremlər isə xüsusilə.
Ten, ənlik, kirşan və s. yağları istifadə etmək olar. İstifadə müddəti bitəndən
sonra 3 ay istifadə etmək məsələsinə gəlincə, bu, ticarət məqsədli fikirlərdir.
Elə bir şey yoxdur”.
Azad İstehlakçılar
Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanın
kosmetologiya bazarında vəziyyət heç də ürəkaçan deyil: "Dövlət Gömrük Komitəsinin
sədri Səfər Mehdiyevə AİB olaraq bununla bağlı məktub ünvanlamışıq. Orda qeyd
olunur ki, bizə ölkə bazarının parfümeriya, kosmetika malları semqetində
acınacaqlı vəziyyətlə bağlı çoxsaylı istehlakçı zəngləri daxil olur,
istehlakçılar saxta mal nümunələrini təşkilatımıza gətirirlər. Bu vəziyyətdən tək
istehlakçılar deyil, eyni zamanda dövlətimizin qanunlarına riayət etməklə
qanuni bizneslə məşğul olan sahibkarlar da narahatdır. Qaçaqmalçılıq yolu ilə
bazara daxil olan parfümeriya, kosmetika məhsulları heç bir mənşə və gigiyenik
sertifikata və ya digər müşahidəedici sənədlərə malik olmadan gömrük və digər
rüsumlar ödəmədən sərbəst satılır. AİB-ə daxil olan müraciətlər əsasında
aparılan araşdırma zamanı məlum olub ki, bir çox brend məhsulların saxtasını
istehsal edib bazara buraxırlar".
E.Hüseynov qeyd etdi ki, parfümeriya məhsullarının tarixinin
keçdiyini bilmək də alıcılar üçün çətindir: "Çünki bir çoxunun üstündə istehsal
və son istifadə tarixi yazılmır. Xüsusi kosmetika saytı var, məhsulun üzərindəki
kodu daxil etməklə istifadə tarixinin nə zamanadək olduğunu öyrənə bilirsən.
Kosmetika istehsalçıları da bunu gizli kodla ediblər, saytı da hər adam
bilmir”.
Aygün Asimqızı