AZE | RUS | ENG |


“Hətəsonu turizmi”ni necə inkişaf etdirək?

“Hətəsonu turizmi”ni necə inkişaf etdirək?
Bu sahədən pul qazanmaq və ənənəvilik yaratmaq istəyiriksə...

Həftəsonu turizminə (Weekend) böyük əhəmiyyət verilməsi istirahətin bu növünü bütün dünyada populyarlaşdırıb. Artıq dünya ölkələrində insanlar üçün "weekend” məfhumu mövcuddur ki, onlar istirahət etmək üçün iş günlərinin bitməsini səbirsizliklə gözləyirlər. İnsanlar həftə sonları yaxın rayonlara, istirahət mərkəzlərinə yollanır, iş günlərinin yorğunluğunu beyinlərini dincəltməklə çıxarırlar. Əcnəbilər üçün "həftəsonu istirahəti” bir növ həyat tərzidir. Onların bir-birlərinə ünvanladıqları məşhur "həftə sonunu harada keçirəcəksən” sual da var. Eləcə də son illər Türkiyədə istirahətin bu növünə geniş üstünlük verilir. Ölkənin ayrı-ayrı bölgələrinə səyahət edənlər parklarda, dənizin və göllərin kənarlarında pikniklər təşkil etməklə, xərci ciblərinə uyğun istirahət mərkəzlərində dincəlməklə həftə sonlarını keçirirlər. Türklər həftə boyu gərgin çalışıb, istirahətlərini həftə sonlarına hesablayaraq, məhz  fiziki yorğunluqlarını çıxarmaq, əylənmək, ən əsası şəhərin səs-küyündən uzaqlaşmaq üçün "Wekend”lərə ümid edirlər.

Son illər bizim ölkədə də həftəsonu turizminə diqqət artıb. Kütləvilik təşkil olunmasa da, imkanı olanlar həftə sonlarını yaxın rayonlarda yerləşən istirahət mərkəzlərində keçirməyə üstünlük verirlər. Əlbəttə, aralarında kənd və qəsəbələrdə istirahətə gedənlər də yox deyil. Ümumilikdə isə həhtə sonları rayonlardakı otellərdə boş yer tapılmır. Şüurlarında istirahətin insana nə qədər lazım olduğunu düşünən, ancaq cibində pulu olmayan insanlar isə qohum-əqrəba, yaxın kəndlərdəki dostlarının evinə getməklə və ya dəniz kənarına, meşələrə  səyahət etməklə bu arzularını reallaşdırırlar.
  
Bütün sosial təbəqələrin imkanları nəzərə alınmalıdır
 
"Weekend” turizmini kütləviləşdirmək üçün insanlara təkcə pul lazımdır? Necə etmək olar ki, bütün insanlar həftə sonlarını maraqlı keçirib, sözün əsil mənasında istirahətin dadını çıxarsınlar?  Ümumiyyətlə, "weekend” sözü bizim insanlar üçün nə qədər münasib səslənir? Bu kimi suallara cavab axtararkən ilk növbədə turizm sahəsində mövcud olan aşağı səviyyəli xidmət və yüksək qiymətlərlə bağlı cavablarla üzləşmək olur. Məsələn, həftə sonları öz avtomobillərində regionlara istirahətə yollanan Sevinc və Əkbər Əliyevlər onlar üçün bu istirahətin mühüm olduğunu deyirlər: "İşimiz gərgin olduğundan həftə sonu istirahətimizə xüsusi yer ayırırıq. Bunun üçün öz şəxsi avtomobilimizlə rayonlara üz tutur və iki gün hansısa otellərdə qalır, istirahət edirik. Demək olar ki, ölkənin bütün rayonlarını gəzmişik və bundan zövq alırıq”. Müsahiblərimiz istirahət zamanı xidmət sektorundakı problemlərdən də gileylənirlər: "Əgər qiymətlər normal olsa və xidmət mədəniyyəti inkişaf etsə, həftəsonu turizmini inkişaf etdirmək olar. Bunun üçün bütün sosial təbəqələrin imkanları nəzərə alınmalıdır”.  
  
Həftəsonu turizmin inkişafı üçün regionlarda şərait yaradılmalıdır 
 
Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov insanların son illər həftə sonları regionlara, yaxın rayonlara istirahət üçün üz tutduqlarını deyir: «Belə ki, mövsümdən asılı olaraq ,insanların istəkləri də dəyişir. Ona görə də regionlardakı otellərdə bəzən yer tapılmır. Əvvəlcədən bütün yerlər bron olunur. Xüsusən yaz və yay aylarında bizim insanlar həftəsonu turizmlərinə üstünlük verirlər». Ölkəmizdə həftəsonu turizmin inkişafını daha da genişləndirməyə ehtiyac olduğunu deyən M.Ağakərimovun fikrincə, insanların istirahəti üçün əlavə tədbirlər görülməlidir. İlk növbədə, xidmətlərin səviyyəsi münasib olmalıdır. Çünki xidmətin səviyyəsi yüksək olmayanda insanlar daha həmin mərkəzlərə getmək istəmirlər: "O cümlədən, həftəsonu turizmi inkişaf etdirmək üçün pikniklər, müxtəlif əyləncəli proqramlar, əlavə xidmətlər çox aşağı səviyyədə təşkil olunub. Əgər xarici ölkələrlə, məsələn Fransa, İspaniya və ya Rusiya ilə müqayisə aparsaq, orada turistlərə təqdim olunan xidmətin kəmiyyət və keyfiyyətinin qat-qat yüksək olduğunu görərik. Biz həmişə müxtəlif standartlar hazırlayanda qonşu Türkiyəyə və Rusiyaya istinad edirik. Bəs nə üçün bu məsələlərdə həmin ölkələrə istinad etmirik?” Türkiyədə otellərlə turizm şirkətləri arasında münasibətlərin yüksək səviyyədə qurulduğunu deyən Assosiasiya təmsilçisi ölkədə turizm şirkətlərinin yüksək səviyyədə işləməsi üçün imkanlar yaradıldığını deyir: "Bu da yeni iş yerləri deməkdir. Həm də ölkəyə çoxlu valyuta axınının gəlməsidir. Otellər Türkiyə turizminin xidmətlərini digər xarici ölkələrə vermir. Yəni, özlərinin milli turizm şirkətlərinə ucuz qiymətlər verirlər ki, onlar işləyə bilsinlər. Ona görə də bizim milli şirkətlər işləyə bilmir, tənəzzülə uğrayırlar. Xarici şirkətlər indidən otelləri bronlaşdırıblar. Çünki onlara ucuz qiymətlər təklif edirlər”. Azərbaycanda 300-dən çox turizm şirkəti var. Ancaq bizim öz şirkətlərimizə o cür ucuz qiymət təklif etmirlər ki, ölkənin valyutası ölkə daxilində dövr etsin. Xarici şirkətə verəndə isə onlar  pulu xaricə çıxarır, bu isə iqtisadiyyatımıza ziyandır”. 

M.Ağakərimovun fikrincə, həftəsonu turizmin inkişafı üçün regionlarda şərait yaradılmalıdır. Məsələn, aztəminatlı tələbələr, təqaüdçülər həftə sonu dincəlmək istəsələr də onların buna  imkanları yoxdur: "Həmçinin maddi təminatı az olan insanlar var. Onlar ailələri ilə həftə sonları dincəlmək istəyirlər. Məsələn, tələbə gənclər üçün ucuz qiymətə çadır düşərgələri təşkil etmək olar. Hostellər, iki ulduzlu otellər tikmək olar. Bu cür otel növləri qonşu Türkiyədə, Rusiyada, Gürcüstanda da var. Onların iş təcrübəsini öyrənmək, bu cür yaxşı nümunələri ölkəyə tətbiq etmək lazımdır. Ancaq bu məsələlərdə əlaqədar qurumlar  zəiflik göstərirlər. Ümumiyyətlə bizdə bu istiqamətdə planlaşdırmanı düzgün qura bilmirlər”. M.Ağakərimovun fikrincə, həmçinin xidmət səviyyəsini yüksəltməyə ehtiyac var: "Bu sahədə hazırlanan kadrların işlə təminatına şərait yaradılmalıdır. Rayonlarda, elə paytaxtın özündə də hostellərin, iki ulduzlu otellərin tikilməsi ilə həm həftəsonu turizmini genişləndirmək, həm də insanların işlə təminatını həyata keçirmək olar. Biz turizmin inkişafı haqqında danışmaq istəyirik, amma ona geniş mənada şərait yaratmaq barədə düşünmürük”. 
  
İnsanları turizmin bu növünə cəlb etmək lazımdır
  
«Luna travell» Turizm Agentliyinin direktoru Rəhman Quliyevin fikrincə, bizdə həftəsonu turizmi Türkiyə ilə müqayisədə tamamilə fərqlidir. Belə ki, qonşu ölkədə şəhərətrafı turlar təşkil olunanda, mütləq turizm firmalarına müraciət edirlər: "Bizdə isə bu cür psixologiya hələ yaranmayıb. Çünki otellər müştərilərlə turizm firmalarına fərq qoymurlar. Otellər müştərilərlə birbaşa danışığa girir, firmalara faiz ödəmək istəmirlər. Belə vəziyyətdə də insanlar çox vaxt problemlə üzləşirlər. Onlar birbaşa otelə gələndə qalmaq üçün yer tapılmır”. Son illərdə insanların həftəsonu gəzintilərə və səyahətə üstünlük verməsinin genişləndiyini deyən agentlik rəhbəri xüsusən Nabrana, şəhər kənarındakı çimərlik otellərinə və yaxud yaxın rayonlara səyahətlərin artdığını deyir: "İnsanlar artıq imkanlarına uyğun olaraq səyahət və ya istirahət məkanları müəyyənləşdirir və həftə sonlarını şəhərdən kənarda keçirirlər”. Firma rəhbəri hesab edir ki, «Həftəsonu turizmi» anlayışının insanlar tərəfindən tam qavranılması və istirahətin bu növünə üstünlük verilməsi üçün təkcə pul lazım deyil. Belə ki, əsas rollardan biri insanların psixologiyasıdır. «Elə ola bilər ki, insanlar həftə sonları evdə oturub daha çox pul xərcləyə bilərlər. Məsələn, evdə qonaq qarşılayar, süfrə açar və daha çox pul xərclənər və istirahət etməyə imkanları da olmaz. Ancaq şəhər kənarına və ya yaxın rayonlara getsələr, xərcləri bəlkə daha az çıxar. Sadəcə, insanları turizmin bu növünə cəlb etmək lazımdır. Rayonlarda onların qalması, uşaqların əyləncəsini təşkil etməyə ehtiyac var. Attraksionlar, katamaranlar, balaca göllər, mini disneylər, safarilər təşkil olunmalıdır ki, yerli camaat cəlb olunsun. Təkcə, beş ulduzlu otellər tikməklə iş bitmir. Bu baxımdan, biz hələ rayonlardakı turizmin inkişafını yüksək səviyyəyə gətirib çıxara bilməmişik: "Sahibkarlar rayonlarda yataqxana tipli otellər tikə bilərlər. Yəni, həftə sonları bölgələrə üz tutan turistlər orada gecələyə bilsinlər. Normal bir turizm kompleksi yaratmaq lazımdır».

Göründüyü kimi, həftəsonu turizminin təşkili təkcə insanların cibindən və əhval-ruhiyyəsindən deyil, həmçinin əlaqədar qurumların məsələyə müdaxiləsindən asılıdır. Yəni insanlar ikilikdə və ya ailəliklə də həftəsonu istirahətlərini böyük maliyyə xərcləmədən keçirə bilərlər. Ancaq ölkə turizmin bu növündən pul qazanmaq və bu sahədə ənənəvilik yaratmaq istəyirsə, onda ciddi hərəkətə ehtiyac var.
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6887
GBP 1 İngilis funt sterlinqi 2.1909
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.5948
SEK 1 İsveç kronu 0.1943
EUR 1 Avro 1.8566
CHF 1 İsveçrə frankı 1.7139
USD 1 ABŞ dolları 1.7025